Binə sakinlərindən "Azərsu"ya ETİRAZ - Dövlət hesabına su çəkilib, hər ailədən 500 manat rüşvət toplanır

Binə sakinlərindən "Azərsu"ya ETİRAZ - Dövlət hesabına su çəkilib, hər ailədən 500 manat rüşvət toplanır

Bakının Binə Sovxoz qəsəbəsində dövlətin hesabina yeni çəkilən su xəttinə qoşulmaq və sayğac quraşdırmaq üçün sakinlərdən 500 manata qədər pul yığılıb.

Hurriyyet.org xəbər verir ki, bu haqda qəsəbə sakini Elçin Hüseynzadə açıqlama verib. Onun sözlərinə görə, qəsəbədə rüşvət verməyən ailəyə su xətti çəkilmir: “Əslində isə fiziki şəxslər üçün bu xidmət pulsuz həyata keçirilməlidir. Binə aşayış massivində dərəbəylikdir. Burda müvafiq idarə dövlətin suyunu "hərraca" çıxarıb. Kimin pulu yoxdursa, evinə su çəkdirə bilməz".

"Azərsu" ASC-nin Xəzər Rayon İdarəsinə dəfələrlə müraciət etsək də, bizi yola verirlər ki, siz "Azərsu" ASC-nin 20 yanvarda yerləsən əsas binasinda oturan Əbülfəz müəllimə müraciət etməlisiniz, onun icazəsi olmadan heç kimə su cəkilmir. Maraqlısı odur ki, kim 500 manat rüşvət veribsə, onun evinə su xəttini Əbülfəz müəllimin yanına getmədən çəkirlər.

2018-ci ildə bir nəfər (Ramin adlı şəxs) gəlmişdi. Dedi ki, hər evə 500 manatdan yığın, suyunuzu çəkək. Keçən ildən çəkilən ana xətt 100 metrliyimizdən keçir. O vaxt pul vermədik deyə çəkmədilər. Üzlərini çevirib, gedib başqa yerdə su çəkməyə davam elədilər. Ana xətdən bizə su çəkməyə icazə vermədilər”.

Şikayətçi bildirir ki, Binə sakinləri dəfələrlə “Azərsu”ya müraciət ünvanlasalar da, heç bir müsbət cavab verilməyib: “Deyirlər ki, hələ gözləyin, layihədə buraya su çəkilişi yoxdur. Haçana kimi gözləyək? "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynova dəfələrlə müraciət etməyimizə baxmayaraq, heç bir reaksiya yoxdur. Bu səbəbdən də bizim tələblərə aidiyyatı məmurlar da məhəl qoymurlar.

Çox faciəli haldır ki, bilmirik baş idarənin, yoxsa tabeli müəssisənin əli ilə pulla su çəkirlər. İndi bizim pulumuz yoxdur deyə, evimizə su çəkdirməməliyik?”

Hazırladı: KƏNAN, Hurriyyet.org

Redaksiyadan. Mövzunu davam etdirəcəyik. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA