BARAT ŞƏKİNSKAYA VƏ SUMQAYIT TEATRI

BARAT ŞƏKİNSKAYA VƏ SUMQAYIT TEATRI

“Mən səni sevirəm. Ona görə yox ki, gözəlsən, məharətlisən. Ona görə ki, yaxşı sənətkarsan”.

Barat Şəkinskaya haqqında deyilən bu cümlələrin müəllifi SSRİ xalq artisti Sidqi Ruhulladır. Bəli? Barat xanım sözün tam mənasında sənətkar idi.

Sənətkar! Bu söz hər aktyor üçün deyilmir. Çünki bu ada sa­hib olmaq üçün gecə-gündüz çalışmaq və yaratmaq lazımdır. Elə ça­lışmaq ki, öz sənətində açılmayan səhifələr açasan, tamaşaçını düşündürməyə çalışasan və yaratdığın obrazları tamaşaçı yaddaşına həkk edəsən. Barat Şəkinskaya kimi...

O, ömrünün yarım əsrdən artıq bir dövrünü Azərbaycan teatrına şərəflə xidmət etməyə sərf etdi. Və səhnə fəaliyyətinin son dövrlərində, yəni 1970-1971-ci illərdə H. Ərəblinski adına Sum­qayıt Dövlət Musiqili Dram Teatrında çalışdı, fitri istedadı ilə kollektivin hüsni-rəğbətini qazanmışdır.

Aktrisa xarirələrində yazır ki; “70-ci illər Sumqayıt teatrının kollektivi hələ əlavə pul qazanmaq yerlərin tanımırdılar. Ona gərə çox həvəs, məhəbbət ilə çalışır, heç yerə tələsmirdilər... Bu kollek­tivin yaşlı nəsli: Həsən Qara, Məmməd Cəfər, Manya xanım, başda da Əfqanlı var idi. Gənclər isə hamısı teatr institutunun məzunları idi. Ağakişi Kazımov gənclərlə maraqla işləyirdi. Mən orada Əfqanlının cavanlarla çox ciddi məşğul olduğunu gördüm”.

B. Şəkinskaya Sumqayıt Dövlət Musiqili Dram Teatrının səh­nəsində Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin” faciəsində Mə­lək xanım (rej. A. Kazımov, 16.05.1970); S. Rəhmanın “Toy” ko­me­diyasında Zalxa (rej. A. Kazımov, 07. 07.1970); A. Babayevin “Mə­nim məhəbbətim” əsərində Hicran (rej. A. Kazımov, 27.03.1971) rollarını ifa edib.

Ağakişi Kazımovun quruluş verdiyi bu tamaşalardan biri faciə, digəri komediya, sonuncusu isə məişət dramı idi. Barat Şəkinskaya bu üç əsərdə az müddət ərzində, kifayət qədər yaşlı vaxtlarında bir-birə zidd olan üç fərqli obraz yaratdı.

Sumqayıt Dövlət Musiqili Dram Teatrında B. Şəkinskaya N. Vəzirovun “Müsibəti-Fəxrəddin” faciəsindəki Mələk xanım obrazı epizodik rol olmasına baxmayaraq aktrisanın ifasında əsas periso­najlardan birinə çevrilmişdir.

A. Babayev “Ədəbiyyat və incəsənət” qəzetində (30.05.1970) “Zülmətdə nur” adlı məqaləsində yazır ki; “Barat xanım istəkli oğlu Fəxrəddinin ağ gününü arzulayan, lakin feodal çəkişmələrinin əsa­rə­tindən qurtara bilməyən bir ananın xarakterindəki ikiliyi, ürə­yindəki böhranı məharətlə göstərə bilir”.

Aktrisa Mələk xanım obrazı ilə əsrimizin əvvəlində ki, ananın daxili aləmini sənətkarlıqla açırdı. Mələk xanım-Şəkinskaya səh­nədə iki dəfə görünürdü. Bir ikinci məclisdə və bir də final səh­nə­sində. Final səhnəsində Barat xanımın ifasını yazmağa qələm aciz­dir. Oğlu Fəxrəddinin faciəsi müqabilində Mələk xanım-Şəkin­ska­yanın ifası tamaşanın əsas təsiredici qüvvəsi idi.

“-Su vermək olmaz, Şahmar, Şahmar! Dur qəbirdən Heydər, dur qəbirdən özünü mənə yetir, Heydər. Heydər gəl, gör əziz balan nə gündədir? Nə halətdədir, Heydər! Uy, ciyərim yandı”.-deyib qəşş etməsi Mələk xanım-Şəkinskaynın ifasına tamaşaçılar baxdıqda gü­nahsız oğul itirmiş ananın dərdinə ürəkdən acıyırdı və bu hadisənin səhnədə baş verdiyinə inanmırdılar.

Mələk xanım-Şəkinskaya qəşş edib ayılandan sonra sərsəm sifətində “-Yanıram, vallah yanıram, billah üstümə su tökün başı­nıza dönüm!.. Heydər, Heydər... Gəl, gəl Şahmar qoyma, evimizə od düşüb! Ay aman, yandıq, yandım, yandım, yandım, allah!”-deyib hıçqırıqlar içində yenidən qəşş edib yıxılan, acı günlərində əri Heydəri köməyə çağıran Mələk xanım-Şəkinskaya oğlunun faciə­sin­də yenə də ərini köməyə çağırırdı. Lakin...

Oğlunun faciəsinə dərindən sarsılan bədbəxt ananı Barat Şəkinskaya Mələk xanım obrazı ilə yana-yana yaratmışdır.

““Müsibəti-Fəxrəddin” faciəsində Barat xanım və Rza Əfqanlı yüksək sənətkarlıqla yaratdıqları Mələk xanım və Rüstəm bəy səhnə obrazları ilə Akademik teatrın “romantik teatr” prinsiplərini böyük məharətlə təcəssüm etdirdilər” (İ. Rəhimli).

Mələk xanımdan sonra B. Şəkinskaya S. Rəhmanın ilk komediyası olan “Toy” əsərində Zalxa obrazını tamaşaçılara təqdim etdi.

“Toy” komediyası ilk dəfə Akademik teatrda iki dəfə, əvvəl Məhərrəm Haşımovun quruluşunda 1939-cu ildə aprel ayının 28-də, sonra isə Əşrəf Quliyevin quruluşunda 1963-cü ildə oktyabr ayının 14-də tamaşaya qoyulmuşdur. Və bu quruluşlarda Əzizə Məmmədova kimi əvəzsiz Zalxadan başqa Böyükxanım Axundova, Əminə Sultanova, Mirvari Novruzova, Hökümə Qasımova bir-birinə bənzəməyən Zalxalar tamaşaçıların yaddaşında var idi.

Amma Barat xanımın yaratdığı Zalxa, bu Zalxaların heç birinə bənzəmirdi. “...xalq artisti Barat xanım Şəkinskaya və Manya Fətullayevanın Zalxası yumor koloriti, səmimi aktyor ifaları ilə daha çox yadda qalırdı” (İ. Rəhimli). Aktrisanın ifa etdiyi bu obraz son dərəcə dürüst və mərd bir qadın idi.

1971-ci il mart ayını 27-də Barat xanım Sumqayıt teatrının səhnə­sində A. Kazımovun quruluşunda A. Babayevin “Mənim mə­həb­bətim” pyesində Hicran obrazını ifa etdi.

R. Heydər “İlk məhəbbət kor olanda...” (“Azərbaycan gənc­ləri” qəzeti, 01.06.1971) adlı məqaləsində yazır; “Hicrana-(Barat Şə­kinskayaya) illərdən bəri zəhmətini çəkdiyi, böyüyüb başa çat­dır­dığı Mirvarinin dilindən belə ağır sözlər eşitmək, əlbəttə çox ağır­dır. Lakin Hicran təmkinini itirmir, ehtiyatla, səbrlə qızının taleyini izləməkdə davam edir, onu hər cür qəza-qədərdən, bədbəxtlikdən qorumağı özünə analıq borcu bilir.

Respublikanın xalq artisti Barat Şəkinskaya Hicranın bu ali­cə­nab təbiətini qayğıkeşliyini, ana məhəbbətini daxili hərarətlə, gər­gin psixoloji vəziyyətlərlə açıb göstərməyə nail olmuşdur. Ta­maşaçı onun ifasında gözəl, həssas ana təcəssümünü görür”.

Bir-birinə bənzəməyən ana obrazlarını məharətlə yaradan Barat Şəkinskaya Hicranın daxili aləmini bacarıqla açmiş və onu Sumqayıt tamaşaçılarına sevdirməyə müvəffəq olmuşdur.

Barat xanım xatirələrində yazır ki; “1971-ci ilin avqust ayını Sumqayıt teatrının kollektivi ilə yay qastrolunda, bir ayda 31 tamaşa oynadıq, bütün Muğanı gəzdik. Bu kollektivin Əfqanlıya və mənə etdikləri hörmət yaddan çıxa bilməz”.

Barat Şəkinskaya o dövrün sənətkarlarından biri kimi teatrda ifa etdiyi yüzlərlə obrazların demək olar ki, heç biri lentə köçürülməyib.

Görkəmli səhnə ustası Barat xanım Şəkinskayanın fövqəladə aktyorluq məharəti onun müasiri olan tamaşaçıların indi də xatirindədir.

İmran AXUNDOV,

Fəlsəfə doktoru

Loading...

QALEREYA