Bəxtiyar Əliyev: Regionda maraqları olan dövlətlər Ermənistanı alət kimi istifadə edir

Bəxtiyar Əliyev: Regionda maraqları olan dövlətlər Ermənistanı alət kimi istifadə edir

Ölkə prezidentin bu son bir ildə, 11 ay ərzində gördüyü işləri qiymətləndirmək üçün onun miqyasına nəzər salmaq lazımdır.

2018-ci il və onun davamı - 2019-cu il böyük islahatlar ilidir. Ölkənin iqtisadiyyatında və bütün sahələrdə çox böyük irəliləyişlər əldə edilib, əhalinin sosial müdafiəsi gücləndirilib. İqtisadiyyatda böyük artımlar mövcuddur.

Diplomatiya sahəsində böyük uğurlarımız var.

Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmləndirilib.

Hurriyyet.org xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında millət vəkili, professor Bəxtiyar Əliyev deyib.

Onun sözlərinə görə, xüsusilə də, Avropa İttifaqı (Aİ) ilə qarşılıqlı əməkdaşlıq keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub:

“Elə bu son günlərdə Avropa İttifaqında qəbul olunmuş bəzi qərarlar, qətnamələr göstərir ki, Azərbaycan dövlətinin siyasəti uğurla inkişaf etdirilir.

Həmçinin, Qarabağ məsələsinin həllində də Azərbaycanın mövqeyini cənab prezident dəfələrlə bu cür ifadə edib ki, problem yalnız ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilə bilər.

Çox müsbət haldır ki, artıq dünya ictimaiyyəti də, beynəlxalq qurumlar da bu həqiqəti qəbul etməyə başlayıblar.

Hesab edirəm ki, bu gün Azərbaycanın güclü iqtisadiyyatı, güclü ordusu, uğurlu diplomatiyası, ölkədəki ictimai-siyasi sabitlik və əhalinin prezidentin siyasətini tam dəstəkləməsi Qarabağ məsələsinin də cənab prezidentin irəli sürdüyü konsepsiya əsasında həllini tezləşdirəcək”.

B. Əliyev bu yerdə onu da qeyd edib ki, Qarabağ məsələsini əslinə qalanda heç bir vaxt Ermənistan həll etməyib:

“Ermənistana dəstək verən və regionda maraqları olan dövlətlər Ermənistanı daim alət kimi istifadə ediblər.

Şübhəsiz ki, indiyənə qədər Ermənistana rəhbərlik etmiş şəxslər, Qarabağda, Azərbaycanın digər bölgələrində soyqırımı həyata keçirmiş cinayətkarlar hakimiyyətdən devrildikdən, Paşinyan və komandasının ölkə rəhbərliyini çevriliş yolu ilə ələ keçirməsindən sonra həmin dövlətlər bu təzyiq alətini daha da gücləndiriblər.

Təbii ki, Ermənistanda baş vermiş hakimiyyət dəyişikiliyi nəticəsində cinayətkarların, hərbi canilərin artıq başqa məsələlərə, cinayətlərə görə məsuliyyətə cəlb edilməsi mövqeləri dəyişdirib və bu mövqelər nəticə etibarı ilə Azərbaycanın xeyrinə dəyişməyə başlayıb.

Amma biz bu gün yenə təhdidləri eşidirik, yenə də Ermənistan güclü silahlanmaya cəlb edilir və Azərbaycan da bunlara preventiv cavab tədbirləri hazırlayır.

Bu gün Azərbaycan ordusunun irimiqyaslı təlimləri onu göstərir ki, Azərbaycan suveren dövlətdir, müstəqil siyasət həyata keçirir.

Azərbaycan ordusu ölkə əhalisinin təhlükəsizliyini və regionda sülhü qorumaq üçün işğalçı qoşunların ərazidən çıxarılması və bölgədə sülhün təmin edilməsinə tam hazırdır.

Amma biz istəyirik ki, məsələ sülh yolu ilə həll edilsin.

Vasitəçilər, həmsədrlər və Ermənistanda olan rejim də bunu nə qədər tez anlasa, o qədər yaxşıdır...”- deyə, B. Əliyev sözlərinə əlavə edib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA