Badamdardakı villalardan axan su bir məhəlləni “gölə” çevirib - REPORTAJ (FOTOLAR)

Badamdardakı villalardan axan su bir məhəlləni “gölə” çevirib - REPORTAJ (FOTOLAR)

Səbayeldəki Arif İsmayılov küçəsinin sakinləri gölməçədə, asfaltı dağılmış kələ-kötür məhəllədə yaşamaqdan bezar olublar; bilmirsən ki, Hələbdəsən, yoxsa Bayılda...

“Biz bu məhəllənin yay-qış, yağışlı-günəşli havalarda sel-su içində olmasından bezar olmuşuq. Nə qədər şikayət eləmək olar?

Gəlirlər, düzəldirlər, üç gün sonra yenə küçəni su aparır. Bütün günü su məhəllənin yuxarı başından magistral yola qədər tökülür.

Elə bil ki, bulaqdır. Hələ siz küçənin gününə baxın. Asfaltdan əsər-əlamət qalmayıb. Belə çala-çuxur, kələ-kötür yol nə Lerikdə var, nə Xınalıqda. Şəhərin mərkəzi yeridir, bir maşın asfalt tökən yoxdur ki, canımız qurtarsın".

Bunu paytaxtın Səbayel rayonu, Arif İsmayılov küçəsinin sakinləri bizimlə söhbətində bildirdilər.

20-ci sahəyə yaxın olan, camaat arasında “Vtoroy” adlanan, yəni II Mədən yaşayış massivi sayılan bu ərazidə yüzlərlə ev var. Sakinlər danışırlar ki, bütün problemlərin başlıca səbəbkarı Badamdardakı təpələrdə yerləşən villalardır.

Sürüşmə zonasında yerləşən bu malikanələrdən gələn sular A.İsmayılov küçəsinə axıb tökülür: “Deyirlər ki, əsas səbəbi tez-tez su borularının partlamasıdır. Amma şəhərin hansı yerində bu qədər boru partlayır?

Badamdarın üstündəki o villaların ucbatından elə sürüşmə baş verdi. Sular da həmin evlərdən tökülüb gəlir. Neçə illərdir ki, vəziyyət belədir.

Biz o vaxt çox dedik, bəzi məmurlar az eşitdilər. Deyirdik ki, orada villa tikmək olmaz. Amma Teleqülləyə yaxın yerlərdə, təpədə imarətlər tikməyə davam elədilər. Ona görə məhləni hər gün su basır. Bura gələn deyir ki, axı Bakıda yağış yağmır, bura necə yağıntı düşüb. Deyirik ki, bura hər gün villalardan yağış yağdırırlar. Siz hələ Arif İsmayılov küçəsini qışda görəsiniz. Palçıq dizə qədər, maşınlar dağılmış asfaltı, gölməçələri yara-yara keçirlər".

A.İsmayılov 42 ünvanında yaşayan sakinlər bildirirlər ki, yaşadıqları binanın qəzalı olduğu və köçürüləcəyi deyilib. Bu söhbət hələ ki ağızdan-ağıza dolaşır və ortada real bir plan yoxdur.

Sakinlərin sözlərinə görə, münasib kompensasiya verilsə və ya evlə təmin edilsələr sevinərlər. Çünki yolları bərbad, gölməçə olan məhəllədə yaşamaqdan təngə gəliblər.

Məhəlləni gəzərkən hər addımbaşı qarşımıza gecəqondular çıxır. Əslində onlara gecəqondu da demək olmaz, təzə tikilmiş evlərdir.

Amma məhəllə sanki gölün içində, yaxud yarımadada yerləşir. Yuxarı qalxdıqca öyrənirik ki, aşağı axıb gələn su Badamdardakı evlərdən gəlir.

“Azərsu” ASC bir neçə dəfə məhəllədə təmir işləri aparıb, partlayan su xətləri yenilənib. Sakinlərin sözlərinə görə, bununla iş düzəlmir.

“Birincisi, bu yolları asfaltlasınlar. Yollarımız hamar olsa, camaat əziyyət çəkməz. Gələn maşınlara baxın, elə bil dərə-təpə aşırlar.

Biz Bayraq meydanından bir az aralıda oluruq, Bayılı necə gözəlləşdiriblər. Amma bu küçəyə girəndə bilmirsən ki, Hələbdəsən, yoxsa Bayılda...

Ona görə yolları düzəltsinlər, sonra araşdırsınlar ki, bu suyun mənbəyi əsas haradandır. Nə yay bilirik, nə qış. Uşaqlar məktəbə gedəcəklər, gölməçələrin içindən keçirlər, evə gələndə ayaqları yaş olur, xəstələnirlər.

Başqa küçələrdə bu cür vəziyyət hökm sürmür. Ən dəhşətlisi Arif İsmayılov küçəsidir. Özü də bu küçə şəhidin adını daşıyır",- deyə məhəllə sakini Firudin gileylənir.

Sakinlər xatırladırlar ki, ötən il “Azərsu” ASC yeni su xəttinin çəkilinə başlamışdı.

Kanalizasiya xətti də sıradan çıxmışdı, onsuz da bərbad vəziyyətdə olan yollar dağılmışdı. Sonra nə yollar düzəldildi, nə çəkilən yeni su borusu problemi həll elədi - yenə darmadağın asfalt və gölməçələr...

Sakinlərin sözlərinə görə, ilin bütün fəsillərində yollar palçıqdan keçilməz olur, gah kanalizasiya, gah da su borusu partlayır.

A.İsmayılov camaatı danışır ki, evlərə su zərrə-zərrə, qram-qram gəlir: “Kim nasos qoyubsa, suyun təzyiqi yaxşıdır. Yuxarı evlərdə, binalarda su güc-bəla gəlir. Yayda əhali əziyyət çəkir”.

Bu ilin aprelində yayılan rəsmi məlumatda isə deyilir ki, “Azərsu” ASC Tədbirlər Planına uyğun olaraq Səbail rayonunun 20-ci sahə yaşayış massivində içməli su layihəsinin icrasına başlanılıb.

20-ci sahə massivində icra olunan layihə Gülbala Əliyev, Arif İsmayılov, Çernyaxovski və Yüzbəy Mürsəlov küçələrini əhatə edir. İndiyədək bu ərazidə içməli su təchizatı əhali tərəfindən primitiv qaydada yaradılıb və uzun müddətdir istismarda olunan şəbəkələr hesabına aparılıb.

Burada yaşayan əhali günaşırı olmaqla fasiləli rejimdə içməli su ilə təmin edilirdi. Mövcud su xətləri istismara yarasız vəziyyətdə olduğundan tez-tez qəzalar baş verirdi və suyun təzyiqini artırmaq mümkün olmurdu.

Bütün bunlar nəzərə alınaraq həmin küçələrin içməli su təchizatı sistemlərinin yenidən qurulmasına qərar verilib.

Layihə çərçivəsində adıçəkilən küçələrdə müxtəlif diametrli borularla 5,4 km uzunluğunda su xətləri inşa edilir. Yeni şəbəkədən hər bir evə birləşmə verilərək sayğaclar quraşdırılacaq.

Badamdar qəsəbəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində “+190 Badamdar” su anbarından 20-ci sahə yaşayış massivinə içməli suyun verilməsi məqsədilə 2,2 km uzunluğunda magistral su kəməri inşa edilib.

Bu magistralın və yeni yaradılan sistemin imkanlarından istifadə etməklə bu ərazidə yaşayan 30 mindən çox insanın su təchizatı əsaslı şəkildə yaxşılaşacaq.

20-ci sahə yaşayış massivinin su təchizatında dayanıqlıq təmin edildikdən sonra ərazidə yerləşən “Şimal” nasos stansiyasının fəaliyyəti dayandırılacaq.

Layihə çərçivəsində 20-ci sahə ərazsində açıq kanallarla axıdılan tullantı suların toplanması məqsədilə 2 km uzunluğunda kanalizasiya xətlərinin tikintisi də planlaşdırılır./“Yeni Müsavat”/