Bakıda 16 yaşlı oğlana qarşı 610 min manatlıq dələduzluq - Təqsirləndirilənlər ifadə verdilər

Bakıda 16 yaşlı oğlana qarşı 610 min manatlıq dələduzluq - Təqsirləndirilənlər ifadə verdilər

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda və hədə-qorxu ilə tələb etmədə ittiham olunan Famil Qəfərov, Rahid Tarverdiyev və Elmar Əliağazadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən şəxslər onlara elan olunmuş ittihamla özlərini qismən təqsirli biliblər.

Təqsirləndirilən Famil Qəfərov ifadəsində 16 yaşlı Samir Bünyadovla (ad və soyad dəyişdirilib –red.) restoranda tanış olduqlarını, bir müddət sonra yeniyetmənin ona pul lazım olduğunu dediyini bildirib: “Dedim ki, bankdan götürmək olar. Bunun üçün isə min dollar vermək lazımdır. Samir o pulu mənə oteldə gətirib verdi. Onu aldatmaq üçün söz verdim ki, pul işini həll edəcəm”.

F.Qəfərovun ifadəsinə görə, iyul ayında Samirə qızıl qoyub pul götürməyi təklif edib: “2500 manat məbləğində qızılı "Moskva" univermağına gətirib verdi, pulu da aldı. Pulu birlikdə xərclədik. Özü demişdi ki, qızılları evlərindəki seyfdən oğurlayıb. Bir dəfə də mənə dedi ki, avtomobil götür, sürüm, mən də dedim ki, yaşın azdı olmaz. Zərərçəkmişi aldatdığımı etiraf edirəm. Ancaq ittihamda məbləğ şişirdilib. İndiyə qədər Samirdən 1000 dollar və 750 manat pul almışam. Ziyanı ödəməyə hazıram".

Digər təqsirləndirilən E.Əliağazadə də ifadəsində deyib ki, zərərçəkmiş Samirdən alınan qızılları ona veriblər: "Mən qızılın Samirə məxsus olduğunu bilmirdim. Rahid deyirdi ki, sənə qızıl verəcəklər, o adamla görüş. Mən də görüşüb, qızılları alırdım, əvəzində pul verirdim. Bunun cinayət əməli olduğunu bilmirdim.Əməlimdən peşmanam".

 

Təqsirləndirilən R.Tarverdiyev ifadəsində zərərçəkmişlə eyni məhəllədə yaşadıqlarını, qonşu olduqlarını deyib: “Onu aldadıb, qızıllarını ələ keçirdiyimi etiraf edirəm. Yenə də deyirəm ki, ittihamda göstərilən məbləğ şişirdilib. Samirdən alınan pullardan mənə də müəyyən məbləğdə verilirdi".

Məhkəmə prosesi fevralın 8-də davam edəcək.

Qeyd edək ki, dəstə üzvləri Fizuli rayon sakinini silahla hədələyərək onun külli miqdarda pul və qızıl-zinət əşyalarını ələ keçiriblər. Belə ki, rayon sakini, 2000-ci il təvəllüdlü Samir Bünyadov Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edib. O, müraciətində 2016-cı ildən etibarən mütəmadi olaraq bir qrup şəxs tərəfindən pul və qızıllarının əlindən alındığını bildirib. Şikayət əsasında üç nəfər - Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü R.Tarverdiyev, Şirvan şəhər sakini, 1992-ci il təvəllüdlü F.Qəfərov və Astara rayon sakini, 1993-cü il təvəllüdlü E.Əliağazadə məsuliyyətə cəlb olunublar. Məlum olub ki, bu üç nəfər yeniyetmədən üst-üstə 359 min dollarlıq (610 min manatdan çox) qızıl-zinət əşyalarını ələ keçiriblər. Belə ki, həmin şəxslər əvvəlcə fırıldaq yolu ilə S.Bünyadovdan 1000 dollar və 139 260 dollar dəyərində qızıl-zinət əşyaları qopara biliblər. Sonradan F.Qəfərov oyuncaq silahla yeniyetməni hədələyərək onun 219 min 800 dollar dəyərində qızıl məmulatlarını ələ keçirib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA