Azərbaycanlıların qatilinə qoyulan heykəl, yaxud erməni-gürcü ittifaqının gizli abidəsi? - TƏHLİL

Azərbaycanlıların qatilinə qoyulan heykəl, yaxud erməni-gürcü ittifaqının gizli abidəsi? - TƏHLİL

Gürcüstanın tarix boyu separatizm toxumlarının cücərdiyi Cavaxetiya bölgəsində yaşayan ermənilərin Axalkalaki rayonunun Buqaşen kəndində Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımın iştirakçısı Mixail Avaqyana abidə qoyması bir sıra sualları gündəmə gətirdi:

- Açılış mərasiminin məhz 20 yanvar tarixində - erməni hərbiçilərin də iştirak etdiyi sovet ordusunun Bakıda əliyalın insanlara divan tutduğu qanlı tarixin ildönümünə təsadüf etməsi nə qədər təsadüfdür?

- Bu məsələnin Ermənistanın baş naziri Nikol Paşinyanın Gürcüstanda azərbaycanlıların yaşadığı Bolnisiyə təcili səfəri və gürcü həmkarı Mamuka Baxtadze ilə görüşü arasında hansısa əlaqə varmı?

- Gürcüstan bu ölkəni bölmək istəyən və bunu gizlətməyən Cavaxetiya ermənilərinə dəstək verməklə öz gələcəyini sual altına qoymurmu?

Erməni terrorçuya qoyulan abidə Bakı-Tbilisi münasibətləri fonunda dəhşətli dərəcədə təəccüb doğurur. Bu suallara cavab axtarmazdan öncə erməni terrorçu Mixail Avaqyanın kim olduğuna baxaq.

Erməni terrorçu Buqaşen kəndində doğulub, Ermənistanın Razdan şəhərində texniki məktəbə gedib. 8-ci sinifdən sonra məktəbi buraxıb. Hərbi xidmətdən sonra Sverdlovsk polis məktəbinə daxil olub, daha sonra Abxaziyada daxili işlər orqanlarında işləyib.

Abxaziyadan Ermənistanın Sarnaxbyur kəndinə köçən terrorçu orada evlənib. Qarabağda müharibə başlayanda o, hərbi xidmətə yazılıb. Horadiz, Hadrud, Füzuli və Xocalının işğalında iştirak edib. “Kobra” ləqəbi ilə məşhur olan erməni terrorçu kəşfiyyatçı olub. Buna səbəb isə Azərbaycan dilini yaxşı bilməsi idi. Müharibədə erməni kəşfiyyatçılar azərbaycanlı əhalinin evlərinin koordinatlarını artilleriyaya verir, erməni hərbi birləşmələri isə mülki evləri top atışı ilə yerlə-yeksan edirdi. Avaqyan öz cəlladlığı ilə “məşhur” idi. O, Xocalı soyqırımında öz cəlladlığını pik səviyyəyə yüksəldə bildi və yüzlərlə azərbaycanlını vəhşicəsinə qətlə yetirdi. Cəlladın vəhşiliyi dillər əzbəri idi və Horadiz körpüsü uğrunda gedən döyüşlərdə Azərbaycan snayperi terrorçunu məhv etdi. Ermənilər Avaqyanı xəstəxanaya çatdıra bilmədi.

Terrorçu məhv edildi, lakin bu gün Azərbaycanın dəstəyi ilə ayaqda dura bilən Gürcüstan azərbaycanlıların qatilinin əbədiləşdirilməsinə susur, hətta dəstək verir. Abidənin açılış mərasimində müşahidə olunan mənzərə bu dəstəyi açıq şəkildə göstərir: açılışa Buqaşen kəndi və ətrafı kəndlərdəki ermənilər, Axalkalakinin meri, erməni Yurik Unanyan, parlamentin deputatları Enzel Mkoyan və Samvel Manukyan qatılıblar. Ermənistanın Gürcüstandakı səfiri Ruben Sadoyan da mərasimdə rəsmi İrəvanı təmsil edib. Əvvəlcə kəndin erməni kilsəsində dəfn mərasimi keçirilib, sonra qonaqlar duz-çörəklə qarşılanıb. Erməni səfir Ruben Sadoyan və erməni biznesmen Qaqik Avaqyan qırmızı lenti kəsib. Terrorçunun oğlu, qızı və nəvəsi abidənin önünə çələng qoyublar. Mərasim bayram proqramı ilə davam edib...

Ermənilər bayram edir, lakin gürcülər bu bayramın bir gün onların torpaqlarının işğalından sonra edilə biləcəyini anlamırlarmı? Anlamırlarmı ki, azərbaycanlıların qatilinə abidə qoymağa icazə vermək Gürcüstanda erməni separatizminin önünü açmaqla nəticələnə bilər? Axı İrəvanın Respublika meydanında yerləşən əsas metrostansiyasının girişinə asılan “böyük Ermənistan” xəritəsində Azərbaycan, Türkiyə və İranla yanaşı, Gürcüstan ərazilərinin də gələcək işğalı nəzərdə tutulur.

Cavaxetiya: ermənilər kompakt yaşadığı bu bölgəni ən azı muxtariyyətə çevirmək istəyirlər və bunu açıq şəkildə dilə gətirirlər. Gürcülər də yaxşı anlayır ki, ölkənin bölünməsi ilə nəticələnəcək erməni separatizmi ilk olaraq məhz buradan başlaya bilər. Ermənistanın özündə də Cavaxetiya iddiaları açıq şəkildə dilə gətirilir. “Azad Cavaxk“ erməni ictimai təşkilatının zaman-zaman gündəmə gətirdiyi iddiaları buna nümunədir.

“Erməni qanının tökülməsi hesabına biz Artsaxı (Azərbaycanın Dağlıq Qarabağ ərazisi - red.) qaytara və müdafiə edə bildik. Bu işdə bizə dünyanın müxtəlif ölkələrində yaşayan qardaşlarımız da kömək etdi. İndi isə biz 90-cı illərin əvvəlləri ilə müqayisədə daha güclü və təşkilatlanmış formadayıq. Lakin nə qədər ki əcdadlarımıza məxsus təqdir olunmuş torpaqları - Naxçıvan və Cavaxkı geri qaytarmamışıq, qələbədən danışmaq tezdir. Artıq dövlətimizin və onun tarixi sərhədlərinin bərpa edilməsinin vaxtı çatıb”, - deyə erməni separatçıları tez-tez bu iddiaları dilə gətirir.

Vaxtilə “Azad Cavaxk”ın iddialarının yer aldığı sənəd imza atanlar arasında olan, erməni diasporuna bağlı “Sasna srer” partiyasının lideri Jirayr Sefilyan ötən il Ermənistanda keçirilən parlament seçkiləri öncəsi Gürcüstanla sərhədin açılması və Cavaxetiya probleminin bu yolla həll edilməsi çağırışını edirdi. Ötən ilin 28 oktyabrında isə “Rusiyada Cavaxetiya diasporu” ictimai təşkilatının Cavaxetiyada yaşayan erməniləri ayağa qalxmağa və Tbilisidən öz haqlarını tələb etməyə çağırdı.

Meqrel və svan kartı: ermənilər Gürcüstanda bu iki kartdan da istifadə etməyi planlaşdırırlar. Gürcü mediası yazır ki, bu planın arxasında erməni diasporu/lobbisi var. Hələ Zvaid Qamsaxurdianın dövründə erməni lobbisinə bağlı KİV Gürcüstanı bölmək üçün “abxaz-meqrel” layihəsini təklif edirdi. Lakin meqrellər bu fitnəkar təkliflərə qarşı çıxaraq, gürcü xalqı ilə eyni yerdə yaşamağı üstün tutdular. Ermənilər eyni separatizmi svanlarla bağlı da tətbiq etmək niyyətində idi. Orada heç nə alınmadı. Çünki svanlar tarixən ermənilərə nifrət edirlər və “Müstəqil Svaneti” fikrini, ümumiyyətlə, yaxına buraxmadılar. Eduard Şvarnadzenin dövründə Kodor dərəsində Tiflisin rəsmi nümayəndəsi olan Emzar Kvisiani Saakaşvilinin prezidentliyini qəbul etməkdən imtina etdi. Bu, Gürcüstanda Kodor dərəsi böhranına səbəb oldu. 2006-cı ildə erməni lobbisi yaranmış vəziyyəti fürsət bilib “svan kartı”nı yenidən masaya yatırdılar. Lakin bu cəhd də nəticə vermədi. Buna səbəb Abxaziya müharibəsi dövründə Kodor dərəsindəki svanların erməni döyüşçülər tərəfindən vəhşicəsinə qətlə yetirilməsi idi.

Vaxtilə Abxaziyada meqrellərə qarşı ən dəhşətli cinayətləri də “Baqramyan” adına erməni batalyonunun döyüşçüləri etmişdi. Onlar meqrelləri Qaqridən, Suximidən, Qulripşdən və Oçamçirdən tamamilə qovdular. Hətta separat Abxaziya hakimiyyəti qaçqın meqrellərin Qalski rayonuna qayıtmağına icazə versə də, məhz erməni lobbisinin təşəbbüsü ilə bu insanlar bütün vətəndaş hüquqlarından məhrum edildilər.

Bu qırğınlara rəğmən, erməni diasporu ötən il “unikal meqrel xalqı” iddiasını ortaya atdı və meqrellərlə ermənilərin tarixi qardaşlığı nağılını danışmağa başladı. Bu nağılda deyilir ki, meqrellər də “qədim ermənilər” kimi “qədim kolxov nəsli” elan edilməlidir. Erməni lobbisinə bağlı KİV sifarişlə meqrellərin gürcü olmadığı və “müstəqil dövlət qurmaq hüququna malik olması” haqda məqalələr dərc edirlər. Burada məqsəd aydındır: ermənilər Gürcüstanı “kvazidövlət”lərə bölmək və torpaqlarını tikə-tikə edib əllərinə keçirmək istəyir.

Və sual yaranır, Xocalıda azərbaycanlıları qətlə yetirən Mixail Avaqyan Abxaziyadan Ermənistana köçməsəydi, “Baqramyan” batalyonunun cəlladı olmayacaqdımı?! Gürcülər unutmağı seçmək və terrorçuya abidənin qoyulması ilə yanaşı, bunun məhz 20 yanvar tarixində edilməsinə göz yummaqla Bakı-Tbilisi xəttində etibar atmosferini təhlükə altına atırlar. Halbuki, bu abidə erməni separatizminin çiçəklənməsinə “yaşıl işıq” olacaq və ermənilər zəhərli xəncəri bir gün mütləq şəkildə gürcülərin kürəyinə sancacaqlar. Tarix bunu dəfələrlə sübut edib.

Abidənin qoyulması Paşinyanla Baxtadzenin birincinin hakimiyyətini legitimləşdirəndən dərhal sonra Gürcüstana gəlməsi və niyə məhz azərbaycanlıların tarixi məskəni olan Bolnisidə görüşü kontekstində də diqqət çəkir.

Doğrudur, erməni terrorçunun abidəsi doğulduğu kənddə qoyulub, lakin rəsmi Tbilisi bunun Bakının narazılığına səbəb olacağını bilə-bilə niyə razılıq verdi? Bolnisidəki görüş, ardınca abidənin qoyulması bölgədə gizli İrəvan-Tbilisi ittifaqının başlanğıcıdırmı? Burada Azərbaycana qarşı hansısa mesajlar varmı?

Bütün bunları proseslərin inkişafı göstərəcək, lakin indiki situasiyada gürcülərin öz evlərinə “bomba” qoyduqları məlumdur./publika.az/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA