Bakıda tutulan avtoritetlərə ləqəbi kim verir? - Kriminalist İZAHI

Bakıda tutulan avtoritetlərə ləqəbi kim verir? - Kriminalist İZAHI

Son vaxtlar baş verən cinayət hadisələrində xüsusi ləqəbli şəxslərin adının hallandığının şahidi oluruq. Kriminal avtoritet, və ya mafioz qruplaşmalarında da fərqli adlarla daha doğrusu ləqəblərlə qarşılaşırıq.

Maraqlıdır, bu ad və ya ləqəbləri onlara kim verir? Cəmiyyət ya öz mühitləri? Bu barədə ekspert-kriminalist Mahmud Hacıyev Modern.az-a danışıb.

“Cinayətkar aləminin öz qanunları var. 18-19-cu əsrdən yəni ta qədimdən belə o qanunlar mövcuddur. Öz aralarında “yığıncaqları” “iclasları” olur. Bu tək Azərbaycanda yox, xarici ölkələrdə də, MDB məkanında da belədir. Həmin iclaslarda uşaq və ya gənc yaşlarında cinayətkar neçə dəfə məhkum həyatı yaşayıb, məhkum olduğu dövrdə özünü necə aparıb və hansı səbəblə həbs olunub - bunlar əsas götürülür. İlkin olaraq avtoritet adı verilir, sonrakı yığıncaqlarda isə artıq həmin şəxs “qanuni oğru” adını alır.

Həmin yığıncaqlarda, yəni advermə mərasimlərində tac qoyulur, özlərinə uyğun bunu qeyd edirlər. Bu mərhələdən sonra da ad qoyulan şəxsin özünü aparmaq qayda-qanunları var. Keçmişdə belə bir qayda var idi ki, avtoritet və “qanuni oğrular” evlənə bilməzdi, narkotik işi ilə məşğul ola bilməzdilər. Həmin şəxslər də bu qaydalara əməl edirdilər. Lakin indi avtoritetlər arasında bu qanunlara əməl edənlər çox azdır. İndi əksər “qanuni oğrular” narkotik satışı və qəbul edilməsi ilə məşğuldurlar. Evlənib ailə quranları da var”.

Ekspertin sözlərinə görə, “qanuni oğrular” öz aralarında pul yığaraq “bank” da yaradırlar.

“Maddi cəhətdən çox nüfuzlu olurlar. Əgər öz mühitlərindən kimsə çətinə düşərsə, onlar məkan fərqi olmadan həmin “qanuni oğru” və ya avtoritetə kömək edirlər. Məsələn Avropa, Asiya ölkələrinin birində hər hansı “qanuni oğru” çətinə düşürsə, avtoritetlər başqa ölkədən olsa belə öz fondlarından yığılan pulla həmin şəxsə köməkilik göstərirlər. Adətən öz adları ilə tanınırlar. Ləqəb isə ya doğulduğu yer, ya da bədənində keçmişindən qalma hər hansı bir nişanə varsa, ona uyğun verilir”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA