Bakı Mühəndislik Universitetində "ASAN könüllüləri" ilə görüş keçirilib

Bakı Mühəndislik Universitetində "ASAN könüllüləri" ilə görüş keçirilib

Bakı Mühəndislik Universitetində "ASAN könüllüləri" təşkilatının nümayəndələri ilə tələbələrin görüşü keçirilib. Hurriyyet.org bildirir ki, tədbirdə universitetin humanitar məsələlər üzrə prorektoru Bayram Hüseynzadə çıxış edərək gənc universitetin ölkəmizin ictimai həyatındakı fəaliyyətindən ətraflı danışıb. Qeyd edib ki, tələbələrimizin əksəriyyəti Azərbaycanın ev sahibliyi etdiyi bütün beynəlxalq tədbirlərdə könüllü kimi iştirak edib. Dünya brendinə çevrilmiş "ASAN xidmət"in könüllülər təşkilatı ilə də əmaəkdaşlığımız hər iki tərəf üçün faydalı olacaq.

"ASAN xidmət"in nümayəndəsi Nadir Adilov çıxış edərək, tələbələri salamlayıb və tədbirin təşkili üçün universitetin rəhbərliyinə təşəkkür edib.

Qeyd edib ki, tələbələrin innovativ fikirlərindən də yararlanmağa maraqlıdırlar.

Nadir Adilov tələbələr üçün nəzərdə tutulan “Gəncsən Başla” adlı kitabın da təqdimatını edib.

Məlumat üçün bildirib ki, kitabın satışından əldə olunan gəlirdən müsabiqə yolu ilə seçiləcək tələbələrə təqaüd veriləcək. Müsabiqədə iştirak edəcək tələbələrin ən az iki tədbirdə könüllü kimi iştirak etməsi vacibdir.

Tədbirdə Asan Könüllüləri təşkilatı ilə Bakı Mühəndislik Universitetinin Tələbə Həmkarlar Təşkilatı arasında əməkdaşlıq müqaviləsi də imzalanıb. Müqaviləyə əsasən BMU-nun tələbələri "ASAN xidmət"də könüllü olacaq və gələcəkdə iş imkanları əldə edəcəklər.

BMU-nun audit komitəsinin sədri Yavar Məmmədov tədbirin daha bir qonağı olan velosipedlə dünya turu etmiş ilk azərbaycanlı olan Tural Abbasovu auditoriyaya təqdim edib.

Tədbir iştirakçılarını salamlayan Tural Abbasov foto slaydla iki il yarım müddətlik dünya səyahəti haqqında məlumat verib: "Dünyanı dolaşmaq, uzaq diyarları görmək, digər irqlərdən və millətlərdən olan insanların yaşayış tərzi, adətləri, mətbəxləri ilə tanış olmaq, xülasə, yaşadığımız bu balaca planeti özüm üçün mümkün qədər çox kəşf etmək mənim uşaqlıq arzum olub. Günlərin bir günü isə Rob Liluoll adlı bir ingilis velosəyyah haqda televiziya proqramına baxdım. Çox maraqla gördüm ki, işə gedib-gəlmək və gəzintiyə çıxmaq üçün istifadə etdiyim velosiped uzunməsafəli səyahət vasitəsinə çevrilə bilər. Bundan sonra məhz velosəyahət haqda düşünməyə başladım. Məsələni hərtərəfli öyrəndikdən və Azərbaycan üzrə sınaq veloyürüş etdikdən sonra isə yola çıxmağa qəti qərar verdim".

Səyahəti haqqında geniş və həvəslə danışan velosəyyah qeyd edib ki, qarşılaşdığı ən böyük çətinlik psixoloji çətinlik olub və onun da öhtəsindən gələ bilib.

Tural Abbasov səyahəti ilə əlaqəli tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırıb.

Tədbirin sonunda universitetin 100 tələbəsinə "ASAN xidmət"in nəşri olan “Gəncsən Başla” adlı kitab hədiyyə olunub.

 

 

  • Hamısı
  • Loading...