“Beynəlxalq platformalarda Ermənistana maraq daha da artıb” - NATİQ CƏFƏRLİ

“Beynəlxalq platformalarda Ermənistana maraq daha da artıb” - NATİQ CƏFƏRLİ

“Ermənistana münasibətin dəyişməsi bizi narahat etməlidir”

“Beynəlxalq platformalarda Ermənistanın müsbət imicinin formalaşması Azərbaycanın maraqlarına uyğun deyil”

Dekabrın 10-12-də Tiаlisdə Avropa İttifaqının (Aİ) “Şərq Tərəfdaşlığı” Proqramı Vətəndaş Cəmiyyəti Forumunun X illik toplantısı keçiriləcək.

Məlumata görə, Azərbaycan və Belarus Foruma dəvət olunmayıblar. Halbuki, tədbirdə “Şərq Tərəfdaşlığı” Proqramına üzv olan Gürcüstan, Ukrayna, Moldova və Ermənistanın nümayəndə heyətlərinin iştirakı planlaşdırılıb.

Maraqlıdır, Azərbaycan “Şərq Tərəfdaşlığı” Vətəndaş Cəmiyyəti Forumuna niyə dəvət olunmayıb? Burada son vaxtlar Norveçlə ölkəmiz arasında baş verən diplomatik qalmaqlın hər hansı rolu varmı? Bu və ya digər suallara cavab almaq məqsədilə REAL Partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli ilə söhbətləşdik:

- Bu məsələ dünən ciddi müzakirələr səbəb oldu və tərəflərin açıqlamları oldu. Mən başa düşdüyüm qədər bundan öncəki toplantıya Azərbaycan rəsmiləri, dövlət və hökumət nümayəndləri dəvət olunublar, amma onlar sonda belə bir görüşdən imtina ediblər. Vətəndaş cəmiyyətinin bundan öncəki forumunda iştirak etmədiklərinə görə də bu dəfə dəvət göndərilməyib. Amma əslində, dəvət göndərilməliydi. Çünki əgər qəbul edib gəlsəydilər, lap yaxşı idi, yerindəcə problemlərin həlli ilə bağlı müxtəlif fikirlərin səsləndirilməsi mümkün olardı. Gəlməsəydilər, “Şərq Tərəfdaşlığı” Proqramı ölkələrinin kordinasiyasını aparanların əllərində növbəti arqument olardı ki, biz dəvət etdik, amma növbəti dəfə Azərbaycan rəsmiləri gəlmədilər. Çox güman ki, belə bir anlaşılmazlıq olub. Amma təkrar edirəm, dəvət olsa, daha yaxşı olardı. Çünki rəsmilər dəvət olub, getməslər, bunu özləri izah etməli olacaqdılar.

- Nəzərdə tutulan iclasa Azərbaycanla yanaşı, Belarus da dəvətli deyil, qalan 4 ölkə - Gürcüstan, Ukrayna, Moldova, Ermənistan iştirak edəcək. Və Ermənistan tədbirə ilk dəfədir ki, xarici işlər naziri səviyyəsində qatılır. “Şərq Tərəfdaşlığı” Proqramının tədbirinə Azərbaycanın dəvət olunmamasını rəsmi Bakıya olan mənfi münasibətin göstəricisi hesab etmək olarmı?

- Əslində, rəsmi Azərbaycanın bu tipli formatlara soyuq münasibətinin göstəricisidir. Ermənistandakı son hakimiyyət dəyişikliklərindən sonra İrəvana maraq artdığı görsənir. Əslində, bu, bizim əleyhimizə işləyən əsas faktorlardan birinə çevrilib. Yəni beynəlxalq platformalarda Ermənistana maraq daha da artıb. Azərbaycan tərəfi beş qat güclə çalışmalıdır ki, Ermənistana artan marağın fonunda Azərbaycanın özünün də bu platformlarda iştirak marağını nümayiş etdirsin. Çünki “Şərq Tərəfdaşlığı” Proqramı Azərbaycan üçün böyük üstünlüklər vəd edir. Həm ticarət münasibətlərində, həm qeyri-hökumət təşkilatları formatında, həm də dövlətlərarası münasibətlərdə kifayət qədər üstünlükləri var. Hətta xarici ticarətdə “Şərq Tərəfdaşlıq” Proqramına qoşulan ölkələrə Avropa Birliyinə güzəştli şərtlərlə ildə təqribən 250 milyon avroluq məhsulların ixracına da qapı açılır. Bu da yerli istehsalın, qeyr-neft sektorunun artımına dəstək ola biləcək addımdır. Yəni Ermənistana münasibətin dəyişdiyi açıq görünür. Bu, bizi narahat etməlidir. Çünki beynəlxalq platformalarda Ermənistanın müsbət imicinin formalaşması Azərbaycanın maraqlarına uyğun deyil. Bu müsbət imicin formalaşması Ermənistandakı hakimiyyət dəyişikliklərindən sonra baş verib. Əvvəl Ermənistanın dəvət olunub qatılmaması bundan öncəki hakimiyyətin, yəni Sərkisyanın rejimi dövründə baş verib. Amma indiki vəziyyətin dəyişməsini də nəzərə almaq lazımdır. Söhbət dövlət maraqlarından gedəndə, iqtidar, müxalifət, sivil toplum Azərbaycanın beynəlxalq platformalarda imicinin yüksəldilməsi üçün müəyyən addımlar atmalıdır. Bu addımlarda da dövlət və hökumət orqanlarının üzərinə daha böyük məsuliyyət düşür ki, onlar bu tipli platformalarda iştiraka özləri maraq göstərməlidirlər. Hətta bu plaformaların Azərbaycanda keçirilməsinə şərait yaratmalıdırlar ki, Ermənistanla rəqabətdə Azərbaycan önə çıxa bilsin. Əslində, bu məsələdə hökumətin üzərinə böyük yük düşür. Bir daha təkrar edirəm, Azərbyacanın dəvət olunmamasını şəxsən mən doğru saymıram. Azərbaycan dəvət olunmalıydı, ola bilər ki, bundan sonra dəvət olunsun. Azərbaycan hökumət nümayəndələrinin orada iştirakı çox vacibdir. Əgər imtina etsələr, artıq məsuliyyət rəsmi qurumların, rəsmilərin üzərində qalacaq.

- Bildiyimiz kimi, bir neçə gün öncə, Norveç Bakıda səfirliyini bağlamaq, əvəzində Tiflisdə açmaq barədə qərar qəbul etdi. Azərbaycanın “Şərq Tərəfdaşlığı” Proqramının tədbirinə dəvət edilməməsinin bu məsələ ilə hər hansı əlaqəsi ola bilərmi?

- Birbaşa heç bir əlaqəsi yoxdur. Çünki ayrı formatlar, məsələlərdir. Amma ümumilikdə Azərbaycnın imici ilə bağlı problemin dərinləşməsinə xidmət edə biləcək addımdır. Bunu ödəmək üçün Azərbaycan rəsmiləri ciddi addımlar atmalıdırlar ki, Azərbaycanla bağlı imic dəyişsin. Norveç səfiriliyinin ora köçürülməsi təbii ki, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzuna müəyyən dərəcədə xələl gətirə biləcək bir addımdır və bu, tamam başqa bir mövzudur. Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı Norveçlə müəyyən danışıqlar apardı və mövqeyini bilidrdi. Regional mərkəz kimi Gürcüstanın seçilməsi Gürcüstanın həm beynəlxalq imicinin yaxşılaşmasına, həm də ora daha çox investisiya cəlbinə xidmət edəcək amil olacaq. Amma “Şərq Tərəfdaşlığı” Proqramı tamam başqa bir mövzudur. Əslində, Azərbaycan tərəfi “Şərq Tərəfdaşlığı” Proqramının ümumilikdə imzalanmasından imtina edib. Yəni biz imtina etmişik, bunu avropalılar etməyib. İmtinanın da səbəbləri var idi. Səbəblər də ondan ibarət idi ki, “Şərq Tərəfdaşlığı” Proqramı müxtəlif öhdəliklər götürmək üçün platforma idi. Azərbyacan hökuməti bu plaforma çərçivəsində öhdəliklər götürməli idi, Azərbaycan bu öhdəlikləri götürmək istəmədi, həm də Rusiya ilə münasibətlərin kəskinləşməsini, qəlizləşməsini istəmirdilər. Ola bilər ki, Rusiya məsələsində hökumət haqlı olsun. Çünki son zamanlar Rusiyanın aqressiv dünya siyasəti ilə qarşı-qarşıya qalmışıq. Amma Azərbaycan Rusiyanı qıcıqlandırmamaq, Rusiya tərəfdən atıla biləcək addımların qarşısını almaq üçün bu prosesi uzada bilərdi. Buna paralel olaraq “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində Azərbaycan hələlik imza atmadan da kifayət qədər aktiv iştirak edə bilər. Necə ki, bunu Ermənistan edir. Rusiyanın forpostu Ermənistan - ən yaxın müttəfiqi bunu edirsə - Azərbaycanın da belə bir addım atması Rusiya tərəfindən böyük bir qıcığa səbəb olmayacaq. Əgər səbəb olsa belə, Ermənistanı misal gətirərək Rusiyaya cavab vermək olar. Ona görə də Azərbaycan hökumətinin özü maraqlı olmalıdır ki, Avropa institutları, proqramları ilə əməkdaşlıq etsinlər. Əgər Azərbaycanın rəsmi qurumları özləri bundan qaçırlarsa, bunun bir məsuliyyəti də olmalıdır. Çünki son proseslər onu göstərir ki, bundan öncə bənzər toplantıya dəvət olunan Azərbaycan rəsmiləri həmin tədbirdə iştirak etməyib.

Картинки по запросу eastern partnership

-Azərbaycan XİN-dən verilən məlumata görə, məsələ Azərbaycan Respublikasının Avropa İttifaqı yanındakı nümayəndəliyi tərəfindən araşdırılır. XİN-nin məlumatında qeyd olunur ki, “Şərq Tərəfdaşlığı” Vətəndaş Cəmiyyəti Forumuna Azərbaycanın rəsmi nümayəndələrinin dəvət olunmaması faktı öz təsdiqini taparsa, bu, əlbəttə ki, Şərq Tərəfdaşlığı üçün müsbət hal olmayacaq. Sizcə, “müsbət olmayacaq” deyərkən nə baş verə bilər? Yəni Azərbaycan nə kimi addımlar ata bilər?

- Çox güman ki, “Şərq Tərəfdaşlığı” proqramı çərçvəsində hər hansı bir memarandumun və yaxud hər hansı bir sənədin imzalanması uzana bilər. Yəqin ki, buna eyham vurulub. Amma paralel olaraq Azərbaycanın Avropa Birlyi ilə strateji tərəfdaşlıq haqqında müqavilə sənədləri üzrə də danışıqlar gedir. Avropa instituları bu danışıqları bütöv kimi qəbul edir. Lakin Azərbaycan hökuməti nədənsə bunu ayrı-ayrılıqda dəyərləndirməyə çalışır. Bu, əslində, bütöv bir prosesdir. “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində də, Avropa Birliyi ilə strateji tərəfdaşlıq haqqında müqavilədə də eyni məqsdələrə xidmət etməlidir və Azərbaycan hökuməti buna bir bütöv kimi baxmalıdır. Bu zaman mənə elə gəlir ki, Avropa instituları ilə Azərbaycan hökuməti arasında olan problemlərin həllində də müəyyən yol açıla bilər. Yəni problemlərin həlli üçün müəyyən platforma yaradıla bilər.

Şamo EMİN, Hurriyyet.org

Loading...

QALEREYA