Baş epidemioloqdan "Donuz qripi" ilə bağlı XƏBƏRDARLIQ: Hansı hallarda ölüm ola bilər?

Baş epidemioloqdan "Donuz qripi" ilə bağlı XƏBƏRDARLIQ: Hansı hallarda ölüm ola bilər?

"Donuz qripi" adlandırılan H1N1 virusu nə dərəcədə təhlükəlidir? “Donuz qripi"nin əlamətlərini necə müəyyən etmək olar? Xəstələnməmək üçün nə etmək lazımdır?

Publika.az oxucuları ən çox maraqlandıran suallara cavab tapmaq üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayeva müraciət edib. Professor son zamanlarda bəzi kütləvi informasiya vasitələrində (KİV) Azərbaycanın müxtəlif bölgələrində "donuz qripi"nin olması barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyini qeyd edib. O bildirib ki, ölkə ərazisində mövsümlə əlaqədar qrip xəstəliyinin müşahidə edilməsi normaldır.

- İbadulla müəllim, "donuz qripi" ilə adi qripin fərqi nədir?

- Hazırda müşahidə edilən qrip tarix boyu mövcud olan mövsümi qripdir. Həm donuz, həm quş, həm də insan qripi viruslar tərəfindən törədilir. Adların müxtəlifliyi insanların bu xəstəliklərə müxtəlif yerlərdə təsadüf etməsi ilə izah edilir. Respublikamızda, eləcə də Gürcüstanda olan qrip mövsümidir. Ümumiyyətlə, hazırda dünyanın hər yerində olan qrip - havaların soyuması ilə əlaqədar olaraq insanlarda yaranan xəstələnmə əmsallarının artması nəticəsində baş verir. Belə vəziyyətdə insan özünü qorumalıdır. Yoluxucu xəstəliklərin bəzi qruplarında mövsümilik var. Odur ki, havaların soyuması nəticəsində kəskin respirator xəstəliklər artır, o cümlədən də qrip.

KİV-də bir neçə dəfə demişəm və dönə-dönə yenə təkrar edirəm ki, yoluxucu xəstəliklər həmişə olub, indi də var və cəmiyyət mövcud olduğu müddətdə həmişə olacaq. Yoluxucu xəstəliklərlə səhiyyə müəssisələri və əhalinin özü həmişə mübarizə aparır. Respublikamızda təşvişə səbəb olan heç bir hadisə yoxdur. KİV-də bir neçə nəfərin Azərbaycanda "donuz qripi"nə tutulması barədə xəbərlər gedib. Onlar yoxlama məqsədi ilə götürülən yaxmalardır, hansı ki, Respublika Taun Əleyhinə Stansiyanın referens laboratoriyalarına verilib.

Çox sevindirici haldır ki, Ümumdünya Səhiyyə Təşkilatının respublikamızda olan xüsusi rejimli laboratoriyası var və o, dünyanın ən inkişaf etmiş ölkələrinin laboratoriyalarından yüksək səviyyədədir.

- Xəstəliyin ilkin əlamətləri hansılardır?

- Baş ağrıları, burun və gözdən yaş axması, hərarətin artması, bədəndə əzələ ağrıları, bəzi hallarda qusma və diareya varsa, mütləq həkimə müraciət edin. Həkim təyinatı olmadan qonşu və ya qohumların məsləhəti ilə müalicə aparmaq və aptekdən antibiotik alıb orqanizmi zəhərləmək olmaz. Bunun üçün xəstəxana və klinikalarımız fəaliyyət göstərir. Bilirsiniz ki, hər kəsin yaşadığı ərazi üzrə sahə həkimləri var. Xəstəxanaya gedə bilməyən xəstələr sahə həkimlərini evə dəvət edərək müayinədən keçə bilər. Müayinədən sonra müalicəyə başlamaq lazımdır, təbiidir ki, bu zaman xəstə daha tez sağalacaq.

Ev şəraitində xəstələrə qulluq edənlər onları mütləq izolyasiya etməlidir. Xəstələr ayrı otaqda saxlanılmalıdır. Əgər evdə belə bir imkan yoxdursa, heç olmasa ortadan pərdə çəksinlər. Xəstələrə qulluq edən şəxslər gigiyenik qaydalara mütləq riayət etməli, maska taxmalı, xəstənin istifadə etdiyi qab-qaşığı qaynar su və yuyucu məhlullarla yumalıdır. Habelə otağın havasını tez-tez dəyişmək, döşəməni tez-tez silmək lazımdır. İnsanlar tez-tez əllərini yumalıdırlar. Bu yolla başqalarını da, özümüzü də qoruya bilərik.

Sözsüz ki, xəstənin vəziyyəti haqqında həkimə məlumat vermək barədə unutmaq olmaz. Sahə həkimləri xəstələri öz nəzarətində saxlamalıdır. Dolayısı ilə sağalmaq xəstənin özündən asılıdır. Başqalarının məsləhəti ilə özü-özünü müalicə edən insanlar bilməlidir ki, bunun heç bir faydası olmayacaq, bu, əksinə olaraq xəstəliyin kəskinləşməsinə gətirib çıxacaq. Nəticədə, xəstəlik xroniki vəziyyətə düşəcək.

Respublikamızda sakitlik və sabitlikdir, hər hansı bir yoluxucu xəstəliyin epidemiyası müşahidə olunmur. Dünyada da pandemiya yoxdur, odur ki, təşvişə düşməyə dəyməz.

- Bəs özümüzü H1N1 virusundan necə qoruya bilərik?

- Xüsusilə, xəstə uşaqları məktəbə buraxmaq olmaz. Məktəb direktorları və sinif rəhbərlərindən xahiş edirəm ki, xəstə uşaqların dərsə gəlməsinə icazə verməsin. Əgər xəstəsinizsə, kinoteatr və tamaşa kimi kütləvi yerlərə getməkdən çəkinin və bir neçə gün işə getməyin.

- Xəstəlik neçə gün ərzində yoluxucu hesab olunur?

- Əgər maskasızsınızsa, asqırdıqda və öskürdükdə ağzınızı əllərinizlə tutursunuzsa, bütün virus ovcunuzun içinə hopur. Odur ki, ağzınızı mütləq dəsmalla tutun, dəsmal yoxdursa, ya qolunuzla, ya da köynəyin yaxasından istifadə edin ki, virus ətraf mühitə yayılmasın.

A/H1N1 virusu ilə yoluxmuş şəxslər əsasən xəstəliyinin başlandığı ilk 7 gün ərzində potensial yoluxdurucu hesab edilir. Uşaqlar, xüsusən də azyaşlı uşaqlar daha uzun müddət ərzində potensial yoluxdurucu ola bilər. Xəstələr ən azı xəstəliyin başlandığı ilk 7 gün ərzində təcrid edilməlidir.

- Risk qrupuna kimlər daxildir?

- Xəstələrlə kontaktda olduğu üçün buraya həkimlər də daxildir, daha sonra uşaqlar, hamilə qadınlar və 65 yaşından yuxarı insanlar daha ehtiyatlı olmalı, özünü gözləməli və xəstələrlə ünsiyyətdən çəkinməlidir. Dostunuz və yaxınınız xəstədirsə, onunla kontaktda olmayın.

- "Donuz qripi" əleyhinə peyvəndlər haqqında nə deyə bilərsiniz?

- Respublikamızda həddi aşan heç bir yoluxucu xəstəlik olmadığından vaksinasiyaya da heç bir lüzum qalmır. "Donuz qripi" yoxdur, mövsümü qripi isə həkimlərimiz müalicə edir. Səhiyyə Nazirliyinin bütün tibb idarələri müraciət edən xəstələri müalicə etməyə hazırdır.

- Gürcüstanda "donuz qripi"ndən ölüm hallarının artması haqqında nə deyə bilərsiniz? "Donuz qripi" hansı hallarda ölümlə nəticələnə bilər?

- Orda da mövsümi qripdir. Bu insanların ölümünə vaxtında həkimə müraciət etməmələri səbəb olub. Xəstəliyi kəskin formaya salaraq xroniki vəziyyətə gətirib çıxarıblar. Xəstəliyin ağırlaşması ilə onlar sətəlcəm nəticəsində ölüb. Ümumiyyətlə, qrip xəstəliyindən dünyada hər il yüz və ya iki yüz minlərlə ölən var. Dəqiq hesablama aparmaq mümkün deyil. Hesablama o vaxt dəqiq olar ki, xəstəxana və tibb müəssisələrinə müraciət edilir və qeydiyyat aparılır.

Qrip vaxtında müalicə olunmazsa, mütləq sətəlcəmə, elmi dildə desək, bronxit pnevmoniyaya keçəcək və digər fəsadlar törədə bilər. Odur ki, həkim müalicəsi şərtdir. Biz aldığımız hər əşyanın qədrini çox gözəl bilirik, amma canımızdan başqa, onu son plana saxlayırıq... Sağlamlığın qiymətini vaxtında bilməli və onu qorumalıyıq.

- Qripin müalicəsində antibiotiklərin rolu haqqında nə deyə bilərsiniz? Çünki onlara münasibət birmənalı deyil.

- Qripin müalicəsində istifadə olunan dərmanları müalicə zamanı həkim təyin edir. Lakin antibiotiklər bütün xəstəliklərə kömək etmir, hər bir dərman preparatı bir orqana faydalıdırsa, digər orqana ziyan verir. Qrip əleyhinə dərmanlar var, onları da həkim təyinatı ilə almaq lazımdır.

Orqanizmin antibiotiklərə qarşı həssaslığı var. Bu səbəbdən də antibiotikin orqanizmə düşüb-düşmədiyi həkim tərəfindən təyin edilməlidir.

- Qripin xalq təbabəti üsulu ilə müalicəsinin faydaları nələrdir?

- Xalq təbabətinin əleyhinə deyiləm. Xalq təbabəti üsulları əsrlərdir ki, istifadə olunur, Səhiyyə Nazirliyi bu işlə məşğul olanlara qadağa qoymayıb. Amma xalq təbabəti ağıllı və savadlı peşəkarlar tərəfindən həyata keçirilməlidir.

Orqanizmin elə bir həddi var ki, orda xalq təbabətindən istifadə etmək olmaz, əksinə, orqanizmə ziyan gətirər. Bu halda inkişaf etmiş elmin və həkimlərin qazandığı müasir tibbi nailiyyətlərdən istifadə edərək müalicə aparmalıyıq.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA