Bəhreynli diktator Qarabağ atları ilə mənfi imicini “yuyur” – İnsan haqları fəalları "Jaguar" və "Rolex" şirkətlərini ittiham edir - ARAŞDIRMA

Bəhreynli diktator Qarabağ atları ilə mənfi imicini “yuyur” – İnsan haqları fəalları "Jaguar" və "Rolex" şirkətlərini ittiham edir - ARAŞDIRMA

Ceymi Merrill

“Middle East Eye”

“Jaguar Land Rover” və “Rolex” Bəhreynin sponsorluğu ilə keçirilən “Royal Windsor Horse Show” at yarışlarından xəcalətli duruma düşüb. Səbəb – cırtdan ərəb ölkəsində insan haqlarının kütləvi pozulmasıdır.

Bəhreyn İnsan Haqları və Demokratiya İnstitutu (BİHDİ) və Londondakı bir hüquq müdafiə qrupu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) şikayət edərək, sözügedən iki şirkətin Bəhreynin sponsorluq etdiyi yarışa dəstəyinə şikayət bildirib.

İƏİT qaydalarına görə, transmilli firmalar insan haqlarına təsir göstərə biləcək hər hansı bir işgüzar danışıq və ya sövdələşməyə lazımi diqqət göstərməlidir.

BİHDİ lüks avtomobil istehsalçısının və dəbli saat markasının bu qaydaya müvafiq hərəkət etmədiyini iddia edib.

İnstitut hürriyyət fəallarına, qadağan edilmiş müxalifət partiyalarına və həbsxana işgəncə görən siyasi məhbuslara istinadla uzun müddətdir Bəhreyn hökuməti əleyhinə kampaniya aparır.

Tədbirin təşkilatçıları olan “HPower Group”un adı da 11 aprel tarixli şikayətdə hallandırılıb.

Kral Həmad Bin İsa əl-Xəlifə 2017-ci ilin oktyabr ayında kraliça II Elizabetdən hədiyyə olaraq “Həmdani Raad” adlı atı qəbul edir

Sosial mövsümün başlanğıcı

İƏİT-ə şikayət mayın 2-də açılacaq və 75-ci ildönümünü qeyd edəcək yarışlardan əvvəl çatdırılıb.

Tədbir Britaniya və Bəhreynin kral ailələrinin yay proqramlarında əsas hadisəsidir. Kral Həmad bin İsa əl-Xəlifə müntəzəm olaraq at yarışlarında iştirak edir və Bəhreyn xanədanı tədbirə sponsorluq edir.

Ötən il Bəhreyn hökmdarı kraliça ilə lüks, qızılı işləməli “Bahrain Lounge” oturub, “Land Rover” və “Jaguar” idman avtomobillərindən zövq alıb.

Həmad 2011-ci ildə başlamış azadlıq hərəkatı fəallarına qarşı işgəncələrində iştirak etdiyinə dair iddiaları rədd edərək, yenidən şahzadə Nasir Həmad əl-Xəlifə ilə birgə yarışlarda iştirak etməyi planlaşdırır.

Ötən il Nasir tədbirin mərkəzi hissəsində qalibə “Kral Kuboku”nu təqdim edib.

Bəhreynli cütlük Azərbaycanın Qarabağ bölgəsindən olan atlarının nadir tamaşasından bu il də həzz alacaqlar.

BİHDİ tərəfindən verilən şikayətə görə, tədbirin sponsorları “Bəhreyn Krallığı ilə “Royal Windsor Horse Show” arasında əlaqələrin insan hüquqlarına uyğunluğu ilə əlaqədar lazımi qaydanı araşdırmayıblar”.

Şikayətdə əlavə edilir: “Tədbirin Bəhreyn rəhbərliyi ilə assosiasiyası onları dünyaya öz mövqeyini nümayiş etdirmək üçün platforma ilə təmin edir, Britaniyanın kral ailəsi ilə yaxın əməkdaşlığı davam etdirməyə və həmişəki kimi, iş dünyasında müsbət görünüşlərini təqdim etməyə imkan verir. Bu, ölkədə davam edən insan haqları pozuntularına dair reallığına ziddir”.

“Jaguar Land Rover”-in sözçüsü bildirib ki, “Royal Windsor Horse Show”-a verdiyi dəstək “heç bir siyasi səbəb və siyasi gündəmi nəzərdə tutmayan idman tədbirinə münasibət”ə əsaslanır.

“HPower Group”-un sözçüsü isə “MEE”-a bildirib ki, “HPower və (BİHDİ daxil olmaqla) hər hansı digər tərəfin prosesə xələl gətirə biləcək şərh verməsi yanlış olardı”.

Açıqlamaya bu da əlavə edilib: “BİHDİ tərəfindən qaldırılan məsələlərin tamamilə təməlsiz olduğuna inanırıq və bu, müəyyən partiyaların siyasi baxışları təşviq etməsi üçün uzun müddətdir qeyri-siyasi idman fəaliyyətindən istifadə etməyə cəhdidir”.

“Rolex” gəlincə, o, şərhdən yayınıb.

İnsan haqları böhranı

Britaniya və bəhreynli kral ailələrinin uzun dostluq tarixçəsi var və Həmad 2016-cı ildə kraliçanın 90 illik yubileyinə dəvət olunub. “Human Rights Watch” bunu “yanlışlıq” adlandırıb.

Kampaniya iştirakçıları da deyir ki, keçən il Bəhreyndən olan kiçik qrup tərəfindən tədbirdə təşkil edilən etiraz nümayişləri zamanı Bəhreyndəki ailələrinin üzvləri yerli polis şöbəsinə çağırılıb.

Etirazçıların ailə üzvləri zorakılığa məruz qalıb və onlara açıq-aşkar şəkildə “Vindzor”dakı aksiyaya görə dindirildikləri söylənib.

Bəhreyn rejimini repressiyalara görə tənqid edən “Human Rights Watch” və “Amnesty İnternational” iddia edir ki, qlamur idmana maraqdan ölkənin mənfi görünüşünün “yuyulması” üçün istifadə olunur.

“Amnesty”-yə görə, 2016-cı ilin iyun ayından etibarən Bəhreyndəki vəziyyət “insan haqları ilə bağlı böhrana çevrilib”.

Hüquq müdafiə qrupu da “səlahiyyətlilər ifadə azadlığına qarşı təzyiqləri gücləndirib” deyir. Qrup, həmçinin həbsxanalarda işgəncə və pis rəftara dair etibarlı hesabatların mövcudluğunu dilə gətirib və hakimiyyətin Avropaya sürgün edilmiş Bəhreyn fəallarını hədəf aldığını, ailə üzvlərinin isə təzyiqlərə məruz qaldığını söyləyir.

BİHDİ-li hüquq müdafiəçisi Seyyid Əhməd Əlvada “MEE”-ya bildirib ki, “Jaguar Land Rover” və “Rolex” “kral Həmad üçün qırmızı xalı səriblər”. O əlavə edib: “Bu şirkətlərin məlum hadisələrdən sonra da at yarışına bağlılığını davam etdirməsi onların insan haqlarına olan sədaqətini şübhə altına alır”.

BİHDİ tədbirə sponsorluqla BMT-nin biznes və insan hüquqları üzrə təlimatlarını pozduğunu söyləyir. Təlimatlara görə, firmalardan “əməliyyatlar, məhsullar və ya xidmətləri ilə əlaqəli mənfi insan haqlarına təsirlərin qarşısını almaq və ya azaltmaq tələb olunur”.

İƏİT-ə şikayət məsələsində BİHDİ ilə işləyən “Deighton Pierce Glynn”-in hüquq məsləhətçisi Daniel Keri “MEE”-ya deyib: “Əgər idman tədbirlərinin təşkilatçıları bədnam bir dövlət başçısı ilə əməkdaşlıq edirsə, o zaman bu, idmanın siyasətdən kənarda olduğunu iddia etmək üçün kifayət deyil. İnsan haqlarını pozan dövlətlər nüfuzlarını bərpa etmək üçün müəyyən tədbirlərdən istifadə edirlər. Hətta Böyük Britaniyada belə şirkətlər buna görə cavab verməlidirlər. Müştərim İƏİT sisteminin bunu qəbul edəcəyinə ümid edir”.

Bəhreynin Londondakı səfirliyi dəfələrlə krallıqda insan hüquqlarının pozulmasını təkzib edib və Londondakı bəhreynli mühacirlərin “Birləşmiş Krallığa səfər edən Bəhreynli vətəndaşları və yüksək rütbəli bəhreynliləri təhdid etdiyini” iddia edir.

ABŞ-ın əsas dəniz bazası və Britaniyanın kiçik bazasının olduğu Bəhreyndə 2011-ci ildə “Ərəb baharı”ndan bəri siyasi gərginlik hökm sürür.

Hakim sünni hökmdar ailəsi əsas şiə müxalifət qrupunu – “əl-Vəfaq”ı qadağan edib və Bəhreynin ən məşhur şiə din xadimi İsa Qasimin vətəndaşlığını ləğv edərək, müxalifəti boğur.

Bəhreyndəki hökumət İrana qarşı bir dəlil kimi görülür və 2011-ci ildə Britaniya hökuməti şiə əksəriyyətin etiraz nümayişçilərini yatırmaqda hakim ailəyə güclü dəstək verib.

Tərcümə: Strateq.az

Loading...

QALEREYA