Bağırovun adını dərsliklərdən çıxarsalar da...

  • 2018-05-31 16:08:28
  • |
  • Tarix /

Bağırovun adını dərsliklərdən çıxarsalar da...

… Tarix bir şəxsiyyət kimi ona yüksək qiymət vermişdir

Sovet dövründə bütün kitablardan Mir Cəfər Bağırova aid nə yazı vardısa çıxarıldı, hətta kitabxanalarda qalan qəzet və jurnallardakı şəkilləri kəsilib götürüldü. Azərbaycan təkrar müstəqilliyə qovuşandan və arxivlər açılandan sonra bütün həqiqətlər aşkarlanmağa başladı.

Məlumatsızlıq üzündən hətta bəzi oxumuş adamlar da 1937-1938-ci illər repressiyalarını Mir Cəfər Bağırovun adına yazırdılar. Faktiki repressiya SSRİ Xalq Daxili İşlər komissarının əmri əsasında keçirilirdi. Sənədləri də dövlət təhlükəsizliyi baş komissarı N. Yejov imzalamışdır. Yerlərdə heç bir hökumət işçisinin “üçlüyün işi”nə müdaxilə etməyə ixtiyarı yox idi. Orta Asiya respublikalərında “üçlüyün işi”nə müdaxiləyə görə Birinci katib və Nazirlər Soveti sədrinin güllələnməsi bütün respublikaların rəhbərlərinə dərs olmuşdu. Ancaq Mir Cəfər Bağırov öz nüfuzu və bacarığından maksimum dərəcədə istifadə edərək bəzi istedad sahiblərini güllələnmədən və sürgün olunmaqdan qoruya bilmişdir.

1989-cu ilin 16 yanvarında SSRİ Ali Soveti “1930 – 1940-cı illərdə və 1950 – ci illərin əvvəllərində repressiya qurbanlarının hüquqlarının qorunması və sosial ədalətin bərpa edilməsi ilə əlaqədar əlavə göstərişlər haqqında fərman” imzalamışdır. Fərmana görə Sovet qanunları ilə mühakimə olunanların hamısına bəraət verilmişdir. O cümlədən Mir Cəfər Bağırov da tam günahsızlıq statusu almışdır.

Zəruri qeyd: Yeri gəlmişkən, Dağlıq Qarabağ Sovet hökumətinin xələfidir. Sovet hökuməti yoxdursa, deməli DQMV də olmamalıdır. Bunu bizim rəhbərlədən heç dilə gətirən olmadı. Çünki qohum – qardaşları ordadır.

1990-cı illərdən qəzet səhifələrində Mir Cəfər Bağırov haqqında yazılar görünməyə başladı. Sonra kitablar yazıldı. Müəlliflər Mir Cəfər Bağırova müxtəlif prizmalardan baxırdılar. Ancaq ən düzgün baxış təbii ki, arxiv sənədləri əsasında olan yazılar olmalı idi.

Bir məqaləmdə Sədnik Paşanın kitabında olan əfsanələr haqqında yazmışdım. Sədnik Paşa Pirsultanlı Daşkəsən rayonunda anadan olub. 1954 – cü ildə Gəncə Dövlət Pedaqoji İnstitutunun Dil - ədəbiyyat fakültəsini bitirdikdən sonra rayon qəzetlərində müxbir, redaktor vəzifələrində işləmişdir. 1960 – cı ildə SSRİ Jurnalistlər İttifaqına üzv qəbul edilmişdir. Folklorçu müəllim gərgin çalışqanlığı nəticəsində müxtəlif mükafatlarla bərabər professor elmi adını da almışdır. 30 il Azərbaycana rəhbərlik etmiş Mir Cəfər Bağırov haqqında yazdığı “Mir Cəfər Bağırov yaddaşlarda” kitabında yer alan rəvayət şəkilli hekayələr özünün yazdığı kimi xalq arasında, sinələrdə, zehinlərdə qorunub saxlanan bədii söz sərvətidir. İndi Sədnik Paşanın Mir Cəfər Bağırov haqqında yazdıqlarını oxuculara çatdırmaq istəyirəm:

“Mir Cəfər Bağırov tarixi şəxsiyyətdir. Uzun müddət Azərbaycanın rəhbəri olmuş, respublikamızı bir çox bəlalardan qorumuşdur. Böyük Vətən müharibəsi illərində çeçen, inquş, qaraçay, məhsəti türkləri, krım tatarları və başqalarını öz yer, yurdlarından qoparıb başqa torpaqlara köçürmüşlər. Lakin Mir Cəfər Bağırov o zaman yenilməz bir qüvvəyə, nüfuza, basılmaz orduya bərabər bir güc nümayiş etdirmiş və onun dönməzliyinə görə Azərbaycan xalqını dağ kimi, qaya kimi yerindən tərpədən olmamışdır.

Hətta Mikoyan Qərbi Azərbaycanda yaşayan soydaşlarımızı da Qazaxıstanın çöllərinə sürgün etdirmək istəmişdir. 1947 – 1948-ci illərin köç hadisələri hamının yadındadır. O dövrdə Mir Cəfər Bağırov İrəvanın ayrı – ayrı bölgələrində yaşayan soydaşlarımıza da himayədarlıq etdi. Onların Azərbaycanda məskunlaşması üçün hər cür şərait yaratdı. Köçkünlər öz xalqı ilə bir yerdə yaşamaq imkanına malik oldu. Soydaşlarımızı Qazaxıstanın soyuq çöllərində məhv olmağa qoymadı. Onlara ikinci bir həyat verdi. Mir Cəfər Bağırovun Vətən və Vətən övladları qarşısındakı bu tarixi xidmətlərini unutmaq insafsızlıq olardı.

Mir Cəfər Bağırovun bu xidmətləri onu xalqın gözündə əzəmətli dağa çevirmişdir.

Bakı Böyük Vətən müharibəsində cəbhəni neftlə təmin edirdi. Mir Cəfər Bağırovun rəhbərliyi altında neftçilər normadan artıq işləyirdilər. Cəbhəni neft və benzinlə vaxtlı – vaxtında təmin edirdilər. Mir Cəfər Bağırov hərbi şuranın üzvü idi. Tez-tez döyüş cəbhəsinin ön xətlərinə səfərlər edir, azərbaycanlı əsgərlərin vəziyyəti ilə yaxından tanış olurdu. Bəzən cəbhə xətlərində azərbaycanlı əsgərlərə soyuq münasibət bəsləyən yaramaz komandirləri yerindəcə cəzalandırırdı. Həmçinin baş vermiş xoşagəlməz hadisə barədə dərhal Stalinə məlumat çatdırırdı. Stalin ömrünün sonuna qədər Bağırovun qətiyyətini bəyənmiş və onun hər bir sözünə, təklifinə diqqət yetirmişdir. Mikoyan demək olar ki, Stalinlə hər gün bir yerdə idi. Məqsədi azərbaycanlıların əleyhinə danışmaqla, hər necə olur-olsun, onları öz dədə - baba yurdlarından qoparıb Qazaxıstan çöllərinə köçürmək idi. Ancaq Mir Cəfər Bağırovun bir kəlməsi hər dəfə Mikoyanın qurduğu, yaratdığı hiylə torunu bircə anda dağıdırdı. Çünki Stalin Mir Cəfər Bağırovu bütöv şəxsiyyət kimi tanıyırdı. Stalin Bağırovla hər an hesablaşırdı. Bakıda olmasına baxmayaraq, bütün Sovetlər məkanında Mir Cəfər Bağırov öz nüfuzunu hiss etdirirdi. Tbilisidə və Yerevanda bir münaqişə baş verdikdə Stalin Bağırovu oraya göndərirdi. Bir sözlə, Mir Cəfər Bağırov böyük nüfuz sahibi, sayılıb – seçilən şəxsiyyət idi.

Stalin Mir Cəfər Bağırova bir şəxsiyyət kimi yüksək qiymət vermişdir. Hətta onun gücünü, qüdrətini özü ilə yanaşı tuturdu. Vaxtə ilə ermənilər Nəriman Nərimanovu irəli çəkmək əvəzinə aparıb Moskvada məhv etdikləri kimi Mir Cəfər Bağırovu da həmin yolla aradan götürmək istəyirdilər. Mikoyan Beriyaya deyir:

- Mir Cəfər Bağırov böyük adamdır. Nə vaxtacan MK – nın Siyasi Bürosuna namizəd olacaqdır ? O cür cəsarətli adamı həmişə namizəd saxlamaq insafsızlıqdır. Onu Siyasi Büroya üzv seçmək, Moskvaya gətirmək lazımdır. Beriya Siyasi Büronun bir iclaında bu təklifi Stalinə çatdırır. Stalin cəld ayağa qalxıb deyir:

- Bağırovu Moskvaya gətirsək gərək Qafqaza mən özüm gedim. Qafqazı indiki şəkildə saxlayan, öz nüfuzu ilə tənzim edən, hər bir respublikaya öz yolunu tanıdan Bağırovdur.

Elə Stalinin bu sözlərindən aydın görünür ki, Mir Cəfər Bağırovun zəhimli, nüfuzlu, istedadlı bir rəhbər olduğu tam aydınlığı ilə özünü hiss etdirir.

Mir Cəfər Bağırov ona görə böyük insandır ki, o ən keşməkeşli, çətin illərdə Azərbaycanın bütövlüyünü qoruyub saxlaya bilmişdir. Bağırov məhz Vətənin bütövlüyündən keçməmişdir. Azərbaycanın bütöv qalması uğrunda Bağırovun xidmətləri onun digər “günahlarını” bağışlamağa imkan verir. İran Azərbaycanında milli dövlət qurucusu Mir Cəfər Pişəvərinin Azərbaycanda müəmmalı ölümü uzun müddət Stalinin və Mir Cəfər Bağırovun ünvanına yazılırdı.

Deyirlər, mənfur Mikoyan ölüm dünyadan köçərkən demişdir: - “Ürəyimdə böyük nisgilim, dərin dərdim var. Türkiyə dövlətini yer üzündə salamat qoyub gedirəm. Azərbaycan haqqında arzularım gözümdə qaldı. Erməni xalqı üçün ömrüm boyu çalışdım, canfəşanlıq etdim. Amma köklü bir iş görə bilmədim. Stalinə hansı səmtdən, hansı tərəfdən yol tapıb getdimsə Mir Cəfər Bağırov dağ kimi qabağımı kəsdi.”

Təkcə bu deyilənlərə görə Mir Cəfər Bağırovu öyrənməyə, onun haqqında xalqın yaşatdığı yaxşı nə varsa qələmə almağa dəyər. ( Sədnik Paşa Pirsultanlı “Mir Cəfər Bağırov yaddaşlarda”, “AGAH” 2005, 2008. Səh.5 )

Sədkin Paşa xalq arasında Mir Cəfər Bağırov haqqında məlumat topladıqca bu kişinin mifik qəhrəmana çevrilməsinin şahidi olmuşdur. Düzdür ona mənfi keyfiyyətlər qoşanlar da olmuşdur. Sədnik Paşanın qənaətincə Mir Cəfər Bağırovun öz Vətənini, öz xalqı üçün etdikləri göz önünə gətirildikdə, onun müəyyən səhvləri olmuşsa belə, yaxşı əməllər onların hamısını kölgədə qoyur.

Bu yerdə istərdim Mir Cəfər Bağırovun gördüyü bəzi işlərin adlarını qeyd edim. Məlumatlar arxivə əsaslanır, Sədnik Paşanın yazılarına yox. Nəzərə almaq lazımdır ki, o dövrdə indiki texnika yox idi. Maraqlı cəhətlərdən biri budur ki, həmin tikintilərdə işləyən kadrların çoxunu Mir Cəfər Bağırov adbaad tanıyırdı. Arxivdə işçilərə verilməli əmək haqqlarının sahibərinə çatıb – çatmaması haqqında sorğu məktubları var.

1.Neft fondu,

2. Hərbi - Dəniz və Təyyarəçilər məktəbi.1939.

3. Ələt – Culfa dəmir yolu.1940.

4. Teatr İnstitutu.1945.

5. Daşkəsən şəhərinin əsasının qoyulması.1946

6. Mingəçevir SES.1947.

7. AMEA – nın yaranması.1946.

8. Bakı Metropoliteni.1949.

9. Sumqayıtın əsası qoyulub.1949

10. Politexnik İnstitutu.1950.

11. Naxçıvan Duz Mədəni.1951.

12. Qaradağ Sement Zavodu.1951

13. Mingəçevir Su Ambarı.

14. Nizaminin heykəli.

15. Neft Daşları.

16. Samur – Abşeron kanalı

17. Hökumət Evi.

18. Bağırov Körpüsü.

19. Kəlbəcərdə İstisu Kurortu.

20. Şollar suyuna paralel 2 – ci Xaçmaz – Bakı su xətti.

21.Bakı Qənnadı Fabriki

22.Bakı Toxuculuq Kombinatı

23.Şəki İpək Kombinatı

24.Şirvan kanalı

25.Qarabağ kanalı

26.Böyük Vətən Müharibəsi dövründə Krımda hərbi sursat bazası

27.Bakı Dövlət Universiteti

28.Azərbaycan Politexnik İnstitutu

29.402, 369, 223 və 416 – cı milli diviziyaları. 1942-ci il. 1943 – də 77 və 271

30.Müdafiə Fondu

31.Bakının müdafiəsi üçün 101, 102 və 103 – cü xalq qoşunu diviziyaları. 21 min 259 döyüşçü Bakını möhkəmləndirilmiş şəhərə çevirmişdi.

32.Naxçıvanda şose yolları tikintisi

33.Qubada İkiillik Müəllimlər İnstitutu

34.Xaçmaz Konserv Zavodu

35.Quba Konserv Zavodu

36.8-ci km qəsəbəsində neftayırma zavodu

37.Bakıda Tikiş Fabriki

38.Xaçmazda İpək Fabriki

39.Səttarxan zavodu (keçmiş Leytenant Şmidt adına)

40.Sumqayıtda Marten peçi

41.Boru Prokatı Zavodu

Bu görülən işlərin tarixlərini xronoloji ardıcıllıqla yazıb dəqiqləşdirəndən sonra təkrar bir yazı olacaq.

Füzuli Baratov,

29 may 2018-ci il

Loading...

QALEREYA