“Biz pambıqçıları “Azərpambıq” ASC-dən xilas edin” - GİLEY

“Biz pambıqçıları “Azərpambıq” ASC-dən xilas edin” - GİLEY

Pambıqçı-fermer Sevindik Quliyev: ““Azərpambıq” ASC yaradıldıqdan sonra işimiz əməlli-başlı çətinləşib”

Ağcabədi rayonu, Qaradolaq kənd sakini, pambıqçı-fermer Sevindik Quliyev tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Həmin məktubu olduğu kimi oxucularımızın diqqətinə çatdırırıq:

“Hörmətli redaksiya!

Prezident İlham Əliyevin pambıqçılığın inkişafına xüsusi qayğı göstərdikdən sonra işimiz əməlli-baçlı düzəlmişdi. İldən-ilə pambıq sahələrimizi genişləndirirdik. Yaxşı da qazanırıq. Ancaq “Azərpambıq” ASC yaradıldıqdan sonra işimiz əməlli-başlı çətinləşib. Bu təşkilatın yaradılması yaxşıdır. Çünki pambıqçılığın inkişafı bu təşkilatın nəzarətinə keçir. Ancaq bu təşkilatın məsul işçilərini tanıdıqdan sonra adama elə gəlir ki, “Azərpambıq” ASC ya “qocalar evi”dir, ya da “cərimə batalyonu”. Çünki burada çalışan məsul işçilərin demək olar ki, əksəriyyəti pensiyaya çıxanlar və işdə verdikləri nöqsanlara görə MKT-dən (bu da pambıqçılıqla məşğul olan təşkilatdır) qovulanlardır.

“Azərpambıq” ASC-nin auditinə Asif Sarıyev rəhbərlik edir. Bu adamın ağzı söyüşlə açılıb, söyüşlə bağlanır. Elə buna görə də MKT-dən qovuldu. Asif Sarıyev həm də pensiyaçıdır. Bu adam “Azərpambıq” ASC-yə gələndən sonra oğlunu, pensiyaya çıxmış qohumlarını, yerlilərini bu şirkətə yerləşdirirb. O, işçilərlə danışanda söyüşlə danışır. Adama elə gəlir ki, Asif Sarıyev böyük bir təşkilatın auditinin rəhbəri yox, hansısa bir küçə adamıdır. Çünki belə söyüşləri yalnız tərbiyəsiz küçə uşaqları söyə bilər.

Şirkətin baş mühasibi Gülağa Məmmədov da pensiyaçıdır. O da Asif Sarıyevin hesabına şirkətin baş mühasibidir. Baş mühasib pensiyaçı qohumunu Bərdə rayon Pambıq Emalı Müəsssisəsinə direktor müavini qoydurub.

“Azərpambıq” ASC direkorunun müavini Ağahüseyn Qəmbərov da pensiyaçıdır. O da MKT-dən qovulanlardandır. Elxan müəllim öz qohumunu Biləsuvar Pambıq Emalı Zavoduna direktor müavini qoyub. Bütün bunlar barəsində hüquqşünas Eldəniz müəllimə məlumat verəndə, o, fəhlələrin, fermerlərin hüquqlarını yox, MKT-dən qovulanların tərfini saxlayır. Çünki özü də oradan gəlib.

Pensiyaçılar yığışıb, traktorçuların hamısını işdən azad ediblər. Sanki bunu qəsədən edirlər ki, biz fermerlər əziyyət çəkək və sahələri şumlatdırmaq üçün onlara əlavə pul verək. Prezident, Birinci vitse-prezident ixtisar olunmuş işçilərin öz yerlərinə qaytarılması və ya işlə təmin olunmaları üçün göstəriş verib. Bunlar isə hətta traktorçuları da işdən azad ediblər.

Hörmətli redaksiya!

Əgər “Azərpambıq” ASC-də əmək haqqına fikir versəniz, o zaman görərsiniz ki, MKT-dən qovulmuş pensiyaçılar özlərinə, qohumlarına 600-1200 manat əmək haqqı yazırlar. 250-300 manat alan traktorçulara bunu çox gördülər. Belə getsə, biz bu il pambıq əkinini xeyli azaldacağıq. Çünki “qocalar evi”nin - “Azərpambıq” ASC-nin pensiyaya çıxmış və MKT-dən qovulmuş işçiləri yalnız öz maddi maraqlarını və ciblərini doldurmaqla məşğuldurlar. Bu təşkilat deyəsən, prezidentin ölkədə gəncləşdirmə və yeni idarəetmə siyasətindən bixəbər və uzaqdır.

Xahiş edirik, biz pambıqçıları “Azərpambıq” ASC-nin pensiyaçılarından və MKT-dən qovulanlardan xilas edin”.

KƏNAN, Hurriyyet.org

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.