AZƏRBAYCANA QARŞI ETNİK-DİNİ BÖLÜCÜLÜK SİYASƏTİ

AZƏRBAYCANA QARŞI ETNİK-DİNİ BÖLÜCÜLÜK SİYASƏTİ

Rusiyanın paytaxtında 1-2 noyabr 2018-ci il tarixində Azərbaycan Respublikasına qarşı ləzgi etnik separatizmi ideyasına xidmət edən “Qafqaz Albaniyası Avrasiya məkanında tarix və mədəni mühitində” konfrans keçirilib...

Xəzər dənizinin su hövzəsinin sahil ölkələri arasında müəyyənləşdirilməsi ilə bağlı son anlaşmaların ardınca İran mollakratiya rejimi və Ermənistan birgə yeni hədəflər uğrunda hərəkətə keçiblər. Bu, Azərbaycana qarşı ölkədaxili və sınıdışı soydaşlarımız üzərindən atılan addımlardan ibarətdir. Özəlliklə etnik bölücülük hədəfləri bu yöndə ön sırada yer alır. Rusiya Federasiyasında Azərbaycan diasporunun pərakəndə duruma düşməsi və bu prosesdə etnik bölücülük siyasətinin yanında yer alan çevrələr açıq şəkildə İran adlı ölkənin və Ermənistanın hazırladıqları projelərə güclü maliyyə dəstəyini əldə ediblər.

Xankəndi üzərindən “süslən”ən hədyanlar

Kimsəyə sirr deyil ki, Azərbaycanın işğal altında olan Qarabağda elan edilmiş “Dağlıq Qarabağ Respublikası”nda (DQR) 10 ildir AM-9677 dalğası ilə təbliğatlar aparan “Tolişstani Sədo” (Talışstanın səsi) radiosunun verilişləri “İrəvan Dövlət Universiteti”, “Ermənistan-Slavyan Universiteti” və Ermənistan Elmlər Akademiyası Şərqsünaslıq İnstitutunun “İranşünaslıq” bölümləri, eləcə də İran adlı ölkənin Gilan vilayətindəki Masal, Rəşt rayonları, Mazəndaran və Tehran universitetlərinin nəzdindəki “Talış araşdırma mərkəzləri” tərəfindən hazırlanmış mövzular sayəsində yayınlanır. Bu gün “Tolişstani Sədo” radiosunun sosial şəbəkələrdə təbliğatını ən çox gündəmə gətirən isə, qondarma “Talışstan Mühacir Hökuməti”nin təhsil naziri adı ilə çıxış edən Zahirəddin İbrahimi adlı birisidir.
Rusiyanın başkəndi Moskvada Ararat Petrosyanın rəhbərliyi altında fəaliyyət göstərən
“viburnum.ru” saytının aparıcı mütəxəssisi Georq Xaçaturyanın əsas vəzifəsi etnik bölücülük siyasətini talış dilində yayınlanan “ODTV-nin rəhbəri Zabil Məjo (Məhərrəmov) və “Rusiya Talış Milli Mədəni Muxtariyyatı” təşkilatının sədri İsmayıl Şabanovu idarə etməkdir. Bu iki şəxsin adından Xankəndində yayınlanan proqramların özü isbat edir ki, onlar mənsubiyyətlə bağlı deyil, İran adlı ölkənin və Ermənistanın maraqlarını ehtiva edən tribunaların məddahlarıdırlar.
ABŞ-ın ən ünlü fondlarından sayılan “Ceymstaun Foundation”nun son araşdırmalarının birində qeyd olunur ki, İran və Ermənistan Azərbaycan-Türkiyə əlaqələrinin daha da irəli getməsi siyasətinə qarşı birgə mübarizə aparacaqlar. Bunun üçün ilk növbədə talış etnik separatizmi ideyasını gücləndirəcəklər. Bu barədə fondun tanınmış simalarından biri Pol Qobl qeyd edir ki, Bakı-Tiflis-Ərzurum qaz, Bakı-Tiflis-Ceyhan neft boru kəmərləri, Bakı-Tiflis-Kars dəmiryolu Avropanın Qafqaz-Xəzər-Orta Asiya-Çin ticarət əlaqələrinin yeni mərhələsidir. Beləliklə İran beynəlxalq iqtisadi əlaqələrdə kölgədə qalacaq.
Son günlər sosial şəbəkələrdən facebook.com və youtube.com saytlarında talış etnik separatizmi ideyalarının gücləndirilməsi istiqamətində çoxsaylı profillər, yazılar, videolar hazırlanıbdır. Özəlliklə “TMV1 Tv” “Talış Mühacir Respublikası”nın kanalı kimi tanınır. Bu Tv kanalın maliyyə dəstəyini isə, “Avropa Erməni Təşkilatları Federasiyası” ödəyir. Etnik bölücülük siyasətini gündəmə gətirməklə bağlı Tehran mollakratiya rejiminin bir sıra araşdırmaçıları dolayı yolla etiraf etmişlər ki, “Beynəlxalq miqyasda tətbiq olunan embarqoların sonucu olaraq, İran bir ölkə kimi tamamilə dağıla bilər. Beləliklə də Güney Azərbaycan Milli Hərəkatı paniranizm və panfarsizm ideyasını birdəfəlik çökdürəcəklər. 1925-ci ildən üzü bu yana formalaşdırırlan “iranilik” kimliyini öz əlimizlə dəfn edəcəyik”.

Ermənilərin hədəfindəki strategiyanın yeni gizlinləri

Ermənistan Azərbaycan torpaqlarının işğal altında saxlanılması və qondarma DQR rejimini qorumaq üçün yeni etnik bölücülük ocaqlarını körükləməklə “zaman” qazanmaq hədəfini irəli sürməkdədir. Ona görə də qondarma “Talış Muğan Mühacir Respublikası” adlı qrupun vasitəsilə bir sıra addımlar atılır. Belə ki, Avropada elan edilmiş bu qurum son vaxtlar Avropa Birliyi üzü olan dövlətlərə və beynəlxalq təşkilatlara belə bir mühacir hökumətin yaradılması, səbəb və məqsədləri haqqında müraciətlərin göndərilməsi aksiyasına başlayıb. Bu müraciətlərdə saxtakarcasına qeyd olunur ki, Azərbaycan Respublikasında guya 2 milyondan çox talış yaşayır və onların milli, mədəni və digər hüquqları hər addımda pozulur. Talış xalqının assimliasiyaya uğradılması siyasəti dövlət strategiyasının tərkib hissəsidir. Bu məqsədlə talış xalqı azadlığı uğrunda mübarizəyə qalxıbdır. Ona görə də mühacirətdə olsa da, bu qurumu yaratmaq məcbur olublar. Heç bir önəmi olmayan bu proses ermənilər tərəfindən idarə olunan sosial şəbəkələrdə geniş miqyasda təbliğ edilməkdədir.
Rusiya Federasiyasının başkəndi Moskvadakı “viburnum.ru” saytı son günlər Ararat Petrosyan və Georq Xaçaturyanın sayəsində talış etnik bölücülük düsturu ilə hərəkət edən Zabil Məjo və İsmayıl Şabanovun adından silsilə müsahibələr, məqalə və digər təbliğat vasitələrini gündəmə gətiriblər. Həmin yazılarda qeyd olunur ki, guya Rusiya Federasiyasında 200 min nəfərdən çox etnik talış yaşayır və onlar heç bir zaman özlərini azərbaycanlı saymamışlar. Halbuki apardığımız araşdırmalar sonucu olaraq, Cəlilabad, Yardımlı, Masallı, Biləsuvar, Salyan və Neftçala rayonlarının heç birinin bu etnik bölücülərin idda etdikləri “mənşə projesi”nə aidiyyatı yoxdur. Lənkəran, Lerik, Astara və Masallı rayonlarının kənd əhalisinin bir qismi mənşəcə talışdırlar və onların ölkəmizin qanunvericiliyi ilə hüquqları təsbit edilmişdir. Bu hüquqlarından yararlanaraq, gərəkən işləri də görürlər.
İsmayıl Şabanov ona qarşı daim rəqib olan Fəxrəddin Əboszadənin (Abbasov) Rusiya Baş Prokurorluğunun açdığı cinayət işi üzrə həbsindən sonra, daha da fəallaşmış və onun iddia etdiyi etnik bölücülük kursunu öz monopoliyasına almaq üçün qollarını da çırmalamışdır. Belə ki, İ. Şabanov erməni çevrələrinin dəstəyi və himayəsi ilə yeni bir hərəkatın yaradıldığını elan edib. Bu “Talış Dirçəliş Hərəkatı” adlı qurumun yaradılması ilə müşahidə olunur. İ. Şabanov Georq Xaçaturyanla müsahibəsində deyir ki: “Dünyada 5 milyon (?) talış var. 2 milyonu İranda, 2 milyonu Azərbaycanda (?), 200 mini Rusiyada və digər dövlətlərdə yaşayırlar.
Ermənilərin İrəvanda, eləcə də xaricdəki strateji araşdırma mərkəzləri etiraf edirlər ki, gələn ilin mart ayına kimi Xəzər dənizinin su hövzəsi ilə yanaşı, dibinin sahil ölkələri tərəfindən statusunun müəyyənləşdirilməsi strateji baxımdan Ermənistanın bir dövlət olaraq tamamilə iflasına yönələn düstura çevriləcək. Çünki, Qafqaz-Xəzər layihələri dünyada yeni iqtisadi-ticarət-maliyyə mənbəyinin yaranması deməkdir. Bu prosesin inkişafı məsələsində Ermənistan ən yaxşı halda “tranzit ölkəsi” statusu ilə mövcud ola bilər. Bunun sonucunda təkcə Ermənistan deyil, bütün Qafqaz türk faktorunu qəbul etmək zorunda qalacaqdır. “Dağlıq Qarabağ”la yanaşı, etnik bölücülük siyasi kursunu gündəmə gətirməklə azından ekspansionist siyasətdə uğur qazanmanın hədəflərini nizamlamalıyıq: “Bizi ilgiləndirən talış, tat, ləzgi, avar xalqlarının milli hüquqları uğrunda apardıqları mücadilə deyil, sonucda ermənilərin nə qazanacağı ideyasıdır”.

Moskvada “albanşünaslıq” konfransının gizlinləri

Rusiya Federasiyasının başkəndi Moskvada 1-2 noyabr 2018-ci il tarixində Azərbaycan Respublikasına qarşı ləzgi etnik separatizmi ideyasına xidmət edən “Qafqaz Albaniyası Avrasiya məkanında tarix və mədəni mühitində” konfrans keçirilib. Bu konfransın təşəbbüsü “Rusiya Federal ləzgi Milli Mədəni Muxtariyyatı Mərkəzi” təşkilatı tərəfindən irəli sürülüb. Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu və direktor müavini ƏliəkbərƏliəkbərov (milliyyətcə ləzgidir) baş məruzəni edib. Tədbirə “albanşünaslar” adı altında çoxlu alimlər dəvət alıblar. Çıxış edənlər Qafqaz Albaniyası tarixinin ləzgi xalqına məxsus olması notları üzərində fikirlərini ortaya qoyublar. Bildirilib ki, albanşünaslıq elminə faydalı ola biləcək və 2015-ci ildə “Rusiya Federal ləzgi Milli Mədəni Muxtariyyatı Mərkəzi”nin maliyyə dəstəyi ilə “Albania Caucasica” kitabı dərc olunub. Tədbirdə qeyd olunubdur ki, ilkin orta əsrlərdə Qafqaz, Xəzərətrafı və Rusiyanın tarixi kimi Qafqaz Albaniyası coğrafiyasına xüsusi diqqət yetirilməlidir. Şərqi xristianlıq tarixi məsələsində Qafqaz Albaniyası müstəsna rol oynayır. Qafqaz Albaniyası sivilizasiyaların uzlaşdığı həssas nöqtədir və burada indi yaşayan xalqların strateji hədəfləri çərçivəsində atılan addımlar diqqət mərkəzində olmalıdır. Tədbirin sonunda qeyd olunub ki, məruzə ilə çıxış edənlərin nitqlərindən ibarət ayrıca kitab dərc olunsun.
Qeyd edək ki, 2015-ci ildə də Moskvada bu təşkilatın dəstəyi ilə “Albania Caucasica” adlı elmi konfrans keçirilib. O dönəmdə, nə də indi Azərbaycan tərəfi etnik bölücülük siyasətinə hesablanmış bu konfranslara qarşı etirazını bildirməyib. Azərbaycan Elmlər Akademiyasının koridorlarında pıçıltı ilə bu yöndə ağızlarını açan alimlərin bunca rəzil və qorxaq olduqlarını sadəcə biz deyil, sən demə Moskvada daha dərindən bilirlərmiş. 28 ildir dövlət bağımsızlığmıza qovuşmuşuq. 28 ildir deyirik ki, qədim ölü dilləri bilən mütəxəssisləri hazırlamaq üçün Fransa, Almaniya və Rusiyaya kadrlar göndərilməlidir. Bütün bunlara elə həmin AMEA-nın rəhbərliyi nəinki qularlarını, eləcə də gözlərini və ağızlarını qapamaq taktikası ilə hərəkət edir. AMEA rəhbərliyinin bir-birindən palaz-palaz qalın və kimsəyə gərək olmayan və maklaturanı xatırladan kitablarına xərclənən vəsaitlə azından indiyə kimi 50 nəfər gənc mütəxəssis yetişdirmək olardı.
Dinamik elmi yanaşım düzəni olmadığı üçün, etnosiyasi və ictimai proseslərdə bizlər gələcəyə hesablanmış bəzi problemlərlə üz-üzə qalmışıq. Azərbaycanda fərqli toplumların mövcud olmasına tarixən normal yanaşılıb. Bütün toplumların etnik kimlik varlığı bu gün də rəsmi statusla tanınır. Bütün toplumların adları və varlığı inkar deyil bir gerçəklik olaraq dəyərləndirilir. Ancaq, dövlətin etnik tablosunda superetnos statusu ilə bilinən Türklər yox kimidir. “Azərbaycanlı” kimliyi coğrafi xarakter daşısa da, sanki bunu milli statusa çevirmənin önəmi yoxdur. Braziliya, Argentina, Boliviya, Meksiya, Amerika Birləşmiş Ştatları, Kanada, Çin və digər yüzlərlə ölkələr var ki, Avropada olduğu kimi coğrafi və etnik mənzərə eyni adla ehtiva olunmur. Azərbaycan da məhz bu sırada yer alır. Azərbaycanda etnik Türk kimliyi öz statusuna sahib çıxarsa, o zaman milli azlıqlar adı ilə dalğavari şəkildə gündəmə gətirilən bölücülüklər də olmayacaq. Ana Yasamızın 1-ci maddəsində qeyd olunduğu kimi: “Azərbaycan 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin varisidir”. Ancaq, onu da bilmək gərəkdir ki, AXC dövründə dövlət dili və superetnos statusu Türk qavramı ilə rəsmi şəkildə tanınırdı.

Ənvər BÖRÜSOY

Loading...

QALEREYA