Bayılda köçkünlərin problemi həll olunmamış qalır: Sakinlərdən yeni aksiya xəbərdarlığı

  • 2019-02-18 12:00:12
  • |
  • Sosial /

Bayılda köçkünlərin problemi həll olunmamış qalır: Sakinlərdən yeni aksiya xəbərdarlığı

“Nazirlər Kabinetinin qarşısına gedəcəyik...”

Bayıl yamacında sürüşmə zonasında yaşayan 27 məcburi köçkün ailəsinin problemləri həll olunmamış qalıb. Belə ki, məcburi köçkün ailələrinə Səbayel Rayon İcra Hakimiyyətindən bildirilib ki, sürüşmə zonasında yaşayan köçkün ailələrinə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Qobudan ev verəcək. Bu isə onların narazılığına səbəb olub.

Məcburi köçkün ailələri bildirirlər ki, araşdırma aparıb öyrəniblər ki, onlara veriləcək evlər müvəqqətidir və bu evləri kimsəyə satmaq mümkün deyil. Eyni zamanda həmin evlər Bakının mərkəzindən xeyli uzaqdır. Bütün bunlara etiraz olaraq məcburi köçkün ailələrin fevralın 15-də Bayılda aksiya keçirdilər. Bu aksiya barəsində geniş məlumat verdiyimiz üçün məsələyə bir daha detallı toxunmuruq. Sakinlərdən aldığımız məlumata görə, aksiyalardan icra başçısı xəbər tutub və onlara yeni vədlər verilib.

Sakin Elməddin Muradlı məsələ ilə bağlı “Yeni Müsavat”a aşağıdakıları bildirdi: “Məcburi köçkün ailələrindən 4 nəfər başçının qəbulunda olub. İcra başçısı onlara söz verib ki, təkliflərinizi Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə yazmışıq və gözləyirik ki, qərar necə olacaq. ”Qaçqınkom" həmin evləri heç bir sənəd olmadan verir. Yəni sən həmin evləri sata, bağışlaya bilməzsən. Ümumi şərtləri bizə də aid ediblər. Öyrənmişik ki, hazırda “Qaçqınkom”un balansında heç havada qalan ev yoxdur ki, onu da bizə versin. Hazırda bu qurum zirzəmidə, yataqxanada pis vəziyyətdə yaşayan məcburi köçkünləri evlə təmin edir. Bayılda etiraz edən camaatın da tələbi budur ki, bizə ya normal qaydada kompensasiya verilsin, ya da illərlə əziyyət çəkib tikdiyimiz evi tərk etmirik. Orada məcburi köçkün olmayan, digər rayonlardan olan camaata kompensasiya veriləcəyini söyləyiblər.

Sakin Elməddin Muradlı ile ilgili görsel sonucu

Elməddin Muradlı

Başa düşmürük ki, məsələn, Ağdaşdan gələnlə, Zəngiləndan gələnin fərqi nədir. Biz də ev tikən zaman pulunuzu alıblar, heç bir kömək etməyiblər, onlara da eyni münasibət göstərilib. Yəni məcburi köçkünlər burada ev tikən zaman heç bir dövlət orqanının nümayəndəsi bizə bir kisə sement də verməyib. Əksinə, bəziləri hələ gəlib, pul alıblar. Səbayel Rayon İcra Hakimiyyətinin bizi digər sakinlərdən ayırmasını həqarət kimi qəbul edirik. Digər sakinlərə kompensasiya verilir, bizə isə dövlətin balansında olan ev. Bu necə haldır? Mərhum prezident Heydər Əliyevin sərəncamı olub ki, məcburi köçkünlər harada məskunlaşıblarsa, orada da qalmalıdır. Əgər çıxarılırsa, bunun qarşılığı təmin edilməlidir".

E.Muradlı bildirib ki, icra başçısı bir neçə gün ərzində bizə yekun cavabı verəcəyinə söz verib: “Deyib ki, biz də sizin işinizin düzəlməsi üçün çalışırıq. Aləmi bir-birinə qatıb, sonra da onu düzəltməyə çalışmaq nə deməkdir? İki aydır icra başçısı söz verir ki, sakinlərlə görüşəcək. Hər həftə sakinlər əraziyə yığışırlar, ancaq başçı gəlmir. Bir dəfə də Bayıl ərazisinə gəlib, ancaq başqa küçədən keçərək, sakinlərlə görüşməyib. Belə vəziyyətdəyik. Sakinlər bildirirlər ki, bu həftə də cavab verilməsə, Nazirlər Kabinetinin qarşısına gedəcəklər. İcra başçısı, MİS sədri deyir ki, siz yuxarıları narahat etməyin, problemi özümüz həll edəcəyik. Ancaq problemi elə özləri yaradıblar. Məcburi köçkün olmayan digər sakinlər gizlin formada görüşə çağırıb, köçürmə üçün sənəd toplayırlar. Onlara kompensasiya veriləcək. Birinci mərhələdə köçürülən 6 evin sahiblərinə hər kvadrat üçün 700 manat ödənildi. Onlar narazı qalsalar da, başqa çıxış yolları olmadığı üçün pulu aldılar. Çünki evləri tamamilə dağılmışdı. İndi camaat 700 manatı almaq fikrində deyil. İcra hakimiyyətinin nümayəndələri hələ konkret söz deməyiblər ki, nə qədər kompensasiya veriləcək. 2 aydır ki, icra başçısı bizi yola verir. Çalışırlar ki, məcburi köçkün ailələri ilə digər ailələrin arasında parçalanma salalar. Münasibət düzgün deyil. Sakinlər də deyirlər ki, ölkə başçısı daim vətəndaşın yanında olduğunu deyir. Həqiqətən də bunu əməlləri ilə sübut edir. Ancaq bəzi məmurlar camaatın arasında narazılıq yaradıb, köçkünlə yerli camaat arasında fərq qoyurlar. Bizim nəyimiz əskikdir? Hər kəs evini necə tikibsə, biz də həmin əziyyətlə tikmişik. ”Qaçqınkom"la da maraqlandım və öyrəndim ki, onların bu cür məsələlərlə bağlı ayırmağa mənzilləri yoxdur. Sumqayıtda, Bakıda onlarla ailə zirzəmidə yaşayır. Hələ heç onları tam köçürməyiblər. Bizi necə köçürəcəklər?"

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA