AZƏRBAYCANDA PKK-ya SƏS VERƏNLƏR

AZƏRBAYCANDA PKK-ya SƏS VERƏNLƏR

Ölkəmizdəki Türkiyə vətəndaşlarının 28,5 faizinin HDP-yə səs verməsi yetərincə təhlükəli məqamlardan xəbər verir

Selahattin Demirtaş hər zaman Türkiyə ilə Azərbaycanın sıcaq münasibətlərinə qısqanclıqla yanaşıb, əlinə düşən hər fürsətdə buna kölgə salmağa çalışıb

Terror təşkilatı PKK-nın siyasi qanadı olan HDP açıq-aşkar provakasiya ilə məşğul olur, separatçılığı təbliğ etməklə qardaş ölkəni bölməyə çalışırlar

Bildiyiniz kimi, iyunun 24-də qardaş Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçirilib. Dünən isə Türkiyə Mərkəzi Seçki Komissiyası seçkilərə dair ilkin nəticələri açıqlayıb. Beləliklə, parlament seçkisində ölkənin daxili və xaricində ümumi səsvermənin nəticələrinə görə, 59 milyon 367 min 469 seçicidən 51 milyon 189 min 698-i səs verib. 188 min 8 seçki qutusunun hamısı açılıb. Səslərin 1 milyon 53 min 362-si etibarsız sayılıb. Hakim AK Partiyası 20 milyon 980 min 956 səs toplayaraq 41,85 faizlik səs nisbətinə sahib olub. CHP ümumilikdə 11 milyon 271 min 240-la 22,48 faiz, terror təşkilatı PKK-nın siyasi qanadı olan HDP 5 milyon 867 min 564 səslə 11,7, MHP 5 milyon 466 min 775 səslə 10,9, İYİ Partiya 4 milyon 955 min 994 səslə 9,89, Səadət Partiyası 668 min 744 səslə 1,33, Hür Dava Partiyası 157 min 315 səslə 0,31, Vətən Partiyası 117 min 631 səslə 0,23 faiz səs toplayıb. Müstəqil namizədlər isə 75 min 634 səs alaraq bütün səslər içindən 0,15 faiz paya malik olub.

Qeyd edək ki, prezident seçkisinə ölkə içi və xaricindəki səslərin təxmini nəticələrinə görə, 59 milyon 367 min 469 seçicidən 51 milyon 197 min 832-si səs verib. Səslərin 50 milyon 68 min 418-i etibarlı sayılıb. 188 min 8 seçki qutusunun hamısı açılıb. Ölkə başçısı Rəcəb Tayyib Ərdoğan 26 milyon 329 min 920 səslə bütün səslərin 52,59 faizini qazanaraq seçkinin qalibi olub. CHP-dən prezidentliyə namizəd Məhərrəm İncə 15 milyon 340 min 295 səslə səslərin 30,64 faizini qazanıb. İYİ Partiyanın sədri Meral Akşener 3 milyon 649 min 432 səslə 7,29 faiz, HDP-dən prezidentliyə namizəd Selahattin Demirtaş 4 milyon 206 min 130 səslə 8,40 faiz, Səadət Partiyasının sədri Temel Karamollaoğlu 443 min 690 səslə 0,89 faiz, Vətən Partiyasının sədri Doğu Perinçek 98 min 951 səslə 0,20 faiz səs toplayıb.

Nəzərinizə çatdıraq ki, Türkiyədə keçirilən növbədənkənar prezident və parlament seçkiləri ilə əlaqədar qardaş ölkənin Azərbaycandakı səfirliyində təşkil olunan seçki məntəqəsində baş tutan səsvermənin də nəticələri məlum olub. Belə ki, ölkəmizdə yaşayan Türkiyə vətəndaşlarının 38,5 faizi Rəcəb Tayyib Ərdoğana səs verib. Onun CHP-dən olan əsas rəqibi Məhərrəm İncə Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının 33,8 faiz səsini qazanıb. HDP-nin namizədi Selahattin Demirtaş səslərin 12 faizini, İYİ Partiyadan Meral Akşener 7,9 faizini toplayıb. Digər namizədlər – Doğu Perinçekə və Temel Karamollaoğluna isə səs verən olmayıb. Parlament seçkilərinə gəlincə, burada 31,7 faiz səslə AKP qələbə çalıb. HDP 25,8 faiz, CHP 21,7 faiz, İYİ Partiya 11,5 faiz səs toplayıb.

Gördüyünüz kimi, terror təşkilatı PKK-nın siyasi qanadı olan HDP parlament seçkilərində Türkiyədə 11,7 faiz səslə 3-cü yerdə qərarlaşsa da, Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının 25,8 faiz səsini qazanaraq burada 2-ci olub. Bu isə özlüyündə kifayət qədər ciddi, eyni zamanda Azərbaycan üçün yetərincə təhlükəli məqamlardan xəbər verir. Belə ki, əgər bu gün ölkəmizdə yaşayan Türkiyə vətəndaşlarının 28,5 faizi HDP-yə səs veribsə, bu, o deməkdir ki, hazırda Azərbaycanda terror təşkilatı PKK-nı dəstəkləyən insanların sayı heç də az deyil. Və onlar hər an dövlətimiz üçün real təhlükə mənbəyinə çevrilə, Azərbaycanın milli maraqlarına xələl gətirə biləcək addımlar ata bilərlər. Çünki HDP-nin həmsədri Selahattin Demirtaş hər zaman ölkəmizə qarşı kəskin, o cümlədən qərəzli fikirlər səsləndirib, daim Türkiyə ilə Azərbaycanın sıcaq münasibətlərinə qısqanclıqla yanaşıb, əlinə düşən hər fürsətdə buna kölgə salmağa çalışıb. Buna misal olaraq, təxminən 3 il əvvəl HDP-nin Almaniyanın Hamburq şəhərində baş tutan mitinqində yaşanan olayı xatırlatmaq kifayət edər. Belə ki, həmin vaxt Selahattin Demirtaş Azərbaycan bayrağına hörmətsizlik edib, bayrağımızdakı türklüyün simvolu olan ay-ulduzun görünməməsi üçün düyünləyib asıblar. Bu isə terror təşkilatı PKK-nın siyasi qanadı olan HDP-nin Azərbaycanın dövlət atributuna qarşı hörmətsizliyinin bariz nümunəsidir. Təkcə bu fakt yetərlidir ki, ölkəsini sevən, hər zaman bayrağının uca zirvələrdə dalğalanmasını arzulayan Azərbaycan vətəndaşları HDP-yə qəzəb və nifrət bəsləsin! Onu da vurğulamaq lazımdır ki, HDP özünü Türkiyədə və dünyada yaşayan bütün xalqların partiyası kimi qələmə versə də, əslində Selahattin Demirtaş və ətrafındakılar, onu dəstəkləyənlər açıq-aşkar provakasiya ilə məşğul olur, separatçılığı təbliğ etməklə qardaş ölkəni bölməyə çalışırlar.

Bu arada, Azərbaycanla məqama gəlincə, hələ 2011-ci ildə ölkə başçısı İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında "Biz dəfələrlə bu məsələ ilə bağlı öz mövqeyimizi bildirmişik. Mən demək istəyirəm ki, Azərbaycan rəsmi olaraq PKK-nı terrorçu təşkilat kimi tanıyır və bu təşkilata qarşı mübarizədə həmişə olduğu kimi Türkiyə dövlətinin və Türkiyə xalqının yanındadır", -deyə qeyd edib. Əslində, məhz bu cür də olmalıdır. Çünki Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarı bu gün Azərbaycan-Türkiyə münasibətlərində əsas ana xətti təşkil edir. Belə olan halda, Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının 28,5 faizi HDP-yə, dolayısıyla terror təşkilatı PKK-ya səs veribsə, bu barədə ciddi şəkildə düşünmək gərəkdir. Çünki HDP yalnız Türkiyəyə deyil, eyni zamanda onun qardaşı olan Azərbaycana da düşmən mövqedə dayanır və hər an maraqlarımıza ciddi zərbə vura bilər!

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...

QALEREYA