“AZƏRBAYCAN TEATR ENSİKLOPEDİYASI”

“AZƏRBAYCAN TEATR ENSİKLOPEDİYASI”

Bu yaxınlarda professor İlham Rəhimlinin “Azərbaycan Teatr Ensiklopediyası” kitabı III cilddə, yüksək keyfiyyətdə, super üz qabığı ilə nəşr olunub. Əlbəttə incəsənətin ən mühüm sahələrindən biri olan teatr haqqında belə bir fundamental nəşrin çapına böyük ehtiyac var idi və İ. Rəhimlidə çalışıb ki, bu boşluğu doldursun. Amma nə dərəcədə müvəffəq olub...

Belə bir təcrübə yoxdur ki, ensiklopediyanı tək adam yazsın, bu mümkün deyil. Burada müəlliflər qrupu olmalıdır, məqalələri hərəsi öz profilinə uyğun bölməlidir, hazırlamalıdır, təhvil verməlidir. Və bir-iki şəxsdə o məqalələri toplamalıdır, sistemə salmalıdır, nəşriyyata təqdim etməlidir. Bunun qanuni yolu budur. Amma “Azərbaycan Teatr Ensiklopediyası”nda bu baryer pozulub. Bir şəxs bütün məqalələri özü yazıb, nəticədə kitabın elmi dəyəri kölgədə qalıb.

Üç cildlik də çoxlu səhvlər var. İndi tərəddüd içərisində qalırsan, bilmirsən bunlara elmi səhv deyəsən, yoxsa texniki səhv. Mənə elə gəlir ki, elmi səhvə daha yaxındır. Bu səhvlərin hamısını göstərmək məqalənin həcminə uyğun deyil. Amma bəzilərini qeyd etmək lazımdır.

Aktyorlar haqqında verilən oçerklər ada görə yox soy ada görə verilməli idi. Bütün nəşr olunan ensiklopediyalarda şəxslərə məxsus olan məlumatlar soy adla verilir. Ancaq “Azərbaycan Teatr Ensiklopediyası”nda bu qanun gözlənilməyib. Düzdür İ. Rəhimli deyə bilər ki, kitabın müəllifi mənəm, necə istəyirəm elədə qeyd edirəm. Ancaq hər nəşrin öz qanunu var.

Keçmiş SSRİ-nin tərkibində olan ölkələrlə yanaşı bizim ölkədə də aktyorlar “SSRİ xalq artisti”, “Xalq artist” və “Əməkdar artist” fəxri adları ilə təltiflənirdilər. 1991-ci ildə SSRİ süquta uğradıqdan sonra “SSRİ xalq artisti” titulu ləğv olundu. Amma kim alıbsa o indi də qeyd olunur və olunmalıdırda.

Mənim fikrimcə fəxri adı olmayan aktyor ensiklopediyaya düşməməlidir. Əgər düşürsə hamı düşməlidir. Burada bir qism fəxri adı olmayan aktyorlar düşüb, əksəri düşməyib. Bu da əsaslı narazılığa səbəb olur. Bəzi dünyasını dəyişmiş əməkdar artistlər var ki, ensiklopediyaya daxil olmayıblar (məs, Sona Aslanova, Adil Məlikov).

Aktyorlar haqqında olan məlumatların həcmi və şəkillərin sayı hər aktyorun tituluna uyğun bölünməlidir. Bu nəşrdə o qanun gözlənilməyib. SSRİ xalq artistləri Mirzağa Əliyev haqqında beş, Sidqi Ruhulla haqqında beş, Qəmər Almaszadə haqqında dörd, Ələsgər Ələkbərov haqqında beş, Leyla Vəkilova haqqında üç, Hökümə Qurbanova haqqında beş, Lütfiyar İmanov haqqında dörd, Fidan Qasımova haqqında iki və s.-Xalq artistləri Əjdər Sultanov haqqında dörd, Barat Şəkinskaya haqqında beş, Əkbər Qardaşbəyov haqqında üç, Ələddin Abbasov haqqında beş, Ələkbər Seyfi haqqında dörd, Əliabbas Qədirov haqqında üç, Həsən Turabov haqqında dörd, Solmaz Orlinskaya haqqında iki, Məmməd Bürcəliyev haqqında üç, Aleksandr Drozdov haqqında bir, Məlik Dadaşov haqqında beş, Roman Trifonov haqqında bir, Süleyman Ələsgərov haqqında üç, Süleyman Nəcəfov haqqında iki, Məmmədəli Balayev haqqında iki, Səfurə İbrahimova haqqında üç və s. şəkil verilib. Düzdür deyə bilərlər ki, bunlar xalq artisti olsalar da səviyyələri müxtəlifdir. Orası düzdür. Ancaq ensiklopediyada bu əsas deyil. Əsas aktyorun aldığı tutuldu ki, hər nə ona müvafiq bölünməlidir.

Elə əməkdar artistlər var ki, onların bəzilərinin bir, bəzilərinin iki, bəzilərinin isə üç şəkili verilir. Həmçinin haqlarında olan yazılarında həcmi eyni titula görə fərqlidir.

Azərbaycan teatrını yaradan və formalaşdıran şəxsiyyətlər var ki, (Həsən bəy Zərdabi, Cahangir Zeynalov və s.) onlar haqqında yazılan məqalələrin həcmi xalq və əməkdar artistlərin haqqında olan məlumatlardan həcmcə kiçikdir. Halbuki altımışıncı illərin əvvələrində Moskvada nəşr olunan beş cildlik “Teatr Ensiklopediyası”nda Azərbaycanın korifey sənətkarları haqqında kifayət qədər geniş məlumatlar verilmişdir.

Burda bir məsələ də ki, bu da aktyorların ailə münasibətidir. Bu bəzi aktyorlar haqqında verilən yazılarda göstərilir, bəzilərində göstərilmir. Məsələn, Abbasmirzə Şərifzadə haqqında yazılan məqalədə qeyd olunur ki, o, SSR xalq artisti Mərziyə xanımın həyat yoldaşı olub, onların Firəngiz Şərifova adlı övladları var. Həmin fikrin təkrarı Mərziyə Davudova haqqında yazılan məqalədə də qeyd olunub. Əgər belədirsə Mərziyə Davudova Ülvi Rəcəblə, Hökümə Qurbanova Ələsgər Ələkbərov və Nüsrət Fətullayuevlə, Barat Şəkinskaya müxtəlif illərdə Miribrahim Həmzəyevlə, Şəmsi Bədəlbəyli ilə, Mehdi Məmmədovla, Əli Zeynalov Mirvari Novruzova ilə, Məmməd Bürcəliyev Sədayə Mustafayeva ilə ailəli olublar. Bəs bunlar niyə “Azərbaycan Teatr Ensiklopediyası”nda qeyd olunmayıb, çünki, lazımsız məlumatdır. Əgər övladları olubsa və o da tanınmış sənətkardırsa bu onun haqqında yazılan ensiklopedik məlumatda qeyd olunmalıdır. Necə ki, Firəngiz Şərifova, Vəfa Fətullayeva, rəssam Elçin Məmmədov haqqında məlumatda qeyd olunub.

Ümumiyyətlə eksiklopediyada verilən məqalələr dəqiq yazılmalıdır. Qeyd olunan şəxsin doğum və ölüm tarixi, aldığı fəxri adın ili, təhsil aldığı müəssə, çalışdığı teatrlar və ifa etdiyi rolların siyahısı, təltif olunduğu orden və medallar, birdə adını əbədiləşdirmək üçün küçə, mədəniyyət ocağı, büst və s. qeyd olunmalıdır.

“Azərbaycan Teatr Ensiklopediyası”nda oçerklərin bəziləri qəribə cümlələrlə başlayır: Məsələn, Məmmədsadıq Nuriyev haqqında verilən məlumatın ilk cümləsi belədir: “Səhnə ləqəbi “Vücud” idi”. Yaxud Əməkdar artist Məmməd Sadıqov “Qəribə, xırıltılı və tipik çalarlı səs-danışığı var idi”. Mikayıl Mirzə “Çılğın ehtiraslı idi”. İlham Əsgərov “Uca boyu, yaraşıqlı səhnə görkəmi, aydın səlis səhnə danışığı var idi”. İqrar Salamov “Şirin və ürəyəyatımlı muğam səsi var”. Müxlis Cənizadə “Lətafətli, şaqraq və cingiltili səsi, dupduru, apaydın ləhcəsi vardır” (“dupduru” və “apaydın” ədəbi söz deyil, arada işlənən sözdür. Ara sözləri ciddi nəşrlərə salamaq düzgün deyil. “apaydın ləhcəsi vardır”. Ləhcə hər rayonun özünə məxsus ləhcəci var. İncisidə aktyorun ləhcəsi olmaz. O, təmiz ədəbi dildə danışmağı bacarmalıdır. Ləhcə yerinə “nitqi” sözü yazılsaydı mənim fikrimcə daha düzgün olardı. Belə sözü və s. Ensiklopediyadakı oçerklərin bu cümlələr ilə başlaması düzgün deyil. Bu fikirlər mətndə verilsə idi daha məqsədəuyğun olardı.

Opera və baletdə çalışan aktyorlar haqqında verilən məlumatlar da yuxarıda qeyd etdiyim prinsiplər əsasındadır. Xüsusən xanəndə aktyorlar da (SSRİ xalq artisti Zeynəb Xanlarova, xalq artistləri Sürəyya Qacar, Sara Qədimova, Əbülfət Əliyev, Canəli Əkbərov, Qəndab Quliyeva və s.) yazıların həcmi çox kiçik, şəkillərində sayı bir və ikidən çox deyil.

Ensiklopediyada vokalçı-aktyorlar haqqındakı məqalələrdə onların səs tembirləri qeyd olunmalıdır. Düzdür qeyd olunur. Amma əksəri açıqlanmır. Məsələn yazılır ki, səsi tenor, soprano yaxud bariton idi. Amma göstərilmir ki, hansı səsdir-lirik tenor, lirik-dramatik tenor, lirik-dramatik soprano, metso soprano, kolarotur soprano, dramatik bariton, bas-bariton və s.

Bəzi insanlara elə gəlir ki, bu səslər çox yaxındır. Amma əslində elə deyil. Bu səslərin başlanğıcı və sonu bir-birlərindən fərqlənir. Məsələn “Yevgeni Onegin” operasında Lenski partiyasını oxuyan vokalist “Karmen” operasında Xozeni oxuya bilməz. Və yaxud “Aida” operasında Aida partiyasını oxuyan, “Traviata” operasında Violettanı oxuya bilməz. Oxusa da ya xaric olacaq, yaxud da orkestrin kökü dəyişilməlidir, bu da ki, düzgün deyil. Bəstəkar partituranı necə yazırsa elə də ifa olunmalıdır.

Əsərləri tamaşaya qoyulan Azərbaycanın şair və dramaturqları haqqında verilən oçerklərdə də yarınmaq hiss olunur. Səməd Vurğunun, Mehdi Hüseynin, Mirzə İbrahimovun, Anarın haqqında verilən məlumatlar, İlyas Əfəndiyev və onun oğlu Elçin haqqındakı məlumatlardan kifayət qədər azdır.

Ensiklopediyaların hər cildinin sonunda istifadə olunmuş ədəbiyyat siyahısı verilir ki, burada da müəlliflər soy ad ilə deyil ad ilə cərgələnmişlər.

Yuxarıda qeyd etdiyimiz ümumi qüsurlardır. Lakin ensiklopediyada xeyli səhvlərdə vardır. Məsələn I cilddə göstərilir ki, Amaliya Pənahova 1982-ci ildə əməkdar, 1988-ci ildə xalq artisti fəxri adına layiq görülüb (s.47), səhv məlumatdır. Amaliya Pənahova 1974-cü ildə əməkdar, 1985-ci ildə xalq artisti fəxri adına layiq görülüb. Arif Babayevdə xalq artisti fəxri adını 1988-ci ildə almayıb (s.53). Çünki xanəndə Hacıbaba Hüseynovun 1989-cu ildə 70 illik yubileyi olanda Arif Babayev əməkdar artist idi. Yanılmıramsa Arif Babayev xalq artisti fəxri adını 1990-cı illərin lap əvəllərində alıb.

I cildin 56-cı səhifəsində qeyd olunur ki, “Ulduz” musiqili komediyasında Məhəmməd və Züleyxanın oxumaqları ariozo adlanır. Düz deyil ariozo ariya kimi oxunur. Məhəmmədlə Züleyxanın və ya Vəli ilə Tellinin ifaları duet xarekteri daşıyır.

Aktyor inzibatçı Aslan Tahirovun anadan olma tarix göstərilir, ölüm tarixi yoxdur (s. 58). Nəyə görə? Onu tapmaq çətin məsələ deyil. Sadəcə bir az axtarış aparmaq lazım idi. Ensiklopediyada hər bir fakt dəqiqliyə əsaslanmalıdır. 105-ci səhifədə “Aydın” tamaşasından şəkil verilir və 1970-ci il göstərilir. Halbuki 1972-ci il olmalı idi. 124-cü səhifədə “Koroğlu” operasından olan şəklin izahında “Vaqif” operası qeyd olunub. 208-ci səhifə də göstərilir ki, Lütfiyar İmanov 1981-1991-ci illərdə Azərbacan Teatr xadimləri İttifaqının sədri olub, həqiqətdə 1987-1991-ci illər qeyd olunmalı idi.

Əməkdar artist Elşad Zeynalov haqqında verilən məlumatda da səhvlər vardır. Ensiklopediyada göstərilir ki, E. Zeynalov 1951-ci il dekabr ayının 29-da anadan olmuş və 2007-ci il yanvar ayının 5-də dünyasını dəyişmiş, 2000-2007-ci illərdə Lənkəran Dövlət Dram Teatrına rəhbərlik etmişdir (I c, s. 308). Həqiqətdə isə belədir. E. Zeynalov 1951-ci il yanvar ayının 29-da anadan olmuş, 2006-cı il yanvar ayını 5-də 55 yaşında dünyasını dəyişmiş, 1986-2006-cı illərdə Lənkəran Dövlət Dram Teatrına rəhbərlik etmişdir.

322-ci səhifə də “Otello” tamaşasından verilən şəkil də 1959-cu il göstərilib, əslində 1949-cu il, xalq artisti Əli Qurbanovun ölüm tarixi 1972-ci il göstərilir (s. 356), amma 1962-ci olmalı idi.

II cild də “Gülşən” baleti haqqında məlumat təkrar nəşr olunub (s. 41, 42). Rejissor Həbib İsmayılovun ölüm tarixi 31dekabr 1960-ci il qeyd olunur (s. 57). “Böyük dayaq” filmini H. İsmayılov 1962-ci ildə çəkib, 1966-cı il dekabr ayının 31-də rəhmətə gedib.

H. Ərəblinsiki haqqındakı məqalə də Ərəblinki ilə M. Kazımovskinin şəkli verilir və 1889-cu il tarixi göstərilir (s. 89). Mirmahmud Kazımovskinin xatirələrində məlumdur ki, bu şəkli çəkdirəndə onların 13-14 yaşları olub. Bu da təxminən 1895-ci ilə aid olur.

Aktyor və rejissor Qulamrza Şərifzadənin ölüm tarixi qeyd olunmayıb (s. 210).

298-ci səhifədə verilən şəklin izahında “Sevgililərin cəhənnəmdə vüsalı” yazılıb. Ancaq şəkil “Bizim qəribə taleyimiz” tamaşasına aiddir. Həmçinin eyni səhv 360-cı səhifədə də təkrarlanır. Xalq artisti Hüseynağa Hacıbababəyovun “Şahsənəm” operasındakı Aşıq Qərib rolundakı şəkli Mobil Əhmədovun “Qaynana” musiqili komediyasındakı Ayaz rolunun şəkli kimi təqdim olunub.

III cildin 44-cü səhifəsində şair-dramaturq Nəbi Xəzri haqqında verilən məlumatda göstərilir ki, o, İkinci Fəxri xiyabanda dəfn olunur. Ancaq N. Xəzrinin məzarı Birinci Fəxri xiyabandadır.

“Obraz” haqqında verilən məlumatda qeyd olunur ki, “Ədəbiyyat əsərində təsvir edilən insanın bədii təqdimi, surət, personaj”. Mənim fikrimcə “Ədəbiyyat əsərində” ifadəsi düzgün deyil. “Bədii ədəbiyyat” daha məqsədəuyğundur.

82-ci səhifədə göstərilir ki, “Durna” operettasının müəllifi Fikrət Əmirovdur. Halbuki ensiklopediyanın əvvəl ki, cildində (I c, s. 293) Səid Rüstəmovun olduğu qeyd olunmuşdur.

Teatra aid olan demək olar ki, bütün tədqiqatlarda Nataliya Lizinanın şəkli Panfiliya Tanailidinin şəkli kimi təqdim olunur. Həmçinin “Azərbaycanın Teatr Ensiklopetiyası”nda da (s. 91).

“Partiya “ haqqında verilən məlumatda 93-cü səhifədə belə qeyd olunur ki, “Opera və operetta tamaşalarında baş qəhrəmanların rollarına da deyilir”. Yalnız baş qəhrəman yox, məsələn “Şah İsmayıl” operasında Aslan şah və ya “Koroğlu” operasında Həsən xan, “Arşın mal alan” operettasında Süleyman partiyaları ki, baş qəhrəman deyil...

116-cı səhifədə göstərilir ki, “Arşın mal alan” filmi 1967-ci ildə çəkilib. Ancaq filmin çəkiliş tarixi 1965-ci ildir. Yenə həmin səhifədə Rauf Hacıyevin əsərlərinin adı kimi “Romeo mənim qonşumdur” da qeyd olunur. Bu operettanın əsl adı “Yollar görüşəndə” adlanır. “Romeo mənim qonşumdur” isə “Yollar görüşəndə” operettası əsasında çəkilmiş filmdir.

III cildə “Şəki Dövlət Dram Teatrı”na aid olan repertuarda göstərilir ki, 1998-ci il fevral ayının 28-də tamaşaya qoyulan “Dəmir qadın” əsərini tərcüməçisi M. Səlimlidir (s. 265). Ancaq əsəri Hikmət Nəbili tərcümə edib. 2001-ci ildə “Sindibadın xoşbəxtlik adasına səyahəti” və “Məni qınamayın” əsərləri tamaşaya qoyulub (s. 265). Həmin ildə H. Atakişiyevin quruluşunda “Yalan” komediyasıda tamaşaçılara təqdim olunub. 2008-ci ildə tamaşaya qoyulan “Xəsis” komediyasının tərtibat rəssamı Söhrab Ərəbov yox (s. 266), Qüdrət Məmmədovdur. 2009-cu ildə əmr verilib ki, E. İoneskonun “Kral ölür...” əsəri tamaşaya qoyulsun (s. 266), ancaq baş tutmur.

Şübhəsiz ki, “Azərbaycan Teatr Ensiklopedyası”nda mənim gözümdən qaçan səhvlər də var. Bütün bunların bir səbəbi var, yenə də əvvəlki fikrimə qayıdıram. Ensiklopediyanı yazmaq bir nəfərin işi deyil. Burada müəlliflər qrupu olmalı idi.

“Azərbaycan Teatr Ensiklopedyası”nın readaksiya heyəti var ki, buraya bir filoloq (Timurçin Əfəndiyev), bir musiqişünas (Fərəh Əliyeva). İ. Rəhimli daxil olmaqla dörd teatrşünas (Məryəm Əlizadə, İsrafil İsrafilov, Aydın Talıbzadə) daxil olunub. Onlar da bu səhvləri görməyiblər? Ya bildikləri bu qədərdir, yada onların ensiklopediyanın redaksiya heyətinə daxil olması formal xarakter daşıyıb.

“Azərbaycan Teatr Ensiklopedyası”na rəy verən mütəxəsslərin ikisi dilçidir (Kamal Abdulla, Nizami Cəfərov). Dil sahəsində mütəxəssis olan alimlərin teatra aid olan ensiklopediyaya rəy verməsi nə dərəcədə doğrudur.

Sonda onu demək istəyirəm ki, “Azərbaycan Teatr Ensiklopedyası”nın nəşri uğurlu hadisədir. Əminəm ki, ensiklopediyanın gələcək nəşrlərində bu səhvlər aradan qaldırılacaqdır.

İmran AXUNDOV,

Fəlsəfə doktoru

Loading...

QALEREYA