BARAT ŞƏKİNSKAYA VƏ GƏNCƏ TEATRI

BARAT ŞƏKİNSKAYA VƏ GƏNCƏ TEATRI

XX əsrin ikinci və üçüncü onilliklərində Bakı şəhərində iki böyük teatr fəaliyyət göstərirdi. Türk İşçi Teatrı və Əzizbəyov Teatrı (indiki Akademik Milli Dram Teatrı). Hər iki teatrın yaradıcılıq əla­qə­si var idi. Hətta tamaşaçıları da ayrı-ayrı idi. Bir şəhərin iki gözü idi bu teatrlar.

O illərdə Aqriba adlı bir katib var idi. Onun qərarı ilə Türk İşçi Teatrını Gəncəyə bağışladılar. Çünki, elə adamların marağı yox idi ki, Azərbaycanın mərkəzində iki teatr olsun. Gəncəyə köçən İşçi Teatrının əksər aktyorları imkansızlıq olduğuna görə gedə bil­mədilər. Hərəsi özünə bir sənət tapdı. Bəlkə onlar teatrda qalsa idi hərəsi böyük bir sənətkar olardı. Lakin bir neçə aktyorlar Abbas­mir­zə Şərifzadə, Kazım Ziya, Ələsgər Ələkbərov, Əzizə Məmmədova, Ağahüseyn Cavadov, Ağasadıq Gəraybəyli, İsmayıl Talıblı, Əjdər Sultanov, İsmayıl Əfəndiyev, Əmir Dadaşlı, Məxfurə və Nina Yermakova bacıları və başqa gənc aktyorlar və teatrın müdiri Ələkbər Seyfi, rejissor Həbib İsmayılovda Gəncəyə köçdülər.

Teatrın heç bir imkanı olmadığına görə işçi klubunu teatrın binasına verdilər. İlk dəfə böyük türk ədibi Ə. Hamidin “Hind qızı” tamaşasını oynayan gecə teatrın nəyi var idi hamısı oğurlandı.

Həmid Sultanov o illərdə Gəncə indiki dillə desək İcra Hakimiyyətinin başçısı idi. Onun qərarı ilə yerli həvəskarlar truppasının üzvlərindən on be­şə yaxın adam və o cümlədən Barat Şəkinskayanı da teatra cəlb et­dilər (o vaxtlar Barat xanım Gəncənin Sərkar kəndində müəllimə iş­lə­yirdi). Həmid Sultanov şəxsən Barat xanımın arxasınca adam gön­dər­mişdir. B. Şəkinskayanın anasının xalası oğlu Cəlil Məm­məd­za­də ikinci katib işləyirdi. Onun xahişi olmasaydı Barat xanım teatrda fəaliyyət göstərə bilməzdi. Bu xahişdən sonra B. Şəkinskaya teatra gəldi.

Oğurluqdan sonra dövlət teatrı üçün nə bina, nə də səhnə yaramırdı. Ona görə teatr məcbur olub, qış aylarında Azərbaycan ra­yon­larına üz tutdu. Nəhayət, teatr üçün layiqli bina tikməyə baş­la­dılar.

1933-cü ilin əvvəllərində yeni tamaşalar hazırlanırdı. Bir-iki ay fəaliyyət göstərən Fatma Qədri Bakıya-Rus Dram Teatrına getməli oldu... (Rus-dilini yaxşı bildiyinə baxmayaraq Rus Dram Teatrında özünə layiqli yer tuta bilmədi. Ona görə 30-cu illərin axırlarında Azərbaycan Dram Teatrına gəldi). Onun getməsinə bu şərtlə razılıq verildi ki, öz rollarına aktrisa hazırlasın. Çünki, teatrın bütün yükü onun çiyinlərində idi. Fatma Qədri Ə. Hamidin “Hind qızı” pyesində Sürucuini, “Cancur Səməd”də (“Cancur Səməd”, J. B. Molyerin “Yalançı xəstə” pyesinin təbdili) Nabat, A. Qlebovun “İn­cə” əsrində Yasəmən kimi rollara B. Şəkinskayanı hazırladı. Be­lə­lik­lə, Barat xanım rayonlarda bu rolları ifa edirdi. Hətta Şəkiyə gə­lən­də mərhum Ağakərim Şərifov (teatr muzeyinin banisi, A. M. Şərif­zadənin əmisi oğlu) Barat xanımı şəkili bilib “Hind qızı” tama­şasının başlanması üçün görüş düzəltmişdir.

Tamaşanın birinci pərdəsində hind qızı Sürucuini ingilis zabiti Tom­sonu sevirdi. Bu iki gəncin evlənmələrinə heç kəs razılıq ver­mir­di. Belə qərara gəlirlər ki, bir qırmızı , bir ağ çicək atsınlar və ki­min çiçəyi keçsə, o, onun dinini qəbul etsin və evlənsinlər. Əllərində çıçək səhnəyə çıxan kimi qəfildən əlləri çiçəklə dolu məktəbli uşaq­lar səhnəyə axışdılar. Bunu A. Şərifov Barat xanıma görə təşkil et­miş­dir. Özü də səhnəyə çıxıb tamaşaçılara müraciət edərək “-siz el qızını səhnədə görürsünüz”-demişdir. Səhnəni çiçəklə doldurmuş­du­lar. B. Şəkinskaya özü qeyd edir ki, nə yaxşı ilk söz Tomsonun idi, yoxsa dilim söz tutmazdı.

1933-cü ildə Gəncə teatrının səhnəsində B.Şəkinskaya S.S.Axun­dovun “Laçın yuvası” pyesində Pəricahan və A. M. Şərif­za­­­dənin quruluşunda “Namus” əsərində Süsən, H. Cavidin “Şeyx Sənan” faciəsində gürcü gözəli Xumar obrazlarını ifa etdi.

Aktrisa Süsən obrazı üçün özünə məxsus xarakter seçmişdir. O, Süsənin insanpərvərliyini, incə qəlbini böyük aktyor bacarığı ilə yaratmışdır.

Xumarda müsbət qadın obrazı idi. Barat xanımın ifa etdiyi Xumar Şeyx Sənanı dərin məhəbbətlə sevən bir qız idi. B. Şəkin­ska­yanın Xumarında tamaşaçı, eşqin, məhəbbətin böyüklüyünü gör­müş və ona inanmışdır. Aktrisa Xumarı onun gələcəkdə görkəmli bir sənətkar olduğuna zəmin yaratmışdır.

O zamanlar çox ağır aclıq illəri idi. B. Şəkinskaya aktyorlarla birlikdə bütün rayonları gəzir, tamaşalar göstərirdilər. Yay gəldi, bütün aktyor truppası məzuniyyətə çıxdı (1933). Məzuniyyətdən qayıtdıqdan çox az bir müddət içərisində teatr səthi təmir olundu. Bir tərəfdən təmir olunurdu, digər tərəfdən isə tamaşalar göstə­rilirdi. Bu illərdə C. Cabbarlı “Yaşar” pyesi hazırlandı. Yaşar rolunu A. M. Şərifzadə, Yaqut rolunu isə B. Şəkinskaya ifa edirdi.

Barat xanım gənclik dövründə yaratdığı ən mükəmməl rollarda biri də Yaqut idi. Kəndli qızı, son dərəcə sadə olan Yaqutu aktrisa maraqlı mizanlarla yaratmışdır. Onun ifa etdiyi Yaqut Yaşarı böyük eşq ilə sevən əsl azərbaycanlı qızı idi.

1934-cü ildə Abbasmirzə Şərifzadə artıq Bakıya köçmüşdür. Həmin ilin məzuniyyətindən sonra Ələkbər Seyfi əlacsız qaldı, məcbur oldu ki, Tiflis teatrının artistlərini Gəncəyə gətirsin. Belə­liklə, Əhməd Salahlı, Əli Şahsabahlı, o cümlədən Solmaz (Nina) Orlenskaya Gəncə teatrına dəvət olundular. Lakin əvvəlki kollek­tivdən Əjdər Sultanov, İsmayıl Əfəndiyev, Kazım Ziya, İsmayıl Ta­lıblı, Əmir Dadaşlı və Məxfurə xanım Gəncə teatrına sadiq qal­mış­dılar.

1935-ci ilin məzuniyyətindən qayıtdıqdan sonra Barat xanım divardakı elanı oxudu. Həmin elanda “Şeyx Sənan”ın növbəti tama­şa­sının afişası vurulmuşdur: Şeyx Sənan-Ə. Salahlı; Xumar-Sol­maz; Nina-Barat ...

Böyük faciə aktyoru A.M. Şərifzadə ilə Xumarı ifa edən B. Şə­­kinskaya, Abbasmirzə gedəndən sonra özünün də xəbəri olmadan Nina rolu­na keçirilmişdir. Bu elanı oxuduqdan sonra Barat xanım evə gəlir və teatra zəng çalır, deyir ki, dayım ağır xəstədir. Həmin il o, Bakıya gəlir.

Hələ böyük dramaturqumuz Cəfər Cabbarlı Barat xanımın artistlik məharətini eşitmiş və onu indiki Akademik Milli Dram Teat­rına gətirmək istəyirmiş. Azərbaycan mədəniyyətinin inkişafın­da misilsiz rol oynayan Cəfər Cabbarlı Barat Şəkinskayanı paytaxt teat­rının səhnəsində görə bilmir. 1934-cü ilin dekabrında C. Cab­barlı rəhmətə gedir və Barat xanım 1935-ci ilin oktyabrında paytaxt teatrının səhnəsinə gəlir və bənzərsiz obrazlar qalereyası yaradır.

Barat xanım Gəncə teatrına ikinci dəfə qırxıncı illərin əvvəllərində gəlir. 1943-1944-ci illərdə Akademik Milli Dram Teatrının bəzi aktyorlarını tamaşa oynamaq üçün Gəncəyə göndərmişdilər. Gəncə teatrının və xüsusilə Mehdi Məmmədovun təkidi ilə Barat Şəkin­ska­yanı iki illik həmin teatra apardılar. Çünki, bunun tamaşaçı axınına böyük təsiri ola bilərdi.

B.Şəkinskaya Gəncə teatrına gələndə repertuardakı bəzi ta­maşalarda (M. Məmmədovun quruluşunda S. Vurğunun “Vaqif” mənzum dramında Xuraman, M. H.Təhmasibin “Bahar” pyesində Bahar; Həsən Ağayevin quruluşunda M. İbrahimovun “Məhəbbət” dramında Hürü, S. Vurğunun “Fərhad və Şirin” mənzum dramında Şirin) bir neçə əsas rolları hazırlayıb yaradıcı heyətə daxil oldu. Te­at­­rın qastrolu zamanı A. Şirvanzadənin “Namus”əsərində Süsən və C. Cabbarlının “Yaşar” pyesində Yaqutu tez bir zamanda ifa etdi.

B.Şəkinskaya 1943-1944-cü illərdə Gəncə teatrında Mehdi Məmmədovun quruluşunda Lope de Veqanın “Nə yarıdan doyur, nə əldən qoyur” (“Bağban iti”) komediyasında Diana; M. Hüseynin “Ni­zami” əsərində Afaq; R. Təhmasibin quruluşunda R. Rzanın “Və­fa” pyesində İntizar, Ülkər; M. Məmmədovun quruluşunda M. Hü­­seyn və İ. Əfəndiyevin “İntizar” dramında Gülyaz; Arkadi Qay­darın “Timur və onun komandası” əsərində Timur; N. Filip­povanın “Partizan Kostya”sında Kostya; H. Ağayevin quruluşunda M. F. Axundovun “Hacı Qara” komediyasında Sona xanım rollarını ifa etdi.

1943-cü il may ayının 22-də B. Şəkinskaya Lope de Veqanın “Bağban iti” pyesində Diana rolunu tamaşaçılara təqdim etdi. “Barat Kirovabadda (İndiki Gəncə-İ.A.) işləyəndə teatr Lope de Veqanın “Bağban iti” pyesi üzərində işləyirdi. Tamaşaların birində məlum oldu ki, aktrisa Solmaz xəstələnib. Onda Baratı-Diananı baş rolu oynamağa çağır­dı­lar. Əsərin mətninin yarısı Diananın idi. Mehdi özü ona sufliyorluq etməli oldu. Baratın hazırlıqsız oynadığı bu rol hamının təəccübünə səbəb oldu. O, bu çətin rolu çox gözəl ifa etdi. Çünki bu rol Baratın cəldlik, çeviklik və temperamentinə çox yaxın idi. Və Barat, Solmaz xanımla bərabər bu rolun ifaçısı oldu” (C. Cəfərov).

1943-cü il Gəncə teatrının yaradıcılıq illərindən biri idi. Müxtəlif əsərlərlə tamaşaçıları sevindirən tamaşalar arasında M. Hüseynin “Nizami” pyesinin səhnədə göstərilməsi tamaşaçı axınına səbəb olmuşdur.

Qəribədir ki, paytaxt teatrından təxminən bir il sonra Gəncə teatrı “Nizami”əsərinə mürüciət etmişdilər. Barat Şəkinskaya Gəncə teatrında Nizaminın ömür-gün yoldaşı Afaqı ifa etdi. “Möhkəm ansamblda çıxış edən aktyorların, xüsusilə Əşrəf Yusifzadə (Nizami), Barat Şəkinskaya (Afaq) və Səməd Tağızadənin (Şirvanşah) ifası çox təsirli idi” (İ. Kərimov).

Tamaşanın ilk səhnələrində Afaq-Şəkinskaya adama elə gəlir ki, bütün qayğılardan azaddır. Lakin sonrakı səhnələrdə Afaqın xəzərlərlə döyüş səhnəsində Barat xanım azərbaycanlı qızına məx­sus mərdliyi tamaşaçıya göstərirdi.

Aktrisanın ifasında Afaq Nizamini böyük məhəbbətlə sevən bir insan olmaqla yanaşı mehriban insan, qar­daşını dünyalar qədər istəyən başı və Nizamini hədsiz məhəb­bətlə sevən vəfalı qadın idi.

1943-cü il noyabr ayının 21-də “Vəfa” pyesində B.Şəkinskayanın ifa etdiyi İntizar maraqlı bir obraz idi. “...Barat Şəkinskayanın ən müvəffəqiyyətli rollarından biri R. Rzanın “Vəfa” əsərinin tama­şasında İntizardır. Quruluşçu rejissor Rza Təhmasib tamaşanın müvəffəqiyyətində Barat xanımın əməyinə böyük qiymət verirdi. İstedadlı aktrisa bir sənətkar kimi öz yaradıcılıq imkanlarından və realist teatr xadimlərinin gözəl ənənələrindən həmişə bacarıqla istifadə etmişdir” (A. İsmayılova).

1944-cü ildə Gəncə teatrında H. Ağayevin quruluşunda M. F. Axun­dovun “Hacı Qara” komediyası səhnəyə qoyuldu. Bu tama­şada Barat xanım baş rollardan birini, Heydər bəyin sevgilisi olan Sona xanımı ifa edirdi. Onun Sonası mehriban, istiqanlı və ağıllı qız idi. Sona-Şəkinskaya üçün cəh-cəlal, var-dövlət mənasız idi. Aktrisanın Sonası ancaq sevmək və sevilmək istəyirdi. Artıq görkəmli sənətkar kimi yüksəlmiş Barat Şəkinskaya müəllifin fik­ri­nə sadiq qalaraq ifa etdiyi Sonanı bacarıqlı bir qız kimi tamaşaçılara sevdirmişdir.

Barat Şəkinskaya bu illərdə Şəmkir Dövlət Dram Teatrında da vaxtaşırı çıxışlar etmiş, “Vaqif”, “Namus”, “Məhəbbət”, “Xoş­bəxt­lər”, “Aydın”, “Oqtay Eloğlu” tamaşalarında Xuraman, Süsən, Hü­rü, Gülər, Gültəkin, Firəngiz obrazları ilə tamaşaçıları sevindir­mişdir.

“O, (B. Şəkinskaya-İ. A.) ob­raz­­ların daxili aləmini, xarakterik xüsusiyyətlərini dərindən öyrə­nərək, rejissorların göstərişlərini və təcrübəli aktyor yoldaşlarının məsləhətlərini diqqətlə dinləyib, onları öz fəaliyyətində tətbiq etməyi bacarmışdır” (A. İsmayılova).

Vaxtı tamam olduqdan sonra B. Şəkinskaya Mehdi Məm­mə­dovla birlikdə doğma kollektivinə indiki Akademik Milli Dram Teatrına qayıdır. Bir neçə il paytaxt tamaşaçılarını intizarda qoyan bu mahir sənətkar öz məftunedici ifası ilə onları yenidən sevindirir.

İmran AXUNDOV,

fəlsəfə doktoru

Loading...

QALEREYA