Bakıda 28 yaşlı həkimi öldürən 18 yaşlı Talıblı niyə azadlıqda gəzir?!... - Dərdli ananın fəryadı, müstəntiqin müəmmalı hərəkətləri

Bakıda 28 yaşlı həkimi öldürən 18 yaşlı Talıblı niyə azadlıqda gəzir?!... - Dərdli ananın fəryadı, müstəntiqin müəmmalı hərəkətləri

Bakının mərkəzində avtomobillə piyada keçidində vurularaq öldürülən 28 yaşlı həkim, ölümündən cəmi 2 ay əvvəl ailə qurmuş mərhum Lalə Sadayzadənin anası Gülsüm İsmayılova fəryad edir. Virtualaz.org-a müraciət edən gözüyaşlı ana deyir ki, övladının ölümünə bais olan 18 yaşlı sürücü hələ də həbs olunmayıb, azadlıqda gəzir. İstintaq isə bu işi düzgün araşdırmır, müəmmalı səbəblər göstərir.

Naşı və ya harın sürücülərin hər gün yollarda piyadaları vurub öldürdükləri Azərbaycanda növbəti belə faciə bu il yanvarın 18-də qeydə, Lalənin işlədiyi Mərkəzi Klinik Xəstəxananın qarşısından keçən küçədə, piyada zolağında baş verib.

Müdafiə Nazirliyinin, Milli Məclisin qarşısında kameralar işləmir?

“Müstəntiq bizə deyir ki, həmin ərazidəki müşahidə kameraları hadisəni qeydə almayıb. Mühüm dövlət strukturlarının - Müdafiə Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin və Milli Məclisin qarşında baş vermiş hadisənin kameralar tərəfindən qeydə alınmaması inandırıcı deyil, bu necə ola bilər axı? ”, - qəzada həyatını itirən gənc həkimin anası, Bakı şəhəri, Nərimanov rayonu, Y.Bakuvi küçəsi 12, mənzil 1-də yaşayan Gülsüm İsmayılova danışır.

Cəbrayıl rayonundan olan məcburi köçkün İsmayılova övladını min-bir əziyyətlə böyüdüb. Lalə Azərbaycan Tibb Universitetini bitirib, öz bilik və bacarığı, zəhməti sayəsində oxuyub, Mərkəzi Klinik Xəstəxanada ürək-damar cərrahiyyəsi şöbəsində həkim-kardioloq kimi işə qəbul olunub.

“Bir bilsəniz necə zəhmət çəkib, üzərinə düşən vəzifələrə məsuliyyətlə yanaşıb. İş yerində hər kəs onun xətrini istəyirdi, həmkarları və xəstələri arasında böyük hörmət qazanmışdı. Ötən ilin noyabrın 24-də ailə həyatı qurmuşdu”- ana gözyaşları içində davam edir.

Mayor Abdullayev istintaq aparır və...

Ölümlə nəticələnmiş yol-nəqliyyat hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi açılıb. İbtidai istintaqı Səbail Rayon Polis İdarəsinin müstəntiqi, polis mayoru Emil Abdullayev aparıb. Ana deyir ki, müstəntiq işi müəmmalı şəkildə düzgün araşdırmayıb, lazım olan şahid ifadələri alınmayıb, hadisənin obyektiv araşdırılması üçün digər sübutlar toplanmayıb.

“Məhz bu səbəbdən qızımı maşınla vurub öldürən şəxs bu günə kimi də həbs edilməyib, azadlıqda gəzir. Göz görə-görə cinayət cəzasız qalır”-İsmayılova deyir.

Gənc övladını faciəli şəkildə itirən ananın sözlərinə görə, işi aparan müstəntiq onlara deyib ki, həmin ərazidə müşahidə kameraları hadisəni qeydə almayıb, həmçinin sükan arxasında olan Sabir Talıblının avtomobili hansı sürətlə hərəkət etməsini müəyyənləşdirmək mümkün olmayıb. Bu isə inandırıcı deyil. Digər tərəfdən hadisə məhz piyada keçidində baş verib ki, bu da sürücünün yol hərəkəti qaydalarını açıq-aşkar pozduğunu göstərir.

Hadisəni törədən sürücü barədə isə bunlar məlumdur ki, Talıblı tələbədir. Atası bizneslə məşğuldur, anası isə Bakının hansısa rayonunda İcra Hakimiyyətində işləyir.

“Mazda”nın sürəti azı 120 km/saat olub!

“Həmin yolda sürət həddi 60 km/saatdır. İstintaq materiallarında da avtomobilin guya bu sürətlə hərəkət etdiyi göstərilir. Amma qızımı vuran avtomobil çox yüksək sürətlə hərəkət edib. Əynindəki gödəkçəsi cırıq-cırıq olub balamın, kəllə sümüyü sınıb. Lalənin iş yoldaşları, tibb personalı hamısı səsə gəliblər. Hadisə yerinə çatanda avtomobilin vurduğu şəxsin Lalə olduğunu, keçindiyini görüblər. Deyilənə görə avtomobilin sürəti təqribən 120 km/saat olub. Çünki o cür sürətlə hərəkətdə olmasaydı biz Laləni itirməzdik. İş materiallarında isə avtomobilin Laləni vurarkən zərbənin təsiri nəticəsində onun hansı məsafəyə düşməsi barədə məlumat verilməyib. Lalənin düşdüyü məsafənin göstərilməməsi avtomobilin hansı sürətlə hərəkətdə olması barədə daha aydın təsəvvür yarada bilərdi”-İsmayılova deyir.

G.İsmayılova övladının ölümünə səbəb olmuş sürücü ilə bağlı qanunvericiliyə uyğun olaraq sərt tədbir görülməsi üçün aidiyyatı üzrə müvafiq qurumlara müraciət edib.

“İnsan öldürüb, amma azadlıqda gəzir. Bu hansı ədalətə, qanuna sığır? “

“Baş prokurora müraciət etmişəm. Səbail Rayon Polis İdarəsində, Səbail və Bakı şəhər prokurorluğunda mənə məsələnin obyektiv araşdırılacağını deyib, təskinlik verdilər. Amma nəticə yoxdur. Hamıya bəllidir ki, bu cür qəza hadisələrində günahkar olanlar zərərçəkənləri pulla sakitləşdirməyə nail olur. Yaxud hadisəni hansısa harın məmurun, biznesmenin övladı törədirsə onlar cinayətlərini başqa yollarla ört-basdır edib azadlıqda gəzirlər, yaxud yüngül cəza alırlar. Bizim ailəyə də hadisəni törətmiş şəxsin ailəsi tərəfindən barışıq üçün xahişlər oldu. Övladını itirmiş ana kimi barışıq cəhdlərini qətiyyən qəbul etmirəm. Və tələb edirəm ki, Sabir Talıblı həbs olunsun. O, insan öldürüb, gənc həkimi, mütəxəssisi öldürüb. Bu cür adamın azadlıqda gəzməsi, yenə də heç nə olmamış kimi maşın sürməsi hansı ədalətə, qanuna sığır?”-İsmayılova bildirir.

Vəkil nə deyir...

Zərərçəkmişin nümayəndəsi vəkil Elçin Sadıqov da virtualaz.org-a işin obyektiv araşdırılmadığını, cinayət işinin birtərəfli, qərəzli aparıldığını bildirib: “Avtomobilin qəza anında hansı sürətlə hərəkətdə olduğu barədə fakt saxtalaşdırılıb. Zərərçəkmişin bədənindəki sümüklərin qırılması, avtomobilin yararsız vəziyyətə düşməsi onu deməyə əsas verir ki, sürət həddi 100 km/saat-dan yuxarı olub. Amma istintaq materiallarında sürət həddi 60 km/saat yazılıb. Əgər doğurdan da sürət həddi bu qədər aşağı olsaydı o zaman hadisənin qarşısını almaq mümkün olardı”.

Vəkil həmçinin bildirib ki, zərərçəkmişin müvafiq qurumları çoxsaylı şikayətlərinə baxmayaraq hadisəni törədən S.Talıblı bu günə kimi də həbs edilməyib, azadlıqdadır.

Mərhumun anası son çarə kimi Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlayıb.

“Qoymayın qızımın qanını batırsınlar...”

G.İsmayılova deyir ki, iş materialları müstəntiq səviyyəsində elə tərtib edilib ki, cinayəti törətmiş şəxsin vəziyyəti yüngülləşdirilsin:”Ramil Usubova, Zakir Qaralova oxşar müraciətlər etmişəm. Lakin görürəm ki, rəhbərliyin məsələyə ədalətli yanaşılması barədə tapşırıqlara istintaq tərəfindən adekvat reaksiya göstərilimir. Çox xahiş edirəm bir ana kimi bizim dərdimizə şərik olasınız, köməklik göstərəsiniz. Övladımın qanını batırmağa qoymayasınız”.

Qeyd edək ki, bu gün Səbail rayon məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə sözügedən cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Dövlət ittihamçısı prosesdə iştirak etmədiyinə görə, hazırlıq iclası martın 14-ə kimi təxirə salınıb.

Mövzunu diqqətdə saxlayacağıq./Virtualaz.org/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA