Beynəlxalq təhlükəsizlik və Azərbaycan - II YAZI

Beynəlxalq təhlükəsizlik və Azərbaycan - II YAZI

Beynəlxalq təhlükəsizlik sisteminin desentralizasiyası və qütbləşmə. 1990-cı illərin başlanğıcı beynəlxalq gərginliyin zəifləməsinə və münaqişələrin tezliklə həll ediləcəyinə olan kövrək ümidləri doğrultmadı. Yalta-Postdam nizamının süqutu beynəlxalq arenada qüvvələr nisbətini ciddi şəkildə dəyişdi. O, dünyada bir sıra maneələri dağıtdı və qloballaşma prosesini sürətləndirdi. Eyni zamanda, beynəlxalq sistemdə qütblşmə və desentralizasiya baş verdi. Dövlətlərin nisbi iyerarxiyasında əhəmiyyətli dəyişikliklər özünü biruzə verdi. Siyasi, iqtisadi və hərbi sahədə öz üstünlüyünü dərk edən inkişaf etmiş və güclü dövlətlər qrupu daha fəal və hücum siyasətinə keçdi. Həmin dövlətlətlərə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri (İngiltərə, Çin, Rusiya, ABŞ və Fransa), BMT TŞ genişlənəcəyi təqdirdə üzvlüyə mümkün namizədlər (Braziliya, Almaniya, Hindistan, CAR, Yaponiya) aid edilir.

Çoxüfüqlü siyasi düstur qarşılıqlı əməkdaşlığln qarantıdır

Dünyanın birqütblü modelinə qarşı çıxan Rusiya və Çin onun daha çox çoxqütblü olduğunu bəyan edir və Avropa Birliyi, Hindistan, Yaponiya, Almaniya, Braziliya və CAR-ı alternativ geostrateji mərkəzlər qismində qeyd edirlər. 2014-cü ilin fevralında Rusiyanın Krımı ilhaq etməsi onunla ABŞ və Avropa İttifaqı üzvləri arasında "soyuq müharibə"nin restavrasiyasına səbəb olub. Digər tərəfdən, Çinin artmaqda olan iqtisadiyyatı və hərbi modernizasiya üzrə proqramları onu dünya siyasətində güclü və rəqabətqabiliyyətli qütbə çevirib. O da bəllidir ki, müasir dünya siyasətinin və beynəlxalq münasibətlərin əsas proseslərindən biri qloballaşma hesab edilir. Siyasi, iqtisadi, ideoloji və s. sahələrdə qarşılıqlı asılılığın dərinləşməsi onun üçün xarakterik haldır. Bu müstəvidə trassərhəd xarakterli qarşılıqlı təsirin miqyas, müxtəliflik və kəmiyyət baxımından yüksəlişi müşahidə olunur. Dünyanın bötüvləşməsi və vahid tam kimi qəbul edilməsi prosesi baş verir. Milli maraqlarla müqayisədə ümumi, qlobal mənafenin çəkisi artmaqdadır. Eyni zamanda, təhlükəsizliyin daxili və xarici aspektləri arasında qarşılıqlı əlaqə dərinləşməkdədir. Qeyri-dövlət aktorlarının dünya siyasətinin bütün sahələrinə nüfuz etməsi müasir beynəlxalq münasibətlər sisteminin əsas xarakterik göstəricilərindən biri sayılır. Beynəlxalq miqyasda fəaliyyətə başlayan qeyri-dövlət subyektlərinin sayı durmadan artmaqdadır. Dövlətin fəaliyyət qabiliyyətini məhdudlaşdıran qeyri-dövlət subyektləri aşağıdakılar hesab edilir:

– Beynəlxalq təşkilatlar; missal üçün, BMT və ya ATƏT;

– Beynəlxalq rejimlər (Müəyyən edilmiş problemlər sahəsində uzunmüddətli əməkdaşlığı ifadə edən anlayış, Məsələn, Nüvə Silahlarının Yayılmaması Müqaviləsi);

– Çox vaxt kiçik dövlətlərin budcələrini üstələyən nəhəng dövriyyəyə malik transmilli konsernlər, məsələn, iri neft konsernləri;

– İnsan hüquqlarının müdafiəsi və ətraf mühitin mühafizəsi məqsədini güdən QHT-lər;

– Beynəlxalq miqyasda fəaliyyət göstərən cinayətkar təşkilatlar, məsələn, Cənubi Amerika narkokartelləri;

– Heç də bütün dünyada deyil, müəyyən regonlarda fəaliyyət göstərən terror təşkilatları, məsələn, Əl-Qaidə, Hezbollah və sair.

Qeyri-dövlət aktorların beynəlxalq təhlükəsizlik sferasında daha ciddi və dağıdıcı nəticələr doğurması beynəlxalq ictimaiyyəti bərk narahat etməkdədir. Heç şübhəsiz, bu gün əksər silahlı münaqişələrdə qarşıduran tərəflərdən biri qeyri-dövlət aktoru – terrorçular, silahlı ekstremistlər, separatçı və antihökumət silahlı birləşmələr, dəniz quldurları, narkotik alverçiləri və s. hesab edilir. Dövlətlərin zəifləməsi nəticəsində zorakılıqların və müharibələrin sayının artacağı haqqında pessimist fikirlər çoxalmaqdadır. Belə təhlükələr ilk növbədə, zəif və süquta doğru sürüklənməkdə olan, zəif daxili həmrəyliyə və səriştəsiz hökumətə malik dövlətlərdən irəli gəlir. Məhz bu səbəbdən Yer kürəsinin bəzi regionlarında uzunmüddətli sabitsizlk zonaları və zorakılıq inkubatorları yaranır.

Demokratiyanın qlobal ekspansiyası və mütləq suverenliyin iflası

Qlobal demokratiya zonasının genişlənməsi dövlətlər arasında sülh və əmin-amanlıq zolağının genişlənməsi deməkdir. Demokratikləşmə – demokratik quruluşun bərqərar olunmasına istiqamətlənmiş siyasi və sosial dəyişiklik prosesini xarakterizə edir. Demokratiya ideya və prinsiplərin, institut və prosedurların inkişafı, genişlənməsi və yenilənməsi prosesidir. Demokratiya bu və ya digər problemlərin həllinə təminat vermir, sadəcə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün şərait yaradır. Nəticə demokratik prosesin inkişaf şərtlərindən, qüvvələrin xarakteristikasından, onların demokratik prosesə təsirlərindən və problemləri həlletmə qabiliyyətlərindən və daxili siyasətə təsir edən xarici vəziyyətdən asılıdır. "Demokratikləşmə dalğası" anlayışını irəli sürən S.Hantinqton bu ad altında müəyyən zaman kəsiyində qeyri-demokratik rejimdən demokratik rejimə keçidin şərtlərini nəzərdə tutub. Onun fikrincə dünya üç qlobal demokratikləşmə mərhələsindən keçib. Birinci mərhələ 1828-1926-cı illəri əhatə edib. Bu mərhələ ABŞ və fransız burjua inqilablarının təsiri altında insanların səsvermə hüququ əldə etməsi, hakimiyyətin formalaşmasında parlament və ümumxalq seçkilərinin rolunun artması ilə xarakterizə edilib. 1922-1942-ci illərdə isə faşist, totalitar və militarist rejimlərin meydana gəlməsi demokratikləşmə dalğasından uzaqlaşma meylləri kimi dəyərləndirilib. 1943-1962-ci illəri əhatə edən ikinci dalğa II Dünya müharibəsinin bitməsi sonucu olaraq Qərbi Avropada demokratik institutların yaradılması ilə yadda qalıb. İkinci demokratikləşməyə qarşı 1958-1975-ci illərdə baş vermiş geri çəkilmələrə dekolonizasiya prosesi səbəb olmuşdur. Bu prosesin sonucu kimi Latın Amerikası kontinentinin əksər dövlətlərində avtoritar rejimlər quruldu. Üçüncü dalğa isə 1974-cü ildən başlayıb və günümüzədək davam etməkdədir. Bu mərhələ dekolonizasiyanın bitməsi, dünyada kommunist rejiminin iflası və yeni demokratik dövlətlərin meydana gəlməsi ilə əlaqələndirilir. Qlobal demokratiyanın əsas nəticələrindən biri insan hüquq və azadlıqlarının çəkisinin artması və onun suveren dövlətin daxili səlahiyyətləri çərçivəsindən kənara çıxması məsələləri arasında artmaqda olan konsensus hesab edilir. Müasir dünyada münasibətlər sisteminin açıqlığı və qloballaşma prosesləri sayəsində insan hüquqlarının kütləvi şəkildə pozulması və hakimiyyətin digər qanunsuz əməlləri dünya ictimaiyyətinin nəzərindən yayına bilməz və məhz bu səbəbdən beynəlxalq müdaxiləyə həqiqi ehtiyac yaranır. Münaqişələrin sayının artması və beynəlxalq terrorizm təhdidinin durmadan artması dünyanın böyük dövlətlərini hansısa dövlətin hökumətinin razılığı belə olmadan zorakılığın qarşısını almağa vadar edir. Müasir dünyada xarici siyasətin aləti qismində humanitar müdaxilələrin əhəmiyyətinin yüksəlməsi bu mövzunun aktullığını getdikcə artırır. Humanitar müdaxilə – dövlət və ya dövlətlər tərəfindən digər dövlətə qarşı onun razılığı olmadan həyata keçirilən güc tətbiq etmək və ya güclə hədələmək siyasətidir ki, məqsədi əsas insan hüquqlarına qarşı yönəlmiş kütləvi və kobud pozuntuların qarşısını almaq və ya onu aradan qaldırmadır. Bu konsepsiyanın subyektiv geosiyasi maraqların gerçəkləşməsi naminə istifadə edilməsi də diqqətdən yayınmır. Supergüclərin Əfqanıstan, keçmiş Yuqoslaviyada və Yaxın Orta Şərqdə həyata keçirdikləri hərbi əməliyyat və çevrilişlər məhz "humanitar müdaxilə" konsepsiyasının adı altında realizə edilib. Bir sıra hallarda humanitar müdaxilə özünü doğruldur. Məsələn, üçüncü dünya ölkələrində avtoritar rejimlərin yaradılması ona dəlalət edir ki, belə dövlətlər itisadi və siyasi oriyentirləri itirib. Hakimiyyət rıçaqlarını itirməklə əhali üzərində nəzarəti əldən verən yerli hakimiyyətlərin sərt tədbirlərə əl atması dövlətdaxili münasibətlərdə gərginliyə və sosial-siyasi xaosa gətirir. Bu dövlətlərin rəhbərlərinin daxili poblemləri həll edə bilməməsi və ya həll etmək iqtidarında olmaması səbəbindən humanitar müdaxilə özünü doğrulda bilər. Əks təqdirdə isə, ölkə daxilində xaos nəinki regional, hətta beynəlxalq nizamı sabitsizləşdirə bilər.

Beynəlxalq miqyasda Azərbaycanın öz yeri var

"Humanitar müdaxilə" konsepsiyasının inkişaf etdirilməsi cəhdləri "mütləq suverenliyin məhdudlaşdırılması" fonunda həyata keçirilir. Dövlətlərin iqtisadiyyatları və bazarları arasında qarşılıqlı asılılığın artması səbəbindən suverenliyə artıq pozulmaz və toxunulmaz bir məfhum kimi baxılmır. Dövlətüstü strukturlar və idarəetmə orqanları yaradılır və hakimiyyət səlahiyyətlərinin bir hissəsi onlara ötürülür. Belə bir şəraitdə humanitar müdaxilədən yararlanmaq olduqca asanlaşır.

Digər tərəfdən, 2005-ci ildə qəbul edilmiş "Qorumaq haqqında" BMT Bəyannaməsi suverenlik kategoriyasının erroziyaya uğraması istiqamətində son nöqtəni qoydu və belə bir ideyanı həyata keçirməyə nail oldu ki, əgər dövlət hakimiyyətləri ölkədə bu və ya digər şəraitin öhdəsindən gələ bilmirsə, o zaman problemin həlli beynəlxalq ictimaiyyətin əlinə keçir. Bu Bəyannamə humanitar müdaxilənin əsaslandırılmasını əhəmiyyətli dərəcədə asanlaşdırdı və üçüncü tərəflərin dövlətin daxili işinə müdaxiləsi hüququnu qanuniləşdirdi. 1999-cu ilin sentyabrında BMT-nin baş katibi Kofi Annan bəyan etmişdir ki, insan hüquqlarının kütləvi şəkildə pozulması zamanı suverenlik humanitar müdaxilə ilə aradan qaldırıla bilər. Lakin bəyannamədə əksini tapmış ideyaların izahından subyektiv məqsədlər üçün sui-istifadə edilə bilməsi və təcavüzkar fəaliyyətlərə haqq qazandırılması cəhdləri da istisna edilə bilməz. Bu proseslər fonunda dövlətin mövcudluğunun əsası hesab edilən suverenlik öz gücünü itirir və daha güclü dövlətlərin zəif dövlətlərə təsiri artır. XXI əsrdən etibarən dünya siyasətinin əsas məsələlərindən biri insan fəaliyyətinin sahələrində uzağa gedən nəticələr doğura bilən elmi-texnoloji sıçrayış hesab edilir. İnformasiya inqilabı hərbi sahədə elmi-texniki tərəqqiyə yol açıb. Yüksək texnologiyaların tətbiqi silahlanmanın, kəşfiyyat və qoşunların idarəedilmə sisteminin xarakter və imkanlarını köklü şəkildə dəyişmiş və uzaq məsafədən müharibənin aparılması imkanlarını genişləndirmişdir.

Müasir silah növlərinin əksər çoxluğu informasiya texnologiyalarına istinad edir. Bu gün informasiya texnologiyalarının hərbi sahəyə geniş tətbiqi ümumbəşəri hadisə hesab edilir. Müasir beynəlxalq təcrübənin təhlili onu gostərir ki, hərbi əməliyyatların müvəffəqiyyətli keçirilməsi döyüş fəaliyyətlərinin kompleks informasiya təminatını tələb edir ki, bu da müsir informasiya texnologiyaları olmadan mümkün deyil. Əksər hərbi analitiklər hesab edir ki, informasiya texnologiyalarının geniş tətbiqi hərb işində inqilaba səbəb olub. Son illər ABŞ-ın apardığı müharibələri qeyd etmək olar.

“Hürriyyət”