Azərbaycanlı-çeçen qarşıdurmasının ŞOK GİZLİNLƏRİ

Azərbaycanlı-çeçen qarşıdurmasının ŞOK GİZLİNLƏRİ

Ənvər Börüsoy: “Azərbaycan dövlətinə qarşı son üç ildə durmadan etnik bölücülük siyasəti Ermənistan və İran molla rejimi tərəfindən körüklənir”

“...İran xüsusi xidmət orqanlarının generalı rütbəsini daşıyan bu zat ilahiyyatçı alim kimi Moskvada fəaliyyət göstərir”

“Tehran rejimi açıq şəkildə bildirir ki, Azərbaycan Respublikasını mollaxanaya çevirə bilməsək, narkomaniya və etnik bölücülük prosesləri gücləndirilməlidir”

Fevralın 14-də Rusiyanın paytaxtı Moskvanın Peçatniki rayonu, Kuryanova küçəsində azərbaycanlılara məxsus “Neolit” kafesində saat 23-00-da çeçenlərlə soydaşlarımız arasında baş verən münaqişədə orta hesabla 70-100 nəfər iştirak edib. Bu olayda 10 nəfər yaralanıb. Rusiyanın bəzi KİV-ləri insidenti “günün olayı”na çevirməyə çalışdılar. Sanki, hər şey qabaqcadan planlaşdırılmışdı. Qafqazda bu iki xalqı bir-birinə qarşı münaqişəyə cəlb edən olayın arxasında kimlər dayanırdı? Bu barədə əfsanəvi çeçen liderləri Cövhər Dudaev, Zəlimxan Yandarbiyev, Xunkarpaşa İsrapilov, Aslanbek Şaripov, Ruslan Gelayev və Əhməd Zakaevlə birgə çalışmış Ənvər Börüsoyun fikirlərini öyrənməyə çalışdıq.

– Ənvər bəy, çeçenlərlə azərbaycanlılar arasında qarşıdurma yaratmaq istəyən qüvvələrin olduğunu iddia edirsiniz. Əlinizdə buna səbəb olan amillər və faktlar varmı?

– Əlbəttə, əlimdə yetərincə faktlar var. Hətta bir sıra olayların canlı şahidiyəm. 1990-cı illərdə Bakı-Moskva, Bakı-Kiyev və digər qatarlar Dağıstan-Çeçenistan səhrəddində daim soyulardı. Çünki Qudermes (Çeçenistan) və Xasavyurt (Dağıstan) arasındakı neytral bölgədə Azərbaycan və Dağıstan, eləcə də Qafqaz xalqlarının qatı düşməni Hacı Maxaçova bağlı silahlı cinayətkar dəstələr orada at oynadırdılar. Beləliklə də azərbaycanlılar çeçenlərə, çeçenlər də azərbaycanlılara qarşı az qala nifrət bəsləməyə başladılar. Ortada böyük sərvətə sahib olan Hacı Maxaçov idi. Sonradan bu cani özünü sığortalamaq üçün avar xalqının müqəddəs duyğularını istismar etmək üçün “Şeyx Şamil-Avar Milli Hərəkatı”nın lideri olduğunu elan etdi. Siyasi avantüralar nəticəsində avar xalqının adından Rusiya Dövlət Dumasının deputatı da seçilmişdi. 2013-cü ildə Moskvada avtomobil qəzasında həlak olduqdan sonra, onu xatırlayan olmadı. Biz mərhum prezident Cövhər Dudaevlə və digər çeçen liderləri ilə görüşlərimizdə “Qafqaz Birliyi” adına müzakirələr aparardıq. “Qafqaz Evi” adlı qəzet nəşr edərək Ermənistandan savayı bütün Qafqaz respublikalarında pulsuz dağıdırdıq. Azərbaycan, Gürcüstan və Çeçenistan bir araya gələrək digər Qafqaz respublikalarını, xalqlarını vahid platformada çıxış etməyə dəvət edirdik. Bu addımlar Rusiyanın parçalanması hesabına deyil, ümumi şəkildə regionda sülhün qorunmasına doğru atılmış addımlar idi. Təəssüflər olsun ki, Bakıda “ASDP”-nin (Azərbaycan Sosial Demokrat Partiyası) dəstəyi ilə “Talış Xalq Partiyası” (sədri Hilal Məmmədov) və “Ləzgi Xalq Partiyası” (sədri Fəxrəddin Aydayev) tipli etnik separatizmə bağlı cərəyanlar meydana gəldi. Bunun davamı kimi Dağıstanda “Sadval” (Birlik) Hərəkatı canlanmağa başladı. Bunlar azmış kimi, Quzey Qafqazın digər bölgələrində qaraçay-çərkəz, balkar-kabarda, inquş-çeçen, avar-dargin, lak-kumık və digər etnik qarşıdurmalar yarandı. Bu proses zəncivari olaylara çevrilmişdi. Biz gecə-gündüz bilmədən “Qafqaz Birliyi” adına Cövhər Dudaevin rəhbərliyi altında bizlər etnik qarşıdurmaları önləməyə çalışırdıq. Hətta çox böyük uğurlar əldə etdik. Sonradan bəlli oldu ki, bütün bu məkrli planların arxasında ermənilər dururlar.
– Bunu necə isbat etmək oldu?
– Mən görkəmli türkoloq alim, 28 ölü dil bilən, tanınmış qafqazşünas İsmayıl Miziyevlə uzun illər dostluq etmişəm. O, bir dəfə bütün sirlərin üstünü açdı. “Leninqrad məktəbi” adı ilə özlərini cəmiyyətə alim statusu ilə təqdim edən etnoqraf provakotrlardan çoxlu faktlar açıqladı. “Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitu”nun “Qafqaz şöbəsi” nə 35 il rəhbərlik etmiş erməni Sergey Avanesovun planlarını açıqladı. Onun başçılığı ilə 35 il ərzində Qafqazda xalqlararası ədavəti körükləyən konsepsiyalar üzrə çoxsaylı kadrlar yetişmişdi. İstənilən etnoqraf dünyanın hər yerində xalqlararası və bölgələrarası fitnə-fəsadları asanlıqla gündəmə gətirə bilirlər. Azərbaycanın indiyədək fundamental şəkildə etnoqraf alimi olmayıb. Bizim problemimiz budur. Son zamanlar şəxsi təcrübəmə əsaslanaraq, apardığım müşahidələr əsasında onu deyə bilərəm ki, Moskvada, ya da başqa bir MDB məkanında azərbaycanlılarla başqa xalqın arasında süni şəkildə qabardılacaq “konflikt”in olacağını görürdüm.


– Bu problemlərin yaranmasında təkcə ermənilər suçludurlar?
– Azərbaycan dövlətinə qarşı son üç ildə durmadan etnik bölücülük siyasəti Ermənistan və İran molla rejimi tərəfindən körüklənir. İran Qafqazda üç yöndə strateji mənada dövlət proqramını həyata keçirir. Bu, “Qafqazın 15 şəhəri”, “Qafqazda fars mənşəli toplumlar” və “klerikal şəbəkələşmə” doktrinasına bağlıdır. Tehran rejimi açıq şəkildə bildirir ki, Azərbaycan Respublikasını mollaxanaya çevirə bilməsək, narkomaniya və etnik bölücülük prosesləri gücləndirilməlidir. Bu gün faktiki olaraq, harada İran molla rejiminin barmağı varsa, orada münaqişələr mövcuddur. Suriya, İraq, Yəmən, Oman, Bəhreyn, Küveyt, Fələstin, Livan, Əlcəzair, İordaniya, Türkiyə, Gürcüstan və s. örnək göstərmək olar. Bunun üçün Tehranda “Vilayəti Fəqih”, yəni “Dünya Müsəlmanları Ali Dini Şurası” adlı qurum yaradılıb. Azərbaycanda onun xüsusi nümayəndəsi statusu ilə bir zamanlar Türkiyədə cəsusluq yuvası qurduğuna görə deportasiya edilmiş ayətullah Sabir Həmədani çalışmışdır. Sonradan onu höccətülislam İbadulla Ocaqnəjad adlı bir provakator əvəz etdi. Azərbaycanda dövlətimizin Ana Yasasını dəyişərək İran molla rejiminin təhriki ilə “şəriət dövləti” qurmaq istəyənlər onun yetişdirdiyi kadrlardır. İndi höccətülislam İbadulla Ocaqnəjad bilirsinizmi haradadır?
– Sizcə, haradadır?
– Moskvada.
– Orada nə işi var ki?
– İran xüsusi xidmət orqanlarının generalı rütbəsini daşıyan bu zat ilahiyyatçı alim kimi Moskvada fəaliyyət göstərir. Onun ilk addımı “Moskva İslam Mərkəzi” qurumunu yaratmaq oldu. Beləliklə ilk dəfə olaraq, Rusiya paytaxtında və digər bölgələrdə dini baxımdan “sünnü-şiə” qruplaşmaları meydana gəldi. Onun qarşısında duran əsas vəzifə “farsdilli əhali” və “şiə camaatı” adlı iki qruplaşmanı ön sıraya çıxarmaqdır. Moskvada, Kalninqrad, Sankt-Peterburq, Sverdlovsk, Samara, Volqaqrad, Həştərxan, Çelyabinsk, Orenburq vilayətlərində talış xalqına məxsus bəzi insanları “Azad Talışstan” hərəkatına cəlb etmək siyasəti yürüdülür. Özünü “Talış Xalq Hərəkatı”nın lideri elan etmiş İsmayıl Şabanovun Tehran səfərindən sonra onun atdığı addımlar bir sıra qaranlıq mətləblərə işıq salır. Norveçdə elan olunan qondarma “TMMH”nin (Talış-Muğan Mühacir Hökuməti) də gizli sponsoru məhz İran molla rejimidir. Höccətülislam İbadulla Ocaqnəjad Rusiyada yaşayan soydaşlarımız arasında məzhəb, digər yandan isə etnik bölücülük ideyalarının ilhamvericisidir. Ona görə də Azərbaycana qarşı “Talışstan” və “Ləzgistan” ideyaları aşırı xarakter almaqdadır. Dünyanın harasında siqqətülislam, höccətülislam, ayətullah varsa, orada mövhumatçı ideologiyaya dayanıqlı çoxlabirintli qarşıdurmalar, konflikltlər yaşanılır.


– Bəs Ermənistanın bu məsələdə rolu nədən ibarətdir?
– Ermənistanın strateji hədəfi süni şəkildə Azərbaycanı federal dövlət modelinə tərəf sürükləməkdir. Belə olduğu təqdirdə qondarma “Dağlıq Qarabağ”la yanaşı, “Ləzgistan”, “Talışstan” və “Şirvan-Tat” muxtar respuiblikaları ideyasının rəsmiləşdiriləcəyinə inanır. Ermənilərin tək hədəfi “DQR” rejimini qorumaqdır. Onlar bu ideyalarını Rusiyada daha sərbəst şəkildə yaya bilirlər. “Rusiya Federal Ləzgi Milli- Mədəni Muxtariyyatı Mərkəzi” (sədri Akif Kərimov), “Talış Milli-Mədəni Muxtariyyatı Mərkəzi” (sədri İsmayıl Şabanov), “Moskva Osetin İctimai Mədəni Cəmiyyəti” (Valeri Kabolov), “Rusiya Erməniləri İttifaqı” (sədri Ara Abramyan) təşkilatlarının azərbaycanlılara məxsus diaspor qurumlarına qarşı aparılan siyasətin arxasında məhz Ermənistan durur. Bundan əlavə, digər xalqları da soydaşlarımıza qarşı yönəltməyə və süni şəkildə xalqlararası ədavətin körüklənməsinə çalışırlar. Rusiya Elmlər Akademiyası Etnoqrafiya İnstitutunda “Qafqaz şöbəsi”nə rəhbərlik edən və Sergey Avanesovun ən etibarlı tələbəsi sayılan Ələkbər Ələkbərov, Murtuzəli Hacıyev və digərlərini örnək göstərmək olar. Onlar “Qafqaz Albaniyası” tarixini bəhanə edərək bəzi Qafqaz xalqları arasında Azərbaycana qarşı ədavət toxumlarını səpirlər. İndi nəinki Qafqazda, Rusiyada mövqeləri sarsılan ermənilər digər xalqları antiazərbaycan prosesinə cəlb etməyə çalışırlar. Onların məqsədi mobilliyi ilə seçilən çeçenləri öz niyyətlərinə uyğun “proyekt”ə cəlb etməkdir. Ona görə də azərbaycanlılar və çeçenlər arasında konfliktlərin yaranmasına, bu iki qardaş xalqın arasında nifaq toxumu səpməyə çalışılır.
– Bəs çeçen xalqı bu məsələyə necə yanaşır?
– Bir həqiqəti bilmək gərəkdir ki, çeçenlər heç zaman ermənilərə rəğbət göstərməyiblər. XVIII-XIX yüzilliklərdə Quzey Qafqazın Çarlıq Rusiyası tərəfindən işğalında erməni əsilli general İvan Lazarevin qəddarlıqla göstərdiyi xidmətləri indiyədək kimsə unutmayıb. 1944-cü ildə sovet diktatoru Stalinin qərarı ilə çeçenlər Orta Asiya və Sibirə sürgün olundular. Bu zamanı imkanlılar var-dövlətlərini qonşuları olan ermənilərə və yəhudilərə əmanət olaraq qoyub getdilər. 1957-ci ildə sürgün sona bitdikdən sonra, vətənlərinə dönən çeçenlərə yəhudilər onlara verilmiş əmanəti geri qaytardılar. Ermənilər “xəyanət” edərək bəhanə ilə əmanəti qaytarmaq istəmirdilər. SSRİ Baş Prokurorluğunun 1957-1965-ci illərdəki arxiv sənədləri belə, təsdiq edir ki, çeçenlərlə ermənilər arasında bu dönəmdə çoxlu silahlı münaqişələr olub. 1991-ci ildə Sovetlər Birliyi dağılanda Qroznı, Qudermes, Şatoy və Qarabulaqda toplam 100 min erməni yaşayırdı. Çeçenistanın paytaxtı Qroznıda ermənilərin sayı 30 min nəfər idi. Çeçen xalqı onlara olan ədavəti də unutmuşdu. 1994-1996 və 1999-2001-ci illərdə rus-çeçen savaşı dönəmində çeçenlərin ermənilərə nifrəti ruslara olan mənfi münasibətindən qat-qat çoxaldı. Bunun əsas səbəbi o idi ki, savaş zamanı dağılan evlər, fabrik və zavodlar, avtomobillər, texnika və sıradan çıxmış ağır silahları “metallon” kimi Krasnodardakı erməni “işbazları” ələ keçirərək milyardlar qazanırdılar. Çeçenlər isə bir ağızdan: “Biz burada döyüşüb şəhid oluruq, evlərimiz dağılır, övladlarımızı itiririk, qaçqın-köçkün durumunda yaşayırıq, minlərlə əlilimiz var, ermənilər siçovul kimi qan üzərində milyardlar qazanırlar. Azərbaycan qaçqınlarımıza qucaq açıb. Orada ailələrimiz əmin-amanlıq içində yaşayırlar” deyərək ermənillərə nifrət etməyə başladılar. Aradan 18 il keçməsinə baxmayaraq, indi Çeçenistanda bir nəfər də erməni yaşamır.
– Nədən bu gün iki qardaş xalq bir-birinə qarşı nədən asi çıxdı?
– Sizə bir gerçəyi deyim. Moskvadakı son olayın ardından dərhal qondarma “TMMH”-yə məxsus “tolishstan.com” saytında çeçenlərlə azərbaycanlıların qarşıdurması “şiə-sünnü” ixtilafı kimi təqdim edildi. “Azad Talışstan” etnik bölücülük siyasətini təbliğ edən “TMV1 TV” internet kanalı bu barədə videolar yayınladı. Halbuki, Azərbaycan və çeçen xalqları bir araya gələrək baş vermiş olayın dolayı yolla “üçüncü əl” tərəfindən törədildiyini və bu provakasiyanı suçladıqlarını elan etdilər. Hər iki resurs indi birbaşa “Talış Milli-Mədəni Muxtariyyatı Mərkəzi”nin sədri İsmayıl Şabanovun nəzarətindədir. O, ötən həftə “İran İslam İnqilabının 40 illiyi” münasibətilə Tehranda rəsmi dəvətli kimi iştirak etmiş və yerli KİV-lər vasitəsilə molla rejiminə “xidməti”ni təklifdə bulunmuşdur. Qeyd etdiyimiz kimi, olayın arxasında duran “üçüncü güc” budur. Bizim ehtimalımıza görə, Ermənistan və İran xüsusi xidmət orqanları birlikdə provakasiyanı həyata keçiriblər. Qafqazda əmin-amanlıq adına inkişaf edən proses Rusiya, Ukrayna, Belorus, Qazaxstan və Avropada belə özünü təsdiq etməkdədir. Bu anlaşmalar arasında sadəcə ermənilərə yer yoxdur. Ona görə də ermənilər Tehran molla rejimi ilə daha sıx əməkdaşlıq şəraitində addımlar atırlar.

“Hürriyyət”

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA