Azərbaycanın xarici siyasətdəki uğurlarının səbəbləri

Azərbaycanın xarici siyasətdəki uğurlarının səbəbləri

Müasir müstəqil Azərbaycanın yaranması nəticəsində xarici siyasət strategiyası bu gün ölkəmiz artıq 29 ildir bu prosesi uğurla davam etdirir. İndi demək olar ki, müstəqil dövlətimizin beynəlxalq aləmdəki mövqeləri möhkəmlənmiş, əlaqələri genişlənmişdir. Dövlət başçımızın dünya səviyyəsində həyata keçirdiyi balanslaşdırılmış xarici siyasəti Azərbaycanı inkişaf etmiş demokratik ölkələr sırasına çıxarıb. Azərbaycan demokratik, müstəqil və azad bir ölkə kimi tanınır.

Müstəqilliyin ilk çətin dönəmi

Sovet İttifaqının dağılması ilə Azərbaycan xalqı öz müstəqilliyini yenidən bərpa etməklə dövlətçiliyini möhkəmləndirmək üçün tarixi fürsət qazandı. Lakin əldə olunan müstəqilliyimizin ilk vaxtlarından hakimiyyətdə olan rəhbərlərin naşılığı və dövlət idarəçiliyindəki təcrübəsizliyi Azərbaycanı uçuruma doğru sürükləyirdi. Xarici dövlətlərlə əlaqələr yarada bilməyən o vaxtkı rəhbərlərin yalnız şəxsi mənafelərinə üstünlük vermələri müstəqil dövlətimizin beynəlxalq aləmdə tanınmasına böyük əngəllər yaradırdı. Digər yandan dövlətimizin müstəqil olmasını istəməyən və ya qəbul etməyən bəzi xarici ölkələr, eləcə də daxili güclər bir sıra süni problemlər yaratmaqla, dövlətimizi tamamilə iflasa uğrada biləcək problemlər yaradırdılar. Belə bir addımların atılmasının digər səbəbi ölkəmizi beynəlxalq aləmdən təcrid etmək hədəflərinə hesablanmışdı.
Xarici siyasətdə bir-birinin ardınca atılan uğursuz addımlar nəticəsində Azərbaycan beynəlxalq aləmdə təkləndi. Ermənistanın hərbi təcavüzünə məruz qalan müstəqil dövlətimizin əraziləri bir-birinin ardınca işğal olunurdu.
Azərbaycanın ağır iqtisadi böhranı və daxili qeyri-sabitliyi getdikcə dərinləşirdi. Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrdə Ermənistanın təcavüzkar siyasətinə qarşı xalqımızın əzmlə apardığı mübarizə, digər yandan isə respublikamızın ağır iqtisadi şərtlər altında qalması böyük problemlərə səbəb olmuşdu. 1993-cü ildə dərin dövlətçilik təcrübəsi olan Heydər Əliyevin prezident seçilməsindən sonra ölkənin davamlı inkişafı təmin olundu, Azərbaycanın müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsi istiqamətində uğurlu strategiya işlənib hazırlandı.
Dövlət idarəçiliyində zəngin təcrübəyə malik olan Heydər Əliyev ilk növbədə daxildə davamlı sabitliyi təmin etdikdən sonra müstəqil dövlətimizin beynəlxalq aləmdə əlaqələrinin genişləndirilməsi məqsədi ilə mühüm əhəmiyyət kəsb edən tədbirlərin həyata keçirilməsinə nail oldu. Əvvəlki rəhbərlərin xarici siyasətdə yol verdikləri kobud səhvlər tədricən aradan qaldırıldı. Azərbaycanın sülhsevər, demokratik proseslərin inkişafına xüsusi önəm yetirən müstəqil dövlət olması barədə beynəlxalq aləmdə rəy formalaşdı və möhkəm inam yarandı.
Azərbaycanın milli maraqlarının gerçəkləşdirilməsi, həmçinin regional və qlobal mövqelərinin möhkəmləndirilməsi üçün iqtisadi və siyasi imkanlardan məharətlə istifadə edildi. Ümummilli liderin davamlı daxili və xarici siyasəti nəticəsində Azərbaycan regionda lider və beynəlxalq aləmdə etibarlı, inamlı tərəfdaş ölkə kimi tanındı. Müstəqil dövlətimizin xarici siyasət istiqamətləri və strateji seçimləri müəyyənləşdirildi. Beləliklə aparılan mükəmməl xarici siyasət strategiyası Azərbaycanı bütün regional məsələlərdə həlledici söz sahibi olan müstəqil dövlətə çevirdi. O vaxtdan başlayaraq regiondakı hər hansı bir strateji əhəmiyyətli layihə Azərbaycanın rəyi olmadan gerçəkləşə bilməz. Bu siyasi kurs elə indinin özündə də layiqincə davam etdirilir. Aparırlan uğurlu diplomatik fəaliyyəti nəticəsində Azərbaycanın dünya birliyindəki nüfuzu daha da artdı. Xarici siyasətdəki uğurlar müstəqil dövlətimizin mövqelərini xeyli möhkəmləndirib. Son dövrlərdə əldə edilmiş diplomatik uğurlar nəticəsində ölkəmizlə əməkdaşlıq edən demokratik dövlətlərin sayı xeyli çoxalıb.

Dünya Birliyinin Azərbaycana olan maraqları artmaqdadır

Bu gün Azərbaycanın 160 ölkə ilə diplomatik əlaqələri vardır. Ölkəmizdə 57 səfirlik, konsulluq və beynəlxalq təşkilatların nümayəndəlikləri fəaliyyət göstərir. Azərbaycanın isə 56 diplomatik nümayəndəliyi, o cümlədən 47 səfirliyi fəaliyyət göstərir. Bu qədər səfirliyin 30-u 2004-2008-ci illərdə fəaliyyətə başlayıblar. Dövlət başçımızın təşəbbüsü və tapşırığı ilə ilk dəfə olaraq ayrıca Azərbaycan Diplomatiya Akademiyası yaradılmış və fəaliyyətə başlamışdır. Bu da müstəqil dövlətimizin xarici siyasətinin uğurla reallaşdırılmasında böyük əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbaycan diplomatiyasının ən zəruri vəzifələrindən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərimizin toxunulmazlığı əsasında öz həllini tapması olmuşdur. Prezidentin siyasi iradə nümayiş etdirməsi və məntiqli xarici siyasəti nəticəsində ölkəmizin mövqeyi nüfuzlu beynəlxalq təşkilatlar və dünya birliyi tərəfindən daha çox qəbul edilir. Məhz bunun nəticəsidir ki, 2008-ci il mayın 14-də BMT Baş Məclisinin 62-ci sessiyasında “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı mühüm bir qətnamə qəbul edildi. Bu fakt bir daha təsdiqlədi ki, dünya birliyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinə tərəfdardır. Onu da qeyd etmək gərəkdir ki, Azərbaycan diplomatiyasının uğurları yalnız BMT ilə deyil, digər nüfuzlu təşkilatlarla da sıx əlaqə yaratmasına imkan verib. Bu sırada Azərbaycanın ATƏT, İslam Konfransı Təşkilatı, Avropa Şurası, GUAM, Avropa İttifaqı, NATO və digər tanınmış beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməsi xüsusi qeyd olunmalıdır.

Suveren hüquqlarımız və beynəlxalq birlik

Bu gün Azərbaycanın bir dövlət olaraq apardığı xarici siyasət xalqımızın mənafeyini, müstəqil dövlətimizin inkişafını və perspektivlərini müəyyənləşdirir. Bununla yanaşı, ölkənin milli və enerji təhlükəsizliyinin təmin edilməsi məsələsi də dövlət başçımız tərəfindən həyata keçirilən ən mühüm vəzifələrdən biridir. Bu istiqamətdə görülən işlərdən biri də ölkənin milli təhlükəsizlik konsepsiyasının təsdiq edilməsi istiqamətində ölkə prezidenti sərəncam imzalanmasıdır.

Azərbaycan prezidenti mövcud beynəlxalq təhlükəsizlik sisteminin təməl daşı olan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasət həyata keçirir. Digər dövlətlərin suverenliyi, ərazi bütövlüyü və daxili işlərinə qarışmamaq həm də Azərbaycanın başqa ölkələrlə qarşılıqlı əlaqələrində başlıca təməl prinsipdir. Dövlət başçımızın müstəqil dövlətimizin milli maraqlarının təmin olunmasına və onun qlobal, habelə regional mövqeyinin möhkəmləndirilməsinə yönələn xarici siyasət prioritetləri Azərbaycanın ərazi bütövlüyünün bərpası, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, ölkəmizin təhlükəsizliyi ilə bağlı narahatlıq doğuran təxirəsalınmaz məsələlərin həllidir.
Bir daha qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi danışıqların ilk günlərindən dəyişməz olaraq qalır. Dövlətimizin başçısı qətiyyətlə bildirib ki, münaqişənin aradan qaldırılması üçün erməni hərbi qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması, bu ərazilərdə Azərbaycanın pozulmuş suveren hüquqlarının bərpası, məcburi köçkünlərin öz doğma ocaqlarına qaytarılması, Azərbaycanın Dağlıq Qarabağ regionunda ölkənin hərtərəfli iqtisadi inkişafı çərçivəsində kommunikasiyaların bərpası və sosial-iqtisadi inkişafı üçün şərtlərin müəyyən olunması, qanuni və demokratik proses çərçivəsində Dağlıq Qarabağ regionunda Azərbaycan və erməni icmalarının dinc yanaşı yaşamasını, Azərbaycanın tərkibində muxtariyyətini təmin edəcək statusun müəyyənləşdirilməsindən başqa yol yoxdur.

Terrorizmə “YOX” deyən Azərbaycan

Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri də beynəlxalq terrorizm və kütləvi qırğın silahlarının yaradılmasına qarşı mübarizədə fəallıq göstərməsidir. Bu sahədə ölkəmiz çoxtərəfli və ikitərəfli çərçivədə beynəlxalq əməkdaşlığa cəlb olunub. Beynəlxalq terrorizmə qarşı mübarizə ilə əlaqədar bütün beynəlxalq sənədlərə qoşulan Azərbaycan bu sahəyə dair mütəmadi olaraq məlumat mübadiləsi həyata keçirir və müvafiq məruzələr hazırlayır.
Bizim sülhməramlılar Kosovo, İraq və Əfqanıstanda beynəlxalq birliyin digər üzvlərindən olan əsgər və zabitlərlə çiyin-çiyinə xidmət göstərmişlər. Dünyanın inkişaf etmiş dövlətlərinin başçıları, həmçinin nüfuzlu beynəlxalq qurumların nümayəndələri Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizədəki fəaliyyətini yüksək qiymətləndirirlər. Siyasi ekspertlər bunu dövlət başçımızın uğurlu xarici siyasətinin prioritetlərindən biri kimi dəyərləndirirlər. Transmilli cinayətkarlıq və insan alverinə qarşı mübarizə region ölkələri ilə, eləcə də BMT, ATƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gündəliyində duran əsas məsələdir.

Aparılan uğurlu xarici siyasəti sayəsində ölkəmizin beynəlxalq aləmdəki mövqeyinin möhkəmləndirilməsindən söhbət düşəndə qarşılıqlı əməkdaşlıq, dövlətmizin prioritet hədəfləri istiqamətində münasibətlərin qurulmasını xüsusi qeyd etmək lazımdır. Məhz belə bir strategiyanın tətbiq edilməsi sayəsində Azərbaycan sivilizasiyalar arasındakı dialoqda fəal iştirak edir və bu məsələyə töhfə verən ilk ölkələr sırasında olmuşdur. Beynəlxalq səviyyədə tanınmış elmi tədqiqatçıların və mütəxəssislərin iştirakı ilə Bakıda mədəniyyətlərarası dialoqa dair üç möhtəşəm beynəlxalq tədbirin keçirilməsi də ölkəmizin dünya miqyasında nüfuzunun artmasına böyük təsir göstərmişdir.
Azərbaycanın son illər ərzində xarici siyasət strategiyasının uğurla həyata keçirilməsi ölkəmizin dünya miqyasındakı nüfuzunu xeyli artırıb. Bu illər ərzində Azərbaycan daim dəyişən beynəlxalq mühitə uyğunlaşmaqla, eyni zamanda, regional liderə çevrilmişdir. Yaxın Şərq ölkələrində və xüsusilə Qafqaz regionunda son 20 ildə baş verən total terror hadisələri bu gün faktiki olaraq, tamamilə dayandırılıbdır. Xalqlararası, dinlərarası, eləcə də təriqətlər və məzhəblər arası baş verən münaqişlər tamamilə aradan qaldırılıbdır. Dünyada yaranmış belə mənzərənin uğurlarında Azərbaycanın xüsusi çəkisi vardır. Ona görə də Ermənistanın işğalçılıq siyasəti istənilən nəticələri verə bilmədi. Faktiki olaraq Ermənistan beynəlxalq aəmdən özünü təcrid siyasəti nəticəsində məğlubiyyətə bir daha uğradığının fərqindədir. Çünki, beynəlxalq miqyasda terrorizmə YOX deyən Azərbaycan bu məsələdə daim dünyanın aparıcı dövlətlərinin yanında yer aldı. Ermənistandan fərqli olaraq, Azərbaycan beynəlxalq iqtisadi layihələr, tarixi İpək Yolu və maraq doğuran bir çox digər faktorlara əsaslanan strategiyanı sərgilədi. Proseslərin çətinliklə də olsa, belə bir məcrada inkişaf etməsi Azərbaycanın haqlı mövqelərinin beynəlxalq miqyasda müdafiə olunmasına gətirib çıxarıbdır. “Hərbi Xunta” rejimi qanunları ilə idarə olunan Ermənistana dünyanın heç bir demokratik dövlətinin marağı da olmadı. Ona görə də işğalçı dövlət imici qazanan Ermənistan beynəlxalq layihələrdən tamamilə kənarda qalıb. Ermənistan beynəlxalq terrorizm yuvası kimi dəyərləndirilir. Azərbaycanın sabitlik şərtləri daxilində apardığı bu uğur paketini dünya birliyi məhz bu amillə dəyərləndirir.

“Hürriyyət”

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA