Bağırova qarşı sifarişli məhkəmə qərarı

  • 2018-04-10 15:08:51
  • |
  • Tarix /

Bağırova qarşı sifarişli məhkəmə qərarı

Saxtakarlıq cinayətlərilə məşhur olan Rudenko - Çeptsov qrupu ölkədə məhkəmə və istintaq işlərinin daha ədalət­li və daha demokratik qurulması kimi mühüm bir sahəyə həsr olunmuş bu hüquqi sənədlərdən irəli gələn normaları və qaydaları öz işlərində rəhbər tutmaq əvəzinə, onlara baş­dan-ayağa zidd olan qanunsuz, ədliyyə məsələlərini ləkələyən şəxsi üsullarından istifadə etmiş və əd­liyyə qurumlarının qanuni üzvlərindən heç kəsin bədnam Bakı məhkəməsi prosessində ədalət keşikçisi kimi iştirak et­məsinə əsla yol verməmişdir. Təbii ki, buna əsas səbəb qeyd edildiyi kimi bədnam Bakı məhkəməsinin Siya­si Büronun tapşırığı ilə SSRİ Ali məhkəməsinin hərbi kolle­giyasında baxılması olmuşdur. Qeyd etmək lazımdır ki, bü­tün bunlar qərəzli Bakı məhkəməsinə hazırlıq prosessində törədilən cinayətlərin və qanun pozuntularının heç də hamı­sı deyildir. Bakı məhkəməsinə hazırlıq prosessində saxta­karlıq o həddə çatmışdır ki, dövlət ittihamçısı “həqiqi döv­lət ədliyyə müşaviri” Rudenko məhkəməyə baxılmaq üçün təqdim etdiyi ittihamnamədə Azərbaycan SSR vətəndaşları­nı Respublikanın cinayət-prosessual məcəlləsi ilə deyil, RSFSR CM-nin “58-l”b”; 53-8; 58-11” maddələri ilə itti­ham edən qondarma bir sənəd təqdim etmişdir. Dövlət itti­hamçısı sovet dövlətinin hüquq normalarından o qədər ayrı düşmüşdür ki, hətta, məhkəmə prosesində mühüm rolu olan ittihamnamənin sonunda sərsəmcəsinə yazmışdır: “İttihannamə 2 mart 1956-cı ildə Moskva şəhərində yazılmışdır”. (Bax: Mir Cəfər Bağırovun məhkəməsi-B.: - Yazıçı - 1993 - s.l 17)

Halbuki, hələ yeni eradan əvvəlki ilk illərdə - Spartak dö­yüşçülərinə amansız divan tutulan uzaq dövrlərdən bəri cinayət törətməkdə şübhəli sayılan insanlara qarşı irəli sürülən ittihamların bilavasitə onların hərəkətlərinin baş verdiyi ərazilərdə aparılan yoxlama, nəzarət, istintaq əməliyyatlar, sayəsində əldə olunan dəlil-sübutlar əsasında hazırlamaq pozulmaz bir qanuna çevrilmişdir. Dövlət ittihamçısı Rudenko isə özünün rəsmən təsdiq etdiyi kimi Moskvada otu­ra-otura son 3 ildə Bakıya bir dəfə də olsa ayaq basmadan sifarişli Bakı məhkəməsində irəli sürülən ittihamnaməni sax­takarlıqla hazırlamışdır. Yada salaq ki, bu zaman dövlət ittihamçısı Bakı məhkəməsini SSRİ MİK-nın (SSRİ Mərkəzi İcraiyyə Komitəsi M.T.) 1934-cü ildə qəbul etdiyi qərara uyğun olaraq keçirmək haqqında Siyasi Büronun razılığını alandan dərhal sonra Bakıda, Moskva­da, Mahaçqalada, Tiflisdə, Yerevanda və onlarla digər ya­şayış məntəqələrində heç kəsə heç bir ittiham faktı, saxlanıl­maq haqqında qərar, order, hər hansı biri alıb təqdim etmə­dən çoxsaylı həbslər keçirilməsinə göstəriş vermiş, həbs olu­nanların hamısını Moskva dustaqxanalarında M.C.Bağırov haqqında qondarma şahid ifadələri verməyə məcbur etmiş və haqqında danışılan ittihamnaməni də bu “sənədlər” əsa­sında hazırlamışdır. SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin 12 avqust 1954-cü il və 18 avqust 1955-ci il tarixli əmrlərindən sonra Rudenko - Çeptsov qru­pu öz işini daha da genişləndirmək imkanı qazanmışdır.

Bu sənədlər yerlərə göndəriləndən sonra əvvəldə adı çəki­lən bütün hökumət qurumları, inzibati orqanlar, ictimai təşkilatlar yenidən hərəkətə gətirilmişdi. Ölkənin bütün həbs­xanalarında, əmək-islah düşərgələrində, törətdiyi cinayətə görə məhkəmə tərəfindən cəzalandırılan vətəndaşların şəxsi :şləri bir-bir nəzərdən keçirilmişdi. Onların vaxtilə SSRİ-nin hansı guşəsində yaşamasından asılı olmayaraq Azərbaycan­la nə kimi əlaqələrinin olub-olmaması, xüsusilə L.Beriya və Azərbaycan rəhbəri M.C.Bağırov əleyhinə hər hansı bir (qoy lap dəhşətli yalan olsun) ifadəni verməyə hazır olub-olmadığı, Stalinin ölkəyə rəhbərliyi dövründə vətəndaşların hüquqlarının necə qorunması və s. kimi məsələlərə necə mü­nasibət bəsləməsi araşdırılırdı. Bu münasibətlə dindirilən yüz minlərlə vətəndaşa açıq-aydın bildirilirdiki, indi onların azadlığa çıxması işi artıq onların özündən asılıdır. Onlara eyni zamanda bildirilirdi ki, azad olmaq istəyən hər bir şəxs Xruşşova, Malenkova, Rudenkoya, Çeptsova, partiya-so­vet orqanlarına və daha onlarla qeyri-inzibati orqanlara şi­kayət ərizələri göndərmək hüququndan dərhal istifadə etsin­lər. Bundan sonra ölkə rəhbərlərinə və yüzlərlə digər vəzifəli şəxslərə göndərilən məktub və şikayətlərin sayı birdən-bi­rə min dəfələrlə artmışdı. Yuxarı təşkilatlara və yaxud yüksək vəzifəli hər hansı bir şəxsə ərizə göndərən, məktub yazan dustaqlar isə ən qısa müddətdə azadlığa buraxılırdılar.

Mir Cəfər Bağırovdan sonra Azərbaycana rəhbərlik etmiş Mir Teymur Yaqubov, Teymur Quliyev və Nəzər Heydərovun fəaliyyəti Xruşşovu qane etməmiş, Azərbaycan rəhbərləri isə Mir Cəfər Bağırovu şərləsələr də, onu “ifşa” edə bilməmişlər. Ona görə də, Azərbaycan KP XX qurultayını 1954-cü il fevralın 5-də çağırmağı qərara almışdır.

Plenum M.C.Bağırovu Azərbaycan KP MK heyətindən çıxarmışdır. (Bax: “Kommunist” qəzeti, 5 yanvar 1954-cü il) Azərbaycan KP MK-nın X plenumunun qərarına əsasən 1954-cü il fevral ayının 12-16-da keçirilən respublika komunistlərinin XX qurultayı təşkilat məsələlərinə baxmış və I Mustafayevi Azərbaycan KP MK-mn birinci katibi seçilmişdir.Təşkilat məsələləri sona çatandan dərhal sonra yeni seçilmiş MK üzvləri və qurultay iştirakçıları Yaqubovun qurultayın rəyasət heyətində oturmasını lazım bilməmiş və onun zala enməsini təkidlə tələb etmişlər. Beləliklə, bu zaman Azərbaycan KP-nin tarixində görünməmiş bir rüşvayçılıq baş vermişdi.

Yaqubov qurultay nümayəndələ­rinin qəzəbli və kinayəli baxışları altında rəyasət heyətini həmişəlik tərk etməyə məcbur olmuşdu. Az sonra Yaqubov və Quliyev partiya sıralarından xaric olunaraq ən adi işdə çalışmaq və özlərini doğrultmaq üçün Xaçmaz və Xanlar rayonlarına göndərilmişlər. Nəzər Heydərov (1896-1965) isə həmin il “Azneftextəchizat” idarəsinə rəis müavini vəzi­fəsinə təyin olunmuş və burada 5 ilə qədər işlədikdən sonra fərdi təqaüdə çıxmışdır.

Quran-i Kərimdə belə buyurulur: “Ey möminlər Ədalətə diqqətlə əməl edən, özünüz, ana-atanız və qohumlarınızın əleyhinə belə olsa Allah (c.c.) şahidlik edən şəxslərdən olun. (Haqlarında şahidlik etdikləriniz) zəngin olsunlar, yox­sul olsunlar, Allah (c.c.) onları qorumağa (sizdən) sizdən daha layiqdir. Hisslərinizə üyüb ədalətdən yayınmayın, (şahidli­yi) əgər düzgün etməz, yaxud şahidlik etməkdən qaçsanız bilinki) Allah (c.c.) etdiklərinizdən xəbərdardır”.(Nisa, 135)

Yalanın hər bir növü günah olmaqla bərabər, ən çirkini yalançı şahidlikdir. Xətir, yaxud mənfəət üçün məhkəmədə və ya hər hansı bir səbəblə yalançı şahidlik etmək böyük günah­dır.

Diqqətinizi 1956-cı ildə fevralında sovet ittifaqı komunist partiyası qurultayında respublika rəhbəri İmam Mustafayevin məruzəsinin mətnini təqdim edirəm.

Yoldaşlar! Xruşşov yoldaş, hesabat məruzəsində qeyd etdi ki, Sov. İKP MK şəxsiyyətə pərəstiş etmək kimi mark­sizm-leninizmin ruhuna yad olan hallara qəti surətdə zidd çıxmışdır. Şəxsiyyətə pərəstiş etmək bu və ya digər xadimi möcüzə göstərən qəhrəmana çevirir və eyni zamanda parti­yanın, xalq kütlələrinin rolunu kiçildir, onların təşəbbüs­karlığının və yaradıcılıq fəallığının zəifləməsinə gətirib çı- xarır. Azərbaycanda şəxsiyyətə pərəstiş etməyin ən iyrənc Təzahürünü Bağırov göstərmişdir; o, uzun müddət ərzində hər vasitə ilə yalnız öz şəxsiyyətini şöhrətləndirərək yaltaq və riyakarları öz başına toplamış, qanunsuz işlər görmüş və Özbaşınalıq etmişdir. O, xoşuna gəlməyən namuslu adamla­rı, partiya və Sovet dövlətinə sədaqətli olan adamları, köh­nə bolşevikləri, inqilab hərəkatının mübarizələrini, Azərbaycanda Sovet hakimiyyəti qurulmasının fəal iştirakçıları­nı təqib edir və onlara divan tuturdu. O, Nəriman Nərima­novla, Ağamalıoğlu ilə, Qarayevlə, Musabəyovla və başqaları ilə də belə rəftar etmişdir. Şəxsiyyətə pərəstiş respublikada kadrların düzgün tərbiyə edilməsinə böyük ziyan vur­muşdur, çünki şəxsiyyətə pərəstiş olan yerdə fərdiyyətçilik - xudpəsəndlik, mənsəbpərəstlik, yaltaqlıq, riyakarlıq da vardır. Azərbaycan partiya təşkilatı və Azərbaycan xalqı respublikada şəraitin sağlamlaşdmlması üçün Sov.İKP Mərkəzi Komitəsinə öz səmimi minnətdarlığını bildirir.

Kommunist qəzeti – 1956-24 fevral.

Bu məruzədə göründüyü kimi Respublika rəhbəri yalan məlumat verərək 1925-ci ildə vəfat edən Nəriman Nərimanov 1930-cu ildə vəfat edən Səmədağa Ağamalıoğlunun da vəfat etməsində Mir Cəfər Bağırovu günahlandırır.Daha doğrusu Mir CəfərBağırova qarşı olan şər və böhtanları rəsmiləşdirir.

Yalançı şahid əvvəlcə başqasının dünyasını quracağam, könlünü xoş edəcəyəm deyə öz axirətini yıxmış olur, sonra da etdiyi yalançı şahidliklə haqqın, ədalətin itməsinə və günahsız insanların əziyyət çəkməsinə, pərişan olmasına səbəb olur.

Peyğəmbərimiz (c.ə.v.) əshabına:

-Böyük günahların ən böyüyünü sizə bildirimmi? - buyur­du. Əshabı:

-Bəli, bildir, ey Allahın Rəsulu, - dedilər. Həzrəti Peyğəm­bərimiz (s.ə.v.):

-Allah (c.c.) şərik qoşmaq, ana və ataya asi olmaqdır, - buyurdu, sonra dayandığı yerdə oturdu və:

-Yaxşı qulaq asın, bir də yalançı şahidlikdir, - buyurdu. Peyğəmbərimiz (s.ə.v.) bu sözü dayanmadan təkrar edirdi.

Əshab:”Kaş sükut etsələr” - dedi. (Buxari, şəhadət, 10)

Yalançı şahidlik edən şəxs üç cür günah etmiş olur:

-yalan danışmaq;

-haqsız olan şəxsə yardım etmə;

-haqlı olanı pərişan vəziyyətə salma.

Elə isə mömin yalan danışmaz və yalançı şahidlik etməz.

Bunlar müsəlmana qətiyyən yaraşmayan pis xasiyyətlərdir.

Yalançı şahidlik // Avrasiya - 2001 - 10 aprel.

Çox təəssüflər olsun ki, dünyanın bütün ölkələrinin cinayət məcəllələrinin, eləcə də bütün dinlərin lənətləndirdiyi və qadağan etdiyi yalançı şahidlik əməlləri, qərazkarlıqla öyrədilmiş şahid ifadələri verən dələduzlar zaman-zaman hər yerdə özü­nü büruzə verir və bəd əməllərini bu gün də davam etdirirlər. Əldə olan çoxsaylı faktlara əsasən demək olar ki, Azərbaycanda keçən əsrin əvvəllərindən bəri yalançı şahidliklə məşğul olan adamlar bir-birini əvəz edərək bu çirkin vərdişi az qala bir ənənəyə çevirmişlər. Belələri üçün görmədiyi, eşitmə­diyi və haqqında heç bir məlumatı olmadığı hər hansı olmayan bir “hadisə” üzrə “canlı şahid” olmaq ən adi bir şey he­sab olunur. Yalançı şahidlərin insanda ikrah hissi doğuran zərərli vərdişləri əslində onların özünə rəqib, düşmən saydığı tək-tək adamlara qarşı deyil, bütün cəmiyyətə qarşı yönəldil­miş çox ziyanlı və qorxulu bir hərəkətdir.

İndi də boyuna beynəlmiləlçi donu biçil­miş “ispolkom işçisi” Mehdiqulu, bataqlıq gölündəki qurba­ğa kimi onun səsinə səs verən Badamyan kim idi? Onları məhkəmə iclasına hansı məqsədlə buraxmışdılar? Oxucunu intizarda qoymamaq üçün bildirək ki, Mehdiqulu da, Badamyan da həbsxanadan Bakı məhkəməsinin başlanmasından dir qədər əvvəl Rudenko-Çeptsov cütlüyü tərəfindən azad olunmuşdular. Mehdiqulu Mehrəliyev Qubada məsul işdə çalışan zaman kolxoz əmlakını talan etdiyinə görə, Suren Badamyan isə 1934-1937-ci illərdə Dağlıq Qarabağ Vilayəti İcraiyyə komitəsində sədr vəzifəsində işlərkən azərbaycanlılara qarşı törətdiyi cinayət hərəkətlərinə görə qatı və ziyankar millətçi kimi ifşa olunaraq həbs edilmişdir. Onların hər ikisi, digər məhbuslara birgə həbsxanadan azad olunan kimi Rudenkonun tapşırığı ilə İ. Mustafayevin göstərişi əsasında partiya sıralarına bərpa edilmiş və məsul vəzifələrə təyin olunmuşdular. 1955-ci ildən S.M. Badamtyan Qaradağ Neft mədənləri idarəsi fəhlə təchizatı şöbəsinin rəisi, Bakı şəhər İcraiyyə Komitəsi sənaye şöbəsinin rəisi, Qaradağ rayon qa­rışıq mallar ticarəti idarəsinin direktoru vəzifələrində çalış­mışdır.

Onu da əlavə edək ki, 1975-ci ildə ona “Xalqlar Dostluğu” ordeni də verilmişdir. Beləliklə talançı Mehdiqulu və 1937-ci ildə Azərbaycan K(b)P MK-nin 22 oktyabr tarixli XIII ple­numu iclasının qərarına əsasən MK-nin üzvlüyündən çıxarı­laraq, partiya sıralarından qovulan Badamtyan qondarma Rudenko-Çeptsov məhkəməsinin baş əda­lət şahidinə çevrilmiş, ömürlərinin sonuna kimi yalançı şahid­liyin xeyrini görmüş və xalq hesabına quduzcasına varlanmış­lar.

Bütün bunlara baxmayaraq saxtakar dövlət ittihamçısı qondarma və sifarişli Bakı məhkəməsində irəli sürdüyü uydurmaların və əfsanələrin məhkəmə prosesində əvvəlcədən öyrədilmiş yalançı şahidlərin dili ilə dönə-dönə təkrar edilmə­sinə cəhd göstərmiş və heç bir əsası olmayan uydurma bəha­nələrinə həqiqət donu geyindirməyə çalışmışdır. Məhz bu məqsədlə də məhkmə prossesinə 65 nəfər yalançı şahid cəlb olunmuşdur. Bu şahidlər əsasən 1953-1956-ci illərdə istintaq işinə cəlb olunmuş minlərlə adamların içərisindən seçilib ay­rılmış, dönə-dönə təlimatlandırılmış, onlara qabaqcadan nə demək lazım olduğu öyrədilmiş, qorxudulmuş, şirnikləndiriərək ələ alınmış və tutduqları vəzifələrdə saxlanacaqlarına, hətta irəli çəkiləcəklərinə söz verilmiş, ayrı-ayrı əməllərdə gü­nahı və suçu olan vətəndaşlardan ibarət idi. Şahidlərin nə az, nə çox düz 44 nəfəri keçmişdə və məhkəmə prosesi gedən dövrdə dövlət təhlükəsizliyi, daxili işlər, prokurorluq və məh­kəmə orqanlarında işləmişdir. Yalançı şahidlərin yerdə qa­lanları keçmişdə törətdiyi cinayət əməllərinə görə cəza çəkmiş dünənki məhbuslardan, habelə vaxtı ilə günahlandırılaraq partiyadan qovulmuş və işdən çıxarılmış şəxslərdən ibarət ol­muşdur.

Zaman keçdikcə bütün sirlər açılır və Quran-i Kərimdə yazıldığı kimi ən böyük inamımız ədalət həqiqət olmalıdır.

Məmməd Tağı

05.03.2018-ci il

Loading...

QALEREYA