“Biz ardıcıl olaraq mitinqlərin keçirilməsində israrlıyıq” - NAMİZƏD SƏFƏROV

“Biz ardıcıl olaraq mitinqlərin keçirilməsində israrlıyıq” - NAMİZƏD SƏFƏROV

“Mirqafar Seyidov bir inzibati orqanın rəhbəri kimi öz səlahiyyətlərini aşıb”

“Əgər gələcəkdə də hakimiyyət mitinqlərə rədd cavabı verəcəksə, biz artıq mitinqlərin keçirilməsində israrlı olacağıq və vətəndaşlarımızı, tərəfdaşlarımızı razılıq verilməmiş mitinqlərin keçirilməsinə çağıracağıq”

Son günlər Bakı Şəhər İcra Hakimiyyətinin Milli Şuranın yanvarın 26-na planlaşdırdığı mitinqə icazə verməməsi ictimaiyyətdə müzakirə mövzusuna çevrilib.

Bakı Şəhər İcra Hakimiyyəti mitinqə icazə verilməməsini yanvarın 19-da keçirilmiş aksiyadan sonra ictimai asayişin pozulması ilə əlaqələndirib.

Qeyd edək ki, aksiyanın 26 yanvarda, saat 15.00-da “Məhsul” stadionunda keçirilməsdi planlaşdırılmışdı.

Maraqlıdır ki, icazə verilmədiyi halda Milli Şura tərəfdarları mitinqə gedəcəkmi? “Hürriyyət”in bu və digər suallarını Milli Şuranın üzvü, hüquqşünas Namizəd Səfərov cavablandırdı:

- Yox. Bilirsiniz ki, “Sərbəst toplaşmaq haqqında” qanunla aksiya keçirmək istəyən təşkilatlar icra hakimiyyətinə ərizə ilə müraciət edib, keçirəcəkləri aksiyanın məqsəd və vəzifələri, harada keçirilməsi, neçə nəfər iştirak edəcəyi, şüarlar barədə məlumat verməlidirlər. Konstitusiya hər kəsin sərbəst toplaşmaq hüququnu təmin edir. O cümlədən də Milli Şura etiraz aksiyaları keçirərkən qanunun, Konstitusiyanın bu normalarına istinad edərək, öz tərəfdarları ilə mitinq keçirilməsi barədə Bakı Şəhər İcra Hakimiyyətini məlumatlandırır və həmin müraciətdə şəhərin hansı ərazilərində mitinq keçirilməsini məlumat verərək, xəbərdar edir. Əslində, icra hakimiyyəti göstərilən yerlərin birində mütləq mitinqin keçirilməsinə razılıq verməlidir. Eyni zamanda həmin mitinqin təhlükəsizliyini təmin etmək üçün polis orqanlarına göstəriş verməlidir. Çox təəssüf ki, bizim dövlətdə icra hakimiyyəti elə bilir ki, razılıq verib-verməmək onun hüquqdur. Ona görə də müraciətlərimizin bir çoxuna məqsədəmüvafiq cavab vermirlər, rədd edirlər. Biz bu rəddlərin hamısını inzibati qaydada məhkəmələrdə mübahisələndiririk və Avropa Məhkəməsinə qədər gedib çıxmaqda israrlıyıq. Biz Milli Şura olaraq müraciət etmişdik ki, ayın 26-da “Məhsul” stadionunda və yaxud göstərdiyimiz digər nöqtələrdə etiraz aksiyası keçirmək fikrindəyik. Lakin bu ölkədə qanun yoxdur, özbaşnalıqdır. İcra hakimiyyəti öz vəzifəsindn sui-istifadə edib, bizə cavab verdi ki, guya, sonuncu keçirilən mitinqdə yaxında yaşayan vətəndaşların rahatlığı pozulduğuna, mitinq iştirakçıları hansısa normaları pozduğuna görə gülünc əsaslarla məqsədəmüvafiq saymayıb. Əslində, bizim hüqumuz var ki, icra hakimiyyəti tərəfindən belə bir cavab almaqdan asılı olmayaraq, ayın 26-da razılıq verilməsə də, etiraz aksiyası keçirməkdə israrlı olaq. Lakin yaxşı başa düşürük ki, hakimiyyət bundan istifadə edib, mitinq iştirakçılarına divan tuta bilər, onsuz da həbs olanların sayı 100-ü ötüb. “Qanunsuz mitinq keçirirlər” deyə bizim tərəfdarlarımızı kütləvi surətdə həbsə ala, onlara qarşı fiziki zorakılıqlar törədə, işgəncə verə bilərlər. Bütün bunları nəzərə alaraq qarşıdurmaya getməmək və gələcəkdə kütləvi həbslərin həyata keçirlməsi bəhanəsinin qarşısını almaq üçün bu mitinqin keçirilməsində israrlı deyilik. Ona görə də biz bəyanat qəbul etmişik. Yəqin bəyanatın məzmunu sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində yayılıb. Yəni bu razılıq verilmədiyi üçün biz insanları aksiyaya səsləyə bilmirik. Çünki bilirik ki, orada vətəndaşlara qarşı necə davranılacaq, hətta dəqiq məlumatlar da var ki, dövlətin bu və ya digər orqanlarını təxribat yaratmaq üçün oraya cəlb edəcəklər. Ona görə, biz bunu nəzərə alıb, mitinqin keçirilməsində israrlı olmuruq.

- Sizcə, hakimiyyət yanvarın 26-da mitinqə nə üçün icazə vermədi?

- Bilirsiniz ki, yanvar ayının 19-da keçirilən mitinq olduqca izdihamlı, möhtəşəm keçdi. Artıq insanlar öz hüquqlarını tələb etmək üçün meydana toplaşırlar, çağırışlarımıza cavab veririlər. Bu, artan növbəti bir mitinq olacaqdı. Hakimiyyət dairələri də bilirlər ki, 26-dakı mitinqdə “Məhsul” stadionu ora toplaşanları tutmayacaqdı və istər-istəməz növbəti mitinqimizi daha böyük yerdə, “Azadlıq” meydanında keçirilməsini tələb edəcəydik. Hakimiyyət bunun qarşısını almağa çalışır, qorxur. Hakimiyyət bilir ki, ölkədə özbaşnalıq baş alıb gedir, insanların hüquqları kütləvi surətdə pozulur, işsizdir, vətəndaşlar ailələrini dolandıra bilmirlər, pulsuzluq, işsizlik ölkəni basıb. Necə deyərlər, ölkədə artıq bıçaq sümüyə dirənib. Demək olar hamı ayağa qalxmaqda israrlıdır. Bütün bunların qarşısını almaq üçün dövlət artıq fiziki zorakılıqlara, özbaşınalıqlara əl atır, vətəndaşların Konstitusiya ilə nəzərdə tutulmuş hüquqlarının təmin olunmasına imkan vermir. Məqsəd budur.

- Deyirsiniz ki, bu mitinqi keçirsək, həbslər, qarşdurma olacaq. Bəs, bu halda mitinq keçirmək üçün nə etmək lazımdır ki, hökumət rəsmi olaraq icazə versin, həm qarşıdurma yaranmasın, həm də insanların sərbəst toplaşmaq hüququ əlindən alınmasın?

- Biz də bu məsələləri müzakirə edirik. Biz ardıcıl olaraq mitinqlərin keçirilməsində israrlıyıq, baxmayaraq ki, yanvarın 26-da bizim mitinq keçirməyimizə rədd cavabı verilib. Biz 10 gündən sonra da olsa, intensiv qaydada mitinqləri təşkil edib, keçirilməsi barədə müraciət edəcəyik. Qoy, hakimiyyət hər dəfə bizim kütləvi aksiyalar keçirmək istəyimizi, Konstitusion hüquqlarımızı pozsun. Belə davam edə bilməz. Əgər gələcəkdə də hakimiyyət ardıcıl surətdə Milli Şuranın, Azərbaycan Xalq Cəbhəsinin və yaxud digər siyasi qüvvələrin keçirəcəyi mitinqlərə rədd cavabı verəcəksə, biz artıq bu cavabın necə olmasından asılı olmayaraq, mitinqlərin keçirilməsində israrlı olacağıq və vətəndaşlarımızı, tərəfdaşlarımızı razılıq verilməmiş mitinqlərin keçirilməsinə çağıracağıq.

- Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidovun vəsatəti haqda nə deyə bilərsiniz? 19 yanvar mitinqində paytaxtda asayişi pozmağa, iğtişaşlar yaratmağa cəhdlər olmuşdu?

- Doğrusu, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi bir inzibati orqanın rəhbəri kimi öz səlahiyyətlərini aşıb. Əslində, siyasi savadsızlıq göstərək belə bir bəyanat verib. Polisin siyasətə qarışmağa ixtiyarı yoxdur, polisin vəzifəsi asayişi qorumaqdır. Onun vətəndaşların Konstitusiya ilə sərbəst toplaşmaq hüququnu məhdudlaşdıran bəyanatla çıxış etməsi artıq hakimiyyət tərəfindən siyasi bir qüvvə kimi çıxış etdiyini təsdiq edir. İnsan artıq siyasətə qarışır. İnsan Azərbaycan vətəndaşlarının sərbəst toplaşma hüquqlarının məhdudlaşdırılması barədə dəyişikliklər edir. Mən sosial şəbəkədə yazmışdım ki, əslində, daxili işlər naziri Ramil Usubov bu bəyanatını nəzərə alıb, onu dərhal polis orqanlarından qovmalıydı. Amma fakt faktlığında qalır, əksinə onun bu bəyanatını əldə rəhbər tutaraq Bakı Şəhər İcra Hakimiyyəti bizim təyin etdiyimiz mitinqin keçirilməsinə rədd cavabı verib. Əslində, hamımız yaxşı bilirik ki, ayın 19-da baş tutan mitinq təşkilati baxımdan olduqca yüksək səviyyədə keçirildi, orada asayişi pozan hər hansı hərəkətə yol verilməyib, əksinə, baxmayaraq ki, polis orqanları tərəfindən dəfələrlə təxribatlar törədilməsinə cəhdlər olmuşdu, biz bunların qarşısını aldıq. Mitinq çox yüksək səviyyədə, sakit formada keçirildi. Vətəndaşlar “Məhsul” stadionuna mütəşəkkil qaydada gəldilər, sakit mitinq keçirib, dağılıb, getdilər. Yenə deyirəm, polis orqanları istədilər ki, heç yerdən münqişə, qarşıdurma yaratsınlar, təxribat törətsinlər, biz bunların heç birinə yol vermədik. Lakin bütün bunlara baxmayaraq Bakı Şəhər İcra hakimiyyəti bizim mitin keçirməyimizə rədd cavabı verib. Əslində, onun göstərdiyi halların heç biri mövcud olmayıb.

- Bildiyimiz kimi, 19 yanvar mitiniqndən sonra hakimiyyət Mehmanın Hüseynova qaldırılmış cinayət işinə xitam verdi. Digər siyasi məhbusların azad olmasını da gözləyirsiniz?

- Bu gün Azərbaycanda siyasi məhbus yalnız Mehman Hüseynov deyil. Bu gün rəsmi siyahı üzrə 160-dan artıq siyasi məhbus var. Mənim fikrimcə, adambşına düşən siyasi məhbus sayına görə Azərbaycan dünyada birincidir. Bu siyasi məhbusların da sayı durmadan artır. Biz yalnız Mehman Hüseynovun deyil, digər siyasi məhbusların da azad olunmasını tələb edirik. Onların adını saymaqla qurtarası deyil. O cümlədən İlkin Rüstəmzadə adında bir gənc oğlan var. O, 2013-cü ildə əsgər ölümlərinə etiraz aksiyasında iştirak etdiyinə görə saxta ittihamlarla həbs olunub, 6 ildir ki, həbsxanada yatır. Ondan başqa, Fuad Qəhrəmanlı, Gözəl Bayramlı, Qiyas İbrahimov və digər siyasi məhbuslar, hamısı keçirdikləri kiçik etiraz aksiyalarına görə saxta ittihamlarla həbs olunublar. Bunlar hamısı Azərbaycanda, eyni zamanda beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınıblar. Biz Milli Şura olaraq bütün siyasi məhbusların azadlığa çıxmasına nail olmaq üçün bu il arıdıcıl etiraz aksiyaları keçirmək fikrindəyik.

- Sizcə, Avropa Şurasının siyasi məhbuslarla bağlı tələbinə Azərbaycan hökumətinin reaksiyası necə olacaq?

- Siyasi məhbus kateqoriyasına məhbusların aid edilməsi insan hüquqları müdafiə təşkilatları tərəfindən hazırlanır. Bilirsiniz ki, bizim ölkədə vətəndaş cəmiyyəti məhv edilib. Yəni hüquq müdafiəsi ilə fəaliyyəti ilə məşğul olmaq istəyən insanlara o şərait yaradılmır, onlar cinayət məsuliyyətinə cəlb olunur, onları qeydiyyatdan keçirmirlər, üzərlərinə şər, böhtan atırlar, “erməni dəyirmanına su tökən” adlandırırlar, xaricdən aldıqları qrantları bəhanə edib, cinayət məsuliyyətinə cəlb etmək istəyirlər. Yəni imkan yaradılmır ki, Azərbaycanın insan hüquqları müdafiəsi ilə məşğul olan təşkilatlar, insanlar, vətəndaş cəmiyyəti siyasi məhbuslar məsələsini araşdırsın. Hətta Azərbaycanda bir neçə yalançı hüquq-müdafiə təşkilatları var. Onlar bilərəkdən siyasi məhbusların sayını azaltmağa çalışırlar. Belə hüquq-müdafiəsi fəaliyyəti ilə məşğul olan insanlar elan edirlər ki, guya, Azərbaycanda siyasi məhbus yoxdur. Yəni bu siyahıların hazırlanmasında bunların da xüsusi rolu var. Mən inanıram ki, bu gün normal araşdırma aparılsa, yəni məhkum olunan şəxslərin hansı ittihamlarla həbs olunmasının araşdırılmasına imkan yaradılsa, siyasi məhbusların sayı 200-ü keçəcəkdir. Amma buna imkan vermirlər. Bu gün dindarlara qarşı təqiblər həyata keçirilir. Onları qanunsuz ittihamlarla həbsə atırlar. Yalnız o şəxslər siyasi məhbus hesab olunmurlar ki, onlar siyasətlə məşğul olduğuna görə həbs olunublar, əslində, qanunsuz məhkum olunmuş şəxslərin əksəriyyəti o kateqoriyaya daxildir. Bu yaxınlarda Ağır Cinayətlər Məhkəməsində işə baxıblar, tənqidi fikirlərinə görə vətəndaşı dələduzluqda ittham ediblər. Halbuki, vətəndaş deyir ki, heç bir dələduzluq hərəkətinə yol verməmişəm. Hakim nə desə yaxşıdır, deyir ki, sən ozün bilirsən də səni nəyə görə tutublar. Artıq hakim özü də etiraf edir ki, törətdiyi əmələ görə yox, tamamilə başqa, gizlin səbəblərə görə tutulub. Bu adamlar qanunsuz məsuliyyətə cəlb olunubsa, demək siyasi məhbusdurlar.

O mənada ola bilsin ki, Avropa Şurasına, Avropa Məhkəməsinə çatdırılan siyahıda uyğunsuzluq olur. Amma, doğrusu, Avropa təşkiltlarına mən o qədər də ümid bağlamıram. Bildiyiniz kimi Azərbaycan hakim dairəsi Avropanın beynəlxalq təşkilatlarının ayrı-ayrı nümayəndələrini, hətta Avropa Şursının Parlament Assambleyasının deputatlarını da pulla, kürü diplomatiyası ilə, xalça verməklə, digər vasitələrlə ələ alıblar. Onlar bu məsələlərin müzakirəsi zamanı bir sıra hallarda öz iradələrinin, vicdanlarının ziddinə olaraq Azərbaycan hökumətinin tərəfində dururlar. Mən fikirləşirəm ki, Azərbaycanda baş verən bu özbaşnalığın qarşını almaq, Azərbaycan xalqının azadlığa çıxarılmasını Azərbaycan xalqı özü həyata keçirməlidir. Bu da kütləvi aksiyalarda, vətəndaşların ayağa qalxmasında, öz hüquqlarını tələb etməsindədir. Heç vaxt nə Amerikanın, nə də Avropanın təşkilatları bizim əvəzimizdən gəlib burada bizi azadlığa çıxarmayacaq, bu rejimi hakmiyyətdən salmayacaqdır. Bu, Azərbaycan vətəndaşlarının özünün vəzifəsidir. Hər bir Azərbaycan vətəndaşı dərk etməlidir ki, hansı ölkədə yaşayır. Bu hakimiyyət, rejim bütün hüquqları məhdudlaşdırıbdır. Artıq belə yaşamaq mümkün deyil. Vətəndaşlar ayağa qalxmalıdırlar, siyasi yetkinlik, bilik göstərməlidirlər, öz hüquqları uğrunda mübarizə aparmalıdırlar. Beynəlxalq təşkilatlar görəndə ki, Azərbaycan xalqı öz hüququ uğrunda mübarizəyə qalxıb, onda mən inanıram ki, onlar da bizim haqlı mübarizəmizi dəstəkləyəcəklər. Ancaq heç düşnməyək ki, Avropa, Amerika gəlib burada mitinq keçirməlidir və Azərbaycan xalqını bu bəladan xilas etməlidir. Bizim bəladan xilas yolumuz yalnız Azərbaycan xalqının və onun siyasi qüvvələrinin əlindədir.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA