AZƏRBAYCAN QANUNLARI NAXÇIVANDA İŞLƏMİR

AZƏRBAYCAN QANUNLARI NAXÇIVANDA İŞLƏMİR

Vasif Talıbov Muxtar Respublikanı dəmir yumruqla idarə edir, ona qarşı gələnləri dəyənək kimi istifadə etdiyi polis vasitəsiylə zərəsizləşdirir

Qudasının himayəsinə arxalanan Fazil Ələkbərov Naxçıvanda gestapo rejimi quraraq, polisin az qala bütün sahələrə müdaxilə və nəzarət etməsinə şərait yaradıb

Naxçıvan Dövlət Yol Polisi İdarəsində məsul vəzifədə çalışan Hidayət Zahidovun qeyri-qanuni əməllərinə nədən göz yumulur?

Bakıdan Naxçıvana daşınan bütün məhsullara əsassız yerə gömrük rüsumu tətbiq olunur

Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsi olsa da, Muxtar Respublikada tətbiq edilən bir sıra qanunlar, o cümlədən qeyri-rəsmi qaydalar onu ölkənin paytaxtından, o cümlədən digər bölgələrindən kəskin şəkildə fərqləndirir. Məsələn, Bakıdan Naxçıvana noutbuk aparmaq, motosiklet sürmək, evində tәndirdən istifadə etmək, hәrbiçilәrә mülki geyimdә olsalar belә, avtomobil idarə etmək, eyvandan paltar asmaq, çayxana və yas yerlәrindә siyasi söhbәtlәr aparmaq olmaz. Bundan başqa, Muxtar Respublikada vətəndaşların öz evlərini satması, qadınların saçını boyaması, yerli radiolarda xarici musiqilərin səsləndirilməsi qəti şəkildə qadağdır.

Hələ bu, harasıdır. Məsələnin ən maraqlı tərəfi ondadır ki, Naxçıvan Muxtar Respublikasında gənc oğlanların uzun saç saxlamasına da icazə verilmir. Bununla bağlı əldə etdiyimiz informasiyada qeyd olunur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun qudası, general-mayor Fazil Ələkbərov daxili işlər naziri təyin olunduqdan sonra polis əməkdaşları uzun saçlı oğlanları saxlayıb, onlara müxtəlif formalı təzyiq göstərir, hətta bəzilərinin saçını belə, kəsirlər. Təbii ki, bütün bu sadalanan qadağalar, qeyri-rəsmi qaydalar Naxçıvan sakinlərinin kəskin etirazına səbəb olsa da, onlar daha şiddətli basqılara, əlavə problemlərə məruz qalmamaq naminə susmağa məcbur olurlar. Çünki 16 dekabr 1995-ci ildən bu günədək Naxçıvan Ali Məclisinin sədri vəzifəsində çalışan Vasif Talıbov Muxtar Respublikanı dəmir yumruqla idarə edir, ona qarşı gələnləri dəyənək kimi istifadə etdiyi polis vasitəsiylə zərəsizləşdirir, təhdid və təzyiqlərər məruz qoyur. Məhz elə buna görə də Vasif Talıbovun və ətrafındakı bir sıra məmurların qanunazidd, kobud əməllərindən təngə gələn vətəndaşlar həm özlərinin, həm də ailə üzvlərinin, qohum-əqrabasının təhlükəsizliyi baxımından Naxçıvanda hökm sürən haqsızlıqlara, insan hüquq və azadlıqlarına zidd əməllərə boyun əymək məcburiyyətində qalır. Qeyd etdiyimiz kimi, əks təqdirdə onları olmasın müsibət, misli görünməmiş işgəncələr gözləyə bilər.

Bu arada, Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri ilə bağlı məsələyə gəlincə, nəzərinizə çatdıraq ki, qızı Vasif Talıbovun oğlu Seymur Talıbovla evli olan general-mayor Fazil Ələkbərov 19 dekabr 2015-ci il tarixədək Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsində çalışıb. Daha sonra o, Vasif Talıbovun sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib. Ötən ilin avqust ayında isə Fazil Ələkbərov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri postuna gətirilib. Demək olar ki, məhz həmin vaxtdan etibarən Naxçıvan sakinlərinin qara günləri başlayıb. Çünki birbaşa Vasif Talıbovun himayəsinə arxalanan Fazil Ələkbərov Muxtar Respublika ərazisində əsl gestapo rejimi quraraq, polisin səlahiyyətləri çərçivəsini aşaraq az qala bütün sahələrə müdaxilə və nəzarət etməsinə şərait yaradıb.

Beləliklə, Naxçıvanda hökm sürən qanunsuzluqlarla bağlı əldə etdiyimiz informasiyada o da bildirilir ki, artıq bir müddətdir Muxtar Respublikada istehsal ili 1985-ci ilədək olan köhnə yük və minik avtomobillərinin əhalidən məcburi qaydada yığılmasına başlanılıb. Əhalidən yığılan avtomobillərin əridilərək yenidən Naxçıvan Avtomobil Zavodunda ehtiyat hissələrinin hazırlanmasında istifadə olunacağı bildirilir. Bununla yanaşı, o da qeyd olunur ki, istehsal tarixi 2012-ci ilə qədər olan nəqliyyat vasitələrinin xarici dövlətlərdən və paytaxt Bakıdan Naxçıvana gətirilməsi də qadağan edilib. Belə ki, Muxtar Respublikanın Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən həmin avtomobillər gömrükdən geri qaytarılır və ya Naxçıvan Dövlət Yol Polisi tərəfindən onlara dövlət nömrə nişanı verilmir. Bundan başqa, tətbiq edilən qaydalara görə, Azərbaycanın digər bölgələrindən Naxçıvana gedən avtomobillər Muxtar Respublikada 2 aydan artıq qala bilməz. Yəni qeyd olunan vaxt bitdikdən sonra həmin nəqliyyat vasitələri Naxçıvandan məcburi qaydada çıxarılır. Əldə etdiyimiz bilgilərə görə, bütün bu proseslərə Naxçıvan Dövlət Yol Polisi İdarəsində məsul vəzifədə çalışan (Ötən saylarımızın birində qeyd etdiyimiz kimi, Naxçıvanın dövlət qurumlarının saytlarında zəruri ictimai informasiyalar yerləşdirilmədiyindən kimin konkret hansı vəzifədə çalışmasını, bu və digər quruma hansı məmurun rəhbərlik etməsini dəqiqləşdirmək mümkün deyil-red.) Hidayət Zahidov nəzarət edir. Nəzərinizə çatdıraq ki, Hidayət Zahidovun qardaşı Vilayət Zahirov 2004-cü ilin iyun ayından etibarən Azərbaycan Respublikası ədliyyə nazirinin müavini vəzifəsində çalışır. Görünür, elə buna görədir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov başda olmaqla, Naxçıvan Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi, o cümlədən Muxtar Respublikanın Daxili İşlər Nazirliyi və digər orqanlar Hidayət Zahidovun qeyri-qanuni əməllərinə göz yumur. Halbuki əvvəllər Naxçıvanda Vasif Talıbovun bir sözünü iki edən tapılmazdı. Bir zamanlar baş verən qanunsuzluqlarla bağlı "Ali Məclisə şikayət gedəcəm" deyən vətəndaşlara yalvar-yaxar edən məmurlar isə bu gün ondan qorxmur, çəkinmirlər. Yəni arxasında qudası, daxili işlər naziri general-mayor Fazil Ələkbərovun olmasına, eyni zamanda Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizlik Xidmətini tam şəkildə nəzarətində saxlamasına baxmayaraq, Vasif Talıbov Naxçıvan Dövlət Yol Polisi İdarəsinin Hidayət Zahidov adlı əməkdaşının qarşısında aciz vəziyyətdə qalıb.

Deyilənlərə görə, özünə tam şəkildə arxayın olan Hidayət Zahidov heç kimdən çəkinmir, heç kimə hesabat vermir. Maraqlıdır, görəsən "Gedin, kimə şikayət edirsinizsə, edin. Mənim sözümün qarşısında söz deyə biləcək biri yoxdur" deyən Hidayət Zahidovu bu qədər qorxmaz edən, ona bu qədər cəsarət verən kimdir? Görünən odur ki, ona bu cürəti verən Vasif Talıbovun və ya yaxın adamlarının övladlarının hazırda Bakıda müxtəlif qurumlarda vəzifə sahibi olmalarıdır. Daha dəqiq desək, dünənə qədər Vasif Talıbovun, o cümlədən yaxın adamlarının övladları yaşca kiçik olduğu üçün heç bir vəzifədə çalışmadıqlarından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin sözü yetərincə keçərli idi. Elə ki, onun övladları böyüdü və Bakıda müxtəlif qurumlarda vəzifə sahibi oldular, elə həmin vaxtdan Vasif Talıbovun sözünün təsiri azalmağa başladı. Çünki bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin övladları Bakıda kimlərinsə əlində girova çevrilib və elə buna görə də Hidayət Zahidov kimi vəzifə sahibləri Naxçıvanda "Burda mən, Bağdadda kor xəlifə" prinsipi ilə fəaliyyət göstərir, qanunlara məhəl qoymadan öz bildiyini edir. Onu da bildirmək lazımdır ki, qanunsuz və kobud fəaliyyətinə, dövlət məmuruna yaraşmayan əmələrinə görə, bir müddət əvvəl vəzifəsindən kənarlaşdırılan Hidayət Zahidov düz bir aydan sonra yenidən öz işinin başına qayıdıb. Beləliklə də heç bir halda cəzalandırılmayacağına əmin olan Hidayət Zahidov artıq qanunazidd əməllərinin sayını birə-beş artırıb. Odur ki, əgər Vasif Talıbov Naxçıvanda yenidən əsas söz sahibi olmaq istəyirsə, o zaman yaxınları Bakıda vəzifədə çalışmamalıdır. Çünki məhz bu yolla ona təzyiq göstərildiyini iddia edənlər var.

Yeri gəlmişkən, onu da qeyd edək ki, bu gün Naxçıvan Muxtar Respublikasında sadə vətəndaşlarla yanaşı, sahibkarlara da süni əngəllər yaradılır. Məsələn, bununla bağlı redaksiyamıza verilən məlumatlarda deyilir ki, Bakıdan Naxçıvana daşınan bütün məhsullara əsassız yerə gömrük rüsumu tətbiq olunur. Bu isə o deməkdir ki, Azərbaycanın bir parçası olan Naxçıvana ölkənin paytaxtından gedən mallardan belə, xeyir götürməyə çalışanlar var. Halbuki bu, qanunazidd addımdır. Çünki ölkənin bir bölgəsindən digərinə ərzaq məhsulları, tikinti və digər mallar daşınarkən hər hansı rüsum, ödəniş tələb oluna bilməz. Bu, Naxçıvanı Azərbaycandan ayırmaq, onu hansısa ayrıca bir dövlət kimi qələmə vermək cəhdindən başqa bir şey deyil. Bu həm də Azərbaycanda qüvvədə olan qanunların Naxçıvanda işləmədiyini sübuta yetirən amillərdən biridir.

Məlumat üçün bildirək ki, hazırda Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin fəaliyyətində də ciddi neqativ hallar, qanun pozuntuları müşahidə olunmaqdadır. Məsələn, artıq bir müddətdir ki, qonşu İran və qardaş Türkiyədən Naxçıvana gətirilən ərzaq və digər məhsulların Muxtar Respublika ərazisinə girişinə qadağa qoyulub. Əldə etdiyimiz bilgilərə görə, həmin məhsullar monopolist məmurların, inhisarçı qüvvələrin maraqlarına uyğun gəlmədiyi üçün Naxçıvana buraxılmır. Bildiyiniz kimi, İranda ərzaq məhsulları, o cümlədən sabun və paltaryuyan yuyucu tozlar, Türkiyədə isə digər mallar, əsasən də müxtəlif pal-paltarlar Azərbaycandan bir neçə dəfə ucuzdur. Məhz elə bu səbəbdən də sosial problemlər məngənəsində boğulan Naxçıvan sakinləri ailələrinin ən yaxşı halda bir aylıq ehtiyacını təmin etmək məqsədiylə İrandan və Türkiyədən sadaladığımız malları gətirməyə çalışırlar. Lakin Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşları buna da imkan vermirlər. Belə ki, onlar İran və Türkiyə gömrüyündən sərbəst, hər hansı maneəyə rast gəlmədən rahat şəkildə keçsələr də, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində süni əngəllərə məruz qalırlar. Buna etiraz edənlərin isə gətirdiyi bütün məhsulları əlindən alınaraq müsadirə olunur. Və bu zaman heç bir turatlı arqument göstərilmir. Sadəcə, "Bizə göstəriş verilib ki, İran və Türkiyədən ərzaq və digər məhsulların Naxçıvana buraxılmasına imkan verməyin", deyə əhalinin gətirdiyi malları müsadirə edirlər. Bununla bağlı verilən məlumatlarda qeyd olunur ki, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən müsadirə olunan malların böyük bir hissəsi bir müddət sonra çeşidlənib bazara çıxarılır. Həmçinin, o da bildirilir ki, bütün bunlar Vasif Talıbovun göstərişi ilə edilib və bunun arxasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin, eyni zamanda onun yaxın adamlarının inhisarçı maraqları dayanır: "Naxçıvan sakinləri İran və Türkiyədə malların qiyməti ucuz olduğu üçün oradan alver edirdi. Bir müddət öncəyə qədər 30 kiloqram nə istəyirdin alıb gətirə bilirdin. Əhali də bununla bir ay ailəsini dolandıra bilirdi. Daha sonra həmin limit 10 kiloya endirildi. Üstəlik də xiyar-pomidor olmaz, kartof da cəmi 2 kilo olar. Kartofu isə Naxçıvana yalnız müvafiq dövlət qurumlarının xətti ilə gətirmək olar. Onlar da gətirib yığır anbarlara, sonra baha qiymətə dükanlara paylayırlar. Bu gün isə İran və Türkiyədən Naxçıvana gətirilən ərzaq və digər məhsulların girişinə tam qadağa qoyulub. Halbuki İranda kartofun kilosu 20-30 qəpikdi. Naxçıvanda isə həmin kartofu əhaliyə 1-2 manata satırlar. Bundan başqa, İranda xiyar və pomidorun qiyməti 40-50 qəpikdir. Naxçıvanda isə 3-5 manatdır. Gördüyünüz kimi, əhaliyə ərzaq məhsullarını Naxçıvandan yox, İrandan almaq sərf edir. Bu isə Vasif Talıbovun və onun yaxın adamlarının monopolist maraqlarına cavab vermədiyindən İrandan və Türkiyədən ərzaq məhsullarının Naxçıvana girişinə imkan verilmir".

Bu arada, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin qüvvədə olan qanunlarla deyil, məhz Vasif Talıbovun müəyyənləşdirdiyi «qayda»larla idarə olunduğunu iddia edən məlumatlı şəxsin sözlərinə görə, bütün bunlar Naxçıvan sakinlərinin haqlı etirazına səbəb olur: "Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi sadə vətəndaşların, o cümlədən iş adamlarının, xırda ticarətlə məşğul olan şəxslərin gününü göy əsliyə döndərib. Belə ki, adıçəkilən qurum Naxçıvan sakinlərinə gün verib işıq vermir. Onların normal qaydada İrana və Türkiyəyə gedib-gəlməsinə, oradan aldığı məhsulları Naxçıvana rahat şəkildə keçirməsinə şərait yaratmaq əvəzinə, müəyyən qüvvələrin maraqlarına görə, əhaliyə əlavə problemlər yaradır, saatlarla, hətta bəzən günlərlə gömrükdə saxlayır, nəticədə gətirilən mallarının ziyan olmasına səbəb olurlar. Bir sözlə, camaat səbəbsiz yerə incidir, Naxçıvan gömrükçüləri öz "qanun"larını tətbiq etməyə çalışırlar. Halbuki Nazirlər Kabinetinin müvafiq qərarına əsasən hər bir Azərbaycan vətəndaşı 1 ay ərzində xarici ölkələrdən 1500 manatlıq istənilən ərzağı, əşyanı alıb rüsumsuz öz ölkəsinə gətirə bilər. Lakin Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşları müxtəlif bəhanələrlə vətəndaşların mallarını əllərindən alır və bundan öz məqsədəri üçün yararlanırlar. Bütün bunlar isə öz növbəsində, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində özbaşınalığın baş alıb getdiyini deməyə əsas verir. Məhz elə bu səbəbdən də Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yetkili şəxslərinin əməllərinə hüquqi qiymət verilməlidir. Çünki Naxçıvan Gömrük Komitəsində ictimai, dövlət və vətəndaşın maraqları yox, bu və digər məmurun şəxsi maraqları qorunur".

"Hürriyyət"in Araşdırma Qrupu

P.S. Növbəti saylarımızda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun qudası, daxili işlər naziri Fazil Ələkbərovun, Naxçıvan Dövlət Yol Polisi İdarəsinin Hidayət Zahidov adlı əməkdaşının, həmçinin Naxçıvan Gömrük Komitəsinin yol verdiyi digər neqativ hallarla bağlı ətraflı məlumat verəcəyik. O cümlədən, Naxçıvanda mobil telefonların və Muxtar Respublikadan Bakıya gətirilən siqaretlərin kimin nəzarətində olmasına, Naxçıvanın Daxili İşlər Nazirliyinin cinayətkarlıqla mübarizədə hansı işlər gördüyünə də aydınlıq gətirəcəyik. Həmçinin oxucularımız Naxçıvanda cinayət törətmiş şəxslərin nədən Bakıya deportasiya olunmalarını da öyrənəcəklər.

Loading...

QALEREYA