Baş redaktorun məhkəməsinə şahidlər gəlmədi

Baş redaktorun məhkəməsinə şahidlər gəlmədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Bastainfo.com” saytının baş redaktoru, Müsavat Partiyasının Mətbuat xidmətinin rəhbəri Mustafa Hacılının cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Zülfiyyə Babayeva, Arzuxanım Məmmədova və İlahə Xalidovanın məhkəməyə gəlmədiyi elan olunub.

Daha sonra M.Hacılının qardaşı oğlu Tural Hacıbəyli ifadə verib. O deyib ki, saytın texniki problemlərinin həllində əmisinə kömək edib, lakin orada çalışmayıb.

M.Hacılının vəkili Osman Kazımov T.Hacıbəylinin dindirilməsinə etiraz edib.

Məhkəmənin növbəti iclası fevralın 5-nə təyin edilib.

Qeyd edək ki, M.Hacılı Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Xatırladaq ki, “Criminalaz.com” saytının baş redaktoru Anar Məmmədov barəsində də eyni maddələrlə ittiham irəli sürülüb. Onun cinayət işi üzrə məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar Mikayılovun sədrliyi ilə araşdırılır.