“Biz 100 min səs fərqi ilə qalib gəlmişik” - AZƏR SÜLEYMANOV

“Biz 100 min səs fərqi ilə qalib gəlmişik” - AZƏR SÜLEYMANOV

“Gürcüstanın demokratiyasını Bidzina İvanişvili torpağa soxdu”

“Salome Zurabişvilinin səsləri 3-5 dollara, 4-5 kq kartofa, soğana alınan səslər idi”

“Bu gün əsgərlərin, polislərin əksəriyyəti də müxalifət tərəfdədir”

“Salome Zurabişvili Gürcüstanın prezidenti yox, yalnız “Gürcü arzusu”nun və İvanişvilinin prezidenti olacaq”

Oktyabrın 28-də Gürcüstanda prezident seçkilərinin birinci turunun nəticlərinə görə “Gürcü arzusu” Partiyasının dəstəklədiyi Salome Zurabişvili ilə “Güc birlikdədir” koalisiyasının vahid namizədi Qriqol Vaşadze arasında 1 faiz səs fərqinin olması böyük ümidlər yaratmışdı. Əksər təhlilçilər bu qənaətdə idi ki, ikinci turda, noyabrın 28-də Q.Vaşadze Gürcüstan prezidenti seçilərcək. Həm Gürcüstanda, həm də Azərbaycanda hər kəs, o cümlədən politoloqlar da müxalifətin vahid namizədi Vaşadzenin qalib gələcəyini proqnozlaşdırırdı. Ancaq təəssüf ki, seçkinin nəticəsi proqnozları doğrultmadı. Maraqlıdır, proqnozların özünü doğrultmamasının səbəbləri nədir?

Bu və digər suallara cavab almaq üçün Vahid Milli Hərəkat Partiyasının deputatı Azər Süleymanovla söhbətləşdik.

- Yalnız Azərbaycanın politoloqları yox, bütün dünya politoloqları düzgün bir fikirdə idilər. Bildiyiniz kimi, bu gün Vahid Mili Hərəkat Partiyası və “Güc birlikdədir” koalisiyasi 900 minə yaxın səs yığıb. Gürcüstanın tarixində ilk dəfədir ki, müxalifət qüvvəsi 900 min səs yığıb. Son 15 ildə Gürcüstanda seçicilərin sayına baxsanız, heç vaxt 2 milyon 50 min secici seçki məntəqələrinə çıxmamışdı. Əslində, cəmi 1 milyon 600-700 minə yaxın seçici çıxıb. Əgər onun 900 mini müxalifətə səs veribsə, haradasa 100 min səs fərqi ilə biz qalib gəlmişik. Orada qalib gəlmək üçün bir səs də yetərli idi. Gürcüstanın tarixində ilk dəfədir ki, belə iyrənc, kirli seçki keçirildi. İqtidarın bu gün yığdığı səslər saxta səslərdir. Gürcüstanı bu dərəcəyə salan İvanişvilinin puludur. Elə bir region oldu ki, insanlar 5 kilo kartofa belə ümidli oldular. 10 lariyə (4 dollara) belə səs verdilər. Bu gün Gürcüstanda onlar iqtisadi krizisdən isifadə etdi. İvanişvilinin bankları insanları dilənçi vəziyyətinə salır və saxta səslərin yarısından çoxu insanların maddi durumu ilə bağlı idi. Onların hamısı 3-5 dollara, 4-5 kq kartofa, soğana alınan səslər idi. Təmiz səslərini götürsək, heç bizim yığdıqlarımızın yarı faizinə də çata bilməzdi. Bu da yalnız dövlət strukturlarında çalışanların səsi idi. 100-200 min səs də İvanişvilinin pulu ilə alınan səslər idi. Geridə qalan hamısı saxta səslərdir. Bütün Gürcüstan əhalisi bilir ki, onlar hamısı saxta səslərdir. Bu gün özlərinə qeyri-legitm prezident seçdilər. Yalnız bir adam özünə prezident seçdi. Bu prezident Gürcüstanın prezidenti yox, yalnız “Gürcü arzusu”nun və İvanişvilinin prezidenti olacaq.

- Avropa Şurası və digər beynəlxalq təşkilatlar Gürcüstandakı seçkinin demokratikliyinə şübhə yaradan bəyanatla çıxış etdilər, o cümlədən prezident Marqvelaşvili “bir də belə seçki keçirməyək” deyə bəyanat verdi...

- Noyabrın 28-də Gürcüstanda demokratiya deyilən bir şey olmadı və Gürcüstanın demokratiyasını Bidzina İvanişvili torpağa soxdu. Bir daha bütün dünya ictimaiyyətinə bildirdi ki, dünyanı demokratiya yolu ilə yox, çirkli pullarla almaq olar və nə istəsəm onu edə bilərəm. Gürcüstana gələn bütün beynələxalq qurumların heç biri müsbət rəy vermədi, Rusiyadan başqa. Salome Zurabişvilini yalnız dövlət televiziyasında təbrik etdilər. Bir dənə beynəlxalq qurum belə təbrik teleqramı göndərmədi və bunların xeyrinə olan bir söz demədilər.

Dünən ( srağagün-red.) bütün müxalifət partiyalarının flarmoniyada böyük bir görüşü keçirildi. Dekabrın 2-də hamımız, yüz minlərlə insan səsimizi qorumağa Rustaveli küçəsinə çıxacağıq. Biz prezidentliyə namizədimiz Qriqol Vaşadzeyə prezident deyə bilərik. Çünki o, doğurdan da prezident seçildi. Amma təəssüflər olsun ki, səsimizi parçaladılar. Ona görə, 28-də keçirilən seçkinin nəticəsini də saymadıq, Salome Zurabişvilini prezident gözündə görmədik. Ayın 2-də hamımız səsimizi qorumağa çıxacağıq və dövlətdən növbədəkənar parlament seçkiləri və yenidən seçkilər tələb edəcəyik.

- Qeyd etdiniz ki, müxalifət yeni seçkilər, növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edəcək. Bu, mümkündürmü?

- Demokratik dövlətdə hər şey mümkündür. Bu gün əgər İvanişvili o demokartiyanı da əlimizdən alsa, artıq İvanişvli böyük problemlə özü qarşılaşacaq. Çünki sıravi insanların ağızını baqlamaq mümkün deyil. İnsanlar öz hüququnu, səsini qorumalıdırlar. Biz, yüzminlərlə insan tam məqsədə çatana qədər aksiyamızı davam edəcəyik.

- Belə olan halda Gürcüstanda siyasi vəziyyət gərginləşə bilərmi? Sizin proqnozunuz nədən ibarətdir? Yəni qarşıdurma gözlənilirmi?

- Gürcüstan bizim vətənimizdir, heç bir vaxt istəmərik ki, burada qarşıdurma yaransın. Biz heç vaxt buna getmərik və biz inqilab istəmirik. Biz yenidən seçkilər tələb edirik və səsimizi qorumaq üçün küçələrə çıxacağıq, inqilab üçün yox. Bildiyiniz kimi, Əfqanıstanda bizim böyük bir konitengentimiz var, orada Qriqol Vaşadze qalib gəldi. Bütün sivil dövlətlərdə, Avropada, Azərbaycanda, xaricdə yaşayan Gürcüstan vətəndaşlarının əksəriyyəti Qriqol Vaşadzeyə səs verdi. Çünki heç kim öz vətənini ağ günündən tərk etmir. Gedib başqa dövlətlərdə ən ağır, çirkli işlərlə məşğul olurlar. Öz vətənlərində özlərinə yer tapa bilməyən insanlar hamısı Qriqol Vaşadzeyə səs verdilər, Salome Zurabişvilinin əksinə getdilər. Ona görə də heç vaxt istəməzdik burada qarşıdurma yaransın. Sadəcə, sivil bir yolla səsimizi qorumaq istəyirik. İstəyirik bu gün səsimizə İvanişvili də, Gürcüstan hakimiyyəti də qulaq assın, səsimizə dəstək olsunlar və yenidən seçki keçirsinlər. Biz bir dəfə də olsun çağırış etmirik ki, Gürcüstanda inqilab olsun. Biz istəmirik inqilab olsun. Gürcüstan bir dəfə də inqilab keçirə bilməz və heç vaxt gürcü əsgəri, polisi bir-birinə silah qaldırmaz. İnandırım sizi, bu gün əsgərlərin, polislərin əksəriyyəti də biz tərəfdədir. Onlar da 6 ildə bu hökumətdən razı olmayıblar. Çünki nə maaşlarında, nə iqtisadi durumlarında, nə də Gürcüstanın gələcəyində bir yenilik olmadı.

- Sivil yolla hazırkı iqtidar seçkilərin yenidən keçirilməsinə və yaxud növbədənkənar seçkilərin keçirilməsinə imkan verəcək?

- Yəni biz nə qədər bacarsaq, duracağıq, yəqin səsimizi bütün dünya eşidər.

- Qeyd etdiniz ki, azərbaycanlılar bu seçkidə Vaşadzeni dəstəklədi. Necə bilirsiniz, hakimiyyət bundan istifadə edib, soydaşlarmıza qarşı təzyiq mexanizmini artıra bilər?

- Biz Gürcüstan vətəndaşıyıq. Bizimlə bərabər müxalifət partiyası 900 min səs yığıb. Azərbaycanlıların əksəriyyəti Qrioqol Vaşadzeyə səs verdi. O da onların iqtisadi, kriminogen durumu ilə bağlıdır. Çünki son zamanlar azərbaycanlılar yaşayan bölgələrdə gündə oğurluq, qeyri-qanuni işlər, haqsızlıqlar baş verir. Ən əsas da azərbaycanlılar özlərinə iş tapa bilmirlər. Ona görə də Gürcüstanın başqa bölgələri kimi azərbaycanlılar da bu aksiyaya qatılacaqlar. İvanişvili komandasına “qırmız kart” göstərəcəklər. Yəni bizim səsimizi eşitməlisiniz, biz Gürcüstanda yaşayırıq, bu dövlətin bir parçasıyıq, bu dövləti sevirik və bizim gürcü qardaşlarımızla bir yerdə mübarizəyə hazır olacağıq.

Yad təqzyiqlər hər zaman var. Seçki günündən tutmuş seçkiyə qədər azərbaycanlıların kompakt yaşadığı yerlərdə məktəb direktorlarından, müəllimlərdən tutmuş hamısı təzyiq altında seçkiyə çıxdılar. Dünən artıq bir neçə məktəbdə müəllimləri çıxartmağa və məktəbə buraxmamağa başlayıblar ki, sizin övladınız və yaxud hanısısa bir qohumunuz müxalifətə çalışıb. Artıq bu təzyiqlərə başlanılıb. Əlbəttə, biz bacardığımız qədər soydaşlarımıza dəstək verəcəyik. Amma bu işdə dövlətin özü uduzacaq. Çünki öz vətəndaşlarına bu qədər təzyiq göstərirsə, insanları daha çox küçələrə çıxardacaqlar. Dövlət konkert gözəl işlər görməlidir ki, insanlar onlara qarşı qalmasın.

- Salome Zurabişvilinin dolayısı ilə Rusiyaya bağlı olduğu iddia edilir. Onun prezidentliyi dönəmində Gürcüstan Qərbdən üz döndərib, Rusiya ilə yaxınlaşa bilərmi?

- Dünən bütün rus kanalları Salome Zurabişvilini təbrik etmişdi. Onun çıxışlarını göstərdilər ki, namizəd olan zaman Rusiyaya açıq sevgisini bildirib. Abxaziyanın “qanqrena” olmasından, Lavrovla şəxsi dostluğundan tutmuş hamısını Rusiya kanalları göstərdi. Əgər bu qadın Rusiyanın yaxın adamdırsa, bunu yaxın gələcək göstərəcək. Amma Gürcüstan müxalifəti düzgün bir yolda idi.

- Ancaq dünən S. Zurabişvilinin bəyanatı var idi ki, hazırda Rusiya ilə yaxınlaşmaq barədə düşünmür.

- Salome Zurabişvilinin heç bir bəyanatına biz inanmırıq. Çünki hər saatdan bir onun bəyanatları dəyişirilir. O, bəyanatları öz beynindən vermir, kim ona nə yazır, onu oxuyur. Onların politoloqları var. Yəni öz beynindən verdiyi hər bir şey zəifdir. Ona baxıb, səhvləri düzəltməyə başlayırlar.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA