Aziz Üstel FETÖ-nün qaranlıq əlaqələrindən yazdı: Gülənin atası MKİ-dir, bəs qohumları kimdir?

  • 2019-02-16 14:40:42
  • |
  • Region /

Aziz Üstel FETÖ-nün qaranlıq əlaqələrindən yazdı: Gülənin atası MKİ-dir, bəs qohumları kimdir?

“Star” qəzetinin əməkdaşlı Aziz Üstel FETÖ rəhbəri Fətullah Gülənin qaranlıq və çirkli əlaqələrindən bəhs edən 4 bölümdən ibarət yazı dərc etdirib. O, bu yazı seriyasında Gülənin əsgərə getdiyi 1961-ci ildən bu günə, Vatikandan MKİ-yə (ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi - SIA) qədər Gülənin cinayətlərindən, 15 iyul xain dövlət çevrilişinə gedən yoldan yazıb:

Güləni NATO, MKİ və Papaya kim təqdim elədi?

Fətullah Güləndən danişarkən Ramiz Əfəndi, Fuat Doğu, Yaşar Tunagür, Said-i Nursi, Kasım Gülek, Bülent Ecevit, Rafet Sezgin, Qraham Fuller, Turgut Sunalp və Dr. Esad Keşşafoğlu adları dərhal cümlənin əvvəlində gəlir. FETÖ-nün qurulması mərhələsində və bu günə gəlməsində, şüurlu və ya qeyri-ixtiyari şəkildə bu şəxslər çox mühüm rol oynayıblar.

Bunlardan bəlkə də ən mühümü, “Qərbin adından içimizə fitnə toxumunu, həm də Rokfellerin bütün dünyaya satdığı buğda toxumlarını ölkəyə ilk dəfə gətirib əkdirən şəxs Kasım Gülekdir” (“Gülən Şeytanlar Tarixi” - Kemal Özer, səhifə 294).

Kasım Gülek... CHP (Türkiyənin Cumhuriyyət Xalq Partiyası – tərc.) baş katibi və müəyyən bir dövrdə Türkiyənin ən güclü siyasətçisidir. Prezident Celal Bayar, baş nazir Adnan Menderes olsa da, CHP-nin baş katibi onlardan güclü idi... Gülek elə bir qüvvəyə malik idi ki, Vatikan ona cəngavərlik nişanı verir; ABŞ, İngiltərə, Almaniya onu yerə-göyə sığışdırmır; “Türkiyənin Qərblə bütövləşməsiin memarı” adlandırırdı! Təbii ki, Kasım Gülekdən əvvəli də var...

Fətullah Gülənin yolu, nəqşibəndi şeyxi Alvarlı Efenin məscidinə düşən gündən başlayır. Alvarlı Efe vəfat edəndən sonra yerinə Seyfeddin Mazlumoğlu geçir, onun da böyük oğlu Said Əfəndi Qurşunlu Mədrəsəsində xocalıq eləməyə başlayır. Gülən də bu mədrəsəyə gedib-gəlirmiş. Hələ uşaq vaxtından bəri necə bir kin və nifrətlə böyüdüldüyü barəsində Efe həzrətlərinin nəvələrindən olan Nakip Mazlumoğlu “Anadolu Agentliyi”nə belə danışır: “Gülən gedib babamdan polisə şikayət eləmiş; Atatürkün əleyhinə danışır!” demişdi. Təbii ki, polis də gəlib babamı mədrəsədən apardı. Lakin qısa müddət keçəndən sonra şikayətin yalan olduğu anlaşıldı və babamı azadlığa buraxdılar. Gülən həmin mədrəsədən, sonra da Ərzurumdan uzaqlaşdı, Ədirnəyə getdi”.

Gülən 1961-ci ildə əsgərə gedir. Təlim dövründə Xüsusi Hərbi Dairə Qərargahı rəhbərlərindən olan Reşat Taylanın yanında xidmət edir. Təlim dövründə yalnız kəşfiyyatçılara verilən ratsiya təlimi alır. Xüsusi Hərbi Dairənin baş leytenantı Esat Keşşafoğlu, Gülənin hələ 16-17 yaşı olanda onu Xüsusi Hərbi Dairənin kadrları siyahısına yazdırıbmış. Beləliklə, nurçuların arasında daxil olur. Məqsəd onu çox bilikli və mükəmməl bir agent kimi yetişdirmək idi. Hərbi xidmətini İsgəndərunda, II Ordu Qərargahında, general Cemal Turalın yanında, kəşfiyyat üzrə məsul kadr kimi başa vurur...

Özal və Kahvecinin başına gələnlər…

Rəhmətlik Adnan Kahvecinin oğlu Cihan Kahveci deyir:

“Atamı kimin qətlə yetirdiyini bilirəm. Qatil bir həkimdir... Atam Özala çox yaxın idi. Ona görə öldürməyi qərara aldılar. Atamı öldürən həkim 1993-cü ildən sonra inanılmaz dərəcədə böyük sərvət sahibi oldu. Turqut Özalı zəhərləyərək öldürən şəxslə atamı öldürənin eyni adam olduğunu bilirəm. Bu qatil... Müşavir, tibb doktoru olmasına rəğmən, peşəsi ilə məşğul olmurdu”.

Bu sözlər iki nəfərə işarə edirdi: Erhan Göksel və FETÖ üzvü olan Şerif Ali Tekalan. Göksel, 2010-cu ildə ABŞ-da bir otel otağında ölü vəziyyətdə tapıldı. Özü artıq danışa bilməzdi, həyat yoldaşı isə bu iddiaların dəli sərsəmləməsi olduğunu söylədi.

Turgut Özalın böyük oğlu Ahmet Özal Turgut bəyin bir neçə dəfə FETÖ lideri Fətullah Gülənlə görüşdüyünü söyləyib: “Atam demişdi: “Mən bu adamla danışanda narahat oluram... Elə bir aurası var ki, sanki Türkiyə ona bəs eləmir, bütün dünyanı istəyir”.

Özal Güləni insanları inandırmaq və aldatmaq bacarığına görə Hitlerə bənzədibmiş. 1990-cı illərin əvvəllərində Gülən rəhmətlik Turqut Özala çox amansız və tərbiyə qaydalarından kənar şəkildə hücum eləmişdi. Gülən “Sızıntı” adlı jurnalının 1991-ci ilin avqust nömrəsində belə yazmışdı: “Millətin yolunu kəsən qanlı kabus! Sən müasirlik və dövrü qabaqlamaq nərəli ilə özünü ovut. İstəyirsənsə, indi yat. Bundan sonra qopacaq qiyamət sənin qiyamətindir”.

Lətif Ərdoğan bu yazının yazılmasının səbəbinin iki nəfərin vəzifəyə təyin edilməsi tələbininin Özalın rədd eləməsi olduğunu deyir. Yazıdan dərhal sonra Korkut Özal İzmirə gedərək Gülənlə danışır... Özala bu qədər həqarət yağdıran Gülən Özalın dəfn mərasimində iştirak edib ən ön sırada foto çəkdirir! Bəlli olduğu kimi, canilər mərhumların dəfn mərasimində iştirak edərlər və polis çox vaxt dəfn mərasiminə gələnləri müşahidə edərək qatili yaxalayır! Korkut Özal “ağabəyim zəhərləndi” deyir, Səmra Özal isə “həyat yoldaşımı limonadla zəhərlədilər” açıqlamasını verir.

Rəhmətlik Turgut bəy 11 gün davam edən son səfərini 1993-cü il aprelin 4-də Orta Asiyaya etmişdi. Onun yanından qətiyyən ayrılmayan, FƏTÖ-nün sadiq qullarından olan proffessor Şerif Ali Tekalan, səfər zamanı onu FETÖ-nün məktəblərinə aparmış, burada ona tort və limonad təqdim edilmişdi. Hazırda FƏTÖ fərarisi olan bu qaranlıq adamla bağlı məhkəməyə təqdim edilən sənədlər onun FƏTÖ-nün toruna düşən gənc qızları məmurlara və biznesmenlərə təqdim edən şəbəkənin də rəisi olduğunu təsdiq edir!

Turgut Özalı öldürdükləri açıq-aşkar ortada olan Hasan Sabbah şəbəkəsinin cinayətləri əlbəttə bununla məhdudlaşmır. Öldürdüklərinin arasında kimlər yoxdur ki? Polislər, hərbçilər, prokurorlar, hakimlər, məmurlar, məhkəmə tibb ekspertləri, həkimlər, tibb bacıları ilə uzanıb gedən bir siyahı. 1960-cı illərdən bəri dövlətin açarı bu qatillərə təslim edilmişdi! Çetin Emeç, professor Bahriye Üçok, Muammer Aksoy, Turan Dursun, Uğur Mumcu, Orgeneral Eşref Bitlis, Ahmet Taner Kışlalı, ƏFÜLFƏZ ELÇİBƏY, Aselsan mühəndisləri, Muhsin Yazıcıoğlu, Üzeyir Qarih cinayətlərinə bitərəf bir gözlə baxıldığı zaman hamısında FƏTÖ-nün izinə rast gəlmək mümkündür. Bu çinayətlərin bir çoxunda barmağı olan şəxslər ya FETÖ ilə bağlı həbs edilib, ya da məhkəmədən qaçan fərarilərdirlər! Gülən və camaatı bu dövlətin və millətin başına gətirilmiş ən böyük bəlalardan biri idi; təhlükəni hələ keçmiş hesab eləmək olmaz. Fətullah Gülənin sağ olduğu müddətdə dövlətin də, millətin də hazırlıqlı olması şərtdir!

“Üzeyir Qarihi, Muhsin Yazıcıoğlunu niyə öldürtdürürsən, bre kaltaban!”

Sağ olsaydı, rəhmətlik Kemal Tahir üzünü Gülənə tutub belə hayqırardı: “Bre kaltaban, Muhsin Yazıcıoğlunu niyə öldürtdürürsən?!" Rəhmətlik Gülən kimilərini yaxşı tanıyırdı. Qaranlıqlarda nəfəs alıb-verən, gün işığından qaçan, namus, qürur, heysiyyət kimi insanı İNSAN edən xüsusiyyətlərdən pay almamış soxulcanların hamısını aşkara çıxarardı. Deyərdi: “Bunları ayağının altında əzəcəksən... Əzəcəksən ki, nəsilləri tükənsin”.

ABŞ-dan idxal edilən Patrik və Gülən:

Kasım Gülek ailesini xaç suyuna salan Fənər patriarxı Afinaqor (Athenagoras), Gülek ailəsindən bir nəvə istəyər və bunu tez-tez eşitdirirdi. Afinaqor qısa müddət ərzində Gülənin sadiq dostuna çevrilir. Həm Lozanna razılaşmasına, həm də 1923-cü ilə qəbul edilən “Dini azadlıq qanunu”na görə, Fənərin yunan patriarxını və Patriarxlığın Sen Sinod Məclisi üzvlərinin Türkiyə vətəndaşları arasından seçilməsi lazım idi. İkinci Dünya Müharibəsinin başlanması ilə Partiarxlıqda canlanma baş verir. Bu da ABŞ-ı narahat edir. Hələ 1946-cı il fevralın 21-də patrik seçilən Maksimosun Sovet tərəfdarı olduğu şayiələrindən sonra təzyiqlər başlanır və 1948-ci ildə Maksimos istefa vermək məcburiyyətində qalır. Şimali və Cənubi Amerikanın arxiyepiskopu Afinaqor onun yerinə seçilir. Vaşinqton Ankaraya müxtəlif təzyiqlər göstərərək, Afinaqoru patriarx seçdirir. Amma Afinaqor Türkiyə Cumhuriyyətinin vətəndaşı deyildi. Lakin prezident İnönü, amerikalılara bu məsələni həll edəcəyini vəd edir. Afinaqor bir gecənin içərisində yanyalıya çevrilir, qeydiyyat sənədlərinin bir yanğında itməsi ilə bağlı aktlar tərtib edilir. Yeni bir kimlik hazırlanır və beləliklə Afinaqor patriarx seçilir!

Gülənlə Afinaqoru tanış edən şəxs Kasım Gülekdir. Gülənlə amerikalı patriarxın dostluqları inkişaf edir və onun ölümündən sonra yerinə keçən I Varfolomey (Bartholomeos) arasında çox sıx bir dostluq qurulur. O qədər sıx ki, iyulun 15-də, günortadan sonra qəflətən Türkiyədən gedir.

ABŞ-ın Yəməndəki keçmiş səfiri Artur Hyuz 15 iyul çevriliş cəhdinin “MKİ, Gülən və Ortodoks Yunan Patriarxlığı tərəfindən həyata keçirildiyini” bildirir. Bu əməliyyatda milyarder Corc Sorosdan tutmuş Hillari Klintona qədər bir çox şəxsin əli var. MKİ-nin keçmiş başçısı Corc Tenet ilə Güləni tanış edən İstanbul Patriarxlığının üzvü Aleksandr Katloutsosdur...

Cumhuriyyətin başına gələn ən böyük fəlakət

Osmanlı dövründən bu günə qədər Qərb və ya Vatikan nə zaman uğursuzluğa uğrasa, günahkar türklərdir. Elə bir gün gələr ki, Hitlerin ana tərəfindən türk olduğunu belə söyləyə biləcək keşişciklər meydana çıxar, kəndbəkənd, qəsəbə-qəsəbə dolaşıb bu yalanı cahil xalqa sırımağa çalışar. Məqsəd islamı gücdən salıb, xristianlığın dustağına çevirməkdir. İslamın dayağı olan yeganə ölkə Tükriyədir, yeganə qövm türklərdir. Onun üçün bütün silahları ilə hücum edərlər. Lakin bacara bilməzlər, Osmanlının küllərindən Cumhuriyyət doğular və türklər yenə də dimdik ayaqda olarlar. Hər kəs bu millətin gücünə inanar... Türkiyəni idarə edənlərdən başqa!!

Türkiyədə agent, Vatikanda Papa:

Amerikanın Dəniz Qüvvələri 1958-ci ildə Fred Hayns adında bir əsgəri attaşe təyin edir. Daim mülki paltarda olan hərbi attaşe ABŞ səfirliyi ilə Milli Birlik Komitəsi arasında əlaqəni təmin edər. Ən çox general Sıtkı Ulay və polkovnik Alpaslan Türkeş ilə birlikdə görünər. Deyilənə görə, Türkeşin Ankara radiosunda oxuduğu o məşhur bildirişi çantasında daşıyan və Türkeş çıxışına başlamazdan əvvəl vərəqi onun əlinə verən də Fred Haynsdır. Çevrilişçilər, Adnan Menderes, Fatin Rüştü Zorlu və Hasan Polatkanı asarlar. Celal Bayar da Yassıadada mühakimə edilib edama məhkum edilmişdi.

Lakin asılması. Kardinal Ronkalli onu edam cəzasından xilas edir. Kardinal 1950-ci illərdə Türkiyədə olmuş ən güclü cəsusdur və 1958-ci ildə Vatikana qayıdaraq, 23-cü Con adı ilə Papa olur.

Ronkallinin İstanbulda Ölçek küçəsində “Müqəddəs Məkan” elan edilir. Yeni Papanın “Xaricə yayılmaq layihələri” var və 1965-ci ildə, iki tərəfdə tətbiq edilməyə başlayır. Bunlardan birincisi, "Ekümenizm", yəni xristianlığın bütün məzhəblərini idarə eləmək və istiqamətləndirmək, digər isə "Evangelizasyon", yəni müsəlmanları xristianlaşdırmaq layihəsidir. Dinlərarası dialoq və İbrahimi dinlərin birliyi olaraq tətbiq ediləcəkdir. Gülənə bu layihənin Türkiyə qolunu həyata keçirmək vəzifəsi tapşırılıb. Getdikcə özündən çıxan Fətullah Gülən, özünü “Axırəzzaman Mehdisi” elan edir (Aytunç Altındal, “Vatikan və Məbəd Cəngavərləri”, “Yeni Avrasya Yayınları” nəşriyyatı, 2002). Gülən artıq təkcə MKİ-nin yox, həm də Vatikanın Türkiyədəki adamıdır!

Gülən və camaatı ilə əlaqədar daha yazılacaq o qədər şey var ki, kitablara sığmaz. İllərlə neçə-neçə kitab, məqalə yazılmış, Gülənin kimliyi ifşa edilmiş, lakin nədənsə, dövlətin diqqətini cəlb eləməmişdi. Dövləti yuxusundan oyandıran Tayyib bəy olmuş və onun səyləri və millətin dəstəyi ilə 15 iyul bəlası son anda dayandırılmışdır. Əgər 15 iyul çevriliş cəhdi baş tutsaydı, halımız necə olardı?..

Fətullah Gülən və camaatının idarəsi və nəzarəti altında Türkiyə qısa müddət ərzində yaşanılmaz bir ölkəyə çevrilərdi! Sırf buna görə Gülən və onun kimilərə qarşı millət olaraq çox ayıq olmalıyıq və daha işin əvvəlində bunların başını əzməliyik ki, öz ölkəmizdə yaşaya bilək...

Tərcümə Hurriyyet.org-a məxsusdur.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA