Bakının bu ərazisində evlər kütləvi söküləcək? - İCRA HAKİMİYYƏTİ XƏBƏRDARLIQ EDİB...

  • 2018-11-06 18:11:40
  • |
  • Sosial /

Bakının bu ərazisində evlər kütləvi söküləcək? - İCRA HAKİMİYYƏTİ XƏBƏRDARLIQ EDİB...

Bakının Xəzər rayonu, Qala qəsəbəsi Xaşaxuna bağ massivində sənədsiz evlərin kütləvi söküləcəyi barədə xəbərdarlıq edilib. Sakinlər deyirlər ki, bu barədə onlara rayon icra hakimiyyətindən bildiriblər. Səbəb kimi qəsəbə sakinlərinin indiyə qədər yaşadıqları evləri qeyri-qanuni tikmələri göstərilir.

Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, evlərinin sökülməsi ilə bağlı qərara etiraz edən sakinlər ötən gün qəsəbənin mərkəzi küçələrinə toplaşaraq dinc etiraz aksiyası keçiriblər. Etirazçılar deyirlər ki, buradakı evlərin əksəriyyəti 90-cı illərin əvvəllərində inşa olunub. Əksər sakinlər isə Kəlbəcər rayonundan gələn məcburi köçkünlərdir.

Sakinlər deyirlər ki, Xəzər Rayon İcra Hakimiyyətinin qərarından bu yaxınlarda xəbər tutublar. Evlərin qanunsuz tikildiyini əsas gətirən icra hakimiyyəti Bakı Şəhər Baş Polis İdarəsinə şikayət edib. İdarədən isə sakinlərə bildirilib ki, ev və torpaqlarına aid olan sənədləri götürüb idarəyə gəlsinlər. Lakin sakinlərin nə evə, nə torpağa aid heç bir sənədi yoxdur.

Etirazçılar illərdir bu ərazidə yaşadıqlarını, lakin evlərinin qanunsuz olması ilə bağlı indiyə qədər onlara heç bir söz deyilmədiyini bildirirlər. Üstəlik kommunal xərcləri də vaxtlı-vaxtında ödəyiblər. Etirazlardan sonra sakinlərə şikayətlərinin dinləniləcəyini və müvafiq qərar qəbul olunacağını deyiblər.

Problemi araşdırmaq üçün Xəzər Rayon İcra Hakimiyyəti ilə dəfələrlə əlaqə saxlamağa cəhd etsək də, telefon zənglərimizə cavab ala bilmədik.

Loading...

QALEREYA