BÖHTAN - Yaxud həbsxananın bir addımlığında

  • 2019-02-02 15:24:40
  • |

BÖHTAN - Yaxud həbsxananın bir addımlığında

Zahiddin Abbasov

I Fəsil

1969-cu ilin oktyabr ayının son günlərindən biri idi. Avtandil Abbasov həmişəki kimi bu gün də hamıdan tez iş yerinə gəldi. Rayon parfiya komitəsinin iki mərtəbəli binasının birinci mərtəbəsində yerləşən iş otağının qapısını pencəyinin cibindən çıxartdığı açarla açıb içəri keçdi. İş masasına yaxınlaşdı. Masanın üstündəki dünəndən qalan şişman qovluğa nəzər saldı. O, bu qovluqda kuratoru olduğu idarə və müəssisələrin, kolxoz və savxozların parfiya təşkilatlarında keçirilmiş hesabat-seçki yığıncaqlarının protokollarını toplamışdı. Planlaşdırmışdı ki, bu gün bu protokolları diqqətlə oxuyub tanış olsun, yığıncaqlarda deyilən təklif və iradları analiz edib ümumiləşdirsin və şöbə müdürünə təqdim etmək üçün ətraflı bir arayış hazırlasın! Nəzərdə tutduğu bu işi bu gün başa çatdıra biləcəyinə əmin idi. Çünki, gün ərzində onu heç kim narahat etməyəcək, fikirini yayındırmayacaqdı: Onunla bir otaqda oturan digər təlimatçı Həsən Əmirov “Sovet Azərbaycanı” kolxozunda partiya təşkilatının hesabat-seçki yığıncağını təşkil eləmək üçün bütün günü orada olacaqdı. Avtandil yazı-pozu ilə məşğul olanda sevməzdi ki, kimsə onun fikirini dağıtsın, işindən ayırsın. Odur ki, bu gün otaqda tək-tənha işləyə biləcəyi fikrindən məmnun qalıb işə həvəslə girişdi. Masanın üstündəki qovluğu qabağına çəkib açdı. Protokollardan birini götürüb oxumağa təzəcə başlamışdı ki, otağın qapısı döyüldü.

Buyurun.

Qapı açıldı, astanada rayon partiya komitəsinin birinci katibi Cavanşir Məmmədovun katibəsi Yasəmən göründü. Qadınlığın vacib atributlarından sayılan sərv ağacı tək qaməti, incə yerişi, çiyinlərini və ağ–appaq sinəsini ağuşuna alan, daim qulluq edildiyi hiss edilən şəvə kimi qara uzun saçları olan bu ortaboy gənc qadından bütün kişilərin xoşu gəlirdi. Ancaq rayonda ona güldən ağır bir söz deməyə heç kimin cəsarəti çatmırdı. Çünki, Yasəmən özünü istər işdə, istərsə də məişətdə çox ciddi aparırdı. Eyni zamanda onun insanlarla nəzakətli rəftarı, mədəni, mehriban davranışığı hamıda ona qarşı böyük hörmət və rəğbət hissi oyadırdı. Üç il əvvəl avtomobil qəzasında həyat yoldaşını itirmiş Yasəmən 6 yaşlı oğlu və valideynləri ilə birlikdə Avtandilin yaşadığı binanın qonşuluğundakı binada yaşayırdı. Demək olar ki, hər gün üz-üzə gəldiyi və salamlaşdığı bu gözəl, nəzakətli qadına Avtandil də böyük hörmət və rəğbət bəsləyirdi. Odur ki, Yasəmən astanada görünən kimi cəld ayağa qalxıb, onun verdiyi salama cavab olaraq “Sabahınız xeyir olsun, Yasəmən xanım” dedi. Sonra otaqdakı stullardan birinə tərəf əlini uzadıb nəzakətlə Yasəmənə oturmaq üçün yer göstərdi :

- Buyurun, əyləşin, Yasəmən xanım! Xoş gördük Sizi !

- Çox sağ olun, Avtandil müəllim, oturmağa vaxtım yoxdur, - deyib , Yasəmən qoltuğundakı qeydiyyat kitabının içindən bir vərəq yazılı kağız çıxarıb Avtandilə uzatdı :

Bu ərizənin yoxlanılmasını yoldaş Məmmədov Sizə həvalə edib.

Avtandil ərizəni əlinə götürən anda Yasəmən:

- Yaxşı, mən getdim, hələlik! - deyib otaqdan çıxmaq istəyəndə Avtandil dilləndi :

- Yasəmən xanım, bir dəqiqə ayaq saxlayın. Axı, ərizəni icraya qəbul etməyim barədə qeydiyyat kitabında imza atmamışam...

- Narahat olmayın. Ərizə anonim olduğu üçün kitaba salmamışam. Yoldaş Məmmədovun xəbəri var. Yasəmən otağı tərk etdikdən sonra Avtandil ilk növbədə raykomun birinci katibi Cavanşir Məmmədovun adına naməlum şəxs tərəfindən yazılmış bu ərizədə “birincinin” qoyduğu dərkənara nəzər saldı.“Birinci” yazmışdı: “Yoldaş A.Abbasov diqqətlə yoxlayıb, nəticəsini mənə məruzə edin! “Sonra anonim ərizəni başdan ayağa oxuyub məzmunu ilə tanış oldu. Bu imzasız ərizədə rayonun tikinti təşkilatının-Mexanikiləşdirilmiş Səyyar Kolonnasının rəisi Musa Sadıxovun “ölü canlar” saxlamaq hesabına dövlətin külli miqdarda maliyyə vəsaitini mənimsədiyindən söhbət gedirdi. Ərizədə “ölü canlar” adlandırılan 29 nəfərin adı və familiyası da göstərilmişdir.

Avtandil bu ərizənin nəyə görə qeydiyyatdan keçmədiyini indi anladı. Musa Sadıxovla rayonun birinci katibi arasındakı dostluq münasibəti rayonun bütün əhalisinə məlum olduğu kimi Avtandilə də məlum idi. Fikirləşdi: “ Birinci katib ərizədə göstərilən faktların öz təsdiqini tapa biləcəyindən ehtiyat etdiyi üçün ərizənin qeydiyyatdan keçirilib rəsmiləşdirilməsinə icazə verməyib. Bəs o zaman ərizəni nə üçün yoxlatdırır? Axı, bu ərizəyə heç bir reaksiya da verməmək olardı! Çox maraqlıdı... Nə isə, bu gün protokollarla əlaqədar işimi başa vurum. Sabah ərizə ilə məşğul olaram!.”

Ertəsi gün. Avtandil raykoma baş çəkib imzasız ərizəni götürdükdən sonra rayon mərkəzindən təqribən 1,5 – 2 km aralıda yerləşən Səyyar mexanikiləşdirilmiş kalonnaya piyada yola düşdü. Oraya tikinti təşkilatına çatanda artıq saat 11 - ə işləyirdi. Avtandil rəisin qəbul otağına daxil olanda katibə ona Musa Sadıxovun yarım saat əvvəl tikinti obyektlərinə getdiyini və nə vaxt qayıdacağı barədə bir söz demədiyini söylədi. Elə bu anda qəbul otağına daxil olan tikinti təşkilatının kadrlar şöbə müdürü Qalina Kərimova Avtandili görüb, onunla salamlaşdı:

- Xoş gördük sizi, Avtandil müəllim! Nə yaxşı belə ?

- Xoş gününüz olsun, Qalina xanım, sizin bir neçə dəqiqə vaxtınızı ala bilərəmmi ?

- Əlbəttə. Buyurun rəisin kabinetinə - deyib Qalina Kərimova rəisin qapısı açıq qalmış kabinetinə daxil oldu. Onun ardınca Avtandil də içəri keçdi. Hər ikisi rəisin iş masasına bitişik masanın arxasında əyləşdikdən sonra Avtandil əlindəki qovluqdan anonim ərizəni çıxarıb Qalinaya uzatdı :

- Zəhmət olmasa, bu ərizə ilə bir tanış olun. Kadrlar şöbəsinin müdürü ərizəni alıb oxumağa başladı. Oxuduqca sifətinin rəngi qaçır, ərizə tutan əlləri yavaş – yavaş titrəyirdi. Ərizədə göstərilən faktların onu əməlli – başlı qorxuya saldığı aydın görünürdü. Bir neçə dəqiqə əvvəl şən əhval ruhiyyə ilə Avtandillə görüşən bu qadında xoş ovqatdan əsər-əlamət qalmamışdı. Avtandil Qalinanı sakitləşdirmək məqsədi ilə masanın üstündəki su dolu qrafindən qrafinin yanında qoyulmuş stəkana su töküb, ona verdi :

- Həyəcanlanmayın, su için!

- Sağ olun - deyib Qalina Kərimova su dolu stəkanı Avtandildən alaraq başına çəkdi. Araya çökən bir neçə dəqiqəlik sükutdan sonra Avtandil Qalinaya müraciətlə:

- Qalina xanım, gördüyünüz kimi ərizədə “ölü canlar” dan söhbət gedir. Xahiş edirəm, ərizədə adları çəkilən adamların siyahısını götürün və onların əmək kitabçalarını hazırlayın ki, sabah səhər mən o kitabçaları nəzərdən keçirə bilim. Qalina Kərimova “ baş üstə “ deyib rəisin masası üstündəki ağ vərəqlərdən birini götürüb qabağına qoydu və ərizədə göstərilən “ölü canların” siyahısını həmin vərəqəyə köçürtməyə başladı. Siyahı hazır olandan sonra ərizəni Avtandilə qaytardı. Təşkilatın rəhbəri olmadan burada artıq bir iş görməyin yersiz olduğu qənaətinə gələrək Avtandil iş yerinə -raykoma qayıtmağa tələsdi.

- Qalina xanım, çox xahiş edirəm, Sadıxov yoldaş obyektlərdən qayıdanda mənim gəlməyimin məqsədi barədə ona məlumat verin. Həm də deyin ki, sabah səhər yerində olsun. Ərizə ilə əlaqədar onunla görüşməliyəm. İndi isə salamat qalın! – deyib, kabinetdən çıxdı.

İş gününün sonunda tikinti obyektlərindən qayıdan Musa Sadıxov, rəisi olduğu idarənin qarşısında xidməti avtomobilindən düşüb, idarəyə tərəf addımladı. Bu zaman idarə işçiləri üç – bir, beş – bir, dəstə - dəstə işdən çıxıb, elə həyətdəcə rastlaşdıqları rəislə xudahafizləşərək evlərinə yollanırdılar. Belə bir məqamda digərləri kimi Qalina Kərimova da rəisə yaxınlaşdı. Avtandilin bu gün tikinti təşkilatına gəlməyi barədə ona məlumat verdi :

- Yoldaş Sadıxov, səhər Siz obyektlərə gedəndən sonra raykomun təlimatçısı Avtandil Abbasov gəlmişdi. Bir imzasız ərizəni yoxlamaq istəyirdi. Sizi görə bilmədiyi üçün çox oturmadı, getdi. Ancaq dedi ki, sabah səhər, saat 10 tamamda bir də gələcək. Xahiş elədi ki, səhər yerinizdə olasınız, bir yana getməyəsiniz. Bayaqdan bəri onunla görüşüb xudahafizləşən işçilərinə özünü mədəni, qayğıkeş bir rəis kimi göstərməyə çalışan, hətta bəziləri ilə nəzakətlə hal-əhval tutan Musa Sadıxovu, kadrlar şöbəsi müdürünün verdiyi məlumat birdən birə özündən çıxartdı :

- Avtandil Abbasov kimdir ki, mənim rəis olduğum təşkilatı yoxlamaq istəyir? Başından böyük qələt eləməsin! O raykomun qapısına bağlanmış adi bir tuladır! Başına elə oyun açaram ki, zingiltisi bütün rayona yayılar! – deyib, heç kimə əhəmiyyət vermədən, Musa hirsli-hirsli inzibati binaya doğru addımladı.

- Beli bağlı olduğuna görə Musa Sadıxovun həmişə özünü çox yuxarıdan apardığına, özündən çox razı olduğuna, yekəxanalığına bütün rayon camaatı, o cümlədən rəhbəri olduğu tikinti təşkilatının əməkdaşları da yaxşı bələd idi. Ancaq onun camaatın içərisində raykomun tə‘limatçısının ünvanına bu cür təhqiredici ifadələr işlətməsi idarənin həyətinə yığışmış fəhlə və qulluqçuların böyük təəccübünə səbəb oldu. Eyni zamanda Musanın işlətdiyi nəlayiq sözlər, bu sözləri eşidənlərin çoxunda ona qarşı nifrət və ikrah hissi oyatdı. Axı, bu adamlar yaxşı başa düşürdülər ki, onun arxasında kim dayanıb! Bilirdilər ki, raykomun birinci katibi CavanşirMəmmədov onun arxasında dayanmasa idi o, raykomun təlimatçısını bu cür təhqir etməyə cəsarət etməzdi! Avtandilin ərizə yoxlamaq məqsədilə onun rəhbərlik etdiyi tikinti təşkilatına gəlməsini eşidəndə Musanın birdən- birə özündən çıxması səbəbsiz deyildi. Hələ srağa gün gündüz telefon vasitəsilə Musa, raykomun şöbə müdürü Zahid Əliyevdən onun haqqında ərizə yazıldığını eşidəndə bu barədə xeyli götür-qoy etmiş və qəti qərara gəlmişdir ki, ərizənin yazılmasını təşkil edən yalnız, həyat yoldaşı onun rəhbərlik etdiyi təşkilatda mühasib işləyən, Avtandil ola bilər. Həmin gün axşam tərəfi isə Cavanşir Məmmədov onu yanına çağırtdırıb ondan bu ərizəni kimin yaza biləcəyini soruşduqda. Avtandildən başqa heç kimdən şübhələnməyən Musa çox fikirləşmədən onun adını çəkmiş və katibi inandırmağa çalışmışdır ki, ərizəni yazdıran odur.

- Sən nə danışırsan, onun işi , gücü yoxdur ki, səndən anonim ərizə yazdırsın ? Bu boş söhbətdir! Nəyə əsaslanıb belə fikir yürüdürsən? –deyə Cavanşir Məmmədov ondan soruşmuşdu

- Cavanşir müəllim, onun arvadı Lyudmila Abbasova bizdə mühasib işləyir. Bu faktlar mühasibat işçilərindən başqa heç kimə məlum deyil. Mühasibat işçilərindən isə yalnız ondan şübhələnirəm. Ərizədə göstərilən ad – familiyaları maaş cədvəlindən köçürüb ərinə verib, o da bu imzasız ərizəni təşkil edibdir.

- Musa, nəsə dediklərin inandırıcı görünmür. Axı, Avtandil heç bir il yoxdur ki, raykompartiyada işləyir. O, savadlı, bacarıqlı adamdır, yaxşı perspektivası var. Yaxşı – yaxşı fikirləş, bəlkə səhv edirsən – deyib, Məmmədov bir az fikrə getdikdən sonra əlavə elədi :

- Ə, düzünü de , bəlkə aranızda söz - söhbət, münaqişə olub, mənim xəbərim yoxdur ?

- Yox, Cavanşir müəllim, bizim biri-birimizlə münasibətimiz həmişə yaxşı olub !

- Bəs o zaman o, nə üçün səndən yazmalıdı? Musa, məgər ərizədə göstərilən faktlar mühasiblərdən başqa heç kimə məlum deyil? Bəlkə, sənin yerinə göz tikən iş icraçılarından biri bunu təşkil edib ?

- Cavanşir müəllim, “ölü canlara” naryadı yazan elə iş icraçılarının özləridir. Onlar özlərinin düşməni deyillər ki, imzasız ərizəni yazdırmaqla özlərinə quyu qazsınlar?! Yox, bu anonimkanı təşkil edən yalnız Avtandildir. Mən buna əminəm.

- Yaxşı, get, baxarıq.

Cavanşir Məmmədov raykomun birinci katibi seçilən gündən hər hansı bir problemlə rastlaşanda, ona həmişə həm maddi, həm də mənəvi dəstək verən ağsaqqal dostları ilə 2N – li məktəbin direktoru Fərman Bağırovla, bankın müdürü Fərhad Əliyevlə və şəhər sovetinin sədri Bayram Kərimovla görüşüb, onlarla birgə problemin aradan qaldırılması yollarını axtarardı. Çox vaxt da elə onların verdiyi məsləhətlərə uyğun hərəkət edərdi. Bu dəfə də o, Musa Sadıxovu yola salandan sonra, ağsaqqal dostlarına zəng vurub yanına gəlmələrini xahiş etdi. Heç yarım saat keçməmiş onlar I katibin kabinetində toplaşdılar. Cavanşir Məmmədov anonim ərizə ilə dostlarını tanış etdikdən sonra Musa ilə söhbəti barədə də onlara məlumat verib, dedi:

- Bu məsələ ilə əlaqədar sizin də fikrinizi bilmək istəyirəm, Ani sükutdan sonra bankın müdürü Fərhad Əliyev dilləndi:

- Mən bilmirəm, Musa nəyə əsaslanıb Avtandildən şübhələnir? Mən onu, bilirəm ki, Avtandil heç vaxt belə bir iş görməz! Bir də Musa ilə Avtandilin arasında həmişə normal münasibət olub. O, nə üçün Musanın ayağının altını qazmalıdır? Əgər Avtandilin ixtisası inşaat sahəsinə aid olsa idi, belə də fikirləşmək olardı ki, Musanın vəzifəsinə göz tikib, onu çıxartdırıb yerinə keçmək üçün bu imzasız ərizəni yazdırıb. Məncə o, Azərbaycanın Dövlət Universitetinin filologiya fakültəsini bitirib, filoloqdur. Elə deyilmi, Cavanşir?

- Elədir.

- Bəs o zaman, əgər bu ərizəni Avtandil təşkil edibsə, məqsədi nədir?

- Bilmirəm. Əslində bu anonimkam Avtandilin yazdırdığına mən də inanmıram. Lakin, Musanın sözündən belə çıxır ki, bu, yalnız onun işidir.

- Heç mən də inanmıram ki, Avtandil Abbasov belə axmaq işlərlə məşğul olsun! O imzasız ərizəni təşkil edən kimdirsə, Musadan qisas alır. Musa o adamı öz işçiləri arasında axtarmalıdır.

Şəhər sovetinin sədri Bayram Kərimov da öz fikrini bildirdi.

Bayaqdan dostlarının söhbətinə diqqətlə qulaq asan 2N=li 8 illik məktəbin direktoru Fərman Bağırov dilləndi:

- Deyəsən o irəvanlı balası sizin hər ikinizi gipnoz edibdir. Nə başlamısınız onu tərifləməyə? İmzasız ərizəni Avtandil yazdıra bilər, hələ o tərəfə də keçər!... Niyə başa düşmürsünüz ki, o, Musanı ifşa etməklə Cavanşirdən qisas almaq istəyir!? Elə bilirsiniz ki, dəfələrlə onun karyerasına kimin maneəçilik törətdiyini o, anlamayıb? Məgər onu iki dəfə komsomol komitəsinin birinci katibi seçdirmək istəyəndə kimin buna mane olduğunu dərk eləmədi? Məgər bir neçə il bundan əvvəl komsomolun Mərkəzi Komitəsinin birinci katibi Elmira Qafarovanın şəxsən rayona gəlib Avtandili rayon komsomol komitəsinin birinci katibi seçdirmək istəməsi, lakin Cavanşirin buna imkan verməməsi Avtandilin yadından çıxıb? O, ən azı iki ay bundan qabaq birinci katibin köməkçisi vəzifəsinə təyin edilmədiyinə görə də Cavanşirdən intiqam almaq fikrinə düşə bilər. Bütün rayon bilir ki, o vaxt Cavanşir Avtandili özünə köməkçi götürmək istəyirdi. Ancaq sonra fikrini dəyişib öz yerlisini, əslən Fizuli rayonundan olan, yerli qəzetin əməkdaşı Yaqub Abdullayevi bu vəzifəyə təyin elədi. Məncə, üzə vurmasa da Avtandil, onun karyerasına əngəl törətdiyinə görə Cavanşirə düşmən kimi baxır...

- Axı, O, komsomolda işləyəndə Cavanşir onu partiya işinə irəli çəkib, - deyə Fərhad Əliyev Fərmanın sözünü kəsdi.

- Nə olsun ki! Avtandil fikirləşir ki, Cavanşir onun gələcəkdə komsomolun birinci katibi vəzifəsinə seçilməsinə yenidən imkan verməmək üçün onu partiya işinə keçirib. Avtandilin sakit, təmkinli davranışığına fikir verməyin. O, heç nəyi unutmur. Sözsüz ki, O, 5 il bundan əvvəl rayonumuzda iş axtaranda rast gəldiyi maneəçilikləri də unutmayıb. Bir daha deyirəm, o, Cavanşiri ləkələmək, onu hörmətdən salmaq məqsədilə Musanı hədəfə alıb.

Avtandil barədə Fərman Bağırovun dedikləri ilə Fərhad Əliyev heç cür razılaşa bilmirdi:

- Fərman, sən nə deyirsən de, ancaq mən Avtandilin belə alçaq hərəkətlərə yol verdiyinə qətiyyən inanmıram. Rayonda işlədiyi müddətdə onun heç kimə bir pisliyi keçməyib. Cavan da olsa hər kəsin yerini bilən, böyük-kiçik tanıyan, davranışığına fikir verən, təvazökar bir adamdır. Bir əsas olmadan imzasız ərizə yazdırmaqda onu günahlandırmaq düzgün deyil!

- Fərhad, onun günahkar olduğunu sübuta yetirmək o qədər də çətin iş deyil, - deyib, Fərman Bağırov üzünü Cavanşir Məmmədova tutdu, fikrini daha ətraflı şəkildə ona çatdırmağa çalışdı:

- Sən bu imzasız ərizənin yoxlanılmasını elə Avtandilin özünə tapşır. Musa ilə sənin aranda olan isti münasibət hamıya məlum olduğu kimi, sözsüz, ona da məlumdur. Ona görə də, əgər anonim ərizənin yazdırılmasından onun xəbəri yoxdursa o, yoxlamanı üzdən aparacaq və ərizədə göstərilən faktları təsdiqləməyəcək. Əksinə, əgər o, ərizədəki faktları təsdiqləsə, demək, bu anonimkanı təşkil edən doğrudan da onun özüdür. O zaman onun özünü, kommunistləri, vəzifəli şəxsləri ləkələmək məqsədilə anonimkalar təşkil etməkdə təqsirləndirib işdən qovarsan.

Fərhad Əliyev bir daha Fərman Bağırovun dediklərinə münasibət bildirdi:

- Ay Fərman, sənin bu fikrin mənim heç xoşuma gəlmədi. Əgər ərizənin yoxlanılmasını Cavanşir ona həvalə edərsə, əgər doğrudan da faktlar öz təsdiqini taparsa, Avtandil o faktları necə ört-basdır edə bilər? Məncə, yaxşısı budur ki, Cavanşir o anonim yazıya heç bir reaksiya verməyib, cırıb tullasın! Cavanşir Məmmədovun ağsaqqal dostlarının anonim ərizə ilə bağlı müzakirələri xeyli vaxt apardı. Katib dostlarının, elə özünün də yorulduğunu hiss edib:

- Hər halda Fərman müəllimin məsləhətinə qulaq asıb səhər tezdən ərizənin yoxlanılmasını Avtandilə tapşıracam. Sonrasına baxarıq! – dedi və qonaqları ilə birlikdə kabineti tərk etdi.

Avtandil anonim ərizənin yoxlanılmasını yarımçıq qoyub raykoma qayıtdıqdan sonra yazı-pozu işinin çoxluğundan iş gününün necə başa çatdığın hiss etmədi. Gözü təsadüfən otağın divarından asılmış saata sataşanda, saatın əqrəbinin 19-u göstərdiyini gördü. Tələsmədən yazı masasının üstündəki sənədləri, kağız-kuğuzları səliqə-sahmana salıb otaqdan çıxdı. Havanın soyuduğuna baxmayaraq, həmişə olduğu kimi bu gün də raykomun binasından 200-250 metr aralıda yerləşən bir otaqlı mənzilinə getmək üçün yolunu yaxınlıqdakı parkın içindən saldı. O, demək olar ki, ilin bütün fəsillərində, boş vaxtlarında çox da böyük olmayan, ancaq çoxlu həmişəyaşıl ağacları, kolları ilə diqqəti cəlb edən bu parkda gəzməyi, təmiz hava almağı xoşlayırdı. Avtandil parkın girişinə yenicə qədəm qoymuşdu ki, arxadan kimsə onu səslədi:

- Avtandil müəllim, zəhmət olmasa bir dəqiqə ayaq saxlayın, Sizə sözüm var. Avtandil dayandı, dönüb geriyə baxdı. Ona yaxınlaşan adamı tanıdı. O, Musa Sadıxovun rəis olduğu tikinti təşkilatının təchizat şöbəsində işləyən qocaman kommunist, 60-a yaxın yaşı olan Əliheydər kişi idi. O, uzun illər idi ki, bu təşkilatda çalışırdı. Rayonda hamı onu təmiz, prinsipial, haqsızlığa dözməyən bir adam kimi tanıyırdı. Musa Sadıxovun Əliheydər kişidən qətiyyən xoşu gəlmirdi. İmkanı olsa idi onu bir gün də işdə saxlamazdı. Ancaq tutarlı bir bəhanə tapa bilmədiyindən ona dəyib-toxunmağa cəsarəti çatmırdı.

- Axşamınız xeyir, Avtandil müəllim!

- Axşamınız xeyir Əliheydər dayı, xeyir ola? Niyə belə həyəcanlısınız?

- Lənət şərə! Avtandil müəllim, eşitdiyimə görə Siz sabah səhər bir şikayət ərizəsini yoxlamaq məqsədilə Musa Sadıxovla görüşməlisiniz, elə deyilmi?

- Bəli, elədir! Avtandil müəllim, Musa Sadıxov çox alçaq adamdır. Əslində o, cinayətkardır. Bizim təşkilatın fəaliyyəti dərindən yoxlanılsa, onu dərhal cinayət məsuliyyətinə cəlb edərlər. Ancaq arxasında raykomun birinci katibi dayandığından ona heç kim dəyib dolaşmır. Bir-iki saat bundan əvvəl törətdiyi biabırçılıq isə onun tamamilə azğınlaşdığını sübut edir. Avtandil, Əliheydarın danışdıqca həyəcanlandığını, hətta əsəbləşdiyini görüb, onu sakitləşdirməyə çalışdı:

- Əliheydar dayı! Xahiş edirəm, həyəcanlanmayın, sakitləşin. Deyin görüm, axı, bir-iki dəqiqə bundan əvvəl nə kimi biabırçılıq olub? Nə baş verib? Əliheydar kişi həyəcanını boğmaq üçün bir-iki dəfə susdu. Xeyli sakitləşəndən sonra Musa Sadıxovun tikintidə işləyən adamların yanında Avtandilin ünvanına dediyi nəlayiq sözləri ona danışdı. Avtandil onu dinlədikdən sonra, Musanın təhqiredici ifadələrindən çox əsəbləşdiyinə baxmayaraq, özünü ələ alıb dedi:

- Çox sağ olun, Əliheydar dayı. Bu məlumatı mənə çatdırdığınıza görə sizə minnətdaram.

- Avtandil müəllim, o alçaqdan adamdan özünüzü gözləyin. Sizə şər atıb, ləkələyə bilər.

- Narahat olmayın. Bir daha sağ olun!

Lyudmila qapını açıb Avtandili içəri buraxanda ərininin ağ-appaq olmuş sifəti onu qorxurdu.

- Sənə nə olub belə? Xəstələnməmisən ki?

- Yox, narahat olma, hər şey qaydasındadır. Avtandil var gücü ilə özünü ələ alıb, mövzunu dəyişdi:

- De görüm, Sona neçədir? Həkim bu gün ona baş çəkə bildi? Avtandilin özünün də, həyat yoldaşının da rayon mərkəzində işləmələri onları məcbur etmişdir ki, yeganə uşaqları olan 5 yaşlı Sonanı Avtandilin birinci Şahsevən kəndində yaşayan valideyinlərinin yanında qoysunlar. Hər ikisi iş həftəsinin sonunda kəndə gedib, həm valideyinlərinə, həm də uşağa baş çəkib bazar ertəsi tezdən rayona qayıdırdılar. Son istirahət günləri kənddə olanda, bazar günü qızın nasaz olduğunu görüb, onu tez rayona gətirdilər. Qonşuluqda yaşayan uşaq həkimi Gülüstan xanımı çağırdılar. O, qızı müayinə edərkən uşağa soyuq dəydiyini, istiliyinin 39 dərəcəyədək qalxdığını deyib,dava-dərman yazmış və tapşırmışdır ki, yubanmadan uşağın müalicəsinə başlasınlar. Sonra da- “ Mən evdə olacağam, utanmayın, lazım olsam müraciət edin. Bu gün lazım olmasam, şəhər mütləq özüm gəlib uşağa baş çəkəcəyəm “ - deyərək evinə yollanmışdı.

- Hə, Gülüstan xanım günorta üstü gəlib Sonaya baş çəkdi, çox sağ olsun. İstiliyini ölçdü, xeyli aşağı düşmüşdü. Dedi ki, müalicəni davam etdirin, İnşallah, bir-iki günə tamamilə sağalacaq.

- İnşAllah!

Avtandil qızının yatdığı çarpayıya yaxınlaşıb onun üzündən öpdü.

- Mənim gül balam necədir?

- Yaxşıyam ata, narahat olma!

- Dərmanları qəbul edirsənmi?

- Bəli, ata.

- Afərin, mənim balam, yaxşı eləyirsən, dərmanları vaxtı-vaxtında qəbul eləsən lap tezliklə sağalıb ayağa qalxacaqsan! deyib, Avtandil otağın ortasındakı masanın yanında qoyulmuş stulda əyləşdi. Arvadının armudu stəkana süzüb gətirdiyi pürrəngi çayı püfləyə -püfləyə içməyə başladı.

Camaatın içində Musanın onun ünvanına söylədiyi təhqiramiz sözlər ona rahatlıq vermədiyindən Avtandil bütün gecəni yata bilmədi. Sübhə yaxın yuxuya getsə də, hava işıqlaşan kimi yuxudan oyandı. Arvadın və qızın yuxudan oyatmamaq üçün astaca yerindən qalxıb şalvarını əyninə taxdı. Qızının mışıl-mışıl yatdığı çarpayıya yaxınlaşıb əlini onun alnına qoydu. Uşağın istliyi yox idi. “Allaha şükür, qızım artıq sağalır”- deyə fikirləşdi. Bu fikir onun ürəyini sevinc hissi ilə doldurdu, əhval-ruhiyyəsini xeyli yaxşılaşdırdı. Saata baxdı, saat hələ 7 yox idi. Öz-özünə “işə bu qədər tez getməyin mənası yoxdur” - deyib vanna otağına keçdi. Duşun altında xeyli dayandıqdan və yuyunduqdan sonra özünü daha yaxşı hiss etdi, gümrahlaşdı. Musanın təhqiramiz sözləri barədəki fikirlər də artıq onu narahat etmirdi. Bu fikirləri o, sanki bir neçə dəqiqə ərzində beynindən qovub çıxartmış və bu fikirlərin onun beyninə bir daha müdaxilə etməməsi üçün onların qarşısına möhkəm sədd çəkmişdi.

Avtandil vanna otağından çıxanda həyat yoldaşının artıq səhər yeməyi hazırladığını gördü. Yaxınlaşıb onu qucaqladı.

- Sabahın xeyir, - deyib üzündən öpdü. – Şükür Allaha Sona lap yaxşıdı. İstiliyi də tamamilə çəkilib.

- Hə, elədir, əzizim. Elə indicə termometrlə yoxladım, istiliyi normadadır. Narahat olma, otur yeməyini ye!

- Uşağa görə neçə gün icazə almısan?

- Sabah yox, o birisi gün işə çıxmalıyam. Allah qoysa sabah Sonanı kəndə apararıq. Orada nənəsi ilə babası ona yaxşıca qulluq edərlər. Bizdən də yaxşı! Elə deyilmi?

- Əlbəttə, əzizim!

- Avtandil öz uşaqlıq illərini xatırladı. Xəyalında özünün uşaqlıq həyatı ilə qızının uşaqlıq həyatını müqayisə elədi. Bu iki dövrün uşaqlıq həyatı arasında müqayisə olunmayan dərəcədə fərq olduğunu düşündü. “Allah sənə min şükür! Şükür ki, bu gün uşaqlarımız müharibəsiz, davasız-savaşsız bir şəraitdə qayğısız, xoşbəxt böyüyürlər.” Xəyalı Avtandili lap kiçik yaşlarından tutmuş yeniyetmə çağlarına, ilk gənclik dövrünədək dartıb aparır, sanki onu keçdiyi həyat yolunun bir parçasını yenidən səyahət etməyə məcbur edirdi.

|| Fəsil

Avtandil 1948-1953-cü illərdə Ermənistandan deportasiya edilən azərbaycanlılardan biri idi. Onun anadan olduğu, tarixən çox qədim bir azərbaycanlı kəndi olan Böyük Vedi kəndi Irəvan şəhərinin təqribən 40 kilometrliyində, Vedi çayının hər iki sahilində böyük bir ərazini əhatə edir. Ermənistanda Sovet hakimiyyəti qurulan gündən bu kənd Vedi rayonunun inzibati mərkəzinə çevrilmiş, rayonun bütün hakimiyyət orqanları, idarə və müəssisələri burada yerləşdirilmişdir. Vaxtilə qohumluq əlaqələrinə görə tayfa şəklində birləşmiş azərbaycanlıların bu ərazidə yaratdığı məhəllələr, illər, əsrlər ötdükcə, daha da genişlənmiş, bir-birinə qarışaraq belə bir böyük kəndin əmələ gəlməsinə səbəb olmuşlar. Biri-birilərinə qaynayıb qarışmalarına baxmayaraq XX əsrin sonlarınadək - Ermənistan hakimiyyətinin etnik təmizləmə siyasətini həyata keçirərək azərbaycanlıları öz doğma torpaqlarından qovana qədər, bu məhlələr əsrlər boyu öz adlarını qoruyub saxlamışlar. Vedidən qovulduqdan sonra belə Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmış vedililər bu məhlələrin adlarını daim yaşatmışlar. Onlar bu adları bu gün də yaşadırlar. Vedililər, bir-birinə rast gəlib tanış olduqda, biri digərindən ilk növbədə onun Vedinin hansı məhəlləsindən olduğunu soruşur. Sözsüz, bu, məhəlləpərəstlik əhval-ruhiyyəsindən irəli gəlmir. Bu, digər məhəllədə yaşayan qohum-əqraba, tanış-biliş barədə mə’lumat almaq, hal-əhval tutmaq məqsədini daşıyır. Axı, Vedinin bütün məhəllələri biri-birinə çox sıx şəkildə bağlıdırlar! Kiçik məhəllələri nəzərə almasaq, Vedidə 4 böyük məhəllə vardı. Vedi çayının hər iki sahili boyunca yaşayan əhalinin yerləşdiyi ərazi “Çayqıraqlılar” məhəlləsi adlanırdı. Vedinin Vedi dağlarına yaxın hissəsindəki məhəllə “Mahmudlular”,“Çayqıraqlılar” məhəlləsi ilə “Mahmudlular” məhəlləsinin arasındakı məhəllə isə “Paskilər” məhəlləsi kimi məşhur idilər. Vedinin mərkəzi hissəsinə isə “Şumallılar” məhəlləsi deyirdilər.

Avtandil lap uşaq vaxtlarında bu məhəllələrin adlarının haradan götürüldüyü ilə maraqlanmışdı. Kənd ağsaqqalları o vaxt ona izah etmişdilər ki, “Mahmudlular” və “Şumallılar” məhəllələrinin adları bu məhəllələrin ilk sakinləri olan tayfa başçılarının soyadlarından götürülüb.“Çayqıraqlılar” məhəlləsinin adı isə insanların məskunlaşdığı ərazinin, yerin adı ilə bağlıdır. Yalnız “Paskilər” məhəlləsinin adının haradan qaynaqlandığını və bu adın nə məna daşıdığını ona bu günə kimi heç kəs izah edə bilməmişdir.

Avtandil “Paskilər” məhləsində anadan olmuşdur. Ailəsi Vedidən Azərbaycana köçəndə onun heç 9 yaşı yox idi. Buna baxmayaraq, ömrü boyu bu məhəllənin bir qarış yerini də yaddan çıxartmadı. Azərbaycana köçdükdən sonra uzun illər “paskilər” məhəlləsindəki evlərinin, həyətlərinin, babasından qalmış meyvə və üzüm bağlarının, küçələrdə əski parçasından düzəltdikləri topla futbol oynadıqları məhəllə uşaqlarının niskilini çəkirdi. Uşaqlıq illəri Böyük Vətən Müharibəsi illərinə və müharibədən sonrakı dövrə təsadüf edən minlərlə azərbaycanlı uşaqları kimi Avtandil də o dövrün acılı-ağrılı, dərdli-bəlalı həyatını yaşamışdı. O da, özündən böyük qardaşı Zahid də məhəllənin digər uşaqları kimi acından ölməmək üçün tez-tez boş qalmış mədələrini bağ-bağatdan topladıqları yemliklə doldurardılar. Qış fəslindən başqa demək olar ki, ilin bütün fəsillərində, xüsusilə, yaz-yay aylarında məhəllə uşaqları hər gün düzənliklərdən, çay qıraqlarından, bağ-bağatdan yığdıqları müxtəlif növ göyərtiləri - əməcköməci, pərpətöyünü, acı-qıcını, bozoğlanı, şötünü və s. çiyinlərindən asdıqları torbalara doldurub evlərinə aparardılar.

Evdə az da olsa, yağ və düz olanda Avtandilin anası, bu pencərlərin bəzilərini qızardar, bəzilərindən isə sup, ya da dovğa bişirərdi. Yağ olmayanda qaynadılmış göy-göyərtiyə azca düz səpib yeyərdilər. Elə vaxt olurdu ki, evdə nə yağ, nə də duz tapılırdı. O zaman suda bişirilmiş pencər yağsız, duzsuz da yeyilirdi. Bunun elə bir durumu olmasa da, acından ölməmək üçün bəzən kömək edirdi. Ancaq çox az bir müddətə...

Avtandilin yaxşı yadındadır:1945-ci ilin payız ayları idi. O, uşaqlarla birlikdə neçə gün idi ki, çayın ətrafında, bağlarda pencər axtarırdılar. Rast gəldikləri göyərtilərin əksəriyyəti havaların soyuması nəticəsində xarab olaraq sıradan çıxmış, bir çoxu isə vaxtı ötdüyündən qaralmışdı. Ona görə də uşaqların hər biri bütün gün ərzində güc-bəla ilə çox az miqdarda yeməyə yararlı pencər toplaya bilirdilər. Bu payız fəslində məhəllə uşaqlarının bir çoxu aclıq nəticəsində taqətdən düşdüyündən çöl-bayıra çıxa bilməmiş, yataq xəstəsinə çevrilmişdilər. Hətta, acından ölənlər də var idi. Onlardan biri məhəllənin ən gözəl qızı hesab edilən 13-14 yaşlı Nəzakət idi. Yes-yekə bir qız uşağının taqətsiz halda, inildəyə-inildəyə, zorla, “ana, acından ölürəm”, ana, axı, acından ölürəm” deyə-deyə anasının qolları üstündə dünyanı tərk etməsi, yazıq ananın bütün məhləni lərzəyə salan fəryadı, ürəkləri parçalayan ah-naləsi Avtandilin uşaqlıq yaddaşında silinməz izlər qoymuşdu.

Həmin gün. Avtandil 5-6 nəfər məhəllə uşağı ilə birlikdə növbəti dəfə pencər yığımından qayıdırdı. Nəzakətgilin evinin qabağından keçəndə onun anasının tükürpədici qışqırışı onları ayaq saxlamağa məcbur etdi. Uşaqlar bu dəhşətli faciənin baş vermə səbəbini qapısı açıq qalmış evin dəhlizində oturub hönkürtü ilə ağlayan Nəzakətin 7 yaşlı bacısı Fəridədən öyrəndilər. Nəzakətin acından ölməsi uşaqları tamamilə sarsıtmışdı.Fəridəni dövrəyə almış uşaqlar bir an nə edəcəklərini bilmədilər. Lakin, çox keçmədi ki, komanda verilmiş kimi, hamısı bir nəfər kimi torbalarındakı göyərtiləri dəhlizin birküncündə qoyulmuş masanın üstünə boşaltdılar. Sonra növbə ilə artıq hıçqırtısı kəsilmiş Fəridənin başına sığal çəkib, böyüklər kimi “ Fəridə son qəmin olsun” , “Allah rəhmət eləsin” deyərək evlərinə yollandılar.

Uşaqların bu hərəkəti, qızı ölmüş ananın başına toplaşan qonşuların diqqətini cəlb etmiş, onları xeyli kövrəltmişdi. Uşaqların xeyirxahlığından çox mütəəssir olan məhəllə ağsaqqallarından biri -

Məhərrəm müəllim-hətta, üzünü Nəzakətin meyitini basdırmaq üçün qəbirstanlığa yığışan adamlara tutub demişdir:

“Müharibə bu günkü uşaqların uşaqlığını əllərindən aldı, onları qayğısız uşaqlıq həyatından məhrum etdi. Lakin onların xoşbəxt gələcəkləri var. Çünki uşaqlarımız ac-yalavac böyüsələr də, əsl insan kimi böyüyürlər. Onların bu günkü xeyirxah hərəkətləri bunun əyani şəkildə sübutudur. Artıq biz hamımız əmin ola bilərik ki, bu gün belə bir xeyirxah iş görən balalarımız gələcəyin ən namuslu, ən vicdanlı qurucuları olacaqlar. Biz onlarla fəxr etməliyik. Eyni zamanda bu gözəl balalarımıza daha çox diqqət və qayğı göstərməliyik.”

Avtandilgilin güzəranı, 1944-cü ilin sonlarında, yaralandığına görə ordudan tərxis edilən atası Hümbət kişi evinə qayıtdıqdan sonra, yavaş-yavaş yaxşılaşmağa başlamışdı. Kolxozda briqadir vəzifəsində çalışan Hümbət kişi eyni zamanda özünün meyvə və üzüm bağlarından becərib əldə etdiyi məhsulu İrəvan şəhərinin bazarına apararaq orada alverçilərə topdan satırdı. Sonra qazandığı pula, Azərbaycanın taxılçılıq rayonlarına, əsasən, Fizuli, İmişli və Ağcabədi rayonlarına gedib, bu rayonlardan bir-iki kisə taxıl, yaxud un alıb evə gətirərdi. Hümbət kişinin səyi nəticəsində ailəsində getdikcə çörək qıtlığı azalırdı. Avtandilin anası artıq unu təkcə təndir çörəyi bişirməyə deyil, eyni zamanda hərdən bir un xörəkləri hazırlamağa da sərf edirdi. O, hələ əri müharibədən qayıtmamış, əlinə un düşəndə, çox nadir hallarda undan hörrə bişirib uşaqlarına verdiyi halda, indi hörrədən əlavə onları tez-tez xaşılla, xəngəl ilə, hətta bəzən uşaqların çox xoşladığı kətə ilə də əzizləyirdi. Hümbət kişi kimi müharibədən sonra doğma kəndinə qayıdanların hesabına işçi qüvvəsi artıqca kolxozun göstəriciləri də yaxşılaşırdı ki, bu da təsərrüfatda çalışan insanların güzəranında az da olsa müsbət dəyişikliklərə səbəb olurdu. Bu dəyişiklikləri hiss etdikcə kolxozçular daha həvəslə işə girişir, hər gün sübh tezdən axşam qaranlıq düşənədək kollektiv təsərrüfatın inkişafı üçün əllərindən gələniəsirgəmirdilər. Belə bir vaxtda, xaricdən gələn erməniləri Ermənistanda yerləşdirmək məqsədilə SSRİ Nazirlər Sovetinin 1947-ci il dekabrın 23-də və 1948-ci il martın 10-da “Kolxozçuları və digər azərbaycanlıları Ermənistan SSRİ-dən Azərbaycan SSR-in Kür-Araz düzənliyinə köçürülməsi barədə” qəbul etdiyi xüsusi qərarlar Ermənistanda yaşayan azərbaycanlılara arxadan vurulan ağır bir zərbə oldu. Baxmayaraq ki, azərbaycanlıların köçürülməsi haqqında konkret bir vaxt hələ müəyyənləşməmişdi, bu qərarlardan xəbər tutan bütün insanların əli işdən soyumağa başlamışdı. Əhalini artıq, işdən çox köç məsələsi maraqlandırırdı. Ermənistanın bütün azərbaycanlı əhalisi kimi Vedi camaatı da köçün nə vaxt baş tutacağını həyəcanla gözləyirdi. Heç kim doğma yurd-yuvasını, həyət-bacasını tərk etmək istəmirdi. Adamlar sanki, yas içində idilər. Çoxları dönə-dönə qəbirstanlıqda yatan doğmalarının qəbirlərini ziyarət edir, bu qəbirlərin yanında diz çöküb, köçün baş tutmaması üçün allaha yalvarır, ondan imdad istəyirdi. Bəziləri isə köçün baş tutacağı halda, dünyasını dəyişmiş əzizlərinin qəbirləri üstünə bir daha gələ bilməyəcəklərini fikirləşdikcə dəhşətə gəlir və hönkür-hönkür ağlayırdılar. Heç kimdə sabahki günə inam qalmamışdı. Hamı narahatçılıqla fikirləşirdi: “Görəsən Azərbaycanda onları nə gözləyir? Yaşamaq üçün özlərinə bir şərait yarada biləcəklərmi”? Bəzi adamlar, onların Azərbaycan adı altında Qazaxıstana sürgün ediləcəkləri barədə söz-söhbət də yayırdılar. Hətta deyirdilər ki, bizi də Axalkalakı azərbaycanlıları kimi “qəflətən vaqonlara doldurub Qazaxıstana göndərə bilərlər”. Bu kimi suallar və şaiyələr, eyni zamanda köç ilə əlaqədar aylarla davam edən qeyri-müəyyənlik insanların əsəblərini tarıma çəkdiyindən rayonda çox gərgin və xoşagəlməz bir atmosfera əmələ gəlmişdi. Belə bir şəraitdə, 1948-ci il may ayının sonlarında Vedidə kolxozun idarə heyətinin iclası keçirilirdi. İclasda yaz tarla işlərinin vəziyyəti müzakirə olunurdu. Kolxoz sədri, son vaxtlar arvadının işə çıxmadığına görə Hümbət kişiyə irad tutub, ondan, yüksək tonda, bunun səbəbini izah etməyi tələb edəndə, O, deyir: “Sizin arvadınız əlinə ketman alıb pambıq sahəsini alaq otlarından təmizləməyə çıxanda, mənim də arvadım işə çıxacaq!” Belə bir cavabı gözləməyən kolxoz sədri pərt olur. Bir an özünü itirir, nə cavab verəcəyini bilmir. Sonra özünü ələ alıb qəzəblə: “Hümbət, deyəsən çox qudurmusan. Sabah axşam partburoda bu qudurğanlığına görə cavab verməli olacaqsan!” -deyə bağırır. “Qudurğan sənin özünsən!” – deyib, Hümbət kişi iclası tərk edir.

Hümbət kişi anlayır ki, ertəsi gün keçiriləcək partiya təşkilatının büro iclasında kolxoz sədrinin təklifi ilə ona çox ciddi partiya cəzası verilə bilər. Hamının əsl kommunist kimi tanıdığı, 20 ildən çox partiya stajı olan Hümbət kişi buna əsla yol verə bilməzdi. Odur ki, kolxoz sədri ilə atışdıqdan sonra evinə qayıdıb, camaatın köçürülməsini gözləmədən, elə həmin axşam ailəsini götürüb Ermənistandan çıxır . Əvvəlcə Fizuli rayonunun Aşağı Aybasanlı kəndində, sonra isə Mardakert (indiki Ağdərə ) rayonunun Xunuşinad kəndində məskən salır. İki ilə yaxın bu kəndlərdə çox ağır şəraitdə yaşadıqdan sonra, 1950-ci ildə ailəsini, kütləvi deportasiya nəticəsində Vedi rayonunun Corabanlı kəndinin və Göyçə mahalının Zod kəndinin əhalisinin məskunlaşdığı Xanlar (indiki Göy-Göl) şəhərinə gətirir. Hümbət kişi ailəsi ilə burada 12 ildən artıq yaşayır. İki oğlu da elə bu şəhərdə orta məktəbi bitirib, ali məktəbə qəbul olmaq üçün Bakıya yollanırlar. Böyük oğlu Zahid Bakıda yaşayarkən, kiçik oğlu Avtandil işə ordu sıralarında xidmət edərkən Hümbət kişi həyat yoldaşı və kiçik yaşlı qızı ilə birlikdə Jdanov ( indiki Beyləqan ) rayonunun birinci Şahsevən kəndinə köçür. 1949-1950-ci illərdə Vedidən bu kəndə köçürülən qohum-əqrabanın köməkliyi ilə burada satın aldığı, xeyli həyətyanı sahəsi olan bir daxmada ailəsini yerləşdirir.

Avtandil, valideynlərinin Xanlardan köçməsi xəbərini eşidəndə, çox bikef olur, hətta xeyli qəhərlənir də! Orta məktəb həyatını başa vurduğu bu kiçik, şəhər Avtandilin çox xoşuna gəlirdi. Həmişə Vedinin həsrətini çəkən Avtandil, nəhayət, burada özünə təsəlli tapmışdı. Xanlarla bağlı onun yaddaşına həkk olunmuş çox zəngin və xoş xatirələr sonralar onu bütün ömrü boyu müşaiyət edəcəkdir.

Hələ XIX əsrin əvvəllərində Rusiyadan köçüb gələn almanların saldığı və Yelnendorf adlandırdıqları bu şəhərin adı 1938-ci ildə bolşevik Xanlar Səfərəliyevin şərəfinə Xanlar adı ilə əvəz edilir. Bir neçə il bundan əvvəl isə bu şəhərə Göy-Göl adı verildi. Avtandil Xanlarda yaşadığı ilk günlərdən əsrarəngiz gözəlliyi, səliqə-sahmanı və təbii landşaftı ilə göz oxşayan bu şəhərə ürəkdən bağlanmışdı. Şəhəri, sanki, hər hansı bir təhlükədən qorumaq üçün əhatəyə almış yaşıl meşəli dağların, ceyran, cüyür oylağına çevrilmiş göy çəmənli dərələrin, təpələrin, saysız hesabsız lalələrin al rəngə boyadığı yamacların yaratdığı füsunkar peyzaj Avtandili daim valeh edirdi. Şəhərin simasına xüsusi yaraşıq verən, 200 illik tarixi olan, zövqlə tikilmiş hündür kürsülü, geniş eyvanlı binaları,planlı şəkildə salınmış küçələr boyu cərgə ilə əkilmiş meyvə ağacları, şəhərin mərkəzindəki bağın və şəhərin kənarında - Gəncə çayına yaxın ərazidə salınmış, şəhərin yaşı qədər yaşı olan böyük və gözəl parkın qayğı ilə qulluq edilən həmişəyaşıl kolları, şam və küknar ağacları, xan çinarları həmişə həvəskar rəssamların, xüsusilə məktəblilərin, o, cümlədən Avtandilin çəkdikləri rəsmlərdə və eskizlərdə öz əksini tapardı. Gəncədən Hacıkəndə, oradan da Kəpəz dağının ceyran-cüyürlə dolu ətəyini sığallayan Göy-Gölə və Maral gölə gedən yeganə şosse yolu o zaman Xanların düz mərkəzindən keçirdi. Yay aylarında məhəllə uşaqları ilə birlikdə yeniyetmə Avtandil də Göy-Göl istiqamətinə nadir hallarda yolu düşən yük maşınlarına arxadan atlanıb minər, ora çatan kimi gölün şəffaf, göm-göy sularına baş vurardılar. Axşama kimi göldə üzüb yorulduqdan sonra, yenə də yol maşınları ilə şəhərə qayıdardılar. Göy-Gölə getməyə nəqliyyat olmayanda “ Çay bağına “ enərdilər. “ Çay bağı “ dedikdə, şəhərin əhalisi, mənbəyini kiçik Qafqaz sıra dağlarından alan və şəhərin qırağındakı enli dərədən Gəncəyə doğru şütüyən Gəncə çayının hər iki tərəfində vaxtilə almanların çox səliqəli şəkildə saldıqları bağ-bağatı nəzərdə tuturdu. Xanlardan xeyli aralı, Topalhəsənli kəndindən başlayıb Gəncə şəhərinin girəcəyinə qədər çayın hər iki sahili boyu əkilmiş meyvə ağacları, əsasən qoz və gilas ağacları, üzüm plantasiyaları uşaqların oylağını, Gəncə çayı işə onların çimərliyini əvəz edirdi. Yay aylarında öz sərin havası ilə kurortu xatırladan “ Çay bağı “ təkcə uşaqların deyil,böyüklərin də istirahət məkanına çevrilirdi.

Şəhərin mərkəzində ucaldılmış 2 mərtəbəli kilsə isə öz yaraşığı ilə şəhərin gözəlliyini tamamlamış və ona əzəmətli bir görkəm vermişdir. 1854-cü ildə alman kaloniyaçıları tərəfindən alman memarlıq üslubunda tikilmiş, təkcə Azərbaycanda deyil, eləcə də Cənubi Qafqazda ilk protestant kilsə hesab edilən bu memarlıq abidəsi öz füsunkar görkəmi ilə bu gün də hamını, xüsusilə şəhərin qonaqlarını, özünə valeh etməkdədir. Sovetlər dövründə bu kilsə gənclərin və yeniyetmələrin asudə vaxtlarının səmərəli keçirilməsinə xidmət edərdi. Gənclər burada bir çox idman növləri ilə məşğul olardılar. Kilsənin 1-ci mərtəbəsi idmanın boks, güləş və ağır atlyotika növləri, 2-ci mərtəbəsi isə voleybol və basketbol növləri ilə məşğul olmaq üçün hər cür şəraiti olan zallara, meydançalara çevrildiyindən bu zallar və meydançalar səhərdən axşamadək idmançılarla dolu olardı. Xanlarda Avtandil cəmi 10 il yaşadığına baxmayaraq, O, bu kiçik şəhəri özünün ikinci vətəni hesab edirdi. Ali təhsil aldıqdan sonra bu şəhərə qayıdıb burada yaşamaq və vaxtilə təhsil aldığı 3N-li orta məktəbdə müəllim işləmək onun ən başlıca arzusu idi. Lakin, Avtandilin xəbəri olmadan valideynlərinin bu gözəl təbiətli, ab-havalı şəhərdən yay aylarında istidən və bürküdən, pambıq tarlalarına təyyarədən səpilən zəhərli dərmanların iyindən insanların çətinliklə nəfəs aldığı Jdanov rayonuna köçməsi onun bu şəhərlə bağlı arzuların tamamilə alt-üst eləmişdi.

III Fəsil

Avtandil nəzərdə tutduğu vaxt, düz səhər saat 10 00-da Səyyar Mexanikiləşdirilmiş Kalonnanın inzibati binasına daxil olub, rəisin qəbul otağına tərəf irəlilədi. Qəbul otağında rastlaşdığı katibəyə mehribancasına salam verdi:

- Xanım qız, sabahınız xeyir!

- Sabahınız xeyir, Avtandil müəllim! Musa müəllim Sizi gözləyir, keçin içəri.

Avtandil kabinetin qapısını açıb içəri keçdi. Musa Sadıxovun onu qarşılamaq üçün oturduğu yerdən tez qalxıb irişə-irişə ona tərəf gəldiyini görəndə fikirləşdi: “Bu ki, əsl aktyordur. Gör özünü o yerə qoyurmu? Elə bil ki, camaatın içində dünən mənim ünvanıma təhqiramiz ifadələr işlədən, məni “raykomun tulası” adlandıran adam deyil!” Musa bir əlini Avtandilə uzadıb salamlaşdı. O biri əlini isə Avtandilin çiyninə qoyub, çoxdan görmədiyi dostu ilə, nəhayət, görüşürmüş kimi mehribancasına dilləndi:

- Avtandil müəllim, xoş gördük Sizi. Mənə dedilər ki, bir ərizə ilə əlaqədar bu gün gəlməlisiniz. Ona görə də oturub Sizi gözləyirdim. Keçin əyləşin. – sonra kabinetin qapısını açıb katibəyə göstəriş verdi:\

- Ay qız, bizə bir yaxşı çay təşkil elə!

Avtandil onun vurnuxduğunu görüb:

- Musa müəllim, narahat olmayın. Çay içməyə vaxt yoxdur. Mən “birincinin” göstərişi ilə bu ərizədəki faktları yoxlamalıyam, - dedi və özü ilə gətirdiyi qovluğun içindən ərizəni çıxardıb ona verdi. Musa ərizəni alıb, guya məzmunundan xəbəri yoxmuş kimi, başdan ayağa onu oxudu.

- Avtandil müəllim, atalar yaxşı deyib “meşə çaqqalsız olmaz!”. Görünür, bu boyda kollektivin içində məni gözü götürməyənlər də var. Yazırlar da... Neyləmək olar? Sizin köməkliyinizlə, inşallah, hər şey qaydasına düşər.

- Əlbəttə, Musa müəllim, hər şey yaxşı olar. Mən inanmıram ki, ərizədə göstərilən faktlar öz təsdiqini tapsın. Ancaq buna əmin olmaq üçün ərizədə adları çəkilən şəxslərin əmək kitabçalarını və işçilərin son 6 ay ərzində aldıqları əmək haqqının cədvəllərini nəzərdən keçirtməliyəm. Bu sənədlərin Sizin kabinetə gətirilməsi üçün göstəriş verməyinizi xahiş edirəm.

- Əşşi, neyləyirsiniz o kağız-kuğuzu? O ərizə anonim olduğu üçün onunla heç kim maraqlanmayacaq. Kiçik bir arayışda faktların öz təsdiqini tapmadığını göstərib ərizəni bağlayın, vaxtınızı boş yerə sərf etməyin. Mən də necə lazımdırsa qulluğunuzda duracağam.

- Siz katibin ərizədəki dərkənarına fikir vermədiniz? Məgər görmədiniz ki, o məndən ərizənin diqqətlə yoxlanılmasını tələb edir? Mən ilk növbədə onun tapşırığını yerinə yetirməliyəm. Ərizə ilə əlaqədar real vəziyyəti ona məruzə etməliyəm. Sonra isə hər şey onun göstərişindən asılı olacaq. Bəlkə heç yoxlama ilə bağlı arayış da lazım olmadı. Siz vaxtından tez narahat olmayın, göstəriş verin, sənədləri gətirsinlər. Musa ürəyində “yox, o, ərizədə göstərilən faktları yoxlamayınca əl çəkməyəcək. Eybi yoxdur, qoy yoxlasın. Onsuz da son söz katibindir. Bununsa pisliyi özünə qalacaq” deyə fikirləşib yazı masasının üstündəki düyməni basdı. Katibə qız içəri girəndə dedi:

- Qalyanı, bir də xəzinədarı bura çağır!

Əvvəlcə kadrlar şöbəsinin müdürü Qalina Kərimova kabinetə daxil oldu. Sual dolu gözlərini rəisin sifətinə dikdi.

- Gör, Avtandil müəllim nə deyir?

- Sizi eşidirəm, Avtandil müəllim.

- Dünən sizdən xahiş etmişdim ki, ərizədə adları çəkilən adamların əmək kitabçalarını hazırlayıb bu gün mənə göstərəsiniz. Hazırdırsa, gətirin.

- Avtandil müəllim, onların əmək kitabçalarını tapa bilmədim. Hara qoymuşamsa, yadımda deyil.

- Yaxşı, o zaman xahiş edirəm, bu dediklərinizi izahat şəkilində bir vərəq kağıza yazıb mənə gətirin.

Qalina təşviş içində bir rəisə, bir də Avtandilə baxdı, duruxdu. Nə edəcəyini bilmədi. Avtandil

onun özünü itirdiyini görüb:

- Qalina xanım, narahat olmayın, hər şey yaxşı olacaq. Gedin izahatınızı yazın.

- Kadrlar şöbəsinin müdiri çıxan kimi xəzinədar Rəhim Rəhimov gəldi. O da sual dolu gözlərini Musaya zillədi. Musa başını aşağı salıb susurdu. Avtandil xəzinədardan soruşdu:

- Siz son 6 ayda fəhlələrə verilən əmək haqqılarının cədvəllərini bura gətirə bilərsinizmi?

- Bəli, gətirərəm.

- O zaman, xahiş edirəm, gətirin. Vaxtımız az olduğu üçün tələsin!

Bir neçə dəqiqədən sonra maaş cədvəlləri artıq Avtandilin qarşısında idi. O, bu cədvəllərin hamısını diqqətlə nəzərdən keçirtdi və rast gəldiyi mənzərədən dəhşətə gəldi:

Anonim ərizədə adları çəkilən və əmək kitabçaları “yoxa çıxan” şəxslərin maaşları digər fəhlələrin maaşlarından az qalırdı ki, iki dəfə çox olsun. Tikintidə işləyən bütün fəhlələrin əmək haqqı 200-250 manat göstərildiyi halda, “ölü canlar” adlandırılanlara 350-450 manat əmək haqqı yazılmışdı. Həm də “ölü canlar”ın hamısının qarşısında eyni imza qoyulmuşdur. Avtandil, hələ də onun yanında dayanıb gözləyən xəzinədardan soruşdu:

- Bu imzalar kimin imzalarıdır?

- Bəli. hamısı mənim imzalarımdı,

- Hamısı? - deyib, günahkarcasına başını aşağı saldı.

- Sizi bu imzaları qoymağa kim məcbur etmişdi? Məgər başa düşmürdünüz ki, bu cür saxtakarlığa görə cinayət məsuliyyətinə cəlb edilə bilərsiniz? Xəzinədar başını yuxarı qaldırmadan susur, dinib danışmırdı. Avtandil bir xəzinədara, bir də Musaya nəzər saldı. Xəyalında sahibkarının qarşısında belini büküb onun verəcəyi hökmü müticəsinə gözləyən qul kimi dayanmış xəzinədarla masanın arxasında, oturduğu kresloda özündən məmnun halda yayxanmış, istehzalı baxışlarla Avtandilin hərəkətlərini izləyən Musanı müqayisə etdi. “Xəzinədar kimilərini cinayət törətməyə məcbur edən harınlamış Musa yəqin əmindir ki, cinayət məsuliyyətinə cəlb edilsə belə, onu heç bir təhlükə gözləmir. O, bunun kimi yazıq-yuzuğu qabağa verib, onları günahkarlandıracaq. Özü isə mənimsədiyi pulların hesabına və arxasında dayanan katibin səyi ilə sudan quru çıxacaq.”

Avtandil fikirdən ayılıb, xəzinədara:

- Görürəm, cavab verməkdə çətinlik çəkirsiniz. O zaman gedin iş yerinizə, Rayon Partiya Komitəsinin birinci katibi Məmmədov yoldaşın adına izahat yazın. Orada bu imzaların hamısının sizin imzalar olduğunu göstərin.

- Yaxşı – deyib, xəzinədar kabinetdən çıxdı.

Nə nə kadrlar şöbəsi müdürünü, nə də xəzinədarı sorğu-suala tutduğu zaman Musa Sadıxov bir dəfə də olsun onun işinə müdaxilə eləmədi. Səbrlə Avtandilin apardığı yoxlamanın yekununu gözləyirdi. Avtandil Qalina Kərimovanın və Rəhim Rəhimovun yazıb gətirdikləri izahatları alıb qovluğa qoyduqdan sonra Musa Sadıxov dilləndi:

- Deyəsən yoxlamanı bitirdiniz, elədirmi?

- Musa müəllim, yoxlamanı yekunlaşdırmaq üçün Sizin də izahatınız lazımdır.

- Nə danışırsınız? Məndən də izahat almaq istəyirsiniz? Mən heç bir izahat yazmaq fikrində deyiləm!

- Əlbəttə, Siz də izahat yazmalısınız. Orada göstərməlisiniz ki, nə üçün “ölü canlar” vasitəsilə dövlətin külli miqdarda pulunu mənimsəmişsiniz? Niyə bu saxtakarlığa yol vermisiniz?

- Sözünüzdən belə çıxır ki, mən saxtakaram?! Ayıb deyil Sizə?

- Əvvəla, izhatınızı yazmırsız yazmayın! Eybi yoxdur. Arayışda qeyd edərəm ki, Siz izahat verməkdən imtina etdiniz. Qaldı ki, “saxtakar” sözünə görə məndən inciməyinizə...Çox nahaq yerə inciyirsiniz. Hər halda “saxtakar” sözü “tula” sözündən pis səslənmir, - deyib, Avtandil qapıya doğru addımladı. Musa oturduğu yerdəcə quruyub qalmışdı. “ Demək onu tula” adlandırdığımı ona tez-tələsik çatdırıblar. Onu təhqir etdiyimdən xəbəri olduğunu neçə saatdı biruzə vermədi... Çox kinli adama oxşayır... Katib mənə kömək etməlidir, yoxsa bu əclaf məni məhv etməyə çalışacaq!” Musa özünə gəlib Avtandili yola salmaq məqsədilə onun arxasınca çıxanda, Avtandil artıq idarədən xeyli uzaqlaşmışdı.

- Avtandil raykomun binasına yaxınlaşanda artıq nahar vaxtı idi. Raykomun əməkdaşları iki-bir, üç-bir, nahar fasiləsinə çıxırdılar. Qərara aldı ki, evə dəyib həm qızının halını soruşsun, həm də nahar edib işə qayıtsın. Yaşadığı binanın ikinci mərtəbəsinə qalxanda burnuna dəyən plovun ətirli, bihuşedici iyi onun iştahını daha da artırdı. Anladı ki, plovun bu iştahaçan iyi qonşulardan deyil, onun öz mənzilindən gəlir. Həyat yoldaşı Lyudmila rayonda yaşadığı beş il ərzində nəinki Azərbaycan dilini yaxşı öyrənmişdi, eyni zamanda Azərbaycan xörəklərinin hazırlanması sahəsində də xeyli təcrübə qazanmışdı. Bu sahədə onun ilk müəllimi, əlbəttə, qayınanası Tərlan xanım olmuşdu. Lakin, bizim dadlı, tamlı, ətirli xörəklərimizin- dolmanın, şorbanın, plovun, düşbərənin, xəngəlin və digərlərinin bişirilməsi sirrlərinə Lyudmilanın dərindən yiyələnməsinin əsl səbəbkarları Tərlan xanımın əmisi oğlu Rüstəmin həyat yoldaşı Zəhra və xüsusilə Zəhranın bacısı, Avtandilin xalası oğlu Rzanın təzəcə ailə qurduğu Səriyyə idi. Bu xanım-xatın bacıların bişirdikləri, nəinki xörəklərin, hətta təndir çörəklərinin, xüsusən lavaşlarının da ətiri bütün məhəlləyə yayılardı

Lyudmila qapını açdı. Avtandil içəri keçib, arvadının üzündən öpdü.

- Əzizim, nə bildin ki, bu gün plov yemək istəyirəm? Plovunun iyi aləmə yayılıb. Hiss edirəm ki, əla plov hazırlamısan.

- Yaxşı, yaxşı, yaltaqlanma. Əllərini yu, gəl yeməyini ye! – deyib, Lyudmila mehribancasına ərinə gülümsədi. Bu vaxt Sona qaça-qaça yaxınlaşıb özünü atasının qucağına atdı:

- Atacan, həkim dedi ki, mən sağalmışam. Kəndə getmək istəyirəm, nənəm üçün darıxmışam.

- Yaxşı qızım. İşdən sonra gəlib sizi kəndə aparacağam.

Nahar fasiləsindən sonra iş yerinə qayıdan Avtandil anonim ərizənin yoxlanılması ilə əlaqədar birinci katibin adına ətraflı bir arayış hazırladı. Arayışda, ərizədə göstərilən faktların tamamilə öz təsdiqini tapdığını, Səyyar Mexanikiləşdirilmiş Kalonnada cinayət xarakterli əməllərə yol verildiyini, “ölü canlar” vasitəsilə külli miqdarda dövlətin maliyyə vəsaitinin mənimsənildiyini göstərdi. Arayışı belə bir cümlə ilə yekunlaşdırdı: “Tikinti təşkilatının rəhbəri Musa Sadıxov tərəfindən cinayət tərkibli əməllərə yol verildiyinə görə, yoxlama materiallarının təhqiqat aparmaq məqsədilə, hüquq-mühafizə orqanlarına göndərilməsini təklif edirəm”! Sonra kadrlar şöbəsi müdürünün və xəzinədarın izahatlarını anonim ərizə ilə birlikdə arayışa tikib ikinci mərtəbəyə qalxdı. Materialları Yasəmən xanıma verib:

- Yasəmən xanım, bunlar imzasız ərizə ilə bağlı yoxlamanın materiallarıdır, yoldaş Məmmədova çatdırmağınızı xahiş edirəm,- dedi.

- Oldu, Avtandil müəllim. Ancaq indi katib yerində deyil, gələn kimi verəcəm. Görürsünüz, nə qədər sənəd var - deyə Yasəmən xanım masanın bir küncündə topladığı kağız qalağını göstərdi. – Bunların hamısını Sizin arayışla birlikdə ona çatdırmalıyam.

Avtandil qızına söz verdiyi kimi iş günü başa çatan kimi evə yollandı. Həyat yoldaşı və qızı artıq geyinib-keçinmiş vəziyyətdə onu gözləyirdilər. Hər üçü evdən çıxıb, kəndə gedən avtobusla yola düşdülər.

Ertəsi gün iş yerinə gələn kimi Yasəmən xanım ona zəng çaldı:

- Avtandil müəllim, zəhmət olmasa, yuxarı qalxın, Cavanşir müəllim Sizi gözləyir.

- İndi gəlirəm. Avtandil birinci katibin qapısını döydükdən sonra açıb içəri keçdi:

- Salam, yoldaş Məmmədov. Məni çağırmısınız?

Cavanşir Məmmədov qaş-qabaqlı vəziyyətdə onun salamına cavab vermədən yüksək tonla soruşdu:

- Ə, bu nə cızma-qaradı belə yazmısan?

- Yoldaş Məmmədov, o cızma-qara dediyiniz, araşdırılmasını mənə tapşırdığınız anonim ərizənin əsasında aparılan yoxlamanın materiallarıdır.

- Bu yazdıqlarını sübut edə biləcəksənmi?

- Əvvəla, ərizədə göstərilən faktlar göz qabağındadır. Onların sübuta ehtiyacı yoxdur. İkincisi isə, tikinti təşkilatında baş verən cinayətləri mən yox, hüquq-mühafizə orqanları sübut edib, günahkarları cinayyət məsuliyyətinə cəlb etməlidirlər.

- Demək, belə çıxır ki, sənin göstərişinlə mən bu kağız-kuğuzları hüquq-mühafizə orqanlarına göndərməliyəm?

- Yoldaş Məmmədov, mənim göstərişimlə yox, mənim təklifimlə! Musa Sadıxov törətdiyi cinayət əməllərinə görə cavab verməlidir!

Birinci katib Avtandillə sorğu-suala yüksək tonla başlasa da tədricən özünü ələ alıb təmkinlə danışır və fikirləşirdi: “Yox, bu cavan oğlana nəsə olub. O, heç vaxt mənimlə bu tonda danışmazdı. Böyük-kiçik sayan, ədəb-ərkan gözləyən idi.” Fikrindən ayrılıb, mülayim səslə soruşdu:

- Avtandil, deyirlər ki, bu anonim ərizənin yazılmasından sənin xəbərin var. Düzünü de, bu doğrudurmu?

- Yoldaş Məmmədov ünvanıma deyilən və rayonda yayılan bu böhtan Musa Sadıxovun xəstə təxəyyülünün məhsuludur. O, inşallah, təkcə törətdiyi cinayətə görə deyil, mənə atdığı böhtana görə də cavab verməli olacaqdır.

- Yaxşı, get işinlə məşğul ol!

Avtandil kabinetdən çıxan kimi, Məmmədov katibəni çağırıb, ona tapşırdı:

- Gör Musa Sadıxov haradadır, onu tap, təcili yanıma gəlsin.

Heç yarım saat keçməmiş Sadıxov “birinci”nin hüzurunda idi.

- Musa, de görüm, anonim ərizənin yoxlanılması necə keçdi?

- Cavanşir müəllim, mən bilirdim ki, belə olacaq. Özü təşkil elədiyi ərizəni öz istədiyi kimi də yoxladı. Gərək bu yoxlamanı Avtandilə həvalə etməyəydin.

- Musa, Avtandil yoxlamanı belə ciddi aparmaqla sübut etdi ki, doğrudan da bu anonimkanı o, təşkil edib. Ancaq mən bir şeyi də bilmək istəyirəm. De görüm, yoxlama vaxtı ona qarşı kobud

bir hərəkət etməmisən ki? Bəlkə onun xətrinə dəyən bir acı söz işlətmisən? Musa duruxdu. Onun bu sualı nə üçün verdiyini anlamağa çalışdı. Bir an istədi ki, Avtandilin ünvanına srağagün söylədiyi təhqirli ifadələri ona desin, lakin buna cəsarəti çatmadı, fikrindən daşındı.

- Yox, ay Cavanşir müəllim, əlbəttə yox!

- Avtandil çox kəsgin bir arayış yazıb. Arayışın sonunda da təklif edir ki, yoxlama materialları hüquq-mühafizə orqanlarına göndərilsin. Sən bunun nə demək olduğunu dərk edirsənmi?

- Əlbəttə dərk edirəm. Ancaq mən əminəm ki, sən bu materialları heç hara göndərməyəcəksən. Çünki, istəməzsən ki, mən türməyə düşüm!

- Hə, düz deyirsən, istəmərəm ki, sən türmədə çürüyəsən. Narahat olma! Mənə sadiq olan adamları qorumağı bacarıram.Ancaq bilməlisən ki, “ölü canlar” saxlamağın açıq-aşkar cinayətdir. Nahaq belə kobud iş tutmusan!

- Ay Cavanşir müəllim, özün bilirsən ki, hər ay mənim nə qədər xərcim çıxır. Sənin, eləcədə mənim yuxarıdan gələn qonaq-qaralarımızı yüksək səviyyədə qarşılayıb, yola salmaq asan iş deyil. Bütün bunların hamısı xərc tələb edir.

- Bəli, bilirəm. İstiyirsən ki, başın salamat olsun, əlbəttə xərc çəkməlisən. –deyib, katib ayağa qalxdı. Musa Sadıxov da ayağa qalxdı. Katib ona:

- Yaxşı, sən get, işinlə məşğul ol! Mən də bir neçə gün fikir verim, görüm Avtandil özünü necə aparacaq. – deyib, kabinetdə var-gəl edə-edə fikirləşdi: “Aydın məsələdir ki, bu ərizəni Avtandil təşkil edib. Bəs onda niyə o, mənimlə ultimatum formasında danışdı? Yox, burada nəsə var! Yoxsa o, ərizədə göstərilən faktların öz təsdiqini tapdığını arayışda qeyd etməklə kifayətlənərdi, çox dərinə getməzdi. ”Sonra yenidən katibəni çağırdı.

- Yasəmən, bir bura gəl. Yasəmən içəri keçib qapını örtdü.

- Eşidirəm Sizi.

- Yasəmən, eşitdiyimə görə tikinti təşkilatının kadrlar şöbəsinin müdürü Qalina ilə münasibətin yaxşıdır, elədirmi?

- Bəli, elədir!

- O zaman səndən bir xahişim var. Əgər mümkünsə, Qalinadan öyrən gör, dünən Avtandil ərizəni yoxlayan zaman, orada bir narazılıq, yaxud söz-söhbət olmayıb ki?

- Yoldaş Məmmədov, bəs Musa Sadıxovun özü Sizə bir söz demədi?

- Yox, nə deməliydi ki?

- Dünən yox, srağa gün Avtandil müəllim ərizəni yoxlamaq üçün tikintidə olub. Rəis yerində olmadığı üçün o, Qalinaya tapşırıb ki, Musa müəllim idarəyə gələndə ona bildirsin ki, ertəsi gün səhər yerində olsun, ərizə ilə əlaqədar yenə gələcək. Axşam Qalina Avtandilin tapşırığını ona çatdıranda o, camaatın içində Avtandilin ünvanına nəlayiq sözlər deyib.

- Nə deyib ki?

- Deyib ki, Avtandil kimdir ki, gəlib mənim rəhbərlik etdiyim təşkilatı yoxlasın. O, raykomun qapısına bağlanmış adi tuladan başqa bir şey deyil. Bu söz-söhbət iki gündü ki, bütün rayona yayılıb. Avtandilin də, hər halda, bundan xəbəri olmamış deyil.

- Yaxşı, çox sağ ol! Gedə bilərsən!

Katib, Avtandilin onunla niyə belə sərt danışdığını indi başa düşdü, fikrə getdi. “ Ay Musa, Musa... Sən nə qədər gönüqalın, qanmaz adamsan! Bu cür təhqiredici sözdən sonra Avtandilin yerinə kim olsa idi, belə hərəkət edərdi. Bəlkə heç anonim ərizə də onun işi deyil... Ay əclaf Musa, qaynatdığın poxun iyi bütün rayona yayılıb, burdan bura mənə yalan danışırsan.” Musanın ona yalan danışması Cavanşir Məmmədovu çox əsəbləşdirmişdi. Kabinetdə var-gəl edə-edə masanın üstündəki düyməni basıb yenə katibəni çağırdı.

- Yasəmən, Musanı tap, yenə yanıma gəlsin. Cavanşir Məmmədov zorla hirsini boğub özünü sakitləşdirməyə çalışdı. Handan-hana özünü ələ aldı. Lakin ərizə ilə bağlı beynində dolaşan fikirlər ona tam sakitləşməyə imkan vermirdi. “Bu anonimka durduq yerdə problem yaratdı. Bilsəydim ona görə bu qədər baş ağrısı olacaq, cırıb tullayardım... Musa tökdüyü zibili özü yığışdırmalıdı. Yuvanmadan Avtandillə dil tapmalı, onunla barışmalıdı.” Musa kabinetə daxil olan kimi, Cavanşir qəzəblə:

- Ə, Musa, burdan-bura niyə mənə yalan danışırsan? Bəyəm heç utanmırsan? Anlamırsan ki, mənə yalan dediyinə görə səni məhv edərəm? Ay heyvan! Ay qanmaz! Avtandillin yazdığı arayışı prokurora göndərsəm, axı dərini söyüb boğazından çıxaracaqlar, ay eşşək! – deyib yumruğunu var gücü ilə qarşısındakı masaya çırpdı. Bir an susdu. Musa qorxa-qorxa katibə tərəf bir addım atıb, yalvardı:

- Qurbanın olum, bir qələtdir eləmişəm, bağışla məni. Düzünü deməyə cəsarətim çatmadı.

- Saysız-hesabsız qələtləri eləməyə, cinayət törətməyə cəsarətin çatır, amma düz söz deməyə cəsarətin çatmır? Sən savadsız heyvanı o boyda təşkilatın rəisi vəzifəsində saxlayıram ki, “ölü canlar” saxlayasan? Ay tamahı yerə-göyə sığmayan, sənin məgər başqa gəlir yerin azdır? Hamı bilir ki, tikintidə olan imkan heç harada yoxdur! – Cavanşir sözünə bir az ara verib, nəfəsini dərdi. Sonra səsinin tonunu aşağı salıb, lap yavaş səslə sözünə davam etdi:

- Ayə, sən aylıq qazancının heç 5-6%-ni mənə gətirmirsən. Elə bilirsən başa düşmürəm? Sadəcə, buna uzun illər aramızda olan isti münasibətə görə göz yumuram, açıb-ağartmıram. Sən də bundan sui-istifadə edirsən. Cinayət törətdiyin bəs deyil, mənim işçimi də camaatın içində təhqir edirsən, onu “tula” adlandırırsan. Dərk eləmirsən ki, onu təhqir eləməklə rayon partiya komitəsini təhqir edirsən?

- Qağa, qadan alım, ixtiyar sahibisən. Günahkaram. Verəcəyin istənilən cəzanı çəkməyə hazıram. Ancaq, yalvarıram, yoxlama materiallarını prokurorluğa göndərmə. Bir də belə qələt eləmərəm.

- Qulaq as, gör nə deyirəm. Avtandillə barışmaq üçün sənə iki gün vaxt verirəm. Get onunla dil tap, yoxsa səni müdafiə edə bilməyəcəyəm.

- Baş üstə, Cavanşir müəllim. Əminəm ki, mən ona bir yol tapa biləcəyəm.

- İndi isə rədd ol buradan!

Musa Sadıxov birinci katibin kabinetindən çıxıb aşağı düşdü. Vaxt itirmədən Avtandillə barışıb, münasibəti yaxşılaşdırmaq qərarına gəldi. Avtandilin digər təlimatçı Həsən Əmirovla birlikdə oturduğu iş otağının qapısını döydü, icazə alıb içəri keçdi. İş masalalarının arxasında oturan təlimatçılara ümumi salam verdikdən sonra hər ikisinə müraciətlə:

- Artıq yarım saatdır ki, iş vaxtı qurtarıb. Şam yeməyinin vaxtıdır. Durun gedib bir tikə çörək yeyək! Bu axşam hər ikiniz mənim qonağımsınız! Həsən:

- Ay Musa müəllim, xeyir ola belə, nə münasibətilə qonaqlıq verirsən?

- Həsən müəllim, məgər yeyib-içməyə bir münasibət gərəkdir? Sadəcə ürəyim istədi ki, bu gün sizinlə bir yerdə oturub yeyib-içim. Sözümü yerə salmayın, gedəyin. Həsən:

- Mən hazır, Avtandil müəllim, sən niyə dinmirsən?Kişi bizə qonaqlıq vermək istəyir, dur gedək.

- Yox, Həsən müəllim, sən get, mən özümü biraz pis hiss edirəm, evə getməliyəm. – Avtandil ayağa qalxıb, Musaya məhəl qoymadan asacaqdan paltosunu götürüb geyindi və Həsənə tərəf çevrilib:

- Xudahafiz, Həsən müəllim, - deyərək, otağı tərk etdi. Musa özünü o yerə qoymadan Həsəndən soruşdu: - Avtandil müəllim niyə belə elədi? Bizimlə niyə çörək yemək istəmədi?

Həsən:

- Guya xəbərin yoxdur? Bütün rayon onun ünvanına dediyin sözləri müzakirə edir, sən də özünü elə aparırsan ki, guya heç nə olmayıb. Gərək içəri girən kimi Avtandildən üzr istəyə idin, yoxsa cəsarətin çatmadı?

- Mən əslində elə o məqsədlə gəlmişdim. Ancaq istədim ki, bunu süfrə arxasında edim, o da alınmadı. Deyəsən o, mənə qarşı çox qəzəblidi. Həsən, qağa, başına dönüm, kömək elə, biz barışaq.

- Yaxşı, mən çalışaram. Sabah səhər Avtandillə bir söhbət edim, görüm nə deyir.

- Çox sağ ol, Həsən müəllim! İndi isə gedib bir az yeyib-içək!

Ertəsi gün Həsən Əmirov Musa barədə Avtandillə xeyli söhbət etdi. Avtandil nahar fasiləsində evə getdikdən sonra o, Sadıxova zəng vurdu:

- Musa müəllim, Avtandillə çox söhbətdən sonra o, barışmağa razılıq verdi. Ancaq bir şərtlə!

- O nə şərtdir?

- Sən onun ünvanına təhqiredici sözləri camaatın qarşısında işlətdiyin üçün, camaatın qarşısında da üzr istəməlisən. Həm də təkcə onu “tula” adlandırdığına görə deyil, eyni zamanda ərizə ilə bağlı ona və həyat yoldaşına böhtan atdığına görə də bağışlanmağını xahiş etməlisən.

Son cümləsini bitirib Həsən Əmirov susdu. Telefon dəstəyini daha bərk qulağına sıxdı. Musanın nə deyəcəyini eşitmək istəyərdi. Lakin telefon xəttinin o biri başından səs gəlmirdi. Təqribən 20-30 saniyədən sonra, nəhayət Musanın yalvarışı eşidildi:

- Həsən müəllim, qurbanın olum, axı onun dediyi kimi etsəm, mən kollektiv qarşısında özüm-özümü hörmətdən salmış olaram! Bəs hörmətdən düşdükdən sonra o boyda kollektivə mən necə rəhbərlik edə bilərəm? Onun qoyduğu şərtlərlə razılaşa bilmərəm, bu qeyri- mümkündür!

- Musa müəllim, məncə onun şərti ədalətli şərtdir. Camaatın içərisində onun ünvanına yağdırdığım təhqirli sözləri camaatın içərisində də geri götürsən nə olar ki? Bununla da, sənin özünün durduq yerdə yaratdığın problem, öz ədalətli həllini tapmış olar.

- Yox, bu çıxış yolu deyil, başqa bir şey fikirləş, Həsən müəllim. Çox xahiş edirəm, yenə onunla söhbət elə, çalış yola gəlsin. Həsən müəllim, ümüdüm sənədir.

- Yaxşı, mən onunla bu gün yenə söhbət edərəm. Ancaq əminəm ki, o, fikrindən dönən deyil.

- Onda bəs mən nə edim?

- Bilmirəm.

IV Fəsil

Musa telefonun dəstəyini yerinə qoyub, fikrə getdi. Yoxlama materiallarının prokurora göndərilə biləcəyi fikri onun canını vəlvələyə salmışdı. İki gün idi ki, nə işdə, nə də evdə rahatlıq tapa bilmirdi, ürəyində hey özünü danlayırdı: “Mən axmağı şeytan yaman yoldan çıxartdı, camaatın içində onu təhqir etdim. Öz dilimlə başıma bəla açdım, problem yaratdım. Yaxşı deyiblər “dilim-dilim olasan, ay dilim!” Tezliklə onunla barışa bilməsəm, vəziyyətim ağırlaşacaq. Materiallar prokurorluğa göndərilsə yerim türməlik olacaq. Ya da, türmədən yaxa qurtarmaq üçün yığdığım pulları son manatınadək müstəntiqlərə paylamaq lazım gələcək. Yox, yox, işin bu səviyyəyə çatmasına yol vermək olmaz. Mən mütləq Avtandillə dil tapmalıyam! Axı necə?... Bəlkə onu pulla ələ alım? Hə, deyəsən bu, ən ağıllı fikirdir... Necə olub ki, indiyə kimi bu fikir ağlıma gəlməyib? Axı, tarix boyu, hətta ən müdrik adamların belə, sözlə həll edə bilmədikləri problemlər, pulun vasitəsilə tez bir zamanda həll edilib! Çünki, dünyada puldan şirin heçnə yoxdur. Pul hər şeydir: gücdür, cəsarətdir, hakimiyyətdir,namusdur,qeyrətdir! Avtandil də insandır. İnsanlarda pula olan istək ona da məxsusdur. Əminəm ki Avtandilə 5-6 min manat pul təklif eləsəm, tamamilə yumşalacaq. Yox ona lap 10 min manat verəcəm ki, şərhsiz-filansız mənimlə barışmağa razılıq versin. 10 min manat yaxşı puldur. Belə böyük məbləğdən Avtandil heç vaxt imtina etməyəcək.”

Musa Sadıxov, düşdüyü çətin vəziyyətdən birdən-birə çıxış yolu tapmış adam kimi, sevindi, gümrahlaşdı. Avtandilə pulu necə, kimin vasitəsilə verə biləcəyini də beynində götür-qoy elədi və qərara gəldi ki, bu məsələni Avtandilin dayısı vasitəsilə həll etsin.

Avtandilin dayısı Israfil rayonda tanınmış rəngsaz idi. 40 yaşı ancaq olan, nikbin, deyib-gülən, zarafatcıl bir adam kimi tanınan Israfilə hamı hörmət bəsləyirdi. Ancaq o,“rəngsaz İsrafil” kimi yox, “rəngsaz Kolya” kimi məhşur idi. Hamı, ən yaxın qohumları belə onu lap uşaq vaxtından “Kolya” deyə çağırırdılar. Yəqin ki, bu ad ona saçlarının sarışın olduğuna və az da olsa ruslarla oxşarlığına görə verilmişdir. Musa bilirdi ki, Kolya hal-hazırda Rayon İcraiyyə Komitəsinin ınzıbatı binasının təmiri ilə məşğuldur. Qərara gəldi ki, iş gününün sonunda onunla görüşüb bu məsələ ilə əlaqədar söhbət eləsin. Axşam öz şəxsi maşını- “Jiqulisi ilə Rayon İcraiyyə Komitəsinin qabağına çatanda iş yerindən yenicə çıxan Kolya ilə rastlaşdı.

- Ay Kolya, bir bəri gəl, sənə işim düşüb. Kolya yaxınlaşıb Musa ilə görüşdü:

- Xeyir ola, ay Musa!

- Lənət şərə, otur maşına, söhbətim var. Kolya qapını açıb, sükan arxasında oturan Musanın yanında əyləşdi:

- Eşidirəm.

- Kolya, söhbətimiz ayaqüstü söhbəti deyil, səbrli ol! – Musa maşını raykomun binası ilə üzbə-üz olan, kanalın kənarında yerləşən restoranın qarşısına sürüb, oradakı meydançanın bir tərəfində saxladı.

- Kolya, düş aşağı. Burada həm bir tikə çörək yeyək, həm də rahat söhbət edək. –deyib,Musa onu restoranın içərisindəki boş otaqlardan

birinə apardı. Musa ofisiantı çağırıb bir neçə tikə kabab və bir şüşə araq sifariş verdikdən sonra Kolyadan soruşdu:

- Kolya, də görüm, Avtandil müəllimlə mənim aramda olan söz-söhbətdən xəbərin var ya yox?

Kolya bir az soyuqladığından iki-üç gün işə çıxmamışdı. Xəstəlikdən sonra bu gün yenicə işə çıxdığından Musa ilə bacısı oğlu arasında baş verən münaqişədən xəbərsiz idi. Hələlik bu münaqişə barədə xəbər birinci Şahsevən kəndinə- Kolyanın yaşadığı kəndə gedib çatmamışdı. Odur ki, dedi:

- Yox! Axı aranızda nə söz-söhbət olub ki? Danış görüm! Musa, son günlər baş verən əhvalatı olduğu kimi Kolyaya danışdıqdan sonra əsas məsələyə keçdi:

- Kolya, xahiş edirəm, sən bizi barışdır. Mənim xəbərim var, Avtandil səni çox istəyir, sənin sözündən çıxmaz.

- Musa, bayaqdan sən danışdıqca mən fikirləşirəm, necə olub ki, sən raykom işçisinin ünvanına o cür təhqiramiz sözlər demisən, özü də camaatın yanında! O, çox prinsipial oğlandı! İnanmıram ki, onun şərtini yerinə yetirməsən, səni bağışlasın.

- Kolya, qadan alım, onun tələb etdiyi şərti yerinə yetirsəm, daha mən o kollektivə rəhbərlik edə bilmərəm. Elə ona görə də səninlə görüşmək qərarına gəldim ki, barışıq məsələsini başqa yolla həll edək.

- Hansı yolla?

- Kolya, mən yaxşı başa düşürəm ki, günahkaram. Günahımı da yumağa hazıram. Bunun üçün Avtandilə sənin vasitənlə 10 min manat pul verməyə hazıram. Əgər Avtandil razılaşsa, barışıq baş tutsa, sənə ömrüm boyu minnətdar olacağam. Xahiş edirəm, elə bu axşam onunla danış, razılıq versə, gedək bizə, pulu verim.

- Yaxşı, bacıoğlu ilə danışım, nəticəsini sənə bildirərəm.Onlar yeyib-içdikdən sonra restorandan bayıra çıxdılar.

- Kolya, mən raykomun binasının yanında nə qədər lazım gəlsə, səni gözləyəcəyəm. Bacıoğlu ilə tələsmədən, hərtərəfli söhbət elə. Qadan alım, çalış ki, razı salasan!

Kolya Musadan ayrılıb Avtandil yaşayan binaya tərəf yollandı. Heç 10 dəqiqə keçməmiş bacısı oğlunun mənzilinin qapısını döydü. Lyudmila qapını açdı. Astanada dayanan Kolyanı görüb onunla salamlaşdı. “Xoş gəlmisiniz, ay dayı! Keçin içəri ” deyərək, sevinc dolu səslə ərini çağırdı:

- Avtandil, Kolya dayı gəlib, dur qarşıla! Avtandil dəhlizdə göründü:

- Ay dayı, xoş gəlib, səfa gətirmisən! Yaxşı vaxtında gəlmisən. Lyudmila süfrəni təzəcə açıb. Gəl, gör, gəlinin nə dadlı dolma bişirib? - deyə Avtandil dayısının qoluna girib, üstünə yemək düzülmüş masanın arxasında, öz yanında oturtdu. Lyudmila Kolyanın da qabağına çəngəl və boşqab qoyduqdan sonra mətbəxə keçəndə Kolya Avtandilə yavaşca dedi:

- Bacı oğlu, Musa Sadıxovla bağlı səninlə ikilikdə söhbətim olacaq, bəlkə bayıra çıxaq? İstəmirəm ki, gəlin bizim söhbəti eşitsin.

- Musa ilə mənim aramda olan münaqişədən Lyudmila xəbərdardı. Bu gün işdə ona hər şeyi yerli-yerində danışıblar. Narahat olma! Yemək yeyə-yeyə rahat söhbət edə bilərik.

Kolya Musa ilə olan söhbəti süfrə arxasında Avtandilə çatdırdıqdan sonra dedi:

- O, günahını yumaq üçün 10 min manat təzminat təklif edir. Nə deyirsən?

- Dayı, Sadıxov nahaq yerə sənə əziyyət verib. Axı, o, barışıq məsələsi ilə əlaqədar mənim irəli sürdüyüm şərtlərdən xəbərdardı. O, yalnız bu şərtlərə əməl eləsə, barışıq baş tuta bilər. Mənə 10 min yox, 100 min manat təklif eləsə də onun istədiyi kimi olmayacaq. Mənə onun pulu lazım deyil. Mən şərəfimi, ləyaqətimi pula sata bilmərəm. O, mənim ünvanıma dediyi təhqiramiz sözləri öz işçilərinin yanında deyib. Ona görə də elə öz işçilərinin iştirakı ilə üzr istəməlidir. O da buna hazır deyil. İndi də yığdığı haram pullar vasitəsilə məni ələ almağa çalışır. Bu, mümkün olan iş deyil, dayı!

Kolya tox olmağına baxmayaraq, Avtandilin və Lyudmilanın xətrinə dəyməmək üçün isti dolmadan bir az yeyib, bir stəkan çay da içdikdən sonra ayağa durub, dedi:

- Aydındır, bacı oğlu! Sənin prinsipiallığına bələd olduğum üçün bilirdim ki, onun təklifinə razılıq verməyəcəksən. Buna baxmayaraq, yenə fikirləşdim ki, onun təklifini sənə çatdırsam yaxşıdı. Heç bilmirəm düz elədim, yoxsa yox?

- Dayı, əlbəttə düz elədin. Onun nə istədiyini mənim bilməyim məgər pisdirmi? Buna görə qətiyyən narahat olma!

Kolya Avtandillə və Lyudmila ilə xudahafizləşib bayıra çıxdı. Hava qaralmışdı. Çisgin yağış yağırdı. Kolya raykomun binasına tərəf irəlilədi. Musaya yaxınlaşanda onun həyacanlı baxışlarını görüb, dilləndi:

- Musa, Avtandil qətiyyən razılaşmadı. Ona bir milyon manat pul da təklif eləsən bu iş baş tutmayacaq. Sənin çıxış yolun yalnız onun qoyduğu şərtlərlə razılaşmaqdadır.

- Yox, Kolya, Yox! O, irəli sürdüyü şərtlərlə məni alçaltmaq istəyir. Heç vaxt buna razı ola bilmərəm!

Musa susub, bir an fikrə getdikdən sonra dilləndi:

- Yaxşı, Kolya, çox sağol, əziyyət verdim. Mən gedim, görüm neyləyirəm...

- Sən də sağ ol, Musa! Yaxşı yol!

Ertəsi gün günorta üstü birinci katib Sadıxovu yanına çağırıb, Avtandillə onun barışıb-barışmadığı ilə maraqlandı:

- Hə, Musa, de görüm, Avtandillə dil tapa bildinmi? Musa Avtandilin dayısı Kolyanın vasitəsilə ona 10 min manat pul təklif etdiyi, ancaq Avtandilin pula qətiyyən yaxın durmadığı barədə katibə məlumat verdikdən sonra dedi:

- Cavanşir müəllim, Avtandil yalnız onun irəli sürdüyü şərtlərlə barışmaq fikrindədir, əgər mən onun dediyinə əməl eləsəm, gərək o kollektivdə daha işləməyəm.

- Qələt eləyir! Biz onun şərti ilə oturub-durmayacağıq! Bu gün onu çağırıb, bir daha başa salaram. Sən get, işinlə məşğul ol! Yasəmənə də de ki, Avtandili yanıma göndərsin.

(Ardı var)

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

  • https://www.youtube.com/watch?v=K1N1rG0ZhcI&feature=youtu.be
Reklam
Reklam
QALEREYA