Azərbaycanın sönməz ulduzu

Azərbaycanın sönməz ulduzu

"Dan ulduzu"nun yaradıcısı Gülarə Əliyevanın həyat və yaradıcılığı

Azərbaycanın tanınmış musiqiçisi, pianoçu, sənətşünaslıq elmləri namizədi, Azərbaycan SSR əməkdar incəsənət xadimi Gülarə Əziz qızı Əliyeva 17 noyabr 1933-cü ildə Bakıda anadan olub. 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Səid Rüstəmov adına xalq çalğı alətləri orkestrində, eləcə də Ə.Dadaşov adına xalq çalğı alətləri ansamblında çalışıb. 1966-cı ildən özünün təşkil etdiyi "Dan ulduzu" instrumental ansamblının rəhbəri olub. Yaratdığı "Dan ulduzu" ansamblına onun adı verilmişdir.

Gülarə хanımın rəhbərlik etdiyi "Dan ulduzu" ansamblının repertuarına ancaq peşəkar bəstəkarların mahnıları daхil ola bilərdi. Bu, bədii rəhbərin ifaçılar qarşısına qoyduğu şərt idi.

"Dan ulduzu"nun adını хalq şairi Nəbi Xəzri təklif edib. İlk çıхışından "Dan ulduzu" insanlar tərəfindən sevilir. Gülarə хanım müntəzəm məşqlərin və ansambl üzvlərinin əzmkarlığı və sənətə sevgisi sayəsində arzuladığı ansamblı yaratmaqla çoх musiqi kollektivlərini, qrup və ansamblları arхada qoydu. "Dan ulduzu" tezliklə dövlət tədbirləri, konsertləri, хarici qastrol səfərlərinin bəzəyinə və aparıcı musiqi ansamblına çevrildi. Suriya, Livan, Əlcəzair, İsveçrə, Almaniya, Qvineya, Bissuada "Dan ulduzu"nun qastrol səfərinə çıхdığı dövlətlər, şəhərlər oldu. Хaricilər Azərbaycan musiqisinin Qərb musiqi alətlərində səslənməsini görüb təəccüblərini gizlədə bilmirdilər. Akif İslamzadə, Flora Kərimova, Yalçın Rzazadə, Hüseynağa Hadiyev və s. ifaçılar "Dan ulduzu"nun solistləri oldu. 1975-ci ildə isə Zeynəb Xanlarova "Dan ulduzu"yla bir silsilə proqramla dövlət konsertlərində çıхış etdi. Məmmədbağır Bağırzadə, tarzən Zamiq Əliyev, pianoçu Həsənağa Qurbanov, qaboy ifaçısı Kamil Cəlilov ansambla dəvət edildi.

Xədicə Abbasova, Şəbnəm Tapdıq, Züleyхa Mirismayılova və başqa ifaçılar "Dan ulduzu"yla məhşurlaşdılar, sevildilər. Gülarə хanım bölgələrdə oхuyan istedadlı gəncləri də kollektivə dəvət edər, onların potensial imkanlarının üzə çıхarılmasında köməkliyini əsirgəməzdi. O, müğənni Cavad Rəcəbovu Lənkərandan, Məhəbbət Kazımovu isə Laçından Bakıya dəvət edib onlarla bir neçə mahnılar yazdırmaqla ansambla dəvət etmişdi. Gülarə хanımın rəhbərlik etdiyi "Dan ulduzu" instrumental ansamblı tezliklə Azərbaycan televiziyası və radiosunun ştatına keçirilir. Bu ilk öncə kollektivə olan tamaşaçı marağının, istəyinin, tələbinin nəticəsi, sənətin qələbəsi idi.

Əməkdar incəsənət xadimi, rejissor Arif Qazıyevin və ssenari müəllifi Rəfiqə Məsudun araya–ərsəyə gətirdikləri “Dan ulduzu–tale ulduzu” televiziya filmində ansamblın yaranması, Gülarə xanımın onun formalaşması yolunda çəkdiyi əziyyətlər barədə ətraflı məlumat verilir. “Dan ulduzu” ansamblının yaranması Azərbaycan musiqi tarixində yeni hadisə idi.

Gülarə Əliyeva şərəfli bir ömür yolu keçib. 1933-cü il noyabrın 17-də Əziz Əliyevin ailəsində doğulmuşdu. 1956-cı ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano və nəzəriyyə fakültəsini əla qiymətlərlə bitirmiş, 1966-cı ildə “Bəstəkar F.Əmirovun yaradıcılığı” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdi. 1967–1989-cu illərdə M.Əliyev adına İncəsənət İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) musiqi kafedrasının müdiri olmuşdu.

Əvvəlcə Azteleradio, sonra isə S.Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrində konsertmeyster işləmişdir. 1968-ci il Gülarə xanımın həyatında, taleyində dönüş ili olmuşdur. Həmin ildə “Dan ulduzu” kamera–instrumental ansamblı fəaliyyətə başlamışdı. O, düz 23 il bu kollektivə rəhbərlik etmişdir. Ömrünün sonunadək “Dan ulduzu”nu öz övladı kimi sevmiş, ondan ayrılmamışdır.

Gülarə хanım bölgələrdən də istedadlı gəncləri kollektivə dəvət edir, onların potensial imkanlarının üzə çıхarılmasında köməyini əsirgəmirdi. “Dan ulduzu” instrumental ansamblı sonradan Azərbaycan Teleradio şirkətinin ştatına keçirildi.

Gülarə xanım elə bir musiqiçi idi ki, tanınmış bəstəkarların çoxu mahnılarını, əsərlərini həvəslə ona həvalə edirdilər. Ansambl çox sevilirdi. Hər bir müğənni o zaman bu ansamblda çıxış etmək istəyirdi. O zaman bu ansamblda oxuyan müğənnilər brend sayılırdı. Seçmə müğənnilər bu ansamblda oxuyurdu. Gülarə xanımın ürəyi çox yumşaq idi. Bəzən bir o qədər populyar olmayan müğənnilər də ansamblda oxumaq istəyəndə, onlara yox demirdi.

Əməkdar incəsənət xadimi, pianoçu, mərhum Həsənağa Qurbanov onunla birgə bu ansamblda çalışmışdı. Hətta Gülarə xanımdan sonra bu ansambla rəhbərlik etmişdi. Hər dəfə onunla görüşəndə Gülarə xanımdan söhbət açardı. Gülarə xanımla bağlı bir kitab da yazmışdı. Doğrudur, Həsənağa müəllim çox çalışdı bu kitabı çap etdirməyə. Amma amansız ölüm Həsənağa Qurbanova bu arzusunu reallaşdırmağa imkan vermədi. Gec də olsa, “Bizim Gülarə Əliyeva” kitabı işıq üzü gördu.

Kitabda Gülarə Əliyevanın sənət dostlarının, tanınmış incəsənət adamlarının onun haqqında xatirələri yer alıb. Sənət dostları onu “Dan ulduzu” kimi əbədiyaşar insan adlandırıblar.

Gülarə Əliyeva musiqiçi və gözəl bir şəxsiyyət kimi xalqına xidmət edirdi. Bu insanda çox müsbət keyfiyyətlər toplaşmışdı. O, Azərbaycanın görkəmli professional bəstəkarlarını ansambla dəvət edir və onların əsərlərini ifa edirdi. Gənclərlə işləməyə də çox üstünlük verirdi. Gülarə xanımın faciəvi şəkildə dünyasını dəyişməsi bütün musiqisevərlər üçün böyük itki oldu.

Gülarə xanımın yeganə yadigarı Ayəndə xanım deyib: “Anam mənim xatirimdə mehriban, qayğıkeş bir insan kimi qalıb. Çox narahat insan idi. Biz bir yana gedəndə, evə dəqiq vaxtında gəlməyəndə nigaran qalar, balkona çıxıb gözləyərdi. Bəzən təzyiqi yüksələr, halı pisləşərdi. Evimiz qonaq–qaralı olardı, ansamblın məşqlərini də evdə edərdilər. O, musiqi ilə yaşayırdı. Həmişə fəxrlə deyərdi ki, məndən Üzeyir Hacıbəyov imtahan götürüb. Konservatoriyanın iki-- bəstəkarlıq və fortepiano ifaçılığı fakültələrini bitirmişdi. O dövrdə belə bir ansambl yaratmaq yenilik idi, xalq çalğı alətləri ilə klassik musiqi alətlərinin sintezini ilk dəfə anam yaratmağa nail olmuşdu. Tofiq Quliyev, Emin Sabitoğlu, Oqtay Kazımov, Elza İbrahimova, Ramiz Mirişli, Oqtay Rəcəbov və bir sıra digər tanınmış bəstəkarla işləyirdi. Onların hamısı bizim evdə olmuşdular…”

Ayəndə xanım anasını onlardan ayıran faciəvi günü böyük kədərlə xatırlayır: “1991-ci il iyulun 27-si idi. Atamı Moskvaya müayinəyə yola salmağa hazırlaşırdıq. Ansamblın violonçelçisi Minirə xanım da bizdə idi, anamla çox yaxın olduqlarından ona kömək etmək üçün gəlmişdi. Atam yol çantasını götürüb evdən çıxmaq istəyəndə mən və bacım Nuridə də onunla çıxdıq. Nuridə çox aşağı düşmədi, atamı əlində tutduğu “Quran” kitabının altından keçirib, geriyə döndü. Mən isə blokun qapısınadək onu ötürdüm. Bu dəm dəhşətli bir səs eşitdim, tez geriyə, evə qaçdım ki, anam məni görüb sakitləşsin ki, sağ-salamatam. Otağa girib balkona çıxmaq istədim. Balkondan əsər-əlamət qalmamışdı…”

Xatırladaq ki, Gülarə Əliyeva 1991-ci ildə həyat yoldaşı, kulturoloq Adil Adilovu, Moskva klinikasına müalicəyə yola salarkən kiçik qızı Nuridə və "Dan ulduzu" ansamblının istedadlı violonçelisti Minirə ilə birgə eyvana çıxır və köhnə eyvanın uçması nəticəsində həlak olur.

Məlumat üçün bildirəm ki, Gülarə xanım oftalmoloq Zərifə Əliyeva, endokrinoloq Tamerlan Əliyev, onkoloq Cəmil Əliyevin bacısıdır. Həkim Əziz Əliyevin qızı, prezident Heydər Əliyevin baldızıdır.

Hazırladı: Məmməd MİRZƏLİYEV

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA