AZƏRBAYCAN DA RUSİYADAN S-400 ALA BİLƏR?

AZƏRBAYCAN DA RUSİYADAN S-400 ALA BİLƏR?

Üzeyir Cəfərov: “Bu gün S-400 almağa ehtiyac yoxdur”

Elxan Şahinoğlu: “Türkiyə əldə edəcəyi məhsulu Azərbaycanla da bölüşəcək”

Bu gün Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alması dünyanın diqqətindədir və bu silahı hansı ölkələrin ala biləcəyi müzakirə olunur. Azərbaycanın da bu silahı ala bilib-bilməməsi müzakirə mövzusudur. Maraqlıdır ki, Azərbaycan bu silahı almasına ehtiyac varmı?

“Azərbaycan öz hava məkanını kifayət qədər etibarlı şəkildə müdafiə və mühafizə edir”

Картинки по запросу Üzeyir Cəfərov

“Hurriyyət”in sualını cavablandıran ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov dedi ki, bu gün Azərbaycanın S-400-ə heç bir ehtiyacı yoxdur: “Çünki bizdə S-300 “Favorit”lər var. Sadəcə olaraq S-400 “Triumf”larda bəzi yeniliklər var. S-300-lər də kifayət qədər Azərbaycanın etibarlı müdafiəsini, təhlükəsizliyini təmin edir. Həmin S-300 “Favorit” zenit raket kompleksi ötən il Bakıda keçirilən iki hərbi paradda da nümayiş olundu. Bu gün S-400-lərə Türkiyə çaplı böyük dövlətlərin ehtiyacı var. Çünki Türkiyəyə təhlükələr daha çoxdur. Bizim yeganə təhlükəmiz bədnam qonşumuz Ermənistandandır. İranla bizim heç bir narahatçılığımız yoxdur, şimal qonşumuzdur. Bu saat Xaçmaz, o cümlədən də Xəzər istiqamətində hərbi hava qüvvələrinin hava hücumundan müdafiə qoşunlarının müəyyən avadanlıqlarını quraşdırmışıq. Gələcəkdə S-300-lər paramertlərinə görə köhnələrsə, bu, ola bilər. Çünki hər il yeni tələblər irəli çıxır, təhlükələr meydana gəlir. Ehtiyac yaranacağı təqdirdə Azərbaycan bu məsələyə qayıda bilər. Amma indiki halda S-400-lər Azərbaycana lazım deyil. Çünki S-300-lər Azərbaycanın hava məkanını mühafizə edir, 300 kilometr məsafədə 30-40 ədəd raketi eyni vaxtda sıradan çıxarmaq gücünə malikdir. Yəni kifayət qədər ciddi silahdır. Ona görə, mən hesab edirəm ki, Azərbaycan öz hava məkanını kifayət qədər etibarlı şəkildə müdafiə və mühafizə edir”.

“Biz onu alıb hara atacağıq ki?”

“Ancaq Ermənistandan başqa, ətrafımızda Azərbaycanı istəməyən ölkələr var. Buna görə yaxşı olmazmı ki, Azərbaycan da S-400-ə sahib olsun” - dedikdə Ü. Cəfərov belə cavab verdi: “Bizim nə İranla, nə də Rusiya ilə müharibə aparacaq gücümüz yoxdur. Əvvala, bilirsiniz ki, bu ölkələr bizdən dəfələrlə böyük gücə malikdirlər. İkincisi, Azərbaycanın onlara qarşı torpaq iddiası da yoxdur. Yəni biz öz dövlətimizi sərhədlərimiz çərçivəsində etibarlı müdafiə etmək gücündə olan silah-sursat almalıyıq, o da alınıb. İsraildən, Pakistandan, Rusiyadan, Türkiyədən, o cümlədən Belarusiyadan silah-sursat alınıb və bu proses davam edir. İndi yeni ölkələr, Fransa, İspaniya, İtaliyadan da silah almaq nəzərdə tutulur. Ona görə, bu gün S-400 almağa ehtiyac yoxdur. Biz onu alıb hara atacağıq ki? Bakı və ətrafında, o cümlədən lazım olan nöqtələrdə yerləşdirilən S-300 zenit raket kompleksləri etibarlı şəkildə həm strateji obyektləri mühafizə edir, həm də Azərbaycanın tələbatlarını ödəyir”.

“Qarabağla bağlı bütün problemlərin başında Rusiyanın yekəxanalığı durur”

“Bildiyimiz kimi, Azərbaycan NATO ölkəsi deyil. Bu halda, Azərbaycan S-400 alarsa, Amerika narazılıq edə bilərmi” sualına gəlincə, Ü. Cəfərov belə dedi: “Burada söhbət S-400-lərin alınmasından getmir. Burada məsələnin kökü bir az dərindir. Yəni Rusiya faktoru var. Rusiyanın 2014-cü ildə Ukraynaya yaşatdığı özbaşınalıq, xalq olaraq onlara hörmətsizlik beynəlxalq qurumları, aparıcı ölkələri məcbur elədi ki, Rusiyaya qarşı sanksiyalar tətbiq etsin. Bundan da əlavə, Türkiyə dünyada baş verən hadisələrin fonunda istəyirdi ki, öz hava məkanını terorçuların hədəsindən ölkəni etibarlı müdafiə etmək üçün “Patriot” zenit-raket komlekslərini əldə etsinlər. O vaxtı Amerika Türkiyəni aldatdı, söz verdi, amma satmadı. Türkiyə də məcbur qalıb S-400-ləri aldı. Rusiya da bundan ustalıqla yararlandı. Ona görə, Amerikanın qəzəbi daha çox Rusiyaya qarşı idi və Rusiyaya qarşı olan qəzəbi də faktiki olaraq Türkiyəyə yönəltdi. Birbaşa Rusiyanı günahlandıra bilmirlər, Rusiyanın üzü “padoş”dur. Çünki neçə dəfə deyirsən, bunlara çatmır. Loru dildə desək, bunlar özlərini “lotu fason” aparırlar. Əslində, bizim regionda, konkret Qarabağla bağlı bütün problemlərin başında Rusiyanın yekəxanalığı durur. Mən çox təəssüf edirəm ki, dünən Azərbaycan jurnalistləri Rusiyanın Azərbyacandakı səfiri Boçarnikovla görüşəndə üzünə hırıldamaqdansa, Boçarnikovdan soruşamalıydılar ki, sənin prezidentin niyə Azərbaycana qarşı ikili oyunlar oynayır? Rusiya vətəndaşı olan (red-Dilqəmlə, Şahbazı nəzərdə tutur) bir nəfəri azad edə bilməyən ölkə Qarabağ necə müdafiə edə bilər? Ona görə, Amerikanın qəzəbi Rusiyaya idi. Rusiyaya da lazım idi ki, NATO-da bir parçalanma yaratsın. Parçalanmanı da onlar Türkiyəni NATO-dan qopartmaqda görürdülər. Amma mən düşünmürəm ki, NATO istəməyəcək ki, Türkiyə NATO-dan uzaqlaşsın. Çünki NATO-nun 3 aparıcı dövləti varsa, onların biri, bəlkə də birinciləri Türkiyə silahlı qüvvələridir. Ona görə də NATO heç vaxt Türkiyəni öz arealından buraxmağa imkan verməz”.

“Türkiyə-Rusiya münasibətləri keyfiyyətcə Türkiyə-ABŞ münasibətlərini üstələyir”

Картинки по запросу Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə S-400 raketlərinin artıq Türkiyədə olması ilə bağlı fikirilərini bölüşüb: “Bu, sıradan bir hadisə deyil. Bu, Rusiya-Türkiyə münasibətlərinin yeni mərhələyə qədəm qoymasıdır. Soyuq müharibə illərində Türkiyə ABŞ-ın strateji müttəfiqi idi. SSRİ-nin dağılmasıyla və bölgədə yeni şərtlərin formalaşmasıyla Türkiyənin Amerikadan asılılığı azaldı və Ankara Moskva ilə sıx münasibətlərinin bünövrəsini qoydu. Son 15 ilin gedişatına baxsaq, Türkiyə-Rusiya münasibətləri keyfiyyətcə Türkiyə-ABŞ münasibətlərini üstələyir. Bu, həm də Vaşinqtonun yanlış siyasəti ilə bağlıdır”.

“Trampın etirafı Türkiyənin S-400 məsələsində haqlı olduğunu göstərdi”

Şahinoğlu hesab edir ki, S-400 sistemi Türkiyənin təhlükəsizliyini və siyasi çəkisini artıracaq: “Bundan başqa, Türkiyə Rusiyadan əldə etdiyi texnologiya əsasında özü eyni sistemlərin istehsalına başlayacaq. Digər tərəfdən Türkiyə S-400 sistemlərinin pulunu elə Rusiyadan aldığı kreditlə ödəyəcək. Bunların heç birini Amerika Türkiyəyə təklif etmirdi. Təsadüfi deyil ki, Amerikanın hazırki prezidenti Donald Tramp böyük səkkizlərin Yaponiyadakı son sammitində hazırki vəziyyətə görə keçmiş prezident Barak Obamanı qınadı. Çünki Obama Türkiyəyə “Patriot” raketlərini satacağını vəd etsə də, bu vədini yerinə yetirmədi və qatar artıq getdi. Trampın etirafı Türkiyənin S-400 məsələsində haqlı olduğunu göstərdi”.

“Ankara Vaşinqtondan ala bilmədiyi hərbi texnikanı da Rusiyadan almağa qərar verəcək”

E. Şahinoğlunun fikrincə, Türkiyə S-400 raketlərini əldə etdikdən sonra Amerikanın təzyiqlərinə hazır olmalıdır: “Doğrudur, Tramp Türkiyə ilə münasibətləri daha da gərginləşdirilməsini istəmir. Ancaq Konqres və Pentaqon Türkiyəni S-400 raketlərinə görə cəzalandırmağa çalışacaqlar. Buna baxmayaraq, zaman keçdikcə Amerika Türkiyənin ərazisində Rusiya raketlərini həzm etmək məcburiyyətində qalacaq və bundan sonra münasibətlərin normallaşma prosesi başlayacaq. Çünki Türkiyə Rusiyadan aldığı S-400 raketlərinə baxmayaraq Amerikadan da hərbi texnika almağa çalışacaq, bu isə Amerikanın da maraqlarına uyğundur ki, Türkiyə bazarını itirməsin, əks halda Ankara Vaşinqtondan ala bilmədiyi hərbi texnikanı da Rusiyadan almağa qərar verəcək”.

“Bu, silah bazarında Rusiyanın mövqelərini daha da gücləndirəcək”

Şahinoğlu qeyd edib ki, son sövdələşmə Rusiyanın da maraqlarına xidmət edir: “Rusiya NATO-nun əsas dövlətlərindən birinə müasir raket sistemini satdı. Bu, silah bazarında Rusiyanın mövqelərini daha da gücləndirəcək. Təsadüfi deyil ki, Türkiyənin ardınca Hindistan da Rusiyadan S-400 sistemini almaq istəyir”.

“Rusiya Türkiyənin Cənubi Qafqazdakı maraqlarını nəzərə almağa başlamalıdır”

E.Şahinoğlu onu da vurğulayıb ki, Türkiyənin müdafiə qabiliyyətini artırması heç şübhəsiz müttəfiqi Azərbaycanın da maraqlarına xidmət edir: “Türkiyə S-400 raketlərini gələcəkdə özü istehsal etməyə başlayacağı halda əldə edəcəyi məhsulu Azərbaycanla da bölüşəcək. Bu, Azərbaycanın təhlükəsizlik imkanlarını artıracaq. Digər tərəfdən artan Rusiya-Türkiyə hərbi əməkdaşlığının Cənubi Qafqazdakı proseslərə də müsbət təsirini proqnozlaşdırmaq olar. Rusiya istər-istəməz Türkiyənin Cənubi Qafqazdakı maraqlarını nəzərə almağa başlamalıdır. Türkiyə Azərbaycanla hərbi əməkdaşlığı daha üst səviyyəyə qaldırarsa, Rusiya buna etiraz etməməlidir”.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz