Bağırovun məzarı haqda yanlış informasiyalar

  • 2019-07-13 15:07:46
  • |
  • Tarix /

Bağırovun məzarı haqda yanlış informasiyalar

Mir Cəfər Bağırovun qəbri 2016-cı ildə qəbri açılmış, analizlə dəqiqləşdirildikdən sonra Yasamal qəbiristanlığında - şəhid oğlu Cahangir və həyat yoldaşının yanında torpağa tapşırılmışdır

Mir Cəfər Bağırov barəsindəki məqalələrimdə eyni fikrin təkrar olunduğu məqamlar olub. Hörmət elədiyim tarixçilər də hərdən mənə irad tutublar, ancaq bunu bilərəkdən eləmişəm. Müstəqillik dövründə Mir Cəfər Bağırov haqqında arxiv matriallarına istinadən yazılan kitabların, onunla eyni dövrdə müxtəlif rəhbər vəzifələrdə işləmiş adlı-sanlı iş adamlarının yazdığı məqalələrin, xatirələrin dərc olunmasına baxmayaraq, yenə Əkrəm Əylislinin qondarma məhkəməyə aid yazdığı kitabı həqiqət sayanlar mövcuddur.

Çox hörmətli politoloq Adıgözəl Məmmədov 2010-cu ildə nəşr olunmuş “Mir Cəfər Bağırov, Açılmamış səhifələr” kitabının sonunda yazır: - “Görəsən, Mir Cəfər Mir Abbas oğlu Bağırovun qəbrinin Azərbaycan torpağına köçürülməsinin zamanı çatmayıbmı?”
Zaman öz işini görüb. Mir Cəfər Bağırovun qəbri Azərbaycanda olub. 2016-cı ildə qəbri açılmış, analizlə dəqiqləşdirildikdən sonra Yasamal qəbiristanlığında qəhrəman - şəhid oğlu Cahangir və həyat yoldaşının yanında torpağa tapşırılmışdır. Dəfn mərasiminin iştirakçısı olmuşam, video və şəkil çəkmişəm, məqalə yazmışam. Bir tədbirdə vəzifəli şəxslər danışırdılar ki, Mir Cəfər Bağırov Sibirdə sürgündə ölüb. Hətta qəbirinin nömrəsini də bilirlər. Onlara baş qoşmadım.

Məndən yaşca böyüklərin “Yaşda böyüyəm, çox bilirəm”, - deyənləri də görmüşəm. Öz fikrimdə qalıram, məqalələrimdə bəzi məqamları təkrar verəcəyəm ki, əvvəlki məqaləni oxumayanlar agah olsunlar. İndi diqqətinizi uzun müddət Azərbaycanda müxtəlif rəhbər vəzifələrdə işləmiş Sadıq Murtuzayevin “XX əsrin Mir Cəfər Bağırov fenomeni” kitabının 140-cı səhifəsinə yönəltmək istəyirəm. Həmin səhifədə öz adıma da rast gəldim. Sadıq müəllim yazır:

“Mir Cəfər Bağırov rəhbərliyinin daha parlaq nümunəsi onun tabeliyində olan adamları ən yüksək səviyyədə işlək vəziyyətdə saxlaya bilməsi idi. Adətən gecə saat 10-dan tez evə getməyən Mir Cəfər Bağırovun bu ana qədər yüksək çinli məmurları iş başında saxlaması və həm də nə ilə məşğul olduqlarına da nəzarət edə bilməsi rəhbərliyin nadir nümunəsi idi. Digər rəhbərlər ancaq onun kabinetində işıq sönəndən sonra işdən ayrıla bilirdilər. Onun özü də işdə bir an da olsun səmərəsiz vaxt keçirməz, xüsusən kitabxanaya bənzər iş otağında çox oxuyar, dünyada baş verənləri dəqiqliyi ilə öyrənib saf - çürük edərdi. Onun iş rejimi tabeliyində olan məmurlara örnək olub. Adamları necə işlətmələrinə dair bu kitabın əvvəlində diqqətəlayiq epizodlar vardır.

Mən Mir Cəfər Bağırovun köməkçilərinin, daha doğrusu aparat işçilərinin əksəriyyətini şəxsən tanımışam. Onların iş təcrübəsindən də nümunə götürənlərin sayı az olmayıb. Elə onun tədqiqatçılarından biri Füzuli Baratovun “Təzadlar” qəzetində dərc olunmuş “Mir Cəfər Bağırovun Yelizaveta Novikova sirri” yazısında Mərkəzi Komitə aparatında məxfi şöbənin müdiri işləyən həmin qadının şəxsiyyəti ilə mükəmməl tanışlıq onun köməkçilərinin nə dərəcədə yüksək səviyyəli şəxslər olmasının parlaq nümunəsidir.
Mənim onun zamanında işləmiş digər bir köməkçisi olan Yakov Kirsanovla çox yaxın tanışlığım olub. Altmışıncı illərdə rəhbərlik etdiyim Abşeron rayonunun Altıağac qəsəbəsində yaşayan doğmalarının yanına tez – tez gələn Yakov Kirsanovla yaxın təmasda olmuşam. Kirsanov Vəli Axundovun rəhbərliyi dövründə onun da köməkçisi (ümumi şöbənin müdiri) idi. Əlində çox böyük imkanları olan (O, Bakı Şəhər Partiya Komitəsinin katibi vəzifəsində işləmişdir – S.M.)Yakov Kirsanovun valideynlərinin yaşadığı ev ən sadə kəndli evlərindən qətiyyən fərqlənmirdi. Lakin onun digər köməkçiləri, xeyir- dua verib rəhbər işə göndərdiyi yüksək çinli məmurlara gəldikdə isə bunların arasında sədaqətliləri ilə yanaşı xəyanətkarları da olub. Onun haqqında yazılan kitablarda bu barədə çoxsaylı faktlar vardır. Xəyanətkarlara gəldikdə isə, belə adamlar bütün hökmdarların ətrafında olub və bu da bir daha insan amilinin son dərəcə mürəkkəbliyilə əlaqədar olduğundan bu faktlar Mir Cəfər Bağırovdan da yan keçməyib. Elə Yelizaveta Novikovanın üstünə yeriyən ən yüksək çinli məmurların da hamısı Mir Cəfər Bağırovun seçmələri idi. Bir də ki, hətta ən müdrik rəhbərlərin belə bir böyük faciəsi onların saray fitvalarına uyaraq bəzən ən yaxın adamlarını belə ölümə qədər ağır cəzalara məhkum etməsi, sonra da keçirdikləri peşmançılığın ağır yükü altında inləmələri olmuşdur.

Müdrik rəhbər adamları müxtəlif yollarla: tərif, şəxsi maraq, ağır anlarında göstərilən qayğı və sairə ilə özünə cəlb etməyi bacarmalıdır. Bu cəhətdən Mir Cəfər Bağırovun müdrikliyi sonsuz idi. Onun ən sadə və ağır vəziyyətdə olan adamlara göstərdiyi qayğısı ona olan ümumxalq
məhəbbətinin başlıca daşıyıcısı olub.

Rəhbərin nikbin əhval - ruhiyyəsi onun əli altında işləyən məmurlar üçün də, rəiyyət üçün də əvəzsiz mənəvi dəstəkdir. Böyük Vətən müharibəsinin ən ağır illərində belə Stalinin "qələbə bizimdir" sözləri və yaxud faşist orduları Moskvanın astanasına gəlib çıxanda da onun Kremli tərk etməməsi xalqın inamını sönməyə qoymayan mənəvi dəstək idi. Elə Mir Cəfər Bağırov da faşist orduları Şimali Qafqazın üstünü alıb Bakıya can atdıqları zaman respublikanın bu gün də əzəmətli tədbirlərindən olub yuxarıda sadaladığımız böyük tədbirlərə qol qoyması xalqın qələbəyə olan inamını artıran faktlar idi.

Rəhbərin bədbinliyə qapılması xalqın böyük fəlakətidir və Mir Cəfər Bağırovun nikbin əhval - ruhiyyəsi heç zaman onu tərk etməyib. Elə bir rəhbər tapılmaz ki, rəhbərliyi dövründə böyük və kiçik bir uğursuzluqla üzləşməmiş olsun. Belə halda kiməsə yalvaran rəhbər, ölkəsi, xalqı üçün böyük bəladır. Məsələn, Əbürrəhman Vəzirovun böyük bir yığıncaqda jurnalist Nəcəf Nəcəfovun tənqidinə cavab verə bilməyib Etibar Məmmədova onu susdurmaq üçün yalvarması və Etibar Məmmədovun xitabət kürsüsünə çıxıb onu yox, Nəcəf Nəcəfovu dəstəkləməsi onun xalqı qarşısında məzlum bir müqəvvaya çevrilməsi idi. Ayrı - ayrı uğursuzluqlar, məsələn, hər hansı bir dövlət planının kəsrdə qalması, yaxud təbii fəlakət üzündən baş verən hallar Mir Cəfər Bağırovun dövründə də olmamış deyildir. Belə hallarda əgər rəhbər karıxarsa, bütün cəmiyyət bədbinliyə düçar olar. Lakin Mir Cəfər Bağırovun bunları görüb azca da olsa bədbinləşməsinı və yaxud buna görə hər hansı bir ölkəyə, elə ittifaq rəhbərliyinə də yalvardığını heç kəs görməyib və yuxarıda qeyd etdiyim arxiv tədqiqatçılarının da heç biri belə bir sənədə rast gəlməyib.
Rəhbərdə irəli sürdüyü hər hansı bir məsələyə qətiyyət göstərmək onun nüfuzunun ən həlledici keyfiyyətidir. Qətiyyət göstərə bilməyən rəhbərin tezliklə onun əleyhdarlarının zərbəsi altına düşəcəyi qaçılmazdır. Mir Cəfər Bağırovun qətiyyəti isə ən əzəmətli hökmdarlara bərabər bir səviyyədə olub. Onun qarşısında əyilməyən, geri çəkilməyən bir kəsi təsəvvür etmək mümkünsüz idi.
Yaxşı rəhbər yeri gələndə böyük səxavət göstərməyi yaddan çıxarmamalıdır. Bu, ayrı - ayrı istedadlı adamlara, fədakar əməkçilərə fəxri adların, digər mükafatların verilməsində, bir sözlə zəhmətin dəyərləndirilməsi xüsusilə özünü göstərməlidir. Bu keyfiyyət Mir Cəfər Bağırovda, çox yüksək səviyyədə olub.

İki dəfə Sosialist Əməyi qəhrəmanı adına layiq görülüb, sonra da ardıcıl demək olar ki, bütün çağıırışlarda SSRİ Ali Sovetinə deputat seçilən Bəsti Bağırova və Şamama Həsənova məhz hər şeydən əvvəl Mir Cəfər Bağırov səxavətinin nümayiş nümunələri idilər. Üzeyir Hacıbəyovun bəy nəslindən olub bəylərin kütləvi repressiyalarına baxmayaraq, namizədlik stajını keçirmədən birbaşa partiya üzvlüyünə qəbul edilməsi, həm də SSRİ Ali Sovetinə deputat göstərilməsi Mir Cəfər Bağırovun böyük bəstəkara göstərdiyi misilsiz səxavəti idi. Belə hallarda ən başlıca məsələ həm də təsadüfi adamların bu sıyahıya düşməsidir. Bunlar baş verərsə, rəhbər xalqın gözündən düşər, cəmiyyət qarşısında gözü kölgəli olub qətiyyəti korlaşar.”
Sadıq Murtuzayev “XX əsrin Mir Cəfər Bağrov fenomeni”, səh. 140 – 142

(Ardı var)

Füzuli Baratov, AJB üzvü

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz