“BİRGƏ HƏRBİ İSTEHSAL TÜRKİYƏ VƏ RUSİYANI HƏRBİ MÜTTƏFİQƏ ÇEVİRƏCƏK” – türk politoloq “REGNUM”a Putin-Ərdoğan görüşünü analiz edir – Müsahibə

“BİRGƏ HƏRBİ İSTEHSAL TÜRKİYƏ VƏ RUSİYANI HƏRBİ MÜTTƏFİQƏ ÇEVİRƏCƏK” – türk politoloq “REGNUM”a Putin-Ərdoğan görüşünü analiz edir – Müsahibə

Mira Həsənova

regnum.ru, 29.08.2019

REGNUM İA-nın suallarını tarix elmləri doktoru, İstanbul Universitetinin professoru Mehmet Perinçek cavablandırır.

- Moskvada Vladimir Putin və Rəcəb Tayib Ərdoğan görüşü Fransa prezidenti Emmanuel Makronun səfirlərlə müşavirədəki “Rusiya nitqi” ilə zamanca üst-üstə düşüb – o, dünyada Qərb hegemoniyasının sonu haqda bildirib. Bu, zərurət və təsadüf prinsipnin vəhdətinin təsdiqi deyilmi?

Mehmet Perinçek

- Əlbəttə, Putin-Ərdoğan görüşü məhz Makronun sözlərinin təsdiqidir. Bu görüş Avrasiyanın dirçəliş dövrünün şəfəqləri qızaranda baş tutub. Avropanın aparıcı ölkəsinin prezidenti ucadan bidirib ki, Qərbin üstünlük dönəmi kürəsəl geopolitik dəyişikliklər üzündən sona çatır. O deyib ki, bu gün dünya səhnəsində “yeni dövlətlər” möhkəmlənir. Və Avrasiyada lıiderlik edən ölkənin prezidentinin Moskvada NATO üzvü ölkənin başçısı ilə görüşü göstərir ki, hərbi və maliyyə-iqtisadi diktat mərkəzi yerini avroatlantizmdən Avrasiyaya sarı dəyişir. Rusiya və Türkiyənin yaranmış şəraitdə bir-birinə ehtiyacı var, onlar öz milli təhlükəsizliklərini təmin edə bilir və iqtisadi problemləri yalnız öz aralarında əməkdaşlıqla həll edə bilərlər.

- Hərbi texnologiyalar sahəsində əməkdaşlığın müzakirəsi görüşün önəmli komponenti olub. Vladimir Putin prezident Ərdoğanla Rusiya aviatexnikasının birgə istehsalını, o cümlədən Su-35 və yeni Su-57 təyyarəsinə münasibətdə işbirliyini müzakirə edib. Su-57-nin alqısına maraq göstərən Ərdoğan Rusiya prezidentindən təsdiq cavabı alıb. NATO üzvü ölkənin Rusiya silahına marağı nə ilə şərtlənib və bu münasibətlər nə qədər uzağa gedə bilər?

- Türkiyəyə NATO-dan asılı olmayan müdafiə sistemləri hökmən gərəkdir, çünki Türkiyənin Qərblə, xüsusən Suriyada, Şərqi Aralıq dənizində ABŞ-la çox ciddi münaqişələri var. Türkiyə ABŞ və NATO-dan asılı müdafiə sistemləri, silahlar, təyyarələrdən potensial münaqişədə istifadə edə bilməz. Görüşdə hərbi texnologiyalar üzrə qəbul edilən qərar Türkiyənin strateji seçmini göstərir. Ankara üçün asan seçim deyil, amma Türkiyə Avrasiyada öz yerini anlayır və buna görə də özünün müdafiə sistemini dəyişir. O biri yandan, bu, hərbi sahədə təkcə ticari münasibət deyil, söhbət təyyarə və müdafiə sistemlərinin birgə istehsalından gedir ki, bu da ölkələr arasında işbirliyinin dərinliyini göstətrir. Yəni hərbi sahədə birgə istehsal olacaqsa, onda Türkiyə və Rusiya hərbi müttəfiq olacaq.

Putin-Ərdoğan görüşü Suriyanın İdlib əyalətində durumun eskalasiyası və Türkiyə-Amerika Birgə Əməliyyatlar Keçirmə Mərkəzinin əsasının qoyulduğu şəraitdə baş verib. Türkiyə və Rusiyanın Suriyada sonrakı fəaliyyəti hansılar olacaq?

- Hər iki lider görüşdə Suriyanın ərazi bütövlüyünün önəmini vurğulayıb, bu, çox önəmli məqamdır ki, onların Suriya məsələsinə vahid yanaşma prinsipi var. Amma artıq ümumi fəaliyyət də gərəkdir, bunları gerçəkləşdirməyə başlamaq lazımdır. Buna görə də Türkiyə və Rusiya öz səylərini təcili birləşdirməlidir ki, Suriyanın ərazi bütövlüyünü pozan güclərə qarşı birgə hərəkət etsinlər – bunlar İdlibdə oturub qalan təməlçi-terrorçular və Fəratın şərq sahilindəki separatçı terrorçulardır. Türkiyə İdlibdə təməlçiləri ləğv etməkdə Rusiya, İran və Dəməşqə yardım etməlidir, dörd ölkənin hamısı bundan sonra Fəratın şərqində terrorçuları aradan qaldırmaq üçün səylərini birləşdirə bilər. Belə bir formul təklif etmək olar: İdlibdə Türkiyəyönlü güclər Türkiyənin yardımı ilə silahı yerə qoyur, Dəməşq onlara amnistiya elan edir. Bu qayda ilə mötədil gücləri vəhhabilərdən və “Heyət Təhrir əş-Şam”dan ayırmaq olar. Bu, Moskva və Ankaranın İdlibdəki əməkdaşlığına özül ola bilər. Və Suriyanın ərazi bütövlüyü təmin olunanda Türkiyədə yerləşən Suriya qaçqınları vətənə qayıda bilərlər. Sonra isə yalnız suriyalıların özlərinin yazmalı olduqları Konstitusiya üzərində iş başlayar.

- Moskva və Ankara arasındakı münasibətlər çoxyönlü xarakter daşıyır. Rusiya liderinin sözlərinə görə, Ərdoğanla danışıqlarda siyasi, ticari-iqtisadi, hərbi-texniki və humanitar sahələrdə işbirliyi mövzuları müzakirə olunub, milli valyutalarda hesablaşmağı genişləndirmək haqda hökumətlərarası saziş hazırlanır, Ərdoğan Rusiya ilə mal dövriyyəsini 100 milyard dollara qədər qaldırmaq vəzifəsi qoyur. Əməkdaşlığı genişləndirmək üçün daha hansı imkanlar var?

- Əlbəttə, əməkdaşlıq sahəsini genişləndirmək üçün çox böyük potensial var. Böyük imkanlar var, hətta Şərqi Aralıq dənizində və Qara dənizdə birgə fəaliyyət və bir-birinə dəstək zərurəti var, çünki Türkiyə və Rusiya bu dənizlərdə Qərbin və ABŞ-ın gerçək təhlükəsi qarşısında görünür. Avroatlantizmin Şərqi Aralıq dənizində üstünlüyü Rusiyaya da ziyandır, çünki bu halda onların Qara dənizə soxulması xeyli asan olacaq, orada isə artıq Türkiyəni də, Rusiyanı da çənbərə götürəcəklər. Ankara və Moskva buna görə bu məsələdə də səylərini birləşdirməlidir. Onlar Krım və Kipr məsələləri üzrə ümumi dil tapa bilərlər. Türkiyə Krım üzrə addım atsa, cavabında Rusiya Kipr məsələsi üzrə addım ata bilər. İki ölkə bu qayda ilə həm Qara dəniz, həm də Şərqi Aralıq dənizi yönlərində əməkdaşlıq sahələrini genişləndirər.

Tərcümə Strateq.az-ındır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA