Beynəlxalq maliyyə institutları və Azərbaycan

Beynəlxalq maliyyə institutları və Azərbaycan

Böhranların qarşısının alınmasında səmərəli taktikanın önəmi

Azərbaycanın son illərdə ciddi makroiqtisadi uğurlara imza atması, beynəlxalq əhəmiyyətli layihələrin gerçəkləşməsində aparıcı söz sahibi kimi çıxış etməsi və qlobal maliyyə böhranı şəraitində dinamik artım tempini qoruyub saxlaması dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış, təcrübədən uğurla çıxmış çevik mexanizmlər əsasında həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Respublikanın bütün problemlərinə dövlətçilik mənafeyindən yanaşan, ictimai həyatın müxtəlif sahələrindəki çatışmazlıq və nöqsanlar barədə dolğun təsəvvürə malik Azərbaycan praqmatik idarəçilik keyfiyyətləri sayəsində qlobal böhran şəraitində qarşıda duran prioritet vəzifələri dəqiq şəkildə müəyyənləşdirə bilmişdir.

Respubliamızda elmi əsaslarla yeridilən sosial-iqtisadi strategiya nəticəsində cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunması inkişaf prosesində yüksək dinamizmi və məqsədyönlülüyü təmin etmiş, hər bir mərhələ üçün qarşıda duran vəzifələrin həllinə real imkanlar açmışdır. Cəmiyyət qarşısında verilən bəyanatlara və yürüdülən effektiv siyasətin reallığa adekvat uyğunluqla son 7 ildə əməli işi ilə sübuta yetirilən və formalaşan işlək mexanizmlər əsasında islahatların ardıcıllığını təmin etmiş, ictimai həyatın bütün sahələrində intibah və tərəqqinin əsasını qoymuşdur. Bir sıra qabaqcıl Qərb dövlətlərinin onilliklər boyu keçdiyi inkişaf mərhələlərini qısa zamanda adlamağa müvəffəq olmuş respublikamızın dünyanı sarsıdan qlobal böhrandan minimum itki ilə çıxması və ümumi daxili məhsul istehsalında əvvəlki yüksək tempi qoruyub saxlaması nüfuzlu beynəlxalq iqtisadi-maliyyə dairələrində də heyrətlə qarşılanır. Ən müxtəlif iqtisadi mərkəzlər respublikanın davamlı yüksəlişi timsalında XXI əsrin yeni iqtisadi fenomenini görür, Azərbaycan modelinin mahiyyətini öyrənməyə çalışırlar. Dünyanın aparıcı maliyyə-iqtisadi qurumları məhz son iki ilin nəticələrinə görə Azərbaycan iqtisadiyyatının çətin sınaqdan üzüağ çıxdığını etiraf edirlər. Dünya Bankı, Ümumdünya İqtisadi Forumu, Beynəlxalq Valyuta Fondu, MDB Statistika Komitəsi, "Avrostat" və digər qurumlar qlobal böhranla müşayiət olunan 2008-2010-cu illəri Azərbaycan üçün kifayət qədər uğurlu sayırlar.

ABŞ-ın təqdir etdiyi iqtisadi siyasət

ABŞ-ın Cons Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutunun iyunun 16-da "Qlobal maliyyə böhranının Mərkəzi Asiya və Qafqaz dövlətlərinə təsiri" mövzusunda keçirdiyi konfrans bu baxımdan diqqəti xüsusilə çəkir. Konfransın işində Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının aparıcı mütəxəssisləri, ABŞ-ın iqtisadi təhlilçiləri, Vaşinqtondakı diplomatik korpusun nümayəndələri iştirak etmişlər. Məruzəçilər qlobal maliyyə böhranının Mərkəzi Asiya və Qafqaz bölgəsində yerləşən səkkiz dövlətin iqtisadi və maliyyə sektorlarına təsirinə toxunmuşlar. Məruzələrdə Azərbaycanın qlobal iqtisadi böhrandan ən az zərər çəkən ölkə olduğu bir daha vurğulanmışdır. Mütəxəssislərin fikrincə, 2007-2008-ci illərdə Azərbaycanda iqtisadiyyatın artım dinamikası daha yüksək olmuşdur. 2008-ci ildə isə Dünya Bankı biznesin aparılması proqramı üzrə Azərbaycanı "islahatçı ölkə" elan etmişdir. Beynəlxalq Valyuta Fondunun Yaxın Şərq və Orta Asiya departamentinin nümayəndəsi Ratna Sahay "Qlobal maliyyə böhranının Mərkəzi Asiya və Qafqaz dövlətlərinə təsiri" mövzusunda konfransda demişdir: "Böhran dövrü Azərbaycan iqtisadiyyatına bir o qədər də böyük ziyan vurmamışdır. Hətta bəzi sahələrdə dinamik inkişaf da müşahidə edilmişdir. Bu, aparılan düzgün və məqsədyönlü siyasətin nəticəsidir. Onu da deyim ki, Azərbaycandan daha çox neft ehtiyatlarına malik olan Rusiya və Qazaxıstan kimi ölkələrdə belə inkişaf nəzərə çarpmır. Ümid edirəm ki, Azərbaycan gələcəkdə də çoxşaxəli iqtisadi inkişafını davam etdirəcəkdir".

ABŞ-ın Cons Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutunun qlobal böhranın region ölkələrə təsiri ilə bağlı tədqiqatları obyektiv mənzərəni əks etdirir. Məsələ bundadır son iki ildə davam edən qlobal maliyyə-iqtisadi böhran inkişaf etməkdə olan dövlətlərdə resessiya ilə nəticələnmiş, dünya sənaye istehsalı, əmtəə dövriyyəsi, sərnişin və yük daşımaları azalmış, işsizliyin səviyyəsi yüksəlmiş, əhalinin real gəlirləri azalmışdır. Böhrandan ən çox əziyyət çəkən sahələr tikinti, emal və hasilat sənayeləri olmuş, bir çox ölkələrdə bankların, müəssisələrin və əhalinin kreditləşmə imkanları daralmış, son nəticədə investisiya fəallığı və istehlak tələbi azalmışdır. Böhranın dalğası Azərbaycanın yerləşdiyi bölgədəki ölkələri də sarsıdaraq onlarda iqtisadi vəziyyətin pisləşməsinə, ümumi daxili məhsulun həcminin azalmasına gətirib çıxarmışdır. MDB-nin üzvü olan əksər dövlətlərdə bu azalma 6 faizdən çox, Ermənistan kimi perspektivsiz ölkədə, hətta 20 faiz olmuşdur. Rusiya və Qazaxıstan kimi kifayət qədər neft-qaz ehtiyatlarına malik ölkələr hələ də böhranın mənfi təsirlərini aradan qaldıra bilmirlər.

Qlobal böhranlardan Azərbaycan necə yan keçə bildi

Qlobal böhranların Azərbaycana təsirinin az olmasında heç də neft gəlirləri başlıca rol oynamır. Yəni, ağır sınaqlardan üzüağ çıxan respublika iqtisadiyyatının inkişaf dinamikasında qeyri-neft sektoru da əhəmiyyətli paya malikdir. Son illərdə daxili investisiya qoyuluşlarının həcminin əhəmiyyətli dərəcədə artması, xaricdən maliyyə asılılığının minimuma endirilməsi, real sektorun, istehsalla məşğul olan müəssisələrin hərtərəfli dəstəklənməsi, daxili bazarın qorunması bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş iclası Avratlantik məkana inteqrasiya kursunu uğurla davam etdirən, transmilli enerji və kommunikasiya layihələrinin lokomotivinə çevrilən, demokratikləşmə yolunda atdığı ardıcıl addımlarla Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan respublikamızın iqtisadi sahədə də dinamik inkişaf etdiyini təsdiqləyir. İclasda səslənən məlumatlardan bir daha bəlli olur ki, son 2 ildə bütün dünya ölkələrində iqtisadi inkişafa ciddi zərbə vuran qlobal maliyyə böhranına baxmayaraq, Azərbaycanın bütün sahələrdə qazandığı yüksək nailiyyətlər ilk növbədə, sistemli və düzgün koordinasiya olunmuş fəaliyyətin məntiqi nəticəsidir.

Dövlət başçısı İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı nitqində vurğuladığı kimi, ötən 5 ildə ölkə iqtisadiyyatında müşahidə olunan yüksək artım hökumətə ən müxtəlif sahələrdə islahatları inamla davam etdirmək imkanı yaradır: "Azərbaycanın uğuru ondan ibarətdir ki, 2004-2009-cu illərdə iqtisadiyyatımız 2,8 dəfə artmışdır. Bunun üzərində əlavə iqtisadi artıma nail olmaq bir daha göstərir ki, apardığımız siyasi, iqtisadi və sosial islahatlar öz nəticələrini verməkdədir. İlin birinci rübündə iqtisadiyyat 5,4 faiz artmışdır. Sənaye istehsalı 5,6 faiz, sevindirici haldır ki, qeyri-neft sektoru 2,8 faiz, kənd təsərrüfatı 1,5 faiz artmışdır. İnflyasiya cəmi 3,8 faiz təşkil etmişdir ki, bu da öz növbəsində, sosial məsələlərin həlli üçün bizə əlavə imkanlar yaradır".

2008-ci ilin ortalarından dünya bazarında neftin qiymətlərinin kəskin şəkildə enməsinə baxmayaraq, dövlət başçısı İlham Əliyevin müəyyənləşdirdiyi çevik və real antiböhran tədbirləri iqtisadi fəallığı qorumuş, dünya miqyasında özünü qabarıq göstərən neqativ proseslərin respublikamıza ciddi sirayət etməsinin qarşısını almışdır. Hökumətin çevik və işlək fəaliyyət mexanizmlərinə əsaslanmaqla müəyyənləşdirdiyi sığortalayıcı mexanizmlərin hər bir mərhələ üzrə işə salınması, daxili maliyyə mənbələrinin bu destruktiv prosesə qarşı səfərbər edilməsi son nəticədə respublikanın qlobal böhrana potensial müqavimət əzmini gücləndirmişdir.

Dövlət dəstəyi və islahatların uğurlu paketi

Milli bankların dəstəklənməsi də daxil olmaqla, ciddi maliyyə monitorinqinin həyata keçirilməsi, kreditlərə və faiz dərəcələrinə, habelə inflyasiyaya nəzarətin gücləndirilməsi, real iqtisadiyyata daimi sərmayə axınının təmin edilməsi, sosial öhdəliklərin vaxtlı-vaxtında yerinə yetirilməsi, sənaye müəssisələrinin fəaliyyət istiqamətinin daxili bazara yönəldilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi bu tədbirlərin yalnız üzdə olan qismidir. Fiksal və monetar siyasətin səmərəliliyi hökumətin qarşısında duran vəzifələri həyata keçirməyə, iqtisadiyyatın inkişafı üçün zəruri maliyyə əsaslarının formalaşdırılmasına da əlverişli imkanlar yaratmışdır. Son iki ilin antiböhran paketinə potensial gəlirlərin vergiyə cəlb olunması, xərclərin daha şəffaf idarəsi, büdcədən maliyyələşən müəssisə və təşkilatlar üzrə maliyyə əməliyyatlarının beynəlxalq standartlara cavab verən mühasibat uçotu qaydalarına uyğunlaşdırılması, kommunal, istehlak, enerji, yanacaq, qaz, su sərfiyyatının qənaətlə aparılması, kommunal sektorda fəaliyyət göstərən təşkilatlar tərəfindən alınan materialların dəyərinin vaxtında və tam ödənilməsi kimi vacib məsələlər də xüsusi qeyd olunmalıdır.

Qlobal böhranın mənfi təsirlərinin qarşısının alınmasına imkan yaradan başlıca amillərdən biri də milli iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla davam etdirilməsi, habelə prioritet istehsal sahələrinin uzlaşdırılması, inkişaf potensialının qarşılıqlı kömək mexanizmi əsasında realizəsidir. Bir sıra dövlətlərin təcrübəsində uğurla sınaqdan çıxmış, özünü doğrultmuş bu iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna, istehsal sahibkarlığının inkişafına yönəldilməsini, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasını nəzərdə tutur. İqtisadiyyatın bütün sahələrinin inkişafı həm də makroiqtisadi sabitliyin qorunub saxlanılması və maliyyə təhlükəsizliyinin təmini baxımından vacib əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev qlobal böhran şəraitində indiyə qədər sosial-iqtisadi sahədə həyata keçirilmiş tədbirlərlə qətiyyən kifayətlənmir. Ölkə başçısı bu qənaətdədir ki, dövlətin sosial sahədə həyata keçirdiyi islahatların son hədd göstəricisi olmamalı, insanların firavan yaşayışı, problemlərinin həlli üçün atılan addımlar sistemli və ardıcıl xarakter daşımalıdır. Məhz bu mütərəqqi yanaşma da Azərbaycan vətəndaşlarında ölkənin inkişafı ilə bağlı nikbin qənaətləri gücləndirir, eyni zamanda, mövcud siyasi kursa inamı artırır.

Onu da qeyd edək ki, beynəlxalq maliyyə institutları ilə münasibətlərin prioriteti qaşılıqlı əməkdaşlıq və aparılan islahatların uğurlların sayəsində əldə edilmişdir. Azərbaycanın Cənubi Qafqazın lider dövləti olmasının əsil səbəbi də budur. Təbii resurslarla yanaşı, həm də yerli istehsal sektorunun inkişaf etdirilməsi, qarşıya qoyulan məqsədlərə çatmaq üçün yürüdülən siyasət buna görə beynəlaxlq maliyyə institutları tərəfindən təqdir olunur.

“Hürriyyət”

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA