“AZƏRİ” ADININ YOLVERİLMƏZLİYİ

  • 2019-07-20 14:17:48
  • |
  • Aktual /

“AZƏRİ” ADININ YOLVERİLMƏZLİYİ

(Öncəsi “Hürriyyət”in 30 may 2019-cu il sayında)

Söz deyəndə hər kəs öz məqsədi yörəsində deyir. Ona görə də deyilən sözü anlamaq, onun öncəgörümünü vermək üçün bu sözün nə məqsədlə deyildiyindən bilgili olmaq vacib şərtlərdən biridir. Yoxsa, həmin söz haqqında gəlinən qənaət, ortaya gətirilən öncəgörüm az halda məqsədə cavab vermiş olar.

Adamlar özlərinə olan münasibətləri baxımından cürbəcür olurlar. Elə adam var, o, özünü hamıdan bilgili, bilikli sayır. Belə adamlar problemli adamlardır. Çünki doğruya qalsa, ağıllı, dünyagörüşlü, təcrübəli şəxslər belə adamların çoxlarından az bilgili, az bilikli olduqlarını görür, yeri gələndə söyləyirlər. Belə hallar çox olur. Özünü hamıdan ağıllı, bilikli, bilgili adam kimi göstərməyə çalışanlar sırasında “azəri” sözü ilə bağlı məsələlər ətrafında dartışmağa meyilli adamlar sayca artmaqdadır. “Gördüyümüzdən artıq görmək istəməsək” buna adi hal kimi yanaşa bilərik. Belə yanaşma həmişə xeyir gətirə bilməz. Prinsipial, taleyüklü olmayan məsələlərə belə yanaşmanın gətirdiyi xəta çox da böyük olmaz. Amma, prinsipial və tale yüklü məsələlərdə diqqətli olmaq, eləcə də ciddi dəqiqlik tələb olunur.

Millətimiz üçün taleyüklü məsələlərdən biri bolşeviklər imperiyasının onun “türk” adıyla barışa bilməməsi, ona yapma olaraq gah “azəri, gah “azərbaycanlı” adı verməsi ilə bağlıdır. xalqımız rəsmi olaraq “azərbaycan xalqı” adlandırılsa da, Kütləvi İnformasiya Vasitələrində (KİV), eləcə də danışıq zamanı ara-sıra “azəri xalqı”, “azəri türkü” sözlərinə rast gəlinir. Bununla, bu sözlərin Azərbaycan dilinin qanunlarında öz yerini tutub-tutmadığı nəzərə alınmırr. Burada başlıca fikir “azəri” millət adının, dilimizin qanularına uyğun olmadığına yönəldilir. Sözsüz, “Azəri” millət adının bizim olmadığını, bütünlüklə başqa millətə aid olduğunu deyənlər də vardır. Dərinliyə varmadan da bu, belədir. Ancaq, dərinə varanda, elmi araşdırma aparanda belə, görürük türk dilləri “azəri”nin millət adı olmasınının yolverilməzliyini ortaya qoyur. Çünki, birincisi, azəri azəridir, türk də türk. Ikincisi, “azəri türkü”nə gəldikdə, “azəri”nin başqa millətin adı olduğu iddiasını qəbul etsək, onda, “fars türkü”nün, “ərəb türkü”nün, “rus türkü”nün, “fransız türkü”nün və bu sayaq başqa “türk”lərin mövcud olması mümkünlüyünü də qəbul etməliyik. Ancaq, belə deyimlər yoxdur və elmi olaraq da ola bilməz. Çünki türk əşya və ya torpaq deyil, o, kimlərə, hansısa xalqlara, ölkələrə məxsus olsun. Türk dillərində yer adları, ölkə adları, şəxs adları özəl qrupuna aiddir, ismin yalnız adlıq halında mövcud olar, kim? Və nə? sorununa cavab verə bilər. "Azəri" isə, ismin təsirlik halındadır, kimi? və nəyi? sorununa cavab verir. “Azər” sözü türk dilində şəxs adıdır. Türkcə “od, alov”, farsca “atəş” deməkdir. “Azər” sözündən yapma yolla ismin təsirlik hadında düzəldilmiş "azəri" sözü türk dili qanunlarına, türk dili qrammatikasına görə, hər hansı özəl ad, bu sıradan da millət adı ola bilməz. Millət adlarına baxın: ərəb, fars, rus, ingilis, alman... Bunlar hamısı bir qayda olaraq, Azərbaycan dilinin qrammatikasında kim? sorununa cavab verir.

Bizim “azəri” adlandırılmağımız bolşeviklərin dilimizə qarşı qərəzçi olduğunu sübutlayan tutarlı faktlardandır. Ata-babalarımız “türk” adlanıbsa (sözsüz, ölkəmizdə başqa xalqlar da var) nə üçün yenidən millət adı axtarmağa, quraşdırmağa səy göstərməliyik?

Milli adımızın türk dili olmasını Dədə Qorqud, Məhəmməd Füzuli, Balasaqunlu, Şah İsmayıl Xətai, Mirzə Kazım Bəy, Saib Təbrizi, Seyid Əzim Şirvani, Üzeyir Bəy Hacıbıyli, Hüseyin Cavid, Cəfəf Cabbarlı, Məhəmmədhüseyin Şəhriyar, Mirzə Cəlil, Mirzə Fətəli Axundzadə, Mikayıl Müşfiq, Mirzə Ələkbər Sabir kimi düşüncə adamları yeri gəldikcə deyiblər. Bir də, bolşeviklər heç cür razı olmzdı, Türkiyə xalqı da “türk” adlandırılsın, imperiya əyalətləri olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tatarıstan, Türkmənistan adlı bir neçə “türk” cümhuriyətləri də olsun. Odur, bu xalqların hamısından türk adını götürməyə qərar verdilər. Onlar hər şeyi düşünüb-daşınmış, ölçüb-biçmiş, öz mənafelərinə uyğunlaşdırıblar. Osmanlıların, qazaxların, qırğızların, özbəklərin, tatarların, türkmənlərin... işlətdiyi sözləri bizim sözlərlə tutuşdurduqda dilimizin "Azəri dili" yox, türk dili, millətimizinsə türk olduğunu asanlıqla duymaq olar. Bunları dilçi alimləriməz, ilk öncə, AMEA Nəsimi adına Dilçilik İnstitutu araşdırmalı, dilimizin qanunlarını pozduğuna görə, təkliflərini, tövsiyələrini verməli, bu yolda israrlı olmalı idilər. Ancaq, hər şeydən göründüyü kimi, onlar dil qanunlarımızı o yan-bu yana aşırmaqla məşğul olublar. Bu qanunlar isə, dahi alimimiz Mirzə Kazım Bəydən üzü bəri mükəmməl öyrənilmişdir. Bu o demək deyil, dilçilik elmimizdə öyrənilməmiş heç nə qalmamışdır. Dilçilərimizin belə düşünməyə haqları yoxdur. Çünki biz varıqsa, hər cür problemlərimiz, o sıradan da dillə bağlı problemlərimiz olacaq.

Bunlar bir yana qalsın. Azərbaycan dilinə xas olmayan “qadın cinsi” meydana gətiriblər.

İsmin təsirlik halı İran İslam Cümhuriyəti ərazisində yaşayan soydaşlarımız (Güney Azərbaycanda) işlənən soyad məsələsində də dolaşıqlıq yaradır. Orada şəxs adının sonuna “-i” hərfinin qoşulması sonucunda Məhəmmədi, Hümbəti, Məhərrəmi, Həsəni, Hüseyni... kimi soyadlar yaradılır. Belə yaradılmış soyadlar bizim dilimizin qramatik qanunlarına ziddir. Çünki, buradakı soyadlar bütünlükcə kimi? sorununa cavab verir və “azəri” sözündə olduğu kimi, ismin təsirlik halındadır. Göründüyü kimi, belə hal türk dilində bir sıra dolaşıqlıqlar yaradır. Bundan dolayı, güneyli soydaşlarımız İran İslam Cümhuriyətinin parlamenti səviyəsində məsələ qaldırmalı, belə soyad sonluqlarından dövlət səviyəsində imtina etməli və soyad sonluqlarını Azərbaycan dilinin qanunlarına uyğunlaşdırmaq razılığını almalıdırlar.

Dilimizdə başlıca problemlərdən biri də onun qanunlarına uyğun gəlməyən “qadın cinsi” kateqoriyası artırılmasıdır. Hələ XİX yüzildə görkəmli Azərbaycan alimi dahi Mirzə Kazım Bəy özünün “Türk-tatar dilinin ümumi qrammatikası. Azərbaycan dilinin ilk elmi qrammatikası” əsərində (Tərcümə, tədqiq və şərhlər İdris Abbasovundur. Bakı-2017, səh.231) deyirdi: “Türklərdə cins kateqoriyasını bildirən artikl yoxdur. Türklər deyirlər: gözəl ər; gözəl arvad; gözəl ev. Onlar şüurlu varlıqların cinsini fərqləndirmək üçün oğul, qız; heyvanların cinsini ayırd etmək üçün erkək, dişi sözlərindən istifadə edirlər”. O zamandan bəri nə baş verdi, dilimizin qramatik qanunlarının ziddinə olaraq bu addım atıldı? İxtiyarı öz əlimizdə olan doğma bağımsız respublikamızda, AMEA Nəsimi adına Dilçilik İnstitutunun gözləri qarşısında yapma olaraq qadın cinsi kateqoriyası yaradılmışdır. Doğrudur, bu kateqoriya Azərbaycan dilinin qrammatikasında yer almamışdır. Buna baxmayaraq, danışıq dilində, bir çox hallarda da yazıda işlənməkdədir. Misalçın, müəllim qadındırsa, ona müəllimə, şairdirsə-şairə, müdirdirsə-müdirə, katibdirsə-katibə, xidməçidirsə-xadimə... deyirlər. Son zamanlar mətbuatda da belə hallara bolluca yer verilir. Bəs, qadın həkimdirsə, yazıçıdırsa, direktordursa, rəssamdırsa, bəstəçidirsə, kitabxanaçıdırsa, mühəndisdirsə... onlar necə yazılmalı, necə deyilməlidir? Bir də, məktəbdə “müəllimə”, “xadimə”, idarələrdə “müdirə”, “katibə”... görəvi yoxdur. Adamı işə götürəndə heç zaman yazmırlar: filankəs “müəllimə”, “müdirə”, “xadimə”, “katibə”... görəvinə götürülsün. Yyazırlar: filankəs “müəllim”, “müdir”, “xidmətçi”, “katib”... görəvinə götürülsün. Belə bir deyim var: “müəllimlik peşəsi şərəflidir! Onda “müəllimə” necə olsun? Dildə sadəlik yaratmaq yerinə, qarmaşıqlıq yaradıb onu anlaşılmaz etməyə bizi nə ehtiyac var? Biz dilimiz üçün yersiz “qadın cinsi”nin yaradılmasını rədd etməliyik. Yalnız bu halda qadın cinsinin yaratdığı dolaşıqlıq aradan qalxmış olar.

Bədbəxtlikdən, qadınlara “müəllimə” deyə müraciət edənlər də vardır. “Bədbəxtlik” ona görə deyirəm, dilimizdə ta əski çağlardan möhtəşəm “xanım” və “bəyim” müraciət formaları ola-ola, qondarma, çox zaman ikrah doğuran “müəllimə” deyə müraciət edilir. “Xanım” anlamca “mənim xanım”, “bəyim” isə, “mənim bəyim” deməkdir. Nəsimi adına Dilçilik İnstitutu və onun akademik direktoru desin görək, “xanım” və “bəyim” deyə müraciət ediləndə qadın uca tutulmuş olur, yoxsa, qondarma “müəllimə” deyəndə uca tutulur? Həm də əski çağlardan bizdə qadına “xanım”, “bəyim” deyə müraciət olunub (təkcə Dədə Qorqud Kitabına baxmaq yetərlidir). Bir yandan da, ərəb dilindən götürülmə “müəllimə” sözü ismin yönlük halındadır və kimə? sorununa cavab verir: kimə? Cavab: müəllimə! Amma, yuxarıda deyildiyi kimi, ad ismin yalnız adlıq halında olur və kim? (nə?) sorununa cavab verir. Göründüyü kimi, bu məsələ, sırf dil məsələsidir. Buna akademik direktorlu diliçilik institutu münasibət bildirməli olduğu halda, münasibət bildirmədiyi bir yana qalsın, özü də bu yanlış yolla gedir.

Dillə bağlı hər bir məsələyə Nəsimi adına Dilçilik İnstitutu diqqət yetirməyə dorcludur. Axı, bu institut dövlətdən maliyələşir və dövlət qayğıları ilə əhatə olunur. İnstitut bunları nəzərə alıb öünə sorun versə, mən dövlətin ayırdığı vəsaitin qarşılığında nə iş görmüşəm? Onun bu soruna cavabı nə olar? Ancaq çox təəssüf, bu institutun dillə bağlı məsələlərlə maraqlandığının şahidi olmuruq. Elə bil, bu institutun Azərbaycan dilinə heç bir aidliyi yoxdur. Məsələn, milli soyad sonluylarının işlədilməsi məsələsini bu institut qaldırmalıdır. Ancaq institutun öz əməkdaşlarının soyad sonluqları ucdantutma “-ov”dan, “-yev”dən ibarətdir. Öz soyad sonluqlarını indiyədək özümüzünkünə dəyişməyən institut əməkdaşları dilçiliyə bu cür münasibətlə dilçiliyimizə ancaq ögey xidmət eləyə bilər. Axı, “Milliyət soyaddan bilinməlidir!”. Bu, doğrudan da belədir.

Bəhmən SULTANLI

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA