BAKINI NİHİLİZM BATAQLIĞINDA GÖMMƏK SİYASƏTİ

BAKINI NİHİLİZM BATAQLIĞINDA GÖMMƏK SİYASƏTİ

Təəssüflər olsun ki, “Qız Qalası” haqqında uydurulmuş bu rəvayəti dünyanın dörd bir yanından ölkəmizə gələn turistlərə bizim ekskursiyaçılarımız “həvəs”lə tərcümə edirlər...

Stalinizmin ideoloji mirası olan anti-Azərbaycan hədəflərinə kimlər işıq salır? Nədən Bakının Azərbaycanın milli paytaxtına çevrilməsinin qarşısını alan hədəflər davam edir? Qız Qalası ilə bağlı “öz qızına aşiq olan Azərbaycan xanı” uydurma əfsanənin tarixi köklərini nədən alimlərimiz üzə çıxarmırlar? Azərbaycanlıların təhqir simvoluna çevrilmiş “Bəhramgür abidəsi” bu gün nə üçün qorunur?

Xalqımızın 70 il ərzində minbir bəlaya səbəb olan Vladimir Lenin, Sergey Kirov, Stepan Şaumyan, Qəzənfər Musabəyov, Prokofi Caparidze, Məşədi Əzizbəyov və daha kimlərin abidələrini tarixin zibilliyində gömdük. İfrat fars şovinizmi ideologiyasının təməlini qoymuş Əbülqasim Firdovsinin “Şahnamə”si bizləri aşağılayan ideyasının simvolunu əbədiləşdirən heykəltaraş Pyotr Sapsayın “Azneft Meydanı”nda “Bəhramgur və Əjdaha” heykəlinə nədənsə toxunmuruq. Halbuki, türk xalqlarının qədim inanc kultu olan əjdaha suyun və yaşıllığın əbədi simvolu sayılıb. Xalqımızın etnik mədəni inanc simgəsi sayılan “ES”vari damğalar və naxışlarda əjdaha kultunu yaşatmışıq. “Şahnamə”də Firdovsi mifik görüşlərin əski hind fəlsəfəsinə uyğun uydurma qəhrəman obrazını yaratmaqla min ildir bu hədəflərə yol açıb. Beləcə Qız Qalası haqqında da uydurulan motivlər bu gün davam etdirilir. Çünki qızına aşiq olmaq mistik inanc kultu qədim parn-urdu (hind-fars) mədəni irsinin brəhmən buddizm fəlsəfəsinin metafizik anlayışının ən yüksək dəyəridir. Bu anlayış indinin özündə də brəhmənizm, caynizm və sinkxizm budda təlimlərində yaşayır.

“Fanfikzm”in təməl kökləri

Müasir elmi ədəbiyyatda “fanfik” adlandırılan ədəbi cərəyanın tarixi kökləri qədim Misir və Hindistan mifologiyasının mövzuları ilə uyğunlaşan anlam deməkdir. Esso Monstersin “Ata necə doğma qızını sevdi” romanı isə Latın Amerikası, Avropa, Çin, Hindistan və Misirdə ən populyar əsərlər sırasında ilk sırada yer alır. Belə bir anormal ideya ilk dəfə Hindistanda yaranıb. Qədim hind mifologiyasının təməlində duran inanclar silsiləsində brəhmən kahinləri öz qızlarına aşiq ola və onlarla evlənə bilərdilər. Brəhmən olmaq adi bir kahin statusu ilə ölçülmürdü. Burada baş kahin dərəcəsi önəm daşıyırdı. Atman, Tot, Puruş adlı epik rəvayətlərdəki PUCA bütünə sədaqətli olmanın leytmotivi atanın qızı ilə evlənməsi ali dəyər sayılırdı. İnduizm fəlsəfəsinin zirvəsi sayılan BXATKİ inanc kultunda isə qeyd olunur ki: “Ata qızını sevərsə və hər ikisi arasında platonik eşq mövcuddursa, bunun üçün tələb olunan rituallara əməl olunursa, PUCA tanrısı qarşısında bu ən böyük mükafat sayılır”.
Ən böyük tanrıların simgəsi sayılan TRİMUTRİyə xidmət brəhmənlər üçün vacib şərt idi. Simviolizm konsepsiyasına görə, o, altun yumurta, nilufər çiçəyinin ləçəyi və brəhmənin uyumluluğu budda ilə birlikdə cənnətə qovuşmaq deməkdir. Bu cənnətin ali mərtəbəsinə yüksələnlər öz qızları ilə evlənən atalar sayılırlar. Bunun üçün həmin kişi həm də təmsil olunduğu cəmiyyətin hökmdarı olmalıdır.

Baş kahin brəhmənin tabe ola bildiyi kəsim Şiva kultununun daşıyıcısıdır. Brəhmən Vişa adlanmaqla Şiva qarşısında xidmətlərini həyatı boyu nümayiş etdirməyə borcludur, tanrılar tanrısı Mohini bu dünyanın və yeraltı aləmin hamisi olmaqla Vişaya himayədarlıq edəcək.

Qeyd edək ki, zamanla Hindistanın Sind vadisindən Kəngər Körfəzi, Qafqaz, Anadolu, Xorasan və Orta Asiya yaylalarına köç edən parn-urdu (fars) kökənli toplumlar öz mifoloji irsini həmin bölgələrə daşımışlar. Beləliklə indi də bəzi nağıllarımızda, əfsanələrimizdə, bizə yad olan əsatirlərimizdə parn-urdu irsinin izlərinə rast gəlirik. O da bəllidir ki, bu anlamlar daha çox mövhumatçı kəsim tərəfindən bilgisizlik ucbatından dəyərləndirilir. Bir zəngin atanın öz qızı ilə evlənməsi rəvayəti də beləcə yayılmışdır. Hətta türk xalqlarına məxsus bir sıra kult mərkəzlərində belə, onların mövhumatçı izlərinə rast gəlinir. Bakı şəhərindəki Qız Qalası haqqında gəzib-dolaşan rəvayətin də kökü bundadır. Halbuki, qalanın memarlıq prinsipi və sakral strukturu heç də adı çəkilən rəvayətlə uyuşmur.

“Qız Qalası” ilə bağlı saxta rəvayətin səbabkarı kimdir?

Qədim, ilkin orta əsrlər tarixində Bakı şəhəri və onun haqqında heç bir mənbədə qeyd olunmayıb ki, “Qız Qalası”nın yaranmasında yerli xan öz doğma qızı ilə evlənmişdir.
Heredot, Strabon, Marko Polo, İstəxri, Əbu Duləf, İbn Haqvəl, Rubrik Vilhelm, Əbdürəşid Bakuvi, Antoni Cenkinson, Övliya Çələbi, Həmdullah Qəzvini, Yaqub əl Həməvi, Ambrozio Kontarini, Katerino Dzeno, Rüyi Gonzalez de Klavixo, Afanasi Nikitin, Adam Oleari, İohan Şiltbeger, Jan Babtist Tavernye, Antonino Tenreiro, Mestre Afonso, Josophat Barbaro, E. Kempfer, S. Qmelin, Jan Şarden, Aleksandr Düma və digər onlarca sayda tarixçilər, səyyahlar Bakı ilə bağlı müşahidələrində “Qız Qalası” və yerli xanın öz doğma qızına aşiq olması barəsində qeydlər yazmamışlar.
“Qız Qalası” və onun ətrafında cərəyan edən rəvayət yalnız 1923-cü ildə peyda olub. Bu barədə öncə Breslav Lurye ssenari yazmış və quruluşçu rejissor Vladimir Vallyuzekir iki bölümlü film çəkmişdir. Ssenariyə görə, XII əsrdə “Qız Qalası”nın inşası başa çatan kimi, Bakı xanı doğma qızına aşiq olur və qız da buna etiraz edərək özünü qaladan dənizə ataraq öldürür.

Film 1924-cü ildə ekranlara buraxılıb. Filmin yaradıcı heyəti guya Şərqin ekzotik tarixi və etnoqrafik mənzərələrini lentə alıblar. Mövzu isə müsəlman həyatından bəhs etsə də, əslində qədim hind rəvayətləri, yəni buddizm dininin təlimləri əsasında bəhs edən hekayəsindən ibarətdir. Guya Səməd xanın həyat yoldaşı doğuş zamanı ölür və dünyaya oğlan deyil, qız uşağı gəlir. Xan qızı saraydan uzaqlaşdırmaq əmrini verir. Aradan 17 il ötəndən sonra xan misilsiz dünya gözəli olan qızı Gülnara aşiq olur. Xan əvvəlcə hisslərindən utanıb qorxsa da, zaman keçdikdə duyğularına yenik düşür və qızı ilə birlikdə olmaq istəyir. Xan bu etirafı Gülnara etdikdə qız atasından xahiş edir ki, dənizin sahilində hündür və qalın divarları olan bir bina tiksin və oraya başqasının ayağı dəyməsin. Xan Gülnarın istədiyi kimi edir və Qız Qalasını tikdirir. Lakin Gülnar atasının sevgisindən qorxduğu üçün həmin qaladan özünü ataraq öldürür.
Beləliklə Breslav Luryenin uydurma hekayələrlə dolu olan ssenarisi qısa zaman içində nəinki Azərbaycanda, keçmiş Sovetlər Birliyi boyunca dolaşmağa başlayır. Min dəfələrlə təəssüflər olsun ki, “Qız Qalası” haqqında uydurulmuş bu rəvayəti dünyanın dörd bir yanından ölkəmizə gələn turistlərə bizim ekskursiyaçılarımız “həvəs”lə tərcümə edirlər.

Saxta tarixşünaslıq elmi siyasəti hələ də davam edir

1920-ci illərdən başlayaraq, 1991-ci ilə kimi, yəni keçmiş Sovetlər Birliyi dağılanadək, xalqımızın gerçək tarixi daim saxtalaşdırılırdı. Buna səbəb diktartor İosif Stalinin irəli sürdüyü qondarma “Hind-Avropa” nəzəriyyəsinin hakim siyasətin bir parçası olması idi. Azərbaycanı və xalqımızı inkar siyasi ideologiyasının təməlində duran başlıca prinsip “zərdüştilik” və “atəşpərəstlik” inancları aparıcı ünsür sayılırdı. Çünki türk xalqlarının varlığını inkar etməklə, həm də Qafqazda qurulan Ermənistanın tarixinə hüquqi status qazandırılmalı idi. “Odlar Yurdu” adlı saxta vətənpərvərlik ideyası bu doktrinanın təməl prinsipinə çevrildi. Bəşər yaranandan dünyanın bütün xalqları oda, suya, torpağa, daşa, qayaya və digər yöndə inanc kultuna malik olmuşlar. Ancaq bu o demək deyil ki, oda tapınma bütün xalqlarda eyni olub. Hər bir toplumun özünə məxsus inanc kultu var və həmin xalqın mədəniyyətinə bu dəyərlə yanaşmaq gərəkdir.

Azərbaycanın güneyində və quzeyində uzun illərdir aparılan arxeoloji qazıntılarda zərdüştilik və atəşpərəstliklə bağlı heç bir maddi mədəniyyət abidəsi üzə çıxmamışdır. Yerüstü mövcud olan abidələr Hindistanın Multanı bölgəsindən ticarət məqsədilə gəlmiş icmaların kahinləri tərəfindən inşa edilmişdir. “Qız Qalası” haqqında uydurulan rəvayət də bu siyasətin bir parçasıdır. Azərbaycan çoxmillətli əhalinin məskunlaşdığı bir dövlətdir. Burada yaşayan xalqlara da fərqli gözlə baxması çox yalnışdır. Bir də var dövlətin dominantlıq təşkil edən xalqı və onun mədəniyyəti, bunu inkar etmək isə, dövlətin özünü inkar deməkdir.

Stalinizmin antimilli ənənəsinə bu gün kimlər dəstək verir?

1923-cü ildə Bakıda çəkilmiş “Qız Qalası” filmi 2011-ci ildə kinorejissor Hüseyn Mehdiyevin layihəsi əsasında Azərbaycan mədəniyyət nazirliyinin sifarişi, Rusiya Dövlət Kinofilmləri Fondu və Azərbaycan Dövlət Film Fondunun dəstəyi ilə Azərbaycan Kinorejissorlar Gildiyasında bərpa olunub. Mədəniyyət Nazirliyi və kino rejissor Hüseyn Mehdiyev ən azından xalqımızın tarixini inkar edən bu “proje”nin gerçək üzünü bilmək üçün peşəkar tarixçilərə və etnoqraflara müraciət etməliydilər. Çünki bu filmin bərpası üçün yüzminlərlə vəsait boşuna xərclənib. Sadəcə “proje”də iştirak edənlər ciblərini doldurublar. Məsələ də budur. Bu film bizim etnomədəni və tarixi irsimizi tamamilə inkar edən mövzunu əhata edir. Bu gün həmin filmin bərpası üçün dövlət büdcəsindən yüzminlərlə manatı göyə sovurmağına dəyərdimi? Özünü “Azərbaycan Professional Kinorejisorlar Gildiyası”nın sədri elan etmiş, uzun illər kino-operator kimi çalışmış və sonradan rejissorluq həvəsinə düşmüş Hüseyn Mehdiyevin bu addımı ilə 1923-cü ildə Azərbaycanı inkar siyasətinin mədəniyyətin dili ilə gündəmə gətirən Breslav Luryenin ənənəsini davam etdirməsi üzücüdür. Biz ölkəmizin milli mədəniyyətinin problemləri ilə bağlı yazılar yazaraq, HƏYƏCAN TƏBİLİ çalırıq. Hər dəfə Mədəniyyət Nazirliyində kök salmış qeyri-peşəkarlar qulaqlarını tutaraq heç nə olmamış kimi davranırlar. Problem də budur. Sanki, anti-Azərbaycan siyasətini bir zamanlar yürüdən və indi tarixin zibilliyində gömülən stalinizm ideyalarının davam etməsinə üzülürük. 1978-ci ildə “Azərbaycanfilm” tərəfindən “Qız qalası” cizgi filmi çəkilib. Bu filmdə əslində baxça yaşlı uşaqların beynini yumaq və onlarda Azərbaycan tarixinə yalnış münasibətin izlərini qoymaq kimi hədəflər gizlənib.

Təkcə Azərbaycan yox, Türkiyədən tutmuş Pakistana qədər 200-dən çox “Qız qalası” adlı tikili mövcuddur. Moldova, Ukrayna, Balkanlar, İran, Gürcüstan və.s. ölkələrdə də “Qız Qalası” adlı abidələr mövcuddur. Təkcə Türkiyədə 40-dan çox Qız Qalası abidəsi var. Azərbaycanda Bakıdan savayı “Qız Qalası” abidəsi Gədəbəy rayonunda yerləşir. Hər bir Qız Qalasının öz tarixi adı var. Bu qalalarla bağlı əfsanələrin heç birində ata qızına aşiq olmayıb. Qız Qalası abidələri əslində kosmoqonik inanc kultu ilə bağlı olub. Bunu daha dərindən bilmək üçün türk xalqlarının inanc kultunun fəlsəfi-estetik və duyumlarının maddi mədəniyyət abidəsinə çevrilməsinin dəyərlərini bilmək gərəkdir.

Ə. Yusifoğlu, Hurriyyet.org