Bir ömrün səhnə tarixçəsi - Respublikanın əməkdar artisti Ella Yaqubova – 70

Bir ömrün səhnə tarixçəsi - Respublikanın əməkdar artisti Ella Yaqubova – 70

Teatr hər zaman incəsənətin əsas növü olaraq öz ətrafında istedadlı qüvvələrin işıq şöləsində böyük sənət fədailərini bəxş edib. Bu fədailər sənətin əsas mahiyyət etibarı ilə inkişaf etdirilməsi üçün var qüvvələri ilə çalışıb. Hətta gecələrini gündüzlərinə, gündüzlərini gecələrinə qatmaq naminə olsa da sənətin ağrılı-acılı anlarında belə, bu məbədi tərk etməyib. Öz dünyalarının ömür yolunu məhz bu məkanda tapıb. Hər dəfə sənət korifeylərimizdən və onların yetirmələrindən söhbət acanda bir daha şahidi oluram ki, sənəti öz varlığı qədər əziz və doğma bilən aktyor və aktrisalarımız bu gün də çalışır, öz sənət məktəblərini yaratmaqla gənclərin yetişdirilməsi, sənət uğurlarının qazanılması üçün var qüvvələrini əsirgəmirlər.

Gəncə Dövlət Dram teatrının xoşbəxt taleli yetirmələri sırasında respublikanın əməkdar artisti Ella Yaqubovanın isə öz yolu, öz dəsti-xətti var. Bu aktrisa sənətin ilk məziyyətlərini məhz Gəncə Dövlət Dram teatrının müqtədir sənət korifeylərindən öyrənərək 70 illik həyat yolunun 53 illik bir sənət zirvəsində yaşada bilib. Bu sənət zirvəsi onun həyatının enişli-yoxuşlu hərdən də ağrılı-acılı, yuxusuz gecələrinin ömür zirvəsində yüksələ bilib. Bu ömür zirvəsinin 53 illik sənət tarixcəsi həyatının mənasına, səhnə ömrünün işığına çevrilib.

Ella İsmayıl qızı Yaqubova 1946-cı il dekabr ayının 30-da Gəncə şəhərində hərbiçi ailəsində anadan olub. İbtidai təhsilini Gəncə şəhərində alıb. Atası İsmayıl kişi müharibədən sonra da hərbidə qulluq etdiyindən Bakı şəhərinə köçmək məcburiyyətində olan ailə üzvləri ilə birgə o da Bakıya köçüb və orta təhsilini burada 44 saylı orta məktəbdə davam etdirib. Elə məktəbdə oxuyarkən burada dram dərnəyinin üzvü olub. Bununla yanaşı gənc qızın incəsənətə olan marağı onu Mədəniyyət sarayının rəqs ansambılına rəqqas kimi gətirib. Həmçinin məktəb illərində Azərbaycan Dövlət Televiziyasının “Uşaq və Gənclər” baş redaksiyasının hazırladığı “Pioner şeypuru” və “Tonqal” verlişlərində çıxışlar edib. Ailə üzvləri bu kiçik qızın teatra, incəsənətə olan böyük marağını bilirdilər. Ancaq o dövrün kişilərinə xas olan xüsusiyyətlərdən irəli gələrək, əsasən atası İsmayıl kişi onun bir aktrisa olaraq səhnədə fəaliyyət göstərməsinin əleyhinə idi. Elə buna görə də ailənin təkidi ilə Ella orta məktəbi bitirdikdən sonra sənədlərini Prdaqoji Universitetə vermək məcburiyyətində idi. Belə də oldu. O, Pedaqoji Universitetə qəbul olundu. Ancaq ailə üzvlərindən gizlin 1963-cü ildə Bakı Mədəni Maarif Texnikomuna daxil olub və 1966-cı ildə bu texnikumu bitirib. Bu illər ərzində Ella Yaqubova xalq teatrlarında sənət məziyyətlərini Məmmədkamal Kazımov, Lütfü Məmmədbəyov, Hüseynağa Sadıqov, Süleyman Ələsgərov, Fazil Bayramov kimi sənətkarlardan öyrənə bilib. Tələbəlik illərinin təcrübəsi onu Gənc Tamaşaçılar Teatrına gətirib. İlk professional səhnədə aktrisa kimi özünü bu teatrın səhnəsində hazırlanan “Anacan” və “Qikor”tamaşalarında yardımçı heyətin tərkibində sınaya bilib. Sonrada Xalq teatrlarına baxış festivalında Gəncə Dövlət Dram teatrının rejissoru, respublikanın əməkdar incəsənət xadimi Həsən Ağayev onun səhnədə istedadını görüb və Gəncə Dövlət Dram teatrına təyinatının verilməsinə köməklik göstərib. Beləliklə 1966-cı il aprel ayının 10-dan Ella Yaqubova Gəncə Dövlət Dram teatrına gəlib. Bu gündə aktrisa, respublikanın əməkdar artisti Ella Yaqubova o illəri xatırlayarkən söhbətlərində deyir: “Hər zaman bu sənəti, bu məbədi əsas həyat kredosu kimi qəbul etmişəm. Xüsusilə Gəncə Dövlət Dram teatrına işləməyə gələndə gördüm ki, doğrudan da teatr düşündüyüm kimi adi sənət deyil. Çətin, can aparan, ağır zəhmət tələb edən sənət məbədidir. Biz səhnədə bütün canımızı, bütün varlığımızı qoyuruq və onunla da, yaşayırıq. Ona görə də sənətimiz bizim həyatımızın çox hissəsini, sonradan isə bütün varlığımızı təşkil edir. Nə xoşbəxtəm ki, bu gün bu sənətə görə məni sevən çoxsaylı tamaşaçım var. Bütün qazandığım uğurlarıma görə müəllimlərimə və sənət dostlarıma, eləcə də tamaşaçılarıma minnətdaram”.

Maraqlı bir faktı qeyd edim ki, aktrisa Gəncə Dövlət Dram teatrına ilk gəlişi günü rejissor, respublikanın xalq artisti Məhəmməd Bürcəliyevin quruluşunda Cəlil Məmmədquluzadənin “Ölülər” pyesinin tamaşasında (tamaşa teatrın səhnəsində 16 mart 1966-cı ildə hazırlanıb –A.B) Nazlı obrazını teatrın baş rejissoru Nəsir Sadıqzadənin təklifi ilə ekspront olaraq oynayıb. İlk səhnə debütü uğurlu olub və aktrisa bu teatrın səhnəsində Ələddin Abbasov, Məhəmməd Bürcəliyev, Sədayə Mustafayeva, Rəmziyyə Veysəlova, Solmaz Orlinskaya, Firuzə Bədirbəyli, Səməd Tağızadə, Kərim Sultanov, Ağa Məmmədov, Zülfüqar Baratzadə, Reyhan Tağıyeva kimi sənət ustaları ilə çiyin-çiyinə çalışıb və onların sənət məktəbindən bəhrələnib. Aktrisa Gəncə Dövlət Dram teatrının səhnəsində müxtəlif əsərlərdə iştirak etməklə, maraqlı obrazlar qaleriyası yarada bilib. Belə ki, “Komsomol poeması”nda Gülbahar, “Ezop”da Melita, “Son məktub”da Xatirə, “Mənim günahım”da Ayqız, “Nəriman ata”da Baçı və digər obrazları aktrisanın uğurlu səhnə taleyi bəxş etdiyi obrazlarının bir qismidir. O, Gəncə Dövlət Dram teatrında Həsən Ağayev, Nəsir Sadıqzadə, Yusif Bağırov, Məhəmməd Bürcəliyev, Vaqif Şərifov kimi istedadlı rejissorlarla çalışaraq onların sənət məktəbində yetişə bilib. Bu gün də aktrisa bu sənətkarları böyük hörmət və ehtiramla xatırlayır.

1968-ci il. Bu tarix daha əlamətdar hadisə ilə yaddaşlarda yaşayır. Belə ki, Lənkəran, Şəki, Ağdam və Mingəçevirdə Dövlət Dram teatrlarının yenidən yaradılması ilə bağlı tarixi bir sərəncam oldu. Bu zaman Mingəçevir Mədəniyyət sarayının nəzdində fəaliyyət göstərən Xalq teatrının truppasının bazasında Mingəçevir Dövlət Dram teatrı yaradıldı. Bununla yanaşı teatrı inkişaf etdirmək məqsədilə bir sıra fəaliyyətdə olan dövlət teatrlardan aktyor və aktrisalar işləmək üçün buraya göndərildilər. Bu zaman 1968-ci ilin oktyabr ayında Ella Yuqubova da Gəncə Dövlət Dram teatrından Mingəçevir Dövlət Dram teatrına yenidən təyinat aldı.

Mingəçevir Dövlət Dram teatrı 1969-cu il mart ayının 28-də Beynəlxalq teatr günü ərəfəsində öz pərdələrini Cəfər Cabbarlının “Almaz” pyesinin ilk tamaşası ilə acdı. Aktrisa Ella Yaqubova Mingəçevir tamaşaçıları qarşısında ilk debütü olan Almaz obrazını böyük müvəffəqiyyətlə təqdim edə bildi. Respublikanın əməkdar artisti Ella Yaqubova Mingəçevir Dövlət Dram teatrında 49 illik səhnə fəaliyyəti dövründə 325 əsərdə 325 fərqli obrazlar qaleriyasının yaradılmasına nail ola bilib.

“Almaz”da Almaz, “Solğun çiçəklər”də Sara,“Aydın”ında Gültəkin, “Yaşar”da Tanya, “Hacı Qara”da Sona, “Eşq və İntiqam”da Həcər xanım, “Bayramın birinci günü”ndə Fəxrundə, “Vətən dərdi”ndə Sara bəyim, “Ana”da Səlma ana, “Nənəmin kələyi”ndə Nənə, “İki yetimin taleyi”ndə Ana, “Duel”də Naza, “Təcili teleqram”da Artıq, “Qətil günü”ndə Turan, “Cavanşir”də Reyhan, “Müfəttiş”də Mariya Antonovna-Çilingər arvadı, “Məhv olmuş gündəliklər”də Anjel, “Nənələr ərə gedir”də Məsi arvad, “Sərgüzəşti-vəziri-xani-Lənkəran”da Pəri xanım və başqa surətləri aktrisanın çox məharətlə yaratdığı obrazlar qaleriyasına aiddir. İstər epizodik, istərsə də əsas rollar ifa edən Ella Yaqubova bu pyeslərdəki obrazlarının təqdimatında öz təbiiliyi, səmimiliyi, emosionallığı ilə hər zaman fərqlənməyi və tamaşaçını düşündürməyi bacaran bir aktrisa kimi sevilib. O, bu teatrın səhnəsində İldırım Cabbar, Zülfüqar Abbasov kimi rejissorların sənət məziyyətlərindən bəhrələnib. Bu gün də rejissor yaradıcılığından söhbət düşəndə aktrisa xalq artisti Zülfüqar Abbasovun rejissor quruluşundan bəhrələndiyini xüsusi olaraq qeyd edir və deyir: “Mənim yaradıcılığımın zirvələrə catmasında rejissor Zülfüqar Abbasovun böyük əməyi olub. Mən ondan obraza yanaşma, rolun daxili aləmini acma, obrazda təklif olunan vəziyyətlərin ideyalarından uzaqlaşmamaq prinsiplərini öyrənə bildim”.

Təsadüfi deyil ki, 2017-ci ildə mən Ella Yaqubovanın Mingəçevir Dövlət Dram teatrının səhnəsində iki obrazını böyük maraqla izlədim. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Gəncəlinin quruluşunda Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” pyesinin tamaşasında Pəri xanım, həmçinin Azərbaycan və Kalmıkiya Respublikalarının əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda, gənc yazıçı-dramaturq Pərvinin “Nənələr ərə gedir” pyesinin tamaşasında yaratdığı Məsi arvad obrazlarını qeyd etmək istəyirəm.

Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” pyesinin tamaşasında Pəri xanım obrazı səhnədə aktrisanın məharətli ifası ilə bir daha tərəf müqabillərinin obraz üzərində necə işləməyin yollarının acıqlanması və öyrənilməsi baxımından diqqəti cəlb edirdi. Aktrisanın səhnədə olan hər bir mizanı rejissor quruluşu ilə eynilik təşkil etməklə obrazın daha da maraqla qarşılanmasına səbəb olurdu. Həmçinin xüsusi bir ləhcə ilə səhnədə danışıq tərzi Pəri xanım obrazının uğurlu səhnə taleyindən xəbər verirdi. Qorxaq, iş bacarmaz həm də yaltaq vəzir kimi tanınan Mirzə Həbib kimilərinin əməllərinin ifşa edilməsi üçün aktrisa Ella Yaqubova Pəri xanım obrazında maraqla qarşılanırdı. Hətta Pəri xanımın aktrisa Ella Yaqubovanın caduya inanaraq mollaya getməsi və bununla da kürəkəni Vəzir Mirzə Həbibi də inandırmaq istəyi vəziyyətlərin dəyişməsi konseptində səhnədə maraqla izlənilirdi.

Gənc yazıçı-dramaturq Pərvinin “Nənələr ərə gedir” pyesinin tamaşasında aktrisanın yaratdığı Məsi arvad 75 yaşında, qulağı ağır eşidən, çox az danışan, amma hərdən keçmiş eşq macaralarını yada salıb qırıq-kəsik nələrsə deyən bir fərd kimi göstərilsə də aktrisanın səhnədə etdiyi improvizələr obrazın tam şəkildə açılmasına böyük təkan verirdi. Bununla da aktrisa səhnədə obrazı arzularının reallaşmasını gözləyən bir fərd kimi göstərilməsinə müvəffəq ola bilirdi. Onun səhnədə olan plastikasına hər an heyranlıqla baxmamaq mümkün deyildi. Aktrisanın səhnədəki rəqsi bir daha onun obraz üzərində neçə maraq və həvəslə işləməsindən xəbər verirdi.

Aktrisa fəaliyyəti müddətində Mingəçevir Dövlət Dram teatrında gənc nəslin yetişməsində əvəzsiz xidmətlər göstərir. Belə ki, hələ iyirmi il bundan əvvəl öz şəxsi təşəbbüsü ilə aktyor studiyasını yaradıb və istedadı olan gənclərin teatra cəlb edilməsini yüksək peşəkarlıqla təmin edib. Bundan sonra Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 2012-ci ildə olan göstərişi ilə bütün Dövlət Dram teatrlarında Ümid teatr studiyası fəaliyyətə başlayıb. Respublikanın əməkdar artisti Ella Yaqubovaya isə Mingəçevir Dövlət Dram teatrında bu studiyaya rəhbərlik etmək tapşırılıb. Bununla da aktrisa region teatrlarında bu gün böyük problemlərlə üzləşən ixtisaslı kadr potensialının teatrın daxili imkanları hesabına qismən də olsa aradan qaldırılması işini öz səy və bacarığı ilə təmin edə bilib.

Aktrisa həmçinin Mingəçevir şəhərinin ictimai həyatında da fəal iştirak edir. Onun ümumşəhər tədbirlərində hazırladığı kompazisiyalar böyük maraqla qarşılanır. Aktrisanın yaradıcılığında vətənpərvərlik mövzusu xüsusi yer tutur. Belə ki, xalqımızın qan yaddaşı olan və ağrılı-acılı günlərini əks etdirən “20 yanvar”, “Vətən, Torpaq, Şəhid”, “Xocalı” və başqa kompozisiyaları dediklərimizin bariz nümunəsidir.

Respublikanın əməkdar artisti Ella Yaqubova həmçinin “Bakıfilm”in istehsal etdiyi “Xoca” filmində maraqlı bir Ana obrazında cəkilib. Aktrisa bu filmdə Ananın istirablarını, onun övlad yanğısını böyük məharətlə ifa edə bilib.

Aparıcı səhnə ustası olan respublikanın əməkdar artisti Ella Yaqubova Hüseyn Cavidin “Ana” pyesindəki Səlima Ana obrazına görə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl Dərviş” mükafatına layiq görülüb. 1988-ci ildə Əmək veteranı, 2013-cü ildə isə “Tərəqqi” medalları ilə təltif olunub. Bundan başqa 2008-ci ildə Prezident mükafatına, 2009-cu ildə isə Respublikanın əməkdar artisti fəxri adına layiq görülüb.

Həyatda elə bir insan tapılmaz ki, o, çətinliklərlə, müqavimətlə, süni yaradılmış böhranlı vəziyyətlərlə rastlaşmasın, qarşılaşmasın. Ella xanım Yaqubovanın da həyatı, yaşayışı, fəaliyyəti ilə yaxından tanış olanda bu çətinliklərin, bu süni sədlərin ondan da yan ötmədiyinin şahidi oluruq. Lakin o, qarşısına diyirlənən daşları görəndə başını heç vaxt itirməyib, sarsılmayıb, çaşıb qalmayıb, inadla bunları dəf etməyə özündə qüvvət tapıb, hər zaman özünü bir sənətkar kimi təsdiq edib.

Deyirlər hər bir kəsin alın yazısı olur. Qismətin, taleyin ona bəxş etdiyi bir alın yazısı. İnsan bu həyatı yaşadıqca, elə bu alın yazısını axıra qədər yaşamaq lazım olduğunu anlayır. Şərəflə, ləyaqətlə. Ella xanım Yaqubova da bu alın yazısında olan 70 illik həyatını şərəf və ləyaqətlə, qürurla yaşadı. Amalı və idrakı uğrunda mübarizə yolu tək.

Anar Bürcəliyev,

Teatrşünas

Loading...

QALEREYA