Azərbaycanla Avropa arasında təhlükəsizlik əlaqələri

Azərbaycanla Avropa arasında təhlükəsizlik əlaqələri

Bu sahədə münasibətlər günbəgün inkişaf etməkdədir

Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdikdən sonra dövlətçilik prinsiplərinə uyğun olaraq xarici siyasət kursunun formalaşdırılması və həyata keçirilməsi ən vacib məsələ kimi qarşıda dururdu. Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə başlayan hərbi təcavüzün genişlənməsi ölkəmizi ciddi siyasi və iqtisadi problemlərlə üz-üzə qoymaqla yanaşı, dövlətimizin xarici siyasət fəaliyyətində də mühüm vəzifələrin yerinə yetirilməsini ön plana çəkdi. Məhz buna görə də Azərbaycanın xarici siyasətində dünya birliyinə inteqrasiya, ikitərəfli və çoxtərəfli münasibətlər, o cümlədən beynəlxalq və regional təşkilatlarla əlaqələrin yaradılması və inkişaf etdirilməsi başlıca istiqamətlərindən birini təşkil etmişdir.

Təşəbbüslərin faydalı və strateji əhəmiyyətinin önəmi

1993-cü ilin mayında Brüsseldə Avropa İttifaqının təşəbbüsü ilə “Avropa-Qafqaz-Asiya Transqafqaz nəqliyyat dəhlizi” (TRASEKA) layihəsi irəli sürülmüş və 8 təsisçi dövlətin (Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan) ticarət və nəqliyyat nazirlərinin konfransında təsis edilmişdir. “Brüssel Bəyannaməsi” adlanan iki rəsmi sənəddə qədim Şərq-Qərb “İpək yolu” dəhlizinin yeni şəraitdə bərpası, nəqliyyat-kommunikasiya infrastrukturlarının yenidən qurulması və inkişaf etdirilməsi qərara alınmışdır. 1998-ci il sentyabrın 8-də Bakıda Azərbaycan və Gürcüstan prezidentlərinin təşəbbüsü, TRASEKA proqramının dəstəyi, eləcə də 32 ölkə və 13 beynəlxalq təşkilat nümayəndələrinin iştirakı ilə keçirilən “Tarixi İpək yolunun bərpası” adlı beynəlxalq konfransın sonunda “Avropa-Qafqaz-Asiya nəqliyyat-kommunikasiya dəhlizinin inkişafına dair çoxtərəfli saziş” adlanan mühüm bir sənədlə yanaşı, iştirakçılar adından Avrasiya ölkələri arasında hərtərəfli əməkdaşlığı və regional inteqrasiyanın əsas prinsiplərini əks etdirən “Bakı Bəyannaməsi” də imzalandı. 1996-cı il aprelin 22-də Lüksemburqda Avropa İttifaqı və Azərbaycan arasında ticarət, sərmayə, iqtisadiyyat, qanunvericilik, mədəniyyət, imiqrasiya və qeyri-qanuni ticarətin qarşısının alınması sahəsində nəzərdə tutan “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi”nin imzalanması Azərbaycanın xarici siyasətinin uğurlu səhifələrindən biri kimi qiymətləndirilir. Dövlətimiz və xalqımız üçün mühüm tarixi əhəmiyyət kəsb edən bu müqavilə Azərbaycanın Avropa strukturları və institutları ilə əlaqələrinin genişlənməsi, xüsusilə inteqrasiya istiqamətində hüquqi baza rolunu oynayır. Müqaviləni imzalamış bütün dövlətlər tərəfindən ratifikasiya edildikdən sonra 1999-cu il iyunun 22-dən qüvvəyə minən və prezident Heydər Əliyevin imza atdığı bu saziş tərəflər arasında yüksək səviyyəli əməkdaşlığın təşəkkül tapmasını təsdiqləyir.

Regional əməkdaşlığın yeni üstünlükləri

Avropa İttifaqının region dövlətləri ilə həm ikitərəfli, həm də regional inteqrasiya kontekstində çoxtərəfli münasibətlər qurması və gələcəkdə onların təşkilatla daha sıx əməkdaşlığı üçün ciddi fəaliyyət göstərməsi nəticəsində son illərdə adı çəkilən təşkilat öz sərhədlərini bir qədər də genişləndirmişdir. Bununla da, sərhədləri genişlənən İttifaq Avropada yeni qonşular qazanmış və 2003-cü ildə “Daha geniş qonşuluq: Şərq və Qərb qonşularla yeni çərçivə təşəbbüsü” proqramını qəbul etmişdir. Prezident İlham Əliyevin 2004-cü il mayın 19-da Belçikanın paytaxtı Brüsselə səfəri Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərində tamamilə yeni mərhələ oldu və ölkəmizin “Avropa Qonşuluq Siyasəti”nin proqramı çərçivəsində genişmiqyaslı əməkdaşlığına dair razılaşmalar əldə edildi. 2004-cü ilin may ayında Avropa İttifaqı Qonşuluq Siyasətinin həyata keçirilməsi üçün 255 milyon avro vəsait ayıraraq, Cənubi Qafqaz dövlətləri ilə bu istiqamətdə məqsədyönlü iş aparır. Adı çəkilən proqrama qoşulan ölkələr İttifaq institutlarına insan hüquqlarına hörmətlə yanaşmaq, qanunların aliliyini təmin etmək, səmərəli və şəffaf idarəçilik yaratmaq, bazar iqtisadiyyatı tələblərinə hörmət bəsləmək və xarici siyasət sahəsində beynəlxalq hüquq normalarına əməl etmək əzmində olduqlarını nümayiş etdirməlidirlər. Azərbaycan bu sahədə qarşıda duran vəzifələrin həlli istiqamətində ardıcıl addımlar atmaqla mövqeyini ifadə etdi. Bu məqsədlə prezident İlham Əliyev 2005-ci il iyunun 1-də “Azərbaycanın Avropaya inteqrasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında” imzaladığı sərəncamda Avropa İttifaqı arasında əlaqələrin daha da gücləndirilməsi, İttifaqın Azərbaycan üzrə Fəaliyyət Planının hazırlanması və həyata keçirilməsi üzrə səmərəli, əlaqələndirilmiş işin təmin edilməsi məsələləri öz əksini tapdı.

Hazırda Avropa İttifaqının regionda həyata keçirdiyi “Avropa Qonşuluq Siyasəti” layihəsinin əsas məqsədi Cənubi Qafqaz dövlətlərinin siyasi, iqtisadi cəhətdən Avropa dəyərlərinə yaxınlaşmasını sürətləndirməkdən ibarətdir. Təbii ki, Cənubi Qafqaz ölkələri də bu məsələdə maraqlıdırlar və Avropa İttifaqı ilə münasibətləri genişləndirməyə çalışırlar.

Brüssel səfərlərinin nəticəsi Azərbaycana olan marağı gücləndirir

Prezident İlham Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu 2006-cı il noyabrın 7-də Brüsseldə “Azərbaycan və Avropa İttifaqı arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumu” imzaladılar. Bununla da, Azərbaycan ilə Avropa ittifaqı arasında enerji dialoqunun genişləndirilməsi istiqamətində yeni imkanlar açılmışdır. Bunun regional təhlükəsizlik, eləcə də əməkdaşlıq və ümumiyyətlə, Avroatlantik məkana inteqrasiya, xüsusilə, Azərbaycanın böyük neft, qaz ehtiyatları və ölkəmizin gələcək inkişafı üçün böyük əhəmiyyəti vardır. Bundan əlavə, 2008-ci il mayın 26-da Avropa İttifaqının Xarici İşlər Nazirlərinin Brüsseldə keçirilmiş görüşü zamanı Polşa və İsveç tərəfindən Şərq Tərəfdaşlığı təşəbbüsü irəli sürülmüşdür. Şərqi Avropa Qonşuluq Siyasəti ölkələri üçün vahid formatın təsis edilməsini nəzərdə tutan bu təşəbbüs Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarusu (Şərq tərəfdaş ölkələri) əhatə edir. Avropa İttifaqı ilə əlaqələrin genişləndirilməsi baxımından prezident İlham Əliyevin 2009-cu il aprelin 28-29-da Belçika Krallığına səfəri zamanı İttifaqın Nazirlər Şurasının Baş katibi, xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xavyer Solana ilə keçirdiyi görüşdə Avropa İttifaqı ilə arasında əlaqələrin faydalı olduğunu və “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində yaranacaq yeni formatın bu əlaqələri daha da möhkəmləndirəcəyini bəyan etdi. Bu səfərin davamı olaraq mayın 7-də Praqada Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Sammitində iştirak edən prezident İlham Əliyev bu proqramın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrin yaxınlaşmasına və genişlənməsinə təkan verəcəyini və ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynadığını diqqətə çatdırdı.

Avropa İttifaqının Bakıya rəsmi işgüzar səfərləri

2011-ci il yanvarın 13-də Avropa Komissiyasının prezidenti Xose Manuel Barrozunun Azərbaycana səfəri zamanı mühüm sənədlərin imzalanması ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan mühüm addım oldu. Prezident İlham Əliyev və Avropa Komissiyasının sədri Xose Manuel Barrozu tərəfindən “Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə”,“Azərbaycan Respublikası və Avropa Komissiyası arasında 2011-2013-cü illər üzrə Milli İndikativ Proqrama dair Anlaşma memorandumu” və “Azərbaycan Respublikası və Avropa Komissiyası arasında hərtərəfli institusional quruculuq proqramının çərçivə sənədi üzrə Anlaşma memorandumu”nun imzalanması Avropa İttifaqı ilə əlaqələrinin inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir.

Müasir dövrdə ölkəmiz Avropa İttifaqı ilə münasibətlərində öz xarici prioritetlərinə uyğun olaraq ikitərəfli əlaqələrə üstünlük verir. Avropa İttifaqının regional layihələrində iştirak etməklə yanaşı, Cənubi Qafqazdakı ümumi iqtisadi tərəqqidəki payına görə lider dövlət olan Azərbaycan İttifaqın xarici əlaqələrində müəyyən mövqe tutmağa çalışır. Odur ki, Azərbaycan dövləti Avropa İtifaqı ilə ikitərəfli əlaqələrin yeni formatlarını yaradır, onunla yaxınlaşmaq üçün zəruri olan bütün təsisatları inkişaf etdirərək İttifaqın ümumavropa iqtisadi, siyasi və təhlükəsizlik məkanına inteqrasiya olunmaq istəyini nümayiş etdirir. Sülh naminə əməkdaşlıq və regional təhlükəsizlik Ermənistanın hərbi təcavüzü nəticəsində ərazi bütövlüyü pozulmuş Azərbaycan Respublikasının xarici siyasətində dünya birliyinə inteqrasiya, ikitərəfli və çoxtərəfli münasibətlər, o cümlədən beynəlxalq və regional təşkilatlarla əlaqələrin yaradılması, inkişaf etdirilməsi və genişləndirilməsi ölkəmizin problemlərini dünya ictimaiyyətinə çatdırmaq üçün mühüm əhəmiyyət kəsb edirdi. Bu baxımdan 1994-cü il mayın 4-də mərhum prezident Heydər Əliyevin NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramının çərçivə sənədini imzalaması Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi istiqamətində atılan mühüm addımlardan biri oldu. Bu proqramın Azərbaycan üçün əhəmiyyəti ondan ibarətdir ki, ölkəmiz NATO-ya daxil olan Avropa ölkələri və ABŞ-la dünya təhlükəsizlik sisteminin, eləcə də beynəlxalq münasibətlərinin sivil qaydaları çərçivəsində hər cür əməkdaşlıq etmək imkanı qazandı. Bu da öz növbəsində NATO-nun hərbi strukturları ilə Azərbaycan ordusunun sülh naminə əməkdaşlıq etmək, birgə təlim və manevrlər keçirmək, onların ordu quruculuğu təcrübəsindən bəhrələnmək, kadr hazırlığı və s. sahədə birgə hərəkət etmək imkanı verməklə yanaşı, ölkəmizin bu proqramda iştirakı qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi üçün də əlverişli şərait yaramışdır. Azərbaycan ilə NATO arasında yaradılan əməkdaşlığın prinsipləri və istiqamətləri “Sülh naminə tərəfdaşlıq” proqramında və Azərbaycanın təqdim etdiyi “Prezentasiya sənədi”ndə öz əksini tapmışdır. 1994-1996-cı illərdə əsası qoyulmuş və inkişaf etdirilmiş Azərbaycan-NATO əlaqələri sonrakı dövrdə qarşılıqlı münasibətlərin daha da intensivləşdirilməsi üçün əlverişli baza rolunu oynadı. Məhz həmin illərdə münasibətlərin hüquqi cəhətdən tənzimlənməsi və bir sıra praktiki addımların atılması NATO-nun Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməyə marağını artırdı. Azərbaycanın NATO ilə əməkdaşlığı sonrakı dövrdə yeni keyfiyyət almış, NATO mütəxəssisləri Azərbaycan ordusunun modernləşdirilməsi üçün ölkəmizə müntəzəm olaraq texniki və təlim xarakterli yardım etmişlər. Siyasi və iqtisadi cəhətdən durmadan tərəqqi edən Azərbaycanda hərbi quruculuğun da yüksək səviyyədə olmasını artıq hamı etiraf edir. Milli silahlı qüvvələrimizin maddi-texniki bazasının NATO standartları səviyyəsində yenidən qurulması isə bilavasitə Heydər Əliyevin Brüsseldə imzaladığı məlum sənədin icrası nəticəsində mümkün olmuşdur. 1997-ci ilin ortalarında Azərbaycan NATO-nun Planlaşdırma və Analiz Prosesi (PARP) sənədinə qoşuldu. Bu, tərəfdaş dövlətlərlə NATO arasında əməkdaşlığın səmərəsini artırmaq məqsədi ilə bir sıra praktiki tədbirlərin birgə həyata keçirilməsini nəzərdə tutur. Həmin il Azərbaycan NATO-nun Brüsseldəki mənzil - qərargahında öz diplomatik nümayəndəliyini təsis etdi.

Şimali Atlantika Alyansı ilə əməkdaşlığın inkişafı sahəsində növbəti addım 1997-ci il noyabrın 14-də prezident Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığını daha da gücləndirmək tədbirləri haqqında” Sərəncamı oldu. Sərəncama əsasən Prezidenti yanında NATO ilə əməkdaşlıq üzrə dövlət komissiyası yaradıldı. Dövlət komissiyası “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində əməkdaşlığın vahid proqramının hazırlanması ilə əlaqədar müvafiq nazirlik və təşkilatların fəaliyyətinin koordinasiya edilməsi sahəsində ardıcıl iş aparır.

(Ardı var)

“Hürriyyət”

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA