BAKIDA SAHİBSİZ İTLƏR: onları necə və hara itirək?

BAKIDA SAHİBSİZ İTLƏR: onları necə və hara itirək?

Küçə itləri paytaxtın qorxunc röyasına çevrilib; "nə etməli" sualı ətrafında düşüncələr

Bu ayın sonunda Azərbaycan gəlişi gözlənilən 40 min nəfər futbol azarkeşi üçün Bakı küçələrindəki 600 mindən çox sahibsiz it real təhlükə deyilmi?!

Məlum olduğu kimi, 2018-ci il iyunun 14-dən iyulun 15-dək Rusiyada futbol üzrə dünya çempionatı keçirildi. Bu ilin mart ayında isə Rusiya mətbuatında maraqlı bir yazı dərc olunub.

Sözügedən yazının müəllifi, Yaponiyadan Rusiyaya ezam edilmiş müxbir Yuiti Onoda bildirir ki, Moskvaya ik gəldiyində küçələrdə demək olar ki, sahibsiz itlərə rast gəlməməsi onu çox təəccübləndirmişdi. Bunun səbəbini araşdıran müxbir öyrənib ki, sən demə, Dünya Çempionatı ərəfəsində hakimiyyət sahibsiz itləri yuxuladaraq, məqsədli şəkildə küçələrdən yığışdııb. “Mən Tanrıya yalvarıram ki, insan xudpəsəndliyindən əziyyət çəkən itlərin sayı azalsın”, - deyə yapon müxbiri yazır.

O, həmçinin əlavə edir: “Anlayıram ki, bu, çempionatı seyr etmək üçün dünyanın dörd bir yanından ölkəyə gələn azarkeşlərin təhlükəsizliyi üçün edilib. Amma heyvanları sevirəm, buna görə də itlərlə bu cür davranış məni kədərləndirdi”.

Rusiyada ev heyvanlarına, xüsusilə də itlərə və pişiklərə necə böyük sevgi və qayğı ilə yanaşıldığı heç kəs üçün sirr deyil. Ruslar üçün ev heyvanları ailə üzvləridir, həmin ölkədə elə insanlar var ki, kiçik mənzillərində eyni vaxtda bir neçə it və pişik saxlayır.

Buna baxmayaraq, ölkənin imici naminə ölkə prezidenti mötəbər yarış öncəsi sahibsiz itlərin küçələrdən yığışdırılmasına dair göstəriş verib.

Bir neçə gün sonra, mayın 29-da Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının final matçı keçiriləcək. Azərbaycan ilk dəfədir ki, belə bir mötəbər oyuna ev sahibliyi edəcək. Futbolun dünyadakı populyarlığını nəzərə alaraq qeyd edə bilərik ki, bu tədbir bir neçə il öncə paytaxtımızda təşkil olunan “Eurovision” yarışmasından, yaxud Bakıda artıq 4-cü dəfə keçirilən “Formula 1” yarışından daha nüfuzlu və daha əhəmiyyətlidir .

Sözügedən matçı izləmək üçün müxtəlif ölkələrdən 40 mindən çox azarkeşin ölkəmizə səfər edəcəyi gözlənilir. Bakı küçələrində isə sakinləri vahiməyə salan 600 mindən çox sahibsiz it var və sayları artmaqdadır.

Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, bu ilin birinci rübündə ölkədə təxminən 5 min nəfəri it dişləyib. Bu isə orta hesabla hər gün 54 nəfər edir. Ötən il isə heyvan dişləməsi və cırmaqlamasından 20 mindən artıq şəxs zərər çəkib.

Qeyd edək ki, heyvanlar tərəfindən cırmaqlama, zədə, dişləmə quduzluq kimi ağır infeksion xəstəliklə nəticələnə bilər. Quduzluq xəstəliyi isə zoonoz mənşəli, ölümlə nəticələnən yoluxucu xəstəlikdir.

Картинки по запросу SAHİBSİZ İTLƏR

Bakıda, xüsusilə də şəhərətrafı qəsəbə və kəndlərdə sahibsiz itlər real təhlükəyə çevrilib. Vəziyyət o həddə çatıb ki, itlər artıq küçədə deyil, öz evinin həyətində oynayan uşaqlara da hücum edir. Bu ilin aprel ayında qan donduran hadisə baş verib. Binəqədi rayonu, Sulutəpə qəsəbəsində 4 yaşlı Hüseyn Məmişovu həyətdə oynayarkən it tutub, heyvan azyaşlının üzünü parçalayıb, gözünə xəsarət yetirib.

Bakının əksər rayonlarında da vəziyyət demək olar ki, eynidir. Sürü ilə gəzən sahibsiz itlərin qorxusundan valideynlər övladlarını küçəyə buraxmır, elə özləri də qaş qaralanda bayır-bacada dolaşmamağa çalışır.

Ən qəribəsi isə odur ki, ölkəmizdə sahibsiz itlərin hüquqlarını qoruyan QHT-lərin sayı günü-gündən artdığı halda, insan hüquqlarını qoruyan bircə QHT belə yoxdur.

Yəqin xatırlayırsınız, 2015-ci ildə paytaxtımızda keçirilən Avropa Oyunları zamanı Atletlər kəndindəki avtobus qəzasında ağır xəsarət alan avstriyalı idmançı Vanessa Şahinoviçə Azərbaycan 500 min avro məbləğində təzminat ödəməli oldu, üstəlik bu olay uzun müddət dünya mətbuatının gündəmindən düşmədi.

İndi isə təsəvvür edin ki, Avropa Liqasının final matçını izləmək üçün paytaxtımıza gələn əcnəbi azarkeşlərdən hansınısa küçədə it tutur, sizcə bu Azərbaycanın dünyadakı imicinə necə təsir edər?

Nəzərə alsaq ki, it hüquqlarının müdafiəçilərinin zərərsiz olduğu iddia etdikləri sahibsiz itlərin böyük əksəriyyəti quduzdur, həmin turistin çox ağır xəsarətlər alacağı, xəstəxanalıq olacağı, üstəlik ölüm təhlükəsi ilə üz-üzə qalacağı da istisna edilmir. Bu isə ölkəmizin imicinə çox böyük zərbə vuracaq və bədxah qonşularımızı sevindirəcək.

Bakı sakinlərini, eləcə də paytaxtımızı ziyarət edən əcnəbi qonaqları həyati təhlükə ilə üz-üzə qoymamaq, ölkəmizin dünyadakı nüfuzuna xələl gətirməmək məqsədi ilə sahibsiz itlər ən tez zamanda küçələrdən yığışdırılmalıdır.

Zənnimizcə, aidiyyati qurumlar bu məsələ ilə ən ciddi şəkildə məşğul olmalı və lazımi tədbirlər həyata keçirməlidir.

Hazırladı: İnci Türkel, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA