Bakının bu qəsəbəsində sakinlər qaz əvəzinə hələ də odun yandırırlar - VİDEOREPORTAJ, FOTOLAR

Bakının bu qəsəbəsində sakinlər qaz əvəzinə hələ də odun yandırırlar - VİDEOREPORTAJ, FOTOLAR

Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni Məhəllə 20A ünvanında yaşayan sakinlər qaz üzünə həsrət qalıblar. 150-yə yaxın sakin illərdir ki, acınacaqlı durumdadır.

Musavat.com-un müxbiri adıçəkilən ünvanda olub, sakinlərin gileyini dinləyib.

Qeyd edək ki, əraziyə qaz çəkilmədiyindən sakinlər evlərini qızdırmaq üçün elektrik enerjisindən istifadə etməyə məcbur qalıblar. Belə olan halda işığa olan borcları fantastik həddə çatır. Bu səbəbdən də sakinlər taxta, odun və karton parçaları yandırmaqla evlərini qızdırırlar. Bir neçə sakinin evinə baş çəkib, acınacaqlı vəziyyətin şahidi olduq. Evlərdə yanan odun sobası otaqlarda dözülməz durum yaradıb, tüstüdən , hisdən durmaq olmur.

Sakinlər bildirdilər ki, dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, nəticəsi olmayıb. Qaz çəkilməsi üçün “Azəriqaz” İstehsalat Birliyininə dəfələrlə müraciət olub, lakin heç bir nəticəsi olmayıb.

Sakinlərin dediyinə görə, ana qaz xətti bir adımlıqlarında olsa da, qaz üzünə həsrət qalıblar. 1, 2, 3, 4-cü küçələrin sakinləri öz vəsaitləri hesabına qaz xətti çəksələr də, digər küçənin sakinlərinin maddi durumu buna imkan vermir. 5, 6, 7, 8 və 9-cu küçədə ümumiyyətlə, qaz xətti yoxdur. Sakinlərə bildirilib ki, aidiyyatı qurumla müqavilə bağlayan podraçı şirkətlər tərəfindən qazlaşma işlərinə başlanılıb.

Onların dediyinə görə, digər küçənin sakinləri adambaşına 1000 manat pul verərək, 32-lik qaz xətti çəkdiriblər. Buna baxmayaraq qazın təziyi çox aşağı olur, cəmi 10 nəfər ailə qaz xəttindən istifadə edə bilir.

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalar Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev musavat.com-a bildirdi ki, həmin sakinlər dövlət proqramını gözləməlidir: “Siz dediyiniz "Zabrat-1 və Zabrat-2" qazlaşdılırlıb. Bilirsiniz ki, əhali sayı durmadan artır, yeni yaşayış evləri tikilir. Həmin yaşayış evlərinin qazlaşdırılması üçün dövlət proqramının icrası davam etdirilir və yaxud qazlaşdırılmanın tezləşdirilməsi üçün fərdi qaydada müraciət edib, "ASAN" xidmətin "ASAN kommunal mərkəzlərində qazlaşma şərtləri barəsində ətraflı məlumat ala bilərlər. Vətəndaşlar ərizə formasını doldurub, razılaşma protokolu ilə tanış olub, öz vəsaitləri hesabına lisenziyası olan tikinti podratçı şirkət tərəfindən qaz xəttini çəkdirə bilərlər. Sayğac qoyulması isə "Azəriqaz" istehsalat Birliyini tərəfindən təmin olunur. Həmin sakinlər əgər ərizə ilə müraciət ediblərsə, tərəfimizdən baxılıb, lazımı cavab verilir. Həmin sakinlər ya qazlaşdırılma üçün ya dövlət proqramı gözləməlidir, ya da tezləşdirilməsi üçün daşıyıcı xəttin çəkilməsi üçün müraciət etməlidirlər”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA