AZƏRBAYCANA KAPİTAL QOYULUŞU NİYƏ AZALIR?

AZƏRBAYCANA KAPİTAL QOYULUŞU NİYƏ AZALIR?

Natiq Cəfərli: "Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmaq istəmir"

"Enerji sektorundan başqa digər sahələrə investisiyaların qoyulması, xarici və daxili investorların aktivliyi təmin edilməyib"

"Ötən ilə nisbətən bu ilin ilk ayında kapital qoyuluşunun azalmasının əsas səbəbi "Şahdəniz-2" yatağı ilə bağlıdır"

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu azalıb. Bununla bağlı Dövlət Statistika Komitəsinin (DSK) yaydığı məlumatda qeyd olunur ki, bu ilin yanvar ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı məqsədilə bütün maliyyə mənbələrindən əsas kapitala 868,7 milyon manat vəsait yönəldilib. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,5 faiz azdır. DSK bildirir ki, sərf edilmiş vəsaitin 74,3 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib: "Bu azalma neft sektoruna yatırılmış investisiyaların azalması ilə bağlı olub. Qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 1,2 faiz, o cümlədən qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 1,9 faiz artıb".

Dövlət Statistika Komitəsinin məlumatında, həmçinin o da deyilir ki, ümumi sərmayənin 66,7 faizi məhsul istehsalı obyektlərinin, 23,1 faizi xidmət sahələri üzrə obyektlərin, 10,2 faizi isə ümumi sahəsi 130,1 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 66,6 faizini təşkil edib. Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 84,1 faiz təşkil edib. Bunda əhalinin şəxsi vəsaitləri 5.9, bank kreditləri 5.1, büdcə vəsaitləri 4.1, büdcədənkənar fondların vəsaitləri isə 0.8 faiz yer tutub.

Yeri gəlmişkən, nəzərinizə çatdıraq ki, DSK-nın ötən ilin dekabr ayında yaydığı informasiyada da Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunun 9 faizə yaxın azaldığı bildirilib. Belə ki, Dövlət Statistika Komitəsinin verdiyi xəbərə görə, 2018-ci ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 12899,4 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,8 faiz az vəsait yönəldilib. Qeyd olunur ki, sərf edilmiş vəsaitin 69,9 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib. Bu azalma neft sektoruna yatırılmış investisiyaların azalması ilə bağlı olub, qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 21,2 faiz, o cümlədən qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 22,6 faiz artıb. Ümumi sərmayənin 68,4 faizi məhsul istehsalı sahələrinin, 23,5 faizi xidmət sahələrinin, 8,1 faizi isə ümumi sahəsi 1844,3 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 63,1 faizini əhatə edib. Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 50,4 faiz, bank kreditləri 12,6 faiz, büdcə vəsaitləri 27,2 faiz, əhalinin şəxsi vəsaitləri 7,1 faiz, büdcədənkənar fondların vəsaitləri 2 faiz, sair vəsaitlər isə 0,7 faiz təşkil edib.

"Qeyri-neft sektoruna xarici kapital qoyuluşu həddindən artıq zəifdir"

“Norveç şirkətləri Azərbaycandan gedə bilər” - NATİQ CƏFƏRLİ

Beləliklə, mövzu ilə bağlı "Hürriyyət"ə açıqlama verən Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, Azərbaycana xarici kapital əsasən enerji sektoruna qoyulur və bu səbəbdən də enerji sektoru həmişə öndə olub: "Çox təəssüf ki, real sektora, yəni qeyri-neft sektoruna xarici kapital qoyuluşu həddindən artıq zəifdir. Bundan başqa, Azərbaycanda əsasən dövlət investisiyaları hesabına müəyyən yatırımların olmasını görmüşük. Əfsus ki, uzun illərdir belə bir model formalaşıb". İqtisadçı ekspert hesab edir ki, ötən ilə nisbətən bu ilin ilk ayında kapital qoyuluşunun azalmasının əsas səbəbi "Şahdəniz-2" yatağı ilə bağlıdır: "Belə ki, keçən il işlər sürətlənmişdi, yekunlaşmaq üzrə idi və “Şahdəniz-2” layihəsi çərçivəsində böyük həcmdə investisiyaların qoyulmasının şahidi olduq. Bu il isə demək olar ki, artıq həmin layihə yekunlaşıb, çox cüzi tamamlama işləri və ya test üsulunda müəyyən sınaqların keçirilməsi qalıb. Odur ki, bu layihənin bitməsi investisiyaların kəskin azalmasına səbəb olub. Əsas səbəb məhz budur. Bu, həm də onu göstərir ki, Azərbaycanda enerji sektorundan başqa digər sahələrə investisiyaların qoyulması, xarici və daxili investorların aktivliyi hələ də təmin edilməyib. Buna görə də xarici şirkətlər əsasən enerji sektoruna investisiya qoyurlar. Daxildə isə hələ də əsas investor dövlət və dövlət büdcəsinə əsaslanmış yatırımlardır. Bu, dolayısıyla bir daha sübut edir ki, Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılması baş verməyib, hələ bu proses sona çatmayıb".

"Digər sahələrlə bağlı cüzi də olsa, müəyyən struktur islahatları aparılsa da, məhkəmə hakimiyyəti ilə əlaqədar heç bir addım atılmayıb"

Natiq Cəfərli bu qənaətdədir ki, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üvz olmaması xarici investisiyanın azalmasına, əcnəbi sərmayəçilərin qeyri-neft sektoruna ciddi maraq göstərməməsinə gətirib çıxaran səbəblərdən biridir: "İstənilən xarici investor üçün 2-3 önəmli məsələ var. Onlardan biri də Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlük məsələsidir. Bununla bağlı 1997-ci ildən bəri danışıqlar gedir. Bütün ətraf ölkələr Ümumdünya Ticarət Təşkilatına üzv oldular. Hətta 2015-2016-cı illərdə Rusiya və Qazaxıstan da bu təşkilata üzv oldu. Ermənistanla Gürcüstan isə 2003-cü ildən Ümumdünya Ticarət Təşkilatının üzvüdür. Lakin Azərbaycan təşkilata üzv olmaq istəmir. Halbuki Ümumdünya Ticarət Təşkilatına üzvlük çox vacibdir. Çünki bu, bəlli oyun qaydalarının ölkədə tətbiqini nəzərdə tutur. Bu isə investorlar üçün vacib şərtlərdən biridir. Qeyd edim ki, istənilən ölkədə istənilən investoru siyasi məsələlər o qədər də maraqlandırmır. Açığı, insan haqları və ya digər mövzular onlar üçün bir o qədər də vacib deyil. İnvestorlar üçün əsas məsələ odur ki, hər hansı bir problem yarandıqda məhkəmə sistemində effektiv, tez və ədalətli qərarların çıxarılması təmin olunur, yoxsa yox. Təəssüf ki, Azərbaycanda bu məsələdə də ciddi problemlər var. Yəni ölkədə digər sahələrlə bağlı cüzi də olsa, müəyyən struktur islahatları aparılsa da, məhkəmə hakimiyyəti ilə əlaqədar heç bir addım atılmayıb. Halbuki məhkəmələrin sürətli, ədalətli işinin təmin olunması investor üçün əsas məsələlərdən biridir".

"Əgər bir ölkədə vergi qanunvericiliyi, oyun qaydaları mütəmadi dəyişdirilirsə, o zaman investorlar buna öyrəşə bilmir"

Ekspertin sözlərinə görə, bu sahədə mövcud olan digər problemlərdən biri də ölkə daxilində ucuz və uzun müddətli kreditlərə çıxış imkanlarının olmamasıdır: "Belə ki, hazırda Azərbaycanda kredit faizləri çox yüksəkdir və qısa müddətli verilir. Ümumiyyətlə, ölkədə önünü görüb, heç olmasa 3-5 illik planların qurulması mümkün deyil. Çünki tez-tez oyun qaydaları dəyişdirilir. Yeri gəlmişkən, bura ən çox vergi və gömrüklə bağlı dəyişikliklər aiddir. Məsələn, son üç ildə Vergi Məcəlləsi 400-yə yaxın dəyişikliklərə və əlavələrə məruz qalıb. Bu da investorları qorxudan şərtlərdən biridir. Yəni əgər bir ölkədə vergi qanunvericiliyi 3 il ərzində tez-tez dəyişdirilirsə, oyun qaydaları mütəmadi dəyişdirilirsə, o zaman investorlar buna öyrəşə bilmir. Bu isə sonda çəkindirici effekt yaradır. Odur ki, bütün bu məsələlər Azərbaycana investisiyaların gəlməsinin qarşısını alan əsas faktorlardır".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA