“Bir çoxları söyüş və təhqirləri siyasi mübarizə vasitəsinə çevirib, bu, yolverilməzdir” - Taliyət Əliyev

“Bir çoxları söyüş və təhqirləri siyasi mübarizə vasitəsinə çevirib, bu, yolverilməzdir” - Taliyət Əliyev

“Sosial şəbəkələrdə ”qəhrəman"lıq etmək çox asandır, amma..."

Bir sıra insanın sosial şəbəkələrin imkanlarından sui-istifadə etməsi, təhqirlərlə məşğul olması müxalifət partiyalarında da etirazla qarşılanır. ADP sədrinin müavini Taliyət Əliyev “Yeni Müsavat”a bildirdi ki, sosial şəbəkələr müasir dövrün reallığıdır.

Bu gün cəmiyyətin bütün təbəqələrinin sosial şəbəkələrə çıxış imkanları var. Azərbaycan cəmiyyəti demək olar ki, virtuallaşıb. Lakin bu imkanlardan sui-istifadə edənlərə rast gəlinir:“Cəmiyyətimiz də sözsüz ki, eyni dəyərlərə sahib olan şəxslərdən ibarət deyil. Fərqli düşüncəyə, fərqli ideyaya, fərqli əxlaqa və sair dəyərlərə sahib olanlar sosial şəbəkələrə transfer ediblər. Təəccüblü olan odur ki, bir çox hallarda real həyatda yüksək insani keyfiyyətlərə malik olan biri kimi tanınan şəxs sosial şəbəkələrdə başqa cür görünür. Bir çoxları sosial şəbəkəyə daxil olanda sanki, orada özlərindən başqasının olduğunun fərqinə belə varmırlar, heç bir etik normalara fikir vermədən istədikləri mövzuda istədiklərini yazır və paylaşırlar. Sözsüz ki, hər bir şəxsin sosial şəbəkələrdən sərbəst istifadə etmək, orada öz fikir və düşüncələrini yazmaq hüququ var. Amma, həmin fikir və düşüncələr etik normalar çərçivəsində olmalıdır”.

T.Əliyev qeyd etdi ki, bu gün sosial şəbəkədən hamının ailə üzvləri və yaxınları da istifadə edir, yəni sosial şəbəkələr ictimailəşib. İnsan özünü ictimai yerdə necə aparırsa çalışmalıdır ki, sosial şəbəkələrdə də ictimai qaydalara riayət eləsin: “Bu gün cəmiyyəti narahat edən xüsusən ictimai-siyasi düşərgəyə mənsub olan şəxslərin sosial şəbəkələrdəki fəaliyyətidir. Bir çoxları sosial şəbəkələrdə söyüş və təhqirləri siyasi mübarizə vasitəsinə çevirib ki, bu da yolverilməzdir. Bir çoxları da özlərini sosial şəbəkələrdə qəhrəman kimi aparır. Sosial şəbəkələrdə ”qəhrəman"lıq etmək çox asandır. Əsl qəhrəmanlığı isə real həyatda etmək lazımdır. Sizə baş vermiş bir hadisəni deyim. 2-3 il bundan əvvəl QHT sektorunda özünü az qala qəhrəman, hətta özünü Azərbaycanın Başbuğu kimi təqdim edən birisi vardı. ADP sədri Sərdar Cəlaloğlunun ünvanına facebookda təhqiramiz ifadələr işlədirdi.

Həmin adamın mesaj qutusuna yazdım ki, bu hərəkətinə son versin, ayıbdır. Heç bir əhəmiyyət vermədən özünün söyüşlərini davam edirdi. Həmin adama qarşı məhkəmədə iddia qaldırdım. Məhkəmədə min oyundan çıxdı, hətta tanınan müğənnilərdən birini də barışığa gətirdi. Dedim barışan deyiləm. Çünki məhkəməyə qədər ona dəfələrlə xəbərdarlıq etmişdim ki, söyüşlərinə son qoy. Sonuncu məhkəmə iclasında dəhşətə gəldim. Həmin adam öz ofisində işləyən bir xanımı məhkəməyə gətirmişdi. Dedi ki, həmin söyüşləri bu xanım məndən xəbərsiz profilimə girərək yazıb. Görünür, əvvəlcədən nəyinsə müqabilində həmin xanımı razı salmışdı ki, bu işi boynuna götür. Zavallı xanım da dedi ki, həmin təhqirləri mən yazmışam. Baxın, sosial şəbəkədə özünü “milli qəhrəman”, “Başbuğ” elan edən və mənəm-mənəmlik edən birisi, məhkəmədə bir xanımın arxasında gizlənir. Görünən odur ki, cəmiyyətimizdə sosial şəbəkələrdən istifadə mədəniyyəti tam formalaşmayıb. Bir çoxları özlərini sosial şəbəkədə sanki sosial meşədə hiss edirlər".

Müxalif partiya rəsmisi hesab edir ki, cəmiyyətimizdə bu sahədə mövcud olan boşluqların aradan qaldırılmasına ciddi ehtiyac var.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA