Bakıda “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində VII nazirlər konfransı keçirilir

Bakıda “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində VII nazirlər konfransı keçirilir

Dekabrın 1-də Bakıda “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransı keçirilir.

Hurriyyet.org xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Əfqanıstan prezidenti Əşrəf Qani konfransda iştirak edir.

Əfqanıstanın xarici işlər naziri Salahuddin Rabbani konfransı açıq elan edib. O, Azərbaycana qonaqpərvərliyinə görə minnətdarlığını bildirdi.

Dövlətimizin başçısı konfransda nitq söyləyir.

İlham Əliyev bildirib ki, "Azərbaycan "Asiyanın Qəlbi” - İstanbul Prosesi dialoq və əməkdaşlığın əhəmiyyətli prosesi kimi görür. Bu proses Əfqanıstanın inkişafına töhfə verəcək.

Prezident İlham Əliyev qeyd edib ki, Əfqanıstanın təhlükəsizliyi ümumən regionda təhlükəsizliyə xidmət edəcək: "Biz Əfqanıstanın üzləşdiyi təhlükəsizlik təhdidlərinə də cavab verməliyik. Azərbaycan Əfqanıstanla təcrübəsini ikitərəfli müstəvidə də paylaşmağa hazırdır. Biz öz silahlı qüvvələrimiz, təlimlər vasitəsi ilə də Əfqanıstana dəstək oluruq".

Dövlət başçısı deyib ki, Azərbaycan Əfqanıstanın inkişafına töhfə verib: "Beynəlxalq səviyyədə sərhədlərin tanınması və qorunması regional təhlükəsizliyin əsas şərti, dünyada təhlükəsizliyi təmin edən amildir. Bu, “Asiyanın Qəlbi” - İstanbul Prosesinin də əsasını təşkil edir və nazirlərin bəyanatında da əksini tapıb".

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı barədə danışan dövlət başçısı bildirib ki, Azərbaycan ərazilərinin 1/5-i işğal olunub. Ermənistan işğal olunmuş ərazilərdə etnik təmizləmə həyata keçirib.

Prezident deyib ki, ATƏT iki dəfə işğal olunmuş ərazilərə missiya göndərib: "Bizim yaşayış məntəqələri, məscidlər dağıdılıb. Status-kvo dəyişməlidir, həmsədrlər də bunu dəfələrlə vurğulayıblar. Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasının qətnamələri, beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır".

Xatırladaq ki, “Asiyanın Qəlbi - İstanbul Prosesi” Asiyanın Qəlbi regionunda sabitlik, sülh və çiçəklənmənin təşviqi və Əfqanıstanın bütün region ilə bağlantısının genişləndirilməsi üçün siyasi dialoq və sıx regional əməkdaşlıq üçün vacib regional platformadır.

“Asiyanın Qəlbi - İstanbul Prosesi”ndə iştirak edən dövlətlər və təşkilatlar sırasına Əfqanıstan İslam Respublikası, Azərbaycan Respublikası, Çin Xalq Respublikası, Hindistan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası, Pakistan İslam Respublikası, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı Krallığı, Tacikistan Respublikası, Türkiyə Respublikası, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri və Birləşmiş Millətlər Təşkilatı daxildir. Bu proses çoxsaylı digər dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir. Regional sülh, sabitlik və çiçəklənməyə töhfə vermək əzminə və Əfqanıstanla ənənəvi dostluq əlaqələrinə malik olan Azərbaycan 2012-ci ildə “Asiyanın Qəlbi - İstanbul Prosesi”nə qoşulub.

 

  • Hamısı
  • Loading...