BDU REKTORLUĞU UĞRUNDA SAVAŞ – Abel Məhərrəmovun komandasında məmur qapısını döyənlər…

BDU REKTORLUĞU UĞRUNDA SAVAŞ – Abel Məhərrəmovun komandasında məmur qapısını döyənlər…

Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmov İspaniyada baş verən məlum qalmaqal sonrası vəzifəsindən azad edildiyi gündən, onun yerinə müxtəlif iddialı şəxslər meydana çıxdı. Hansı ki, bu adamların bir çoxu elə A.Məhərrəmovun keçmiş komandasının üzvləri idi. Lakin təhsil naziri Ceyhun Bayramovun dekabrın 21-də imzaladığı əmrlə BDU rektorunun səlahiyyətləri təhsil nazirinin müavini Firudin Qurbanova həvalə edildi. Bəlli olduğu kimi, Firudin Qurbanov həmin tarixdən BDU-nun icraçı rektoru vəzifəsini daşımaqla yanaşı, Təhsil Nazirliyindəki nazir müavini postunda da qalmaqdadır.

Hurriyyet.org-un etibarlı mənbələrdən əldə etdiyi informasiyaya əsasən, F.Qurbanovun hazırda rektorun səlahiyyətlərini icra etməsinə rəğmən, sabiq rektor Abel Məhərrəmovun komandasının bəzi üzvləri hələ də BDU-nun rəhbəri olmaq iddialarından əl çəkməyiblər. Bunlardan biri kimi BDU-nun Huquq fakültəsinin dekanı Əmir Əliyevin adı çəkilir. Bildirilir ki, A.Məhərrəmov komandasının ən parlaq simalarından biri olan Ə.Əliyevin aylardır BDU rektoru olmaq üçün döymədiyi qapı qalmayıb.

Mənbə deyir ki, Abel Məhərrəmovun rektorluğu dönəmində Hüquq fakültəsi ən pullu, belə demək olarsa, ən çox “gəlir” gətirən fakültə olduğundan, Əmir Əliyev də keçmiş rektoru kimi heç də pis qazanmırmış. Odur ki, Əmir müəllimin indi bütün qazancını xərcləməklə rektorluq iddiasını həyata keçirməyə çalışdığı deyilir.

Məlumata görə, A.Məhərrəmovun rəhbərliyi dönəmində olduğu kimi, ötən sessiyada da BDU-nun Hüquq fakültəsində külli miqdarda pullar toplanıb. Bildirilir ki, bu məsələdən rektorun səlahiyyətlərini icra edən Firudin Qurbanovun xəbəri olmayıb, toplanan pullar keçmiş komandanın bəzi üzvləri arasında “pay-pürüş” edilib.

O ki qaldı Əmir müəllimin BDU rəhbəri olmaq iddiasına, mənbənin sözlərinə görə, o, bu məqsədlə Hüquq fakültəsində təhsil alan bəzi məmur övladlarının köməyindən də istifadə etməyə çalışır. Ümumiyyətlə, Əmir Əliyevin Abel Məhərrəmovun rektorluğu dönəmində də hər zaman vəzifəli şəxslərin övladlarına “qayğı” ilə yanaşdığı bildirlir. İddia olunur ki, Hüquq fakültəsində oxuyan vəzifəli şəxslərin övladlarının hər birinin adı, telefon nömrələri və ünvanları onun kitabçasında ayrıca qeyd olunur. O, əlverişli məqamlarda həmin tələbələrin valideynləri ilə münasibət qurmağa çalışır ki, gələcəkdə bu və ya digər məsələdə onların dəstəyindən yararlana bilsin.

Mənbə deyir ki, BDU-nun Hüquq fakültəsi bəzi məmurlarla münasibət yaratmaq üçün əlverişli yerdir. Məsələn, bu fakültənin nəzdində Müdafiə Komissiyası fəaliyyət göstərir ki, onun rəhbərləri sırasında Daxili İşlər Naziri Ramil Usubov, Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanov və s. məmurlar yer alır. Bu isə o deməkdir ki, Əmir müəllimin məlum komissiyada təmsil olunan məmurlarla təmaslar qurması heç də çətin deyil...

Məlumata görə, hazırda Əmir Əliyev BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru İradə Əliyeva ilə əlaqəli çalışır. Hüquq fakültəsinin dekanı bütün görülən işlər bağlı məlumatı rektora deyil, məhz İradə Əliyevaya verir. Deyilənə görə, o, İ.Əliyevanı da tezliklə rektor olacağına inandırıb...

Yeri gəlmişkən, hazırda rektorun səlahiyyətlərini icra edən Firudin Qurbanovun fəaliyyəti BDU-nun müəllimləri tərəfindən çox müsbət qarşılanır. Adının çəkilməsini istəməyən əməkdaşlardan biri deyir ki, F.Qurbanov qısa müddətdə çox böyük işlər görüb. Onun sözlərinə görə, keçmiş rektorun adamları öz köhnə vərdişlərindən əl çəksələr, universitetdə daha böyük işlər görmək olardı. “Amma onlar bütün vasitələrlə Firudin müəllimin fəaliyyətinə mane olur, bəzi hallarda onun gördüyü işləri də öz adlarına çıxmağa çalışırlar” – deyə, həmsöhbətimiz vurğuladı.

Əmir Əliyevin rektor olmaq iddiasına gəldikdə isə, BDU əməkdaşı bunları dedi: “Bakı Dövlət Universiteti uzun illərdir Abel müəllimin rəhbərliyi altında get-gedə öz nüfuzunu itirməkdəydi. Universitet yeni-yeni öz fəaliyyətində ciddi dönüş etməyə çalışır. Belə bir vəziyyətdə keçmiş rektorun adamlarından hər hansı birinin BDU-ya rəhbər gətirilməsi inkişafın qarşısını almaqla yanaşı, universitetin nüfuzuna daha böyük zərbə olar. Çünki o adamların fəaliyyəti hər birimizə bəllidir. Onlar universitetin, gənclərimizin gələcəyi üçün deyil, özlərinin şəxsi ambisiylarını, çıxarlarını təmin etmək üçün bu vəzifəyə gəlməyə çalışırlar”.

Hurriyyet.org

P.S. Bakı Dövlət Universitetinin rektoru olmaq üçün yüksək vəzifəli qohumlarının və tanışlarının köməyindən yararlanmağa çalışan və Abel Məhərrəmovun komandasının üzvü olan daha bir şəxsin faəliyyəti ilə bağlı növbəti yazımızda geniş məlumat verəcəyik. Bizi izləyin!