“Bakıda görüşmək həm Rusiyaya, həm də NATO-ya sərf edir” - POLİTOLOQ

“Bakıda görüşmək həm Rusiyaya, həm də NATO-ya sərf edir” - POLİTOLOQ

“Bu görüşlərdən böyük nəticə əldə edəcəyini gözləməyə dəyməz”

“Rusiya müdafiə nazirinin birinci müavini və silahlı qüvvələrin baş qərargah rəisi, ordu generalı Valeri Gerasimov Azərbaycandadır. O Bakıda ABŞ hərbi hava qüvvələrinin generalı, NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Tod Uolterslə görüşəcək. Valeri Gerasimovla Tod Uolters arasında iyulun 3-də telefon danışığı olub: “Deməli, elə həmin danışıqda onlar Bakıda görüşəcəklərini razılaşdırıblar. Telefon söhbətində Avropadakı hərbi-siyasi vəziyyət, Rusiya-NATO münasibətlərinin vəziyyəti barədə fikir mübadiləsi aparılıb. Bu, o deməkdir ki, Bakıda bu mövzuların daha geniş müzakirəsi planlaşdırılır. Hurriyyet.org xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib

“Bu, Uoltersin Bakıda Gerasimovla ilk görüşüdür”

Şahinoğlu xatırladıb ki, Bakıda əvvəllər də belə görüşlər olub: “Ancaq həmin görüşlərdə Valeri Gerasimov NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı general Körtis Skaparotti ilə görüşürdü. May ayında Skaparottini Tod Uolters əvəz edib. Yəni bu, Uoltersin Bakıda Gerasimovla ilk görüşüdür”.

“Bu problemlər yalnız bir görüş və bir müzakirə ilə həll oluna bilməz”

E. Şahinoğlunun fikrincə, bu görüşlərdən böyük nəticə əldə edəcəyini gözləməyə dəyməz: “Çünki son illərdə NATO ilə Rusiya arasındakı münasibətlərdə soyuqluq artır. Bundan başqa, ABŞ-ın öz raketlərini Avropada yerləşdirməsi və hər iki ölkənin orta və qısamənzilli raketlərin ləğvinə dair sazişdən çıxması bölgədə gərginlik atmosferini artırıb. Bu problemlər yalnız bir görüş və bir müzakirə ilə həll oluna bilməz. Buna baxmayaraq, Rusiya və NATO generallarının mütəmadi olaraq Bakıda görüşüb fikir mübadiləsi aparması iki qütb arasında vacib dialoq mühiti formalaşdırır və gərginliyi daha çox artırmamağa xidmət edir. Bu baxımdan, Bakıdakı dialoqun əhəmiyyəti böyükdür”.

“Azərbaycanın isə həm Rusiya, həm də NATO ilə tərəfdaşlıq münasibətləri mövcuddur”

“Rusiya və NATO generallarının Bakıda mütəmadi görüşlərinin keçirilməsi Azərbaycanın bölgədə artan roluna da işarədir. Bu rola nə Gürcüstan, nə də Ermənistan uyğundur. NATO-nun Cənubi Qafqazdakı əsas tərəfdaşı olan Gürcüstanın Rusiya ilə münasibətləri gərgindir, iki ölkə arasında diplomatik əlaqələr yoxdur. Bu baxımdan, Rusiya görüş yeri kimi Gürcüstanı qəbul etməz. NATO isə Ermənistanı görüş yeri kimi qəbul etməz. Çünki Ermənistan da Rusiyanın nəzarəti altındadır. Azərbaycanın isə həm Rusiya, həm də NATO ilə tərəfdaşlıq münasibətləri mövcuddur. Ona görə də Bakıda görüşmək həm Rusiyaya, həm də NATO-ya sərf edir”,-deyə politoloq əlavə edib

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA