Baş prokuror Muradov işdən çıxarıldı, barəsində cinayət işi qaldırıldı - Prezident Mirziyoyev prokurorlara divan tutur...

  • 2019-06-21 13:25:07
  • |
  • Dünya /

Baş prokuror Muradov işdən çıxarıldı, barəsində cinayət işi qaldırıldı - Prezident Mirziyoyev prokurorlara divan tutur...

İyunun 20-də Özbəkistanda da güc strukturlarından birində çaxnaşma baş verib.

Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, prezident Şövkət Mirziyoyev baş prokuror Otabek Murodovu vəzifəsindən azad edib. 44 yaşlı Murodovun vəzifəsindən azad edilməsinin səbəbi həmin gün açıqlanmayıb, prezidentin digər sərəncamı ilə onun yerinə 57 yaşlı Niqmatulla Yuldaşev təyin edilib. Yuldaşev 2015-ci ildən bəri xalq məclisi Senatının rəhbəri idi.

Baş prokurorun işdən çıxarılmasının səbəbini bu gün prezident Senatın plenar iclasında açıqlayıb. Mirziyoyev bildirib ki, Otobek Murodovun barəsində cinayət işi qaldırılıb. O, rüşvət almaqda günahlandırılır.

Prezidentin sözlərinə görə, keçmiş baş prokuror 50 və 100 min dollarında rüşvət alıb. Mirziyoyev yeni baş prokurordan tələb edib ki, prokurorluq orqanlarında qayda-qanun yaratsın. Əks halda prokurorluq orqanlarının əməkdaşlarının 60 faizini işdən azad edəcək.

Otobek Murodov 2018-ci ilin yanvarında həmin vəzifəyə təyin edilmişdi. Onun sələfi İxtiyor Abdullayev isə həmin il fevralın sonlarında rüşvət almaq, vəzifə səlahiyyətlərini aşmaq ittihamı ilə həbs edilmişdi. Hazırda Abdullayevin məhkəməsi gedir.

Murodov 2015-ci ildən bəri Özbəkistanda işdən çıxarılan və barəsində cinayət işi qaldırılan üçüncü baş prokurordur. 2000-2015-ci illərdə baş prokuror işləmiş Rəşid Qədirov da analoji ittihamla həbs edilib.

“Azadlıq” radiosunun özbək xidməti məlumat verir ki, Otabek Murodov hələ iyunun 17-də işdən azad edilibmiş, amma sərəncamı 3 gün sonra verilib. Onun keçmiş baş prokuror və Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş rəhbəri İxtiyor Abdullayevə qarşı qaldırılmış cinayət işində fiqurant olduğu bildirilir.

Güc strukturlarına yaxın mənbə deyib ki, Otabek Murodov işdən çıxarılmazdan əvvəl bir neçə məmurdan və ona yaxın şəxslərdən baş prokurorun əleyhinə ifadə alıblar. Həmin ifadələr korrupsiya ittihamları ilə bağlıdır.

Digər mənbə bildirib ki, Murodov vilayət hakimlərinin-icra hakimiyyəti başçılarının prezidentə şikayətlərindən sonra vəzifədən azad edilib. “Prokurorlardan xoşu gəlmədiyini deyən Mirziyoyev Murodovun təyinatından sonra ona geniş səlahiyyətlər vermişdi. O, Murodova tapşırmışdı ki, sahibkarların mənafelərini qorusun və və aqromüfəttişliyi də ona həvalə etmişdi. Murodov isə öz növbəsində aqromüfəttişliyə rəhbərlik edən prokurorlara tapşırmışdı ki, dövlətə taxıl və pamblq təhvil verilməsində “pripiska”ya son qoysunlar. Bundan sonra bəzi vilayətlərdə aqromüfəttişliyin rəhbərləri yerli icra hakimlərini pambıq zavodlarına buraxmadılar. “Pripiska” azaldı, amma nəticədə bəzi vilayətlərdə pambıq planını doldura bilmədilər. Buna görə prezident icra hakimlərini danladı, Daşkənd vilayətinin hakimini azad etdi. Narazı icra hakimləri isə Murodovun barəsində prezidentə xəlvəti donos ötürməyə başladılar. Murodov qanunlara əməl etmək istəyirdi, icra hakimləri isə buna qarşı idi. İndi özünüz baxın, bu situasiyada kim qalib gəldi”,-mənbə deyib.

Prezident Mirziyoyevin baş prokuror Murodovdan narazı olduğu hələ 6 ay əvvəl məlum idi. Bu il yanvarın 10-da Mirziyoyev Təhlükəsizlik Şurasının genişləndirilmiş iclasında ölkədə cinayətkarlığın səviyyəsinin artmasından narazılığını bildirərək iki dəfə Murodova irad bildirib.

“Ey, prokuror, mənə yaxşı qulaq as, əgər cinayətlərin sayı azalmasa mən səi Baysun rayonuna (Surxandərya vilayəti) prokuror göndərəcəyəm. Sonra sürgündə dolaşacaqsan”-Mirziyoyev ona deyib.

Həmin iclasdakı çıxışında prezident deyib. “Mən Murodova dedim: “Sən işin öhdəsindən gələ bilmirsən, bacarmırsan. Bacarmırsansa gedəcəksən. Hansısa ucqar rayona gedəcəksən. Səni məsələn, Baysun rayonuna prokuror təyin edəcəm. Sonra isə taleyin öz əlində olacaq”.

Mənbələr deyirlər ki, həmin xəbərdarlıqdan sonra Murodov “çemodan əhvalında” işləyirdi.

Digər mənbə-adının açıqlanmasını istəməyən məmur isə deyib ki, Murodov səhər saat 6-dan gecə saat 2-yə qədər işləyirdi, Mirziyoyevə çox sadiq adam idi. “Əgər prezident onu da içəri salsa o zaman Murodov son üç ildə həbs edilən üçüncü baş prokuror olacaq. Bu isə pis siqnaldır”-mənbə deyib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA