Beynəlxalq təhlükəsizlik və Azərbaycanın meqatrendləri

Beynəlxalq təhlükəsizlik və Azərbaycanın meqatrendləri

(Əvvəli ötən sayımızda)

XX əsrin birinci yarısında heç kim təxmin edə bilməzdi ki, bir neçə onillikdən sonra elmi-texniki tərəqqi bəşəriyyətə yeni, öz görünməz telləri ilə tədricən bütün dünyanı birləşdirən kommunikasiya vasitələri bəxş edəcək. Artıq bu gün aksiomadır ki, müasir dünyamız müharibəsiz, xüsusən də informasiya qarşıdurması olmadan keçənə bilmir.

İnformasiya savaşında Azərbaycanın beynəlxalq iradəsi

İnformasiya müharibəsi – cəmiyyətin müasir inkişaf mərhələsində sözsüz ki, aktual və vacib termindir və onu dərk etmədən müasir siyasi həyatda və geosiyasətdə gedən prosesləri anlamaq asan deyil. BMT baş katibinin məruzəsində (3 oktyabr 2001-ci il) informasiya müharibələri informasiya məkanında dövlətə, cəmiyyətə və şəxsiyyətə yönəlmiş əsas təhlükələrlə yanaşı digər təhlükələrlə: digər dövlətin informasiya sahəsinə sanksiyalaşdırılmamış müdaxilə üsullarının hazırlanması və istifadəsi; başqalarının informasiya resurslarının qeyri-hüquqi istifadəsi və onlara ziyan yetirilməsi; xarici dövlətin əhalisinə məqsədli informasiya təsiri; informasiya məkanında dominantlığa cəhd; terrorizmin genişlənməsi və s. aid edilmişdir. Hal-hazırda "informasiya müharibəsi" məfhumu müxtəlif cür müəyyən edilir. Bu, "information warfare" termininin bir neçə məna kəsb etməsilə əlaqəlidir. O "informasiya müharibəsi", "informasiya qarşıdurması", "informasiya-psixoloji müharibə" kimi şərh oluna bilər. Öz növbəsində informasiya müharibəsi bir dövlətin digər dövləti zəiflətmək və məhv etmək üçün istifadə etdiyi informasiya fəaliyyəti; yarışan rəqiblər arasında informasiya müharibəsi; iki kütləvi düşmən (məsələn, ordu) arasında hərbi informasiya münaqişəsi kimi xarakterizə olunur. Bu gün informasiya müharibəsi müharibənin aparılmasının mühüm tərkib hissəsinə çevrilib. Xüsusən də 2014-cü ildə Krımın Rusiya tərəfindən "məxməri ilhaqı" informasiya müharibəsinə ən tutarlı misal ola bilər. Demək olar ki, hərbi-siyasi proseslərdə KİV-lərin rolu bundan sonra da artacaq. Kibernetik müharibə anlayışı müasir cəmiyyət qarşısında dayanan yeni təhlükələri xarakterizə edir. Müasir cəmiyyətlərin idarəetmə infrastrukturları həddindən atrıq informasiya və kommunikasiya texnologiyalarından asılıdır. İnternet vasitəsilə həm düşmənin hərbi komanda strukturunun, həm də mülki fəaliyyət sahələrinin funksionallığını pozmaq mümkündür. Beynəlxalq hüquq institutunun böhranı aşkar şəkildə özünü büruzə verir və beynəlxalq təhlükəsizlik sferasında fəaliyyət göstərən aktorların davranışına yetərli təsir göstərir. Birincisi, BMT-nin bir sistem kimi effektivsizliyi haqqında fikirlər geniş yayılmaqdadır. İkincisi, "humanitar müdaxilə" praktikasının tətbiqi suverenliyə münasibətdə ənənəvi yanaşmanı köklü şəkildə dəyişib. Transmilli terrorizm təhdidi isə ön plana tamamilə yeni "preventiv zərbələr" problemini çıxarıb. Silahlı qüvvələrin qeyri-dövlət aktorlarına (terrorçulara, separatçılara və üsyançılara) qarşı tətbiq edilməsi praktikasının genişlənməsi hərbi gücün lazımi dərəcədə tətbiqi və dinc əhali arasında qurbanların sayının azalması problemini kəskinləşdirib. Məhz bu səbəbdən müasir beynəlxalq siyasətin reallığına uyğun olaraq beynəlxalq hüququn inkişafı və BMT-də islahatların aparlması həyata keçirilməlidir. Üçüncüsü, bir sıra ölkələr, ilk növbədə isə ABŞ beynəlxalq təhlükəsizlik problemləri ilə əlaqədar hüquqi sahədən kənarda fəaliyyət göstərməyə səy göstərir.

Effektiv təsir imkanlarının dəyəri

Beynəlxalq hüququn effektivliyi onunla ölçülür ki, hegemon dövlət onu necə görmək istəyir. Son onilliyin təcrübəsi onu da göstərir ki, ABŞ-da beynəlxalq hüququn əhəmiyyətinə və məzmununa nihilist münasibət formalaşıb. ABŞ-ın BMT-dəki eks-diplomatı Con Boltonun fikirləri bu cür düşünməyə əsas verir. O demişdir: "XV-XVI əsrlərdən meydana gəlmiş beynəlxalq hüquq və ya millətlərin hüququ ilk növbədə ölkələr üçün bir növ davranış qaydası olmuşdur. Bu, ölkələrin dünya səhnəsində necə davranacağına dair bir razılıq idi. Əvvəlcə bunlar əsasən ikitərəfli razılaşmalar idi və bu müqaviləyə imza atan dövlət ona riayət etməli idi. İkinci Dünya müharibəsindən sonra çoxtərəfli müqavilələrin sayı kəskin artmağa başladı, onun ardınca isə o vaxtlar dövlətlər tərəfindən əməl edilməsi məcburi hesab edilməyən beynəlxalq hüquq sistemini yaratmağa səy göstəmiş nəhəng hüquqşünas-professorlar qrupunun yaranması ilə nəticələndi. Məhz bu baxımdan hesab edirəm ki, beynəlxalq hüquq sisteminin yaradılmasına yönəlmiş səylər süni xarakter daşıyırdı. Bu, "qanun" anlayışının beynəlxalq əlaqələrə uyğunlaşdırılması cəhdi idi, halbuki həmin sahədə qərarların əksəriyyəti hüquqi deyil, siyasi xarakter daşıyır. Bundan əlavə, daxili, milli qanunvericiliyin və beynəlxalq hüququn müqayisəsi heç bir məna daşımır, çünki bunlar iki müxtəlif sahələrdir. Başqa sözlə, ilk öncə qarşıya yerinə yetirilməsi mümkünsüz görünən tapşırıq qoyulmuşdur – beynəlxalq hüquq məkanı yaratmaq. Lakin vaxt keçdikcə bunun mümkün olmadığı aydın oldu. Beynəlxalq arenada ölkələrin davranışının bir çox aspektləri prinsipcə, hüquqi baxımdan nəzərdən keçirilə bilməz. Qanun müəyyən bir ölkəni idarə etmək üçün çox əlverişli bir mexanizmdir, lakin beynəlxalq münasibətlərdə bu mümkün deyil".

Göründüyü kimi, beynəlxalq münasibətlərdə beynəlxalq hüquq normalaının deyil, siyasi mənafelərin ön planda dayanması beynəlxalq nizamın dayanıqlı olmasına imkan vermir. 1994-1999-cü illərdə Yüqoslaviya ərazisində baş vermiş münaqişələrin nizamlanması problemləri, 2001-ci ilin sentyabrında Əfqanıstana, 2003-cü ilin martında İraqa qarşı beynəlxalq hərbi kampaniyanın başlanılması, 2014-cü ildə Krım hadisələri, hal-hazırda Suriya və İraqda cərəyan edən hərbi-siyasi xarakterli hadisələrdə zorakılığın hüdudsuzluğu, həmçinin etnik və etnoregional separatizmin referendum yolu ilə legitimləşdirilməsi cəhdləri və s. proseslər beynəlxalq hüquq institutunun nüfuzunu ciddi şəkildə sarsıtmağa nail olub. Çıxış yolu qismində beynəlxalq hüquq normalarının müasir reallıqlara uyğunlaşması istiqamətində zəruri islahatların aparılması hesab eilə bilər.

Qlobal təhlükəsizliyin qeyri-hərbi aspektləri

Ənənəvi olaraq, təhlükəsizlik hərbi təhdidlər baxımından nəzərdən keçirilirdi. XX əsrin sonunda belə təsəvvürlər formalaşmağa başladı ki, təhlükəsizlik sahəsinə yalnız hərbi və hərbi-texniki aspektləri deyil, həmçinin iqtisadiyyat, energetika, ekologiya, miqrasiya, ərzaq və s. daha geniş məsələləri daxil etmək olduqca vacibdir. Təhlükəsizliyə belə geniş baxışın formalaşması səbəbi əsasən XX əsrin ikinci yarısından bəri milli dövlətlərin sərhədlərinin "şəffaflaşması" hesab edilir. Bu proses qeyri-dövlət aktorlarının dünya səhnəsinə çıxışı ilə əlaqələndirilir. Onların fəaliyyətinə informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı münbit şərait yaradıb. Nəticədə, dövlət və vətəndaşlar bir çox mənfi (narkotik ticarəti, qanunsuz silah alveri, beynəlxalq terrorçuluq, və s.) və müsbət (iqtisadi fəaliyyətin genişləndirilməsi imkanları, beynəlxalq rabitə, beynəlxalq mühitə daxil olma və s.) amilləin təsirinə məruz qalıb. Bu isə öz növbəsində beynəlxalq gündəmdə getdikcə qeyri-hərbi təhlükəsizlik problemlərinin daha üstün yer almasına rəvac vermiş oldu.

Qeyri-hərbi təhlükəsizlik – milli və beynəlxalq ölçüdə insanın inkişafına qarşı yönəlmiş sosial, iqtisadi və ekoloji çağırış və təhdidlərin aradan qaldırılması üçün zəruri kompleks şəraitlər hesab edilir. İlk dəfə olaraq bu barədə konseptual yanaşma B.Buzan və onun həmkarlarına məxsus olub. O diqqət mərkəzində mərkəzçi – dövlətin və hərbi amilin dayandığı təhlükəsizliyin ənənəvi konsepsiyasını tənqid edib. Tənqid edilən ənənəvi yanaşmanın əvəzinə, təhlükəsizliklə əlaqədar tədqiqatlarda hərtərəfli yeni strukturun əsasını qoymağa cəhd edib. Yeni yanaşmada ənənəvi hərbi amillərlə yanaşı bir sıraya "yumşaq güc sahələri"ni əhatə edən digər (iqtisadi, sosial, siyasi və ekoloji) məsələlər də daxil edilib. Həqiqətən XXI əsrdə qarşılıqlı asılılığın qeyri-hərbi sahələrinin – iqtisadi, humanitar, ekoloji və s. rolu əhəmiyyətli dərəcədə artıb. XXI əsrdə milli, regional və beynəlxalq təhlükəsizlik sistemində hərbi problemlərdən daha çox iqtisadi, sosial və ekoloji böhranlar narahatlıq yaradır. İqtisadi sabitsizlik – sosial ziddiyyətlərdən, habelə silahlı münaqişələrdən meydana gələn və müxtəlif formalarda təzahür edən sabitsizliyin səbəbi və nəticəsi kimi şərh edilir. İqtisadi vəziyyətin pozulmasının istənilən tendensiyası ümummilli maraqlara təhlükə törədir. Etnik millətçilik və ya milli dövlətin formalaşması əsasında dayanan etnik mənsubiyyət əksər region ölkələrində sosial və siyasi xaos yaradır. Sabitliyə daha ciddi təhlükə o zaman yaranır ki, etnik millətçiliyin təzahürləri sərhəd mübahisələri və ya qeyri-bərabər iqtisadi şəraitlə uzlaşır, bu ölkələrin rəhbərləri isə öz siyasi mövqelərini möhkəmləndirmək naminə bu narazılıqdan yararlanmaqdan çəkinmirlər. Bundan əlavə, münaqişələr, etnik sıxışdırmalar, müharibələr nəticəsində meydana gələn miqrasiya və ya dözülməz iqtisadi şərtlər nəticəsində əhalinin nəzarətsiz yerdəyişməsi istənilən kiçik dövlətin resurslarını qısa müddətdə tükəndirə, xaosa və ictimai nizamsızlığa gətirə bilər. Qeyri-leqal immiqrantlar cinayətkarlığın, o cümlədən narkotiklərlə və silah alveri ilə bağlı cinayətlərin səviyyəsinin artmasını stimullaşdırır. "Yeni" təhdidlərə isə beynəlxalq terrorizm, kütləvi qırğın silahları və onların tədarük vasitələrinin yayılması və daxili silahlı münaqişələrdən ibarət triada daxildir. Bu təhdidlər əvvəllər mövcud olsa da, "köhnə" təhdidlərin kölgəsində qalmalı olub. Son illər ərzində bu təhdidlərin prioritet qazanması onların daxili potensialının inkişafı və hər birinin təhlükəlilik dərəcəsinin artması ilə əlaqələndirilir. Bütün bunları diqqətlə nəzərə alan Azərbaycan dövləti müasir dünyada konfliktlərin paradiqmasının qarşısının alınması, beynəlxalq təhlükəsizlik sistemində klassik və assimetrik təhdidlərin qarşısının alınması, beynəlxalq təhlükəsizliyin qeyri-hərbi aspektlərinin rolunun artması və destruktiv məqsədlərə xidmət edən çevrələri iflasa uğratmaq kimi möhtəşəm addımları atmaqdadır. Ona görə də Azərbaycan beynəlxalq miqyasda sabit dövlətlərdən biri hesab olunur. Hətta Qarabağ probleminin həlli istiqamətində sülh danışıqlarına xüsusi önəm verməsi Azərbaycanın regionda və beynəlxalq səviyyədə mövqelərinin sabit olduğunu isbat edibdir.

“Hürriyyət”

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA