Bakıdakı məşhur şirkətdəki mənimsəmə işi - ərəblərə baha bilet satana cəza kəsildi

Bakıdakı məşhur şirkətdəki mənimsəmə işi - ərəblərə baha bilet satana cəza kəsildi

Dünyanın ən məşhur hava yolları şirkətlərindən biri olan "Flydubai"ın Bakıdakı təmsilçisinin ofisində baş verən külli miqdarda pulun mənimsənilməsi, həm də şirkət daxilindəki qanunsuzluqlara görə açılan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hurriyyet.org musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə ittiham edilən 1981-ci il təvəllüdlü Vahid Məcid Ehtiram oğlunun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən Vahid Məcid 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Vahid Məcid işlədiyi "Baku Trans" MMC-nin 74 min manatını mənimsəyib. Belə ki, Vahid Məcid mühasib işlədiyi şirkətdə bilet satışından gələn gəliri mənimsəyərək ələ keçirib. Daha sonra isə o ölkədən qaçıb. Onun barəsində beynəlxalq axtarış elan edilib və Moskvada saxlanılaraq Azərbaycana təhvil verilib.

V.Məcidin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, "Baku Trans" MMC "Flydubai" şirkətinin Bakıdakı təmsilçisidir. "Bakı Trans" MMC-nin direktoru Seymur Seyidov, MMC-nin təsisçisi isə İsmayıl Məmmədovdur.

Cinayət işi materiallarında belə bir qeyd var ki, "Flydubai" şirkəti biletlərin xəbərsiz satıldığını bildirib.

Məhkəmə araşdırmasında məlum olub ki, "Baku Trans" MMC-də hesabatların verilməsində, biletlərin satışında qanunsuzluqlar olub.

Məlum olub ki, Vahid Məcid yerli vətəndaşlara 900 dollara satdığı bileti ərəblərə 1500 dollara satırmış. Bu suala nə baş mühasib, nə də Vahid özü cavab verə bilməyib.

Qeyd edək ki, V.Məcid özünü qismən təqsirli bilib və məbləğin 30 min manat olduğunu söyləyib.