Azərbaycan–Şimali Atlantika əməkdaşlığı və perspektivlər

Azərbaycan–Şimali Atlantika əməkdaşlığı və perspektivlər

Azərbaycan inkişaf etmiş dünyanın qəbul etdiyi meyarlara, beynəlxalq hüquq norma və prinsiplərinə istinad edərək nüfuzlu dövlətlər və xarici təşkilatlarla faydalı əməkdaşlıq edir. Ölkə rəhbərinin yürütdüyü xarici siyasət strategiyasının prioritet istiqamətini milli təhlükəsizliyin qorunması, beynəlxalq aləmə çoxşaxəli inteqrasiyanın təmin olunması, üzləşdiyimiz Dağlıq Qarabağ münaqişəsinə dünya ictimaiyyətinin diqqətinin cəlb edilməsi təşkil edir. Bu ümumi strategiyanın başlıca məqsədi ölkəmizin beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsindən, davamlı inkişafı və əhalinin rifahının yaxşılaşmasından, eləcə də bütün regionda təhlükəsizlik və sabitliyin təmin olunmasına töhfə verməkdən ibarətdir. 1993-cü ildən böyük uzaqgörənliklə aparılan xarici siyasət bu vacib meyarlar əsasında müəyyənləşdirilmiş və müxtəlif maraqların toqquşduğu Cənubi Qafqaz regionunda milli mənafelərimiz layiqincə qorunmuşdur. Bu siyasi xətti uğurla davam etdirən Prezident İlham Əliyevin 23 may 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasında ölkəmizin milli maraqlarının dəqiq təsnifatı verilir. Azərbaycan Respublikasının milli maraqları xalqın fundamental dəyər və məqsədlərini, habelə insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların məcmusundan ibarətdir.

Qərb dəyərləri və Azərbaycan

Qərb dəyərlərini seçən Azərbaycan beynəlxalq birliyin tamhüquqlu subyektinə çevrilmək, eyni zamanda hərbi-siyasi təhlükəsizliyinə təminatı gücləndirmək üçün bir sıra aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. NATO ilə əməkdaşlıq da bu baxımdan diqqəti cəlb edir. 1994-cü ildən təşkilatın "Sülh naminə tərəfdaşlıq" proqramında yaxından iştirak edən Azərbaycan NATO hərbi strukturları ilə əməkdaşlıq etmək, birgə təlimlər keçirmək, hərbi kadrlar hazırlanmasında blokun təcrübəsindən bəhrələnmək imkanları qazanmışdır. Bu əməkdaşlıq strateji məzmun kəsb etməklə regionun mühüm enerji layihələrinin təhlükəsiz gerçəkləşdirilməsinə də əsaslı təminat yaratmışdır. Antiterror koalisiyasının üzvü olan Azərbaycanın ordu birləşmələri NATO qoşunlarının tərkibində Kosovoda, Əfqanıstanda və İraqda həyata keçirilən sülhyaratma missiyasında yaxından iştirak etmişlər. Prezident İlham Əliyevin hələ 2004-cü ilin mayında Brüsselə səfəri zamanı NATO-nun Baş mənzil-qərargahında keçirdiyi müxtəlif səviyyəli görüşlər ikitərəfli münasibətlərin daha aktiv fazaya keçməsini təmin etmişdir. Səfər zamanı dövlət başçısının Azərbaycan adından "Fərdi əməkdaşlq üzrə əməliyyat planı"nı NATO rəhbərliyinə təqdim etməsi böyük rezonans doğuran siyasi hadisə kimi dəyərləndirilmişdir. Buna adekvat olaraq NATO rəhbərliyinin də Azərbaycana diqqəti artırmaq, ölkəmizə hərbi-texniki yardımları genişləndirmək istəyi qabarıq müşahidə edilmişdir. Azərbaycanın beynəlxalq əməkdaşlığında NATO-nun yeri və rolu getdikcə güclənir və bu, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafında da öz təsdiqini tapır. Bu əməkdaşlıq qlobal planda sülh və sabitliyə xidmət etməklə regionun nəhəng enerji layihələrinin təhlükəsiz gerçəkləşdirilməsinə əsaslı təminat yaratmışdır. Xəzərin enerji resurslarının dinc şəraitdə mənimsənilməsi, habelə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təhlükəsizliyinin təmin edilməsi baxımından Azərbaycan-NATO əməkdaşlığının mühüm əhəmiyyəti var. Azərbaycan ordusunun NATO standartlarına uyğunlaşdırılması istiqamətində atılan addımlar sistemli xarakter daşımaqla bu gün də davam etdirilir.

Avratlantik məkana inteqrasiya kursunu əsas götürən Azərbaycanın NATO ilə uğurlu əməkdaşlığı da hərbi quruculuq məsələlərində az əhəmiyyət daşımır. Azərbaycan ordusunda həyata keçirilən islahatlarda, hərbi hissələrin komplektləşdirilməsində NATO standartları əsas götürülür. Ölkəmizə səfər edən NATO rəsmiləri də keçirdikləri görüşlərdə Azərbaycan ordusunda aparılan islahatlardan razılıqlarını dəfələrlə bəyan ediblər. Bu, həm də Azərbaycan-NATO əməkdaşlığının perspektivləri barədə daha nikbin düşünməyə əsas verir.

Rassional siyasət həm də bütün uğurların açarıdır

Azərbaycan Silahlı Qüvvələrinin təhsil sistemi NATO standartlarına uyğun təkmilləşir. Azərbaycan ordusunun zabitləri ölkəmizin NATO ilə əlaqələri çərçivəsində təşkilatın üzvü olan bir çox ölkələrin hərbi məktəblərində təhsil alır, NATO-nun təşkilatçılığı ilə ixtisasartırma kurslarında, hərbi təlimlərdə iştirak edirlər. Ordumuzun idən-ilə qüdrətlənməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də ölkəmizə mühüm üstünlüklər verir. Prezident İlham Əliyev Belçika Krallğına işgüzar səfəri çərçivəsində NATO-nun Baş katibi Yaap de Hoop Sxeffer ilə görüşmüşdür. Prezident İlham Əliyev NATO-nun mənzil-qərargahında Şimali Atlantika Şurasında qurumun üzvü olan dövlətlərin şuradakı daimi nümayəndələri və səfirləri qarşısında çıxış etmişdir. Ölkə başçısı 15 il ərzində Azərbaycan-NATO əməkdaşlığı, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat vermişdir.

Prezident İlham Əliyev Azərbaycanın NATO ilə əməkdaşlığının səviyyəsindən razılığını ifadə etmişdir. "Təkcə ötən il Azərbaycan təmsilçiləri NATO-nun təşkil etdiyi 200-dən çox əməkdaşlıq tədbirində iştirak etmişlər. Biz bu tərəfdaşlığı yüksək dəyərləndiririk. Azərbaycan Əfqanıstanda öz hərbçilərinin sayını iki dəfə artırmaq üzrədir. Biz öz regionumuz və bütün dünyada sülh, sabitlik və təhlükəsizlik kimi ümumi işə və antiterror əməliyyatlarına verdiyimiz töhfəni davam etdirəcəyik”.
Azərbaycan və NATO arasında əməkdaşlıq hazırda yüksələn xətt üzrə inkişaf edir. Ölkəmizin regional və qlobal layihələrin həyata keçirilməsində əsas tərəf kimi çıxış etməsi və bütövlükdə sabitliyə və təhlükəsizliyə verdiyi dəyərli töhfə qurum tərəfindən yüksək qiymətləndirilir. Regionun lider dövlətinə çevrilən Azərbaycanla əməkdaşlığa böyük maraq göstərən nüfuzlu təşkilatlardan biri kimi NATO son illər ölkəmizlə əlaqələrin daha da intensivləşdirilməsi üçün mühüm addımlar atır. NATO-nun Baş katibi Yaap de Hoop Sxeffer bildirmişdir: "Azərbaycan NATO-nun dəyərli tərəfdaşıdır. Artıq on beş ildir ki, "Sülh naminə tərəfdaşlıq" proqramı, 2005-ci ildən etibarən isə "Fərdi tərəfdaşlığın əməliyyat planı" çərçivəsində çalışırıq. Təbii ki, Azərbaycan nəinki regionda, o cümlədən onun hüdudlarından kənarda mühüm iştirakçıdır. Azərbaycan enerji təhlükəsizliyi baxımından çox vacib bir ölkədir və NATO-nun çox dəyərli tərəfdaşıdır. Biz həmin tərəfdaşlığı genişləndiririk. Mən Əfqanıstanda İSAF əməliyyatları çərçivəsində Azərbaycanın verdiyi vacib töhfəsinə görə Prezident İlham Əliyevə minnətdarlığımı bildirmək istəyirəm. Biz bu işləri davam etdiririk və gələcəkdə də bu əsaslarla işləyəcəyik".

Siyasi, iqtisadi, hərbi potensialının ildən-ilə artması və bölgədə lider statusuna malik olması beynəlxalq aləmdə mövqelərimizi möhkəmləndirməkdədir. Azərbaycan-NATO əlaqələrinin yeni mərhələdə uğurla inkişafı qarşıda daha böyük perspektivlər açır.

Tarix Azərbaycanın haqlı mövqedə olduğuna şahiddir

Tarixi dövrün tələblərinə uyğun olaraq NATO-nun bugünədək beş strateji konsepsiyası qəbul edilmişdir. Bu strateji konsepsiyalar təşkilatın işini yönləndirərək həyati əhəmiyyətli məsələləri qabartmış, müttəfiqlərlə NATO-nun əməkdaşlığının vacibliyini vurğulamışdır. Məsələn soyuq müharibədən sonra qəbul edilən strateji konsepsiya diqqəti müstəsna olaraq ərazi müdafiəsinə yönəltmə yanaşmasından müəyyən qədər kənara çıxmağa başlayır və təhlükəsizliyin daha geniş tərifi üzrə və onun dialoq, əməkdaşlıq, böhranların idarə edilməsi və münaqişələrin önlənməsi metodları daxil olmaqla necə təmin edilməsi üçün daha geniş məlumat verirdi. Sonuncu strateji konsepsiya noyabrın 20-də Lissabonda NATO Dövlət və Hökümət Başçıları tərəfindən qəbul edilmişdir. Bu konsepsiya təşkilat üzvlərinin müdafiəsi və təhlükəsizliyi baxımından özünün bir sıra müddəalarına görə diqqət çəkir. Dəyişən beynəlxalq münasibətlər və təhlükəsizlik kontekstində yeni strategiya enerji təhlükəsizliyi, iqlim dəyişikliyi kimi önəmli mövzulara toxunur, eyni zamanda Yaxın Şərqdə NATO və Rusiya əlaqələrini və digər məsələləri qabardır. Konsepsiyanın Təhlükəsizlik mühiti adlı hissəsində enerji təhlükəsizliyi haqqında deyilir: “Bütün ölkələr beynəlxalq ticarət, enerji təhlükəsizliyi və çiçəklənmə və inkişafın asılı olduğu nəqliyyat, kommunikasiya və tranzit yolları üzərində yerləşməyə meyl göstərirlər. Bu ölkələr hücumların qarşısını almaq və öz müdafiə qabiliyyətlərini yüksəltmək üçün beynəlxalq səy nümayiş etdirirlər.
Qloballaşan dünyada bəzi NATO ölkələri xarici enerji təchizatçılarından tədricən daha çox asılı olacaqdır.” Strategiyanın qəbul olunmasında önəmli məsələlərdən biri enerji təhlükəsizliyi və Rusiya ilə NATO əlaqələridir. Enerji təhlükəsizliyini diqqət önünə çəkən digər amillər isə enerji nəqli kəmərlərinə silahlı hücumlar, terror aktları və pirat hücumları və bəzi enerji istehsalı ölkələrində siyasi qeyri sabitlikdir. Yeni strateji konsepsiyaya əsasən NATO enerji təhlükəsizliyinin təmin olunmasına yardım edəcək, təhlükəli ərazilərdən keçən enerji infrastrukturlarının, tranzit yollarının qorunmasında müttəfiqlərlə əməkdaşlığı genişləndirəcəkdir. Lissabon Zirvə görüşünün Bəyannaməsi enerji təhlükəsizliyini NATO-nun siyasi fəaliyyətinə inteqrasiya etməyi mühüm vəzifə olaraq müəyyən etmişdir. NATO-nun enerji təhlükəsizliyi məsələsinə ehtiyatla yanaşmasına digər səbəb isə enerji amilinin Rusiya ilə sıx bağlı olmasıdır. Dünyada ən böyük qaz ehtiyatı Rusiyanın payına düşür, neft ehtiyatına görə isə Rusiya yeddinci yerdə durur; Avropanın enerji təchizatında aparıcı mövqe tutur. Digər tərəfdən hazırda enerji təhlükəsizliyi məsələsi ilə bir çox qurumlar- Avropa Birliyi, Beynəlxalq Enerji Agentliyi və s. təşkilatlar, özəl qurumlar məşğul olurlar. Lakin bütün bu amillərlə yanaşı NATO enerji təhlükəsizliyi üzrə müttəfiqlərlə razılaşdırılmış mexanizm üzrə fəaliyyət göstərir. Bu fəaliyyət mexanizmi aşağıdakı qaydalar üzrə işləyir: tərəfdaşlar arasında informasiya paylaşması, kəşfiyyat və dialoq aparmaq; burada da əsas diqqət təhlükəli və qeyri stabil ərazilərdən keçən enerji infrastrukturlarının istənilən hücumdan müdafəsinə yönəldilir. İkincisi stabilliyi təmin etməkdir. Bu ilk növbədə strateji cəhətdən əhəmiyyətli ərazilərdə islahatlar keçirmək- Avropa, Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq və İran körfəzində tərəfdaş ölkələrlə siyasi dialoq və hərbi əməkdaşlığı inkişaf etdirməkdir. Bu qrupa enerji istehsalçıları, tranzit ölkələr və istehlakçılar daxildir. Üçüncü qayda isə enerji infrastrukturunun mühafizəsidir ki, bu da bir çox ölkələrin milli vəzifəsi hesab olunur. Lakin NATO təşkilat olaraq dəniz yollarının, ərazi sularının mülki və ya hərbi yolların qorunmasına öz töhfəsini verə bilər. Bundan başqa hər hansı şəkildə (təbii fəlakət, qəza) enerji resurslarının itkisi baş verərsə NATO özünün fövqəladə planlaşdırma imkanlarından istifadə edərək bu cür fəlakətləri qısa zamanda effektiv şəkildə aradan qaldıra bilər. NATO-nun yeni strateji konsepsiyasında enerji ilə zəngin strateji əhəmiyyətli regionlara- Cənubi Qafqaz, Xəzər regionuna mühüm əhəmiyyət verilir. Bu baxımdan Azərbaycanın NATO ilə əməkdaşlığı önə çəkilir.

“Hürriyyət”

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA